525.Az

"Mükəmməl seçki sistemi mövcuddur"


 

"Mükəmməl seçki sistemi mövcuddur"<b style="color:red"></b>

"Seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında olduqca mühüm amildir. Eyni zamanda  demokratiyanın bir ifadəsi, göstəricisidir".

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib. Millət vəkili qeyd edib ki, hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli və ağır bir prosesdir: "Xüsusilə də, Azərbaycan kimi gənc bir dövlət üçün bu proses daha da məsuliyyətlidir. Dünyada baş verən təlatümlərin fonunda Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Məhz, Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik və mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və indiyə qədər baş tutmuş seçkilərin də təcrübəsi göstərir ki, ölkəmizdə tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər bir şərait vardır".

S.Vəliyeva bildirib ki, qarşıdan gələn parlament seçkilərinə hazırlaşan hər bir siyasi partiya kimi Yeni Azərbaycan Partiyası da hazırlıq işlərini uğurla həyata keçirməkdədir: "Bildiyiniz kimi, YAP-ın Mərkəzi Seçki Qərargahı və onun şəhər və rayon şöbələri formalaşdırılıb, partiyanın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə müşavirələr keçirilib və müvafiq göstərişlər, tövsiyələr, tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının parlament seçkilərilə əlaqədar fəaliyyət proqramına uyğun olaraq konkret işlər həyata keçirilib və bu dəfəki siyasi kampaniyanın da YAP-ın qələbəsilə başa çatması üçün bütün resurslar səfərbər edilib. Düşünürəm ki, bütün seçki proseslərində mükəmməl seçki toxnologiyası tətbiq etmiş Yeni Azərbaycan Partiyası bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq".

Onun sözlərinə görə,  YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini sürətlə həyata keçirməkdədir. Parlament seçkilərilə əlaqədar DSK və MSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi prosesi yekunlaşdırılıb və seçkilərə start verildikdən sonra onların rəsmi şəkildə qeydə alınmasına başlanacaq: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seçkilərin yüksək demokratik şəraitdə baş tutması üçün mükəmməl hüquqi və texniki şərait mövcuddur. Eyni zamanda, cəmiyyətimizdə sosial barışıq var və siyasi plüralizm şəraitində insanlar siyasi mövqelərini aydın şəkildə ifadə edə bilirlər. Bu mənada düşünürəm ki, Azərbaycanda bu dəfəki seçki kampaniyası da yüksək seçki əhval-ruhiyyəsi və seçici fəallığı şəraitində baş tutacaq".

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək. Artıq bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT, Avropa Şurası və digər qurumlar seçkiləri izləmək üçün müşahidəçi qrupları göndərəcəklərini bildiriblər.

PƏRVANƏ

 





03.09.2015    çap et  çap et