525.Az

Erməni təxribatı və Lavrovun Bakı səfəri


 

"ERMƏNİSTANI YERİNDƏ OTURTMAĞIN YEGANƏ YOLU GÜC TƏTBİQİDİR"

Erməni təxribatı və Lavrovun Bakı səfəri<b style="color:red"></b>

"Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri əhəmiyyətli hadisədir. Bu açıq şəkildə onu göstərir ki, regionda daha böyük proseslər gedir, bölgənin geopolitik həyatı sürətlə dəyişir".

Bu sözləri Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

O bildirib ki, xüsusilə Qərb dövlətlərinin Cənubi Qafqaza yönəlik siyasətində aktivləşməsi hiss olunur: "Əsasən Gürcüstanın bütövlükdə ələ götürülməsi yönündə əməliyyatlar dərinləşir. NATO bu istiqamətdə fəaliyyətini daha da genişləndirir. Buna görə də hesab edirəm ki, Lavrov Azərbaycanın sözügedən məsələlərə münasibətini öyrənmək və öz mövqeyini açıqlamaq üçün Bakıya səfər edib". Millət vəkilinin sözlərinə görə, Lavrovun Bakı səfəri ilə paralel şəkildə səngərdə ermənilərə "vur" əmri daha bərkdən verildi: "Ermənistan qoşunları mülki əhaliyə də atəş açaraq onları sarsıntıda saxlamaq, savaşı təmas xəttindən daha geniş əraziyə daşımaq yönündə təxribatlara əl atıb. Aşkar şəkildə bizə məlumdur ki, hər gün Kremlə İrəvandan məlumatlar gedir. Döyüş bölgələrində baş verən hadisələri onlar sahiblərinə məruzə edirlər. Rusiyanın xarici siyasət idarəsi, analitik dairələri, beyin mərkəzləri və əsas institutlarında oturan şəxslər yaxşı görürlər ki, bölgədən həyəcanlı xəbərlər gəlməkdədir. Bu həm də onu göstərir ki, Rusiya maksimum dərəcədə çalışır ki, indiki dövrdə ikinci cəbhə açılmasın. Yəni, onun əleyhinə burada proseslər cərəyan etməsin, vəziyyət nəzarətdən çıxmasın. Ermənilər isə Rusiyanı şantaj edirlər. Çünki Lavrov belə bir əmri verməzdi. Ona görə ki, bu onlara sərf etmir. Rusiyaya sülh və təhlükəsizlik şəraiti daha çox önəmlidir. Hesab etmirəm ki, Lavrovun Bakıya gətirdiyi qovluqda ən ağır şərtlər var və buna görə də Ermənistana əvvəlcədən müəyyən tapşırıq veriblər. Ermənistan rəhbərliyinə vətəndaşlarının ac olduğu, ölkədə üsyan ab-havasının hökm sürdüyü yaxşı məlumdur. Çünki orada kriminal oliqarxiya hökmranlıq edir. Eyni zamanda, Qarabağda ermənilər mövqelərini itirir, kifayət qədər itkilərlə üzləşirlər. Nəticə etibarıyla bu, Ermənistana böyük zərbə vurur. Ona görə də, Lavrovun səfəri dövründə belə bir sinxron şəkildə müxtəlif səviyyələrdə atəşkəsin pozulduğunu müşahidə etdik".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyevin sözlərinə görə, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərdən birinin - Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərə gəldiyi gün erməni işğalçıları Tərtərin Qapanlı kəndində dinc sakinləri gülləbarana tutmaqla bir daha göstərdilər ki, onları yerində oturtmağın bir yolu var, o da güc tətbiqidir.

O bildirib ki, ermənilər bu hərəkətlərilə həm də rəsmi Moskvaya qarşı sayğısızlıq ediblər: "Bilmirəm, cənab Lavrov bunun fərqindədir, ya yox. Əgər həmsədrlərdə, ilk növbədə də Rusiyada zərrə qədər obyektivlik hissi varsa, onlar bu azğınlığa göz yummamalı və yenə bir ağızdan təkrarlamamalıdırlar ki, münaqişənin ancaq dinc yolla həlli mümkündür. Həm də bilə-bilə ki, eyni reallıqla özləri üzləşsəydilər, bizə verdikləri məsləhətin tam tərsini edərdilər və necə ki, zaman-zaman da ediblər. Görəsən hər bəhanə ilə Azərbaycanda insan haqlarının pozulduğunu deyən qurumlar və ölkələr ermənilərin törətdiyi bu hadisəyə hüquqi və siyasi qiymət verəcəklərmi? Minsk Qrupunun həmsədrləri Tərtərin Qapanlı kəndini yenidən gülləbarana tutaraq üç dinc qadını yaralayan erməni işğalçılarını bu hərəkətlərinə görə pisləyəcəklərmi? Yoxsa, yenə də "bu fakt özü də göstərir ki, münaqişə ancaq dinc yolla həll edilməldir" kimi açıqlamalarla erməni təcavüzünə haqq qazandıracaqlar? Gəlib Azərbaycanın torpağında səngər quran, ələ keçirdikləri mövqelərdən toya yığışan qız-gəlinimizi, ana-bacımızı gülləbarana tutan rəzillərlə necə və nə qədər danışıq aparmaq olar? Mən yaralanan hər üç bacımıza keçmiş olsun deyir, Allahdan şəfa diləyirəm. Gedib onlara baş çəkəcəm. Bilmirəm, Moskvadakılar yenə də görməzlikdən çıxış edəcəklər, ya yox, amma Müdafiə Nazirliyimiz bildirib ki, onların bu quduzluğu cavabsız qalmayacaq. Bir neçə gün öncə burunları necə ovulmuşdusa, yenə o cür ovulacaq".

Millət vəkili xatırladıb ki, bu yaxınlarda Azərbaycanın Müdafiə Nazirliyi işğalçı ordunun xeyli itki verdiyini, ancaq rəsmi İrəvanın bu faktı gizlətdiyini, həmişə olduğu kimi ölənlərin kimliyinin sonradan bir-bir açıqlanacağını bildirib: "İndi ermənilər itkilərini açıqlamağa başlayıblar. Bu gün daha iki zabitlərinin məhv edildiyini boyunlarına alıblar. Onlardan da biri kəşfiyyat-təxribat dəstəsinin komandiri olub".

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı isə hesab edir ki, Rusiyanın post-sovet məkanında yeritdiyi siyasət bütün dünya dövlətlərinə məlumdur: "Xüsusilə Ukraynadakı hadisələr Kremlin Qarabağla bağlı siyasətini açıq şəkildə ortaya qoyub. Rusiya digər sivil ölkələrdən fərqli olaraq orta əsrlərə məxsus güc nümayiş etdirməklə məşğuldur. Lakin Kreml sahibi Vladimir Putin özünü elə göstərir ki, sanki Ukrayna müharibəsində Rusiya qoşunları iştirak etməyib və onun bu prosesə zərrə qədər aidiyyatı yoxdur. Bu dövlət başçısına yaraşmayan haldır".

Politoloq qeyd edib ki, Kremlin xarici siyasət rəhbəri Sergey Lavrovun Bakıya səfəri son illər dünyada Rusiyanın mövqeyinin zəifləməsi, dalana dirənməsilə bağlıdır: "Ukrayna siyasətində özünü rüsvay edən Rusiya digər post-Sovet ölkələrində mövqeyini gücləndirməyə çalışır. Eyni zamanda, Kremli türkdilli dövlətlərinin yaxınlaşması da narhat edir. Sergey Lavrov Azərbaycana səfər etməklə bir daha xatırlatmaq istəyib ki, Dağlıq Qarabağ münaqişəsinin memarı Rusiyadır. Yəni, bu rəsmi şəkildə qeyd olunmasa da, hər kəsə məlum olan faktdır".

M.Zülfüqarlının sözlərinə görə, xoşagəlməz haldır ki, Rusiya kimi hegemon dövlətin xarici işlər naziri Bakıya səfər edərkən Ermənistan qoşunları tərəfindən bu cür addımlar atılıb: "Hər halda Rusiya istəsəydi xarici işlər nazirini Azərbaycana göndərəndə atəşkəsi pozmamaq barədə Ermənistana tapşırıq verərdi. Bu hadisədə Rusiya ilə birbaşa olmasa da dolayı yolla əlaqələr var".

Putinin MDB məkanında ABŞ dollarından imtina edilməsi yönündə qaldırdığı məsələyə münasibət bildirən politoloq bildirib ki, dollardan imtina o qədər də asan məsələ deyil: "Əks halda dünya dövlətləri bu addımı ataraq, dollara olan asılılıqdan azad olardılar. Bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın liderliyi ilə həyata keçirilən geosiyasi oyunların nəticəsidir ki, dünya dövlətlərinin milli valyutalarının arxasında qızıl ehtiyyatları deyil, dollar dayanır. Bu asılılıqdan imtina etmək istəyən dövlətlər olub. Sonuncu dəfə rəngli inqilablar yaşayan dövlətlər məhz bu siyasətin qurbanı olublar. Ona görə də, ABŞ dollarından asılılığı aradan qaldırmaq üçün ondan imtina etmək yox, yerli istehsalı inkişaf etdirmək lazımdır ki, manat, rubl güclənsin. Yerli istehsala tələbatın artdığı təqdirdə biz öz mallarımızı xarici bazarları çıxardaraq valyuta ehtiyatlarımızı gücləndirə bilərik. Lakin çox qəribədir ki, orta əsrlərdən bəri işğalçı siyasət yürüdən Rusiya bu illər ərzində iqtisadiyyatını inkişaf etdirə bilməyib. Yalnız neftdən gələn gəlirlər hesabına öz büdcəsini dolduran zəif iqtisadiyyata malik ölkə imicini qazanıb. Yəni, Rusiya normal ölkə olsaydı nefti ixrac etmək əvəzinə emaldan keçirərək hazır məhsul satmaqla daha çox gəlir əldə edərdi. Bunu bacarmayan ölkə ancaq işğalçı siyasət və başqa ölkələrin daxili işlərinə qarışmaqla məşğul olur. Hesab edirəm ki, bu iyirmi birinci əsrə xas olmayan siyasətdir. Rusiya bu siyasətindən imtina etməlidir. Əks halda özünü pis vəziyyətə salacaq ki, bu da ətraf ölkələrə mənfi təsir edəcək. Lakin Azərbaycan bu məsələdə nikbindir. Çünki əhalisi az, sərvəti çox olan ölkədir. Ona görə də bizim heç bir dövlətin təklif və diqqətinə qoşulmaq fikrimiz yoxdur".

Ceyhun ABASOV

 





03.09.2015    çap et  çap et