525.Az

Çin iqtisadi böhran sınağından çıxa biləcəkmi?


 

Çin iqtisadi böhran sınağından çıxa biləcəkmi?<b style="color:red"></b>

Məlum olduğu kimi, Çin dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdəndir. 2008-ci ildə baş qaldıran qlobal maliyyə və iqtisadi böhran da iqtisadiyyatın artımına ciddi maneə törədə bilmədi. Lakin son bir neçə ildə Çin iqtisadiyyatında artım tempinin azalması müşahidəsi olunur.

Bu ilin 11-13 avqust tarixlərində Çin Xalq Bankının milli valyuta olan yuanın məzənnəsini 3,5 faiz devalvasiya etməsi qlobal miqyasda əks-səda doğurdu. Şanxay birjasındakı dəyişiklik digər maliyyə bazarlarında, o cümlədən ABŞ-ın "Dou Cons" birjasında da kəskin enişlə müşayiət olundu.

Çin iqtisadiyyatında təlatümlərin səbəbləri

Çin iqtisadiyyatının zəif inkişafı, maliyyə bazarlarındakı sabitliyin pozulması, uzun illər stabil həddə dayanan yuanın dəyərdən düşməsi faktları ilə bağlı beynəlxalq səviyyədə ekspert rəyləri bir-birindən xeyli dərəcədə fərqlənir.

Nisbətən geniş yayılmış və ümumiləşmiş fikrə əsasən, yuanın ucuzlaşması dünya maliyyə sistemində və iqtisadiyyatındakı böhranla və dolların hər yerdə bahalaşması ilə bağlıdır.

Ekspertlər Çin iqtisadiyyatının zəif cəhətlərindən biri kimi, onun ixracdan asılı olmasını göstərirlər. Dünya ticarətində tempin azalması Çin mallarına olan tələbata da mənfi təsir göstərib. Çin hökumətinin daxili tələbatı yüksəltmək və xarici bazarlardan asılılığı nisbətən aradan qaldırmaq üçün əvvəlki illərdə həyata keçirdiyi islahatlar nəzərəçarpan səmərə verməyib. Buna görə də daxili tələbatı artırmağa yönələn tədbirləri davam etdirməklə yanaşı, hökumətin yuanı devalvasiya etməsinin bütün dünyada Çin mallarının ucuzlaşmasına və rəqabətliliyinin artmasına gətirib çıxaracağı gözlənilir. Bu yolla hökumət ixracı daha da artıraraq gəlirləri yüksəltməyə çalışır (bax: Китай. В зоне турбулентности / Российский Совет по международным делам, 2015).

Yuanın devalvasiyasının zərurətdən irəli gəldiyini göstərən amillərdən biri də odur ki, bu addım rəsmi Pekinin milli valyutanın dünyadakı mövqeyini gücləndirmək strategiyasına ziddir. Belə ki, Çinin iqtisadi ekspansiya siyasətinin istiqamətlərindən birini "valyuta ekspansiyası" təşkil edir. Bu məqsədlə, 2009-cu ildə hökumət yuanın beynəlxalq valyutaya çevrilməsi üçün pilot layihə də qəbul edib. Görülən işlərin sayəsində 2014-cü ilin sonunda dünyanın 37 ölkəsinin mərkəzi banklarının aktivlərinin bir hissəsi yuanla saxlanılıb (bax: əvvəlki mənbə). Lakin yəqin ki, yuanın devalvasiyası bu strategiyasının davamına maneə yaradacaq. Çünki valyutanın kəskin ucuzlaşması ölkələrin yuanla saxladıqları aktivlərinin dəyərdən düşməsinə səbəb olub ki, bu da ona olan beynəlxalq etimadı azaldacaq.

Skeptiklər isə Çin iqtisadiyyatındakı təlatümləri 2015-ci ilin yayında infrastruktur investisiyaları üzrə Asiya bankının və BRICS ölkələri bankının yaradılması işləri ilə əlaqələndirirlər. Hesab olunur ki, çoxqütblü dünya tərəfdarlarının və Asiya regionunun maliyyə müstəqilliyinə can atması Qərbi narahat etdiyi üçün qlobal miqyasda idarə olunan böhran dalğaları baş qaldırır.

Neftin qiymətlərinin rekord səviyyədə aşağı endiyi bir vaxtda Çin valyutasının devalvasiyası da qəribə hal kimi qiymətləndirilir. Çünki Çin nefti ixrac yox, idxal edən ölkədir, ona görə də bu məhsulun ucuzlaşması maliyyəyə qənaət etməyə imkan verir.

Ümumiyyətlə, neftin qiyməti ilə bağlı dünya bazarlarında gedən proseslərin iqtisadi qanunauyğunluqlarla izahı bəzən çətin olur. İranla imzalanan nüvə sazişinin hələ qüvvəyə minməməsinə, müqavilənin gələcək taleyinin müəmmalı olmasına, İran üzərindəki sanksiyaların hələ də qalmasına baxmayaraq, təkcə İran neftinin Avropa bazarlarına çıxarılacağı ehtimalı neftin qiymətinin bir qədər də azalması üçün "bəhanə" rolunu oynaya bildi. Lakin eyni dövrdə Suriyada və İraqda silahlı qarşıdurmaların daha kəskin hal alması, Ukraynada müharibənin davam etməsi, neftin əsas ixracatçılarından olan Səudiyyə Ərəbistanının Yəməndəki vətəndaş müharibəsində iştirak etməsi kimi neftə real tələbatı artıran olaylar "qara qızıl"ın qiymətini nəinki artırmadı, hətta onun azalmasının qarşısını belə ala bilmədi. Əlbəttə ki, neft bazarındakı tendensiyaların dünyada gedən bir sıra proseslərlə ziddiyyət təşkil etməsi neftin qiymətinin Qərbin təzyiqi ilə süni şəkildə endirilməsi, bunun birinci növbədə Rusiyaya zərbə vurmaq məqsədi daşıması barədə fikir və mülahizələrin geniş yayılmasına səbəb olur.

Çinin maliyyə sektorunda və birjasında baş verənlər barədə ölkə rəsmilərinin gətirdiyi izahlar da maraq doğurur. Baş nazir Li Ketsyanın sözlərinə görə, beynəlxalq bazarlardakı qeyri-sabitlik bütövlükdə qlobal iqtisadiyyatın dirçəlməsi barədə şübhələri artırıb və Çinin maliyyə bazarına, eləcə də idxal və ixracatına təsir göstərib.

Yuanın kəskin devalvasiyasından sonra belə halın tezliklə təkrarlanacağı barədə Çində şayiələr yayılmağa başlayıb. Baş nazir həmin şayiələrə cavab olaraq bildirib ki, yuanın davamlı enişi üçün heç bir əsas yoxdur və o, münasib və balanslı səviyyədə stabil qalacaq (bax: China is growing at 'reasonable' pace despite pressures: Premier Li / "Reuters", 30 avqust 2015).

Li Ketsyanın sözlərindən görünür ki, hökumət investisiyanın yeni formalarını və daxili yatırımları dəstəkləməklə beynəlxalq maliyyə bazarlarındakı gərginliyin ölkə iqtisadiyyatına təsirini azaltmaq niyyətindədir.

Analitiklər də hesab edir ki, maliyyə bazarlarında sabitliyi qorumaq üçün hökumət əlavə tədbirlər görməlidir. Lakin hökumətin iqtisadiyyata və maliyyə bazarlarına müdaxilə üsullarını tənqid edənlər də var. Belə hesab olunur ki, son illərin sürətli iqtisadi artımı, hökumətin fond birjasını həddən artıq dəstəkləməsi bu sferaya böyük maraq yaradıb və indeksin real iqtisadi vəziyyətə uyğun olmayan süni artımına səbəb olub. Çinin qiymətli kağızlarının Morgan Stanley Capital International (MSCI) indeksinə daxil olunması müraciətinə rədd cavabının gəlməsi fond birjasında kəskin ruh düşkünlüyünə, bu isə göstəricilərin azalmasına gətirib çıxarıb, bununla da ölkədə maliyyə sabitliyi pozulub. Ona görə də bəzi ekspertlər hesab edir ki, böhrandan yayınmaq üçün hökumət maliyyə bazarlarını istədiyi kimi idarə etməkdən çəkinməli, fond birjalarındakı vəziyyəti bazar iştirakçılarının tənzimləməsinə imkan verməlidir (bax: Уроки ситуации с "мыльным пузырем" на китайском фондовом рынке / Московский Центр Карнеги, 18 avqust 2015).

Hindistanın regional liderə çevrilmək şansı

Çinin iqtisadi-maliyyə sistemindəki qeyri-sabitlik onun əsas regional rəqiblərinin Mərkəzi və Cənubi Asiya iqtisadiyyatındakı mövqelərini möhkəmləndirməsinə şərait yaradır. Rusiyanın neftin qiymətinin ucuzlaşması və beynəlxalq sanksiyalar səbəbindən daha çətin vəziyyətdə olması onun bu fürsətdən yararlanmasına imkan vermir.

Analitiklər sürətlə inkişaf etməkdə olan ölkə kimi Hindistanın qarşısında açılan imkanlara diqqət yetirirlər. Hindistan rəsmiləri də yaranmış vəziyyətdən regional liderə çevrilmək üçün istifadə etməyə çalışdıqlarını gizlətmirlər. 2014-cü ili 7,3 faiz iqtisadi artımla başa vuran Hindistan bu ilin yekununda daha yüksək nəticəyə nail olacağına ümid edir. Müqayisə üçün qeyd edək ki, Çinin Ümumi Daxili Məhsulunun artımı ötən il 7,4 faiz təşkil edib ki, bu da son 24 ildə ən aşağı göstəricidir. Bu ilin yekununda isə artımın 7 faiz civarında olacağı gözlənilir. Bəzilərinin fikrincə, son 20 ildə Çin regionda aparıcı iqtisadi gücə çevrildiyi kimi, növbəti 20 illikdə də Hindistan liderliyi ələ ala bilər (bax: India – we can take the economic lead as China stumbles / BBC, 27 avqust 2015).

Lakin bu fikirlər Hindistanın cəlbediciliyini artırmağa xidmət edən təbliğat məqsədi də daşıya bilər. İndiki halda Hindistanın istehsal sektoru və ona uyğun olaraq məhsullarının dünya bazarlarına çıxışı, eləcə də rupinin beynəlxalq maliyyə bazarlarındakı mövqeyi Çinin müvafiq göstəriciləri ilə müqayisədə xeyli geridə qalır. Qlobal iqtisadi rəqabətdə zəngin təcrübə qazanmış Çinin mövqeyini asanlıqla əldən verəcəyi inandırıcı görünmür.

Newtimes.az

 





03.09.2015    çap et  çap et