525.Az

Qadına verilən dəyərin ünvanı – “Bir də gəlməyəcək”…


 

Qadına verilən dəyərin ünvanı – <b style="color:red">“Bir də gəlməyəcək”… </b>

Bədii material nə qədər elmi-nəzəri təhlillərin obyekti olursa olsun, bütün qənaətlər – xüsusilə də söhbət şeirdən gedirsə – bir dalana dirənib qalır: Şeir hər şeydən əvvəl və hər şeydən artıq RUH məsələsidir. Onun oxusunda da, təhlilində də, təhlil zamanı ona hansı rakursdan yanaşacağını müəyyən etmək istədiyində də Ruh işə qarışmasa mümkün deyil. Təbii ki, Onu oyadan, silkələyən, coşduran hisslərlə birlikdə… (“Ard-arda düzülən söz çələngini/Özüm yazmıram ki, yazan yazdırır”…).

Çılğın hisslər, gözlənilməz (ya da hər zaman gözlənilən?!) duyğular isə Yaradıcı Ruhlu insanların həyatında gizli vulkanlar kimidir. Ya gələr, hər şeyi darmadağın edər, yerində xarabalıq qoyar, ya da gələr, darmadağın edər, amma həm də alt qatlardan gözəl, dəyişik, fərqli, hətta bu “təbiət hadisəsi”nə uğramış insanın özünə belə bəlli olmayan nələrsə çıxarıb gedər. Yaradıcı ruh boş yerə hiss dalınca, hissi yaradacaq gözəllik dalınca yürüməz ki …

Haqqında söz açacağım bu kitablar da çox güman ki, belə bir “vulkan”dan sonra yarandı... Buna şübhəm yoxdur. Ona da şübhəm yoxdur ki, bu “vulkan” “şairəm” deyən bir yaradıcı insanın ruhunu tanımadığı Özü ilə də tanış edə bildi.  

Söhbət Rəşad Məcidin son iki ildə dərc olunan iki kitabından gedir: “Çiyələk qadın” və “Bir də gəlməyəcək”. Əslində, mahiyyət etibarilə, bunların hər ikisi – elə adından da görünür, çünki hər iki adlandırmada bir şeirin iki ayrı-ayrı vurğusundan, iki uğurlu ifadəsindən istifadə edilib – bu müəllifin yaradıcılığının əsas hissəsinə, aparıcı istiqamətinə, bütün yaradıcılıq sferasında əhəmiyyətli yer tutmuş mərhələsinə işarə edir. Birinci kitab bütünlüklə ikincidə təmsil olunduğu, həmçinin ikinci kitab müəllifin bütün yaradıcılıq mərhələlərini özündə əks etdirdiyi üçün onun üzərində dayanacağıq.

Amma əvvəlcə bildirim ki, ötən ilin şeiri haqqında (AMEA, Nizami adına Ədəbiyyat İnstitutunda) məruzə hazırlayarkən diqqətimi çəkən, özü ilə bağlı söz deməyə vadar edən bir neçə kitabdan biri məhz bu müəllifə aid idi. Əvvəllər şairliyini deyil, jurnalistliyini və publisistliyini birinci sıraya qoyduğum müəllifin “Çiyələk qadın”ı öz romantik üslubu, sadə şeiriyyəti, pafossuz və alt qatsız ifadələri, amma eyni zamanda da duyum, təsvir və ifadə orijinallığı, bir də yaşanan hisslərin birbaşa çatdırılması ilə ön plana keçmişdi… Yaratdığı təəssürat yadda qalmışdı… Ən əsası – bütün şeirlərinin leytmotivi olan İlahi Qadın obrazı ilə seçilmişdi… Çoxdandır ki, müasir şeirdən yoxa çıxmış “Muza” ilə… Həm də çox yüksəklərə qaldırılmış bir Qadın…

“Bir də gəlməyəcək” kitabında müəllif ayrı-ayrı hissələrə böldüyü əsəri “dastan” kimi təqdim edir (Yeri gəlmişkən qeyd edim ki, Rəşad Məcidin yaradıcılığı haqqında çoxsaylı məqalələr yazılsa da ən dəqiq, detallı və geniş dəyərləndirilmə akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” ön sözündə və eyni adlı kitabında verilib). Bu kitab ilk misradan son misrasına qədər “həyat dastanı” adlandırıla bilər. Və illərə baxılarsa, mərhələlərə diqqət edilərsə, söhbətə Əvvəldən deyil, Sondan başlayır. Təbii ki, həm şeiriyyət dərəcəsi, həm də müəllifin yaradıcılığı üçün əhəmiyyət səviyyəsi baxımından burada müəyyən  məqsədin mövcudluğu şübhəsizdir. Amma bundan başqa da səbəb də var: kitabın ümumi havasında “necə olmuşam”, “necəyəm”dən daha çox, “Eşq mənə neylədi”, “Nəyə dönüşdüm” sualının cavabları görünür. Daha doğrusu, elə ilk görünən budur.

Əslində, “Həyat dastanı” kitabın məzmunu və süjeti baxımından həm də “eşq dastanı”, “yol dastanı” da adlandırıla bilərdi. Çünki kitabın əsas ideyası  Eşq, Yol, Getmək və Yalan sözlərində şriflənibdir. “Həyat=Eşq=Yol” formulunun açılışı hər üç anlayışın bir və son izahına dirənir: “Yalan”a.   

Getmək – tək xilasın, tək yolun budur
Getmək bir növbəti yalana kimi.
Yenə “göydən gəldim” söyləyən kəsi
Bir qapı dalında bulana kimi…

Həyat Yoldur. Yol – Məqsədə doğru uzanmaqdır. Məqsəd – Həqiqət bildiyimiz, əslində isə Yalan olan “növbəti Yalan”a yetməkdir… Yalan isə qapı dalında gizlənərək bizi “Göydən gəldim” kəlməsinə (yenə də Yalana) inandıran bir kimsənin (İnsanı – Şairi həyata bağlayan, yaşam və var olma səbəbi olan Muzanın) varlığına inamdır… Aldanışdır. Amma yenə də bu aldanışdan sonra “növbəti yalan”a doğru yol almaqdır… Və beləcə bu əvəzləmə sonsuza qədər davam edərək bizim “Həyat” adlandırdığımız, “Getmək” saydığımız yaşamımızı təşkil edir. Məncə, Şairin bütün həyat fəlsəfəsi - əgər onun yaradıcılığına məhz bu aspektdən yanaşmalı olsaq – bu cümlələrdə gizlidir. Və ya bəlkə də əksini söyləməliyik – Açıqdır. Yəni açıq şəkildə ifadə olunur.

Elə bu şeirlərdə diqqəti çəkən də, onları maraqlı edən də sadəlik, açıqlıq, birbaşalıqdır. Bir də bu yaradıcılıqda spesifik görünən paralellik. Obraz paralelliyi. Bunu simvolika da adlandıra bilərdik. Əgər simvollaşma prosesi bir nöqtədə, bir duraqda başa çatsaydı. Lakin bu olmur. Başa çatmanı əngəlləyən obrazın haçalanması, paralelləşməsidir. Bütün yaradıcılıq boyu obraz paralelliyi – bir obraz daxilində müxtəlif obrazları ifadə edilməsi – müşahidə olunur. Məsələn,

“…Sən, ən bötük rahatlığım”…
…“ən uzun öpüşlərim sənnəndir
dırnaqlarım dayanmır,
sığallayır
tellərinin ucunu
sənə görə yeriyir,
sənə görə gəzirəm”…
“…axşam səninlə bağlanır göz qapaqlarım!
Xilaskarım!”

Qadınamı yazıldı bu şeir, siqaretəmi? Xilaskar olan kimdir? Əslində hər ikisi. Anlam da elə bundadır: paralellikdə. Necə ki, Həyat Getməkdi, Eşqdir, Yalandır, eləcə də Qadın Siqaretdir (həm də əksinə), Çiyələkdir, Körpədir… Eşqdir və Yalandır… Bir adlandırma digər mənanı çox asanlıqla ifadə edir.

O sənə göylərdən gələn ruh kimi
İşıq bağışlayıb, nur bağışlayıb.
Soyuq vücuduna təlaş gətirib
Sönən gözlərinə qor bağışlayıb.
Görmədin onuntək sirri xudanı.
Adlayıb bu ahıl yaşına gəlib
Gör neçə röyanı gerçəkləşdirib
Yuxuna gələnlər başına gəlib. 
Ömür varağını qatlayan zaman
Saxlayıb, təzə bir həyat yaşadıb
Sənə duymadığın Cənnət qoxusu, 
sənə bilmədiyin bir dad yaşadıb
Yazmağa nə var ki sənin halını.

Bir çox şeirlərində olduğu kimi, şairin ruh halını meydana çıxaran, onu özünə “satan” özü ilə mükaliməsi, söhbəti olur. O, özünü (indikini – oxu: eşqdən sonrakını)  özündən (əvvəlkindən – oxu: eşqdən əvvəlkindən) ayırır. Özünə suallar yağdıraraq sevginin dəyərini ölçməyə, yüksəltməyə çalışır. Öz halı ilə “öz halı” arasında müqayisələr aparır. Sevgidən əvvəlki Özü ilə Sevgidə yaşayan Özü arasında dialoq qurur. Onun üçün Sevgi – Qadın indiyə qədər duyulmamış “cənnət qoxusu”, “bilinməyən dad” yaşadan İlahi bir qüvvədir. Təbii ki, adi qadın deyil. Sevilən Qadın. Yüksəklərdə olan qadın. İlahi qadın…

Bu dastanın hər misrasında, hər şeirində, hər mərhələsində Qadın görünür. Şair Onu ümumiləşdirmir. Əksinə, “uçuşan saçları”, “ağ dişləri”, “çiyələk tamı” ilə konkretləşdirir. Lakin eyni zamanda da, hissin aliliyini, yüksəkliyini elə bir şəkildə təsvir edir ki, aşiq və məşuq bir obrazda (paralellik!) birləşirlər. Müəllif onları bir-birindən ayıra bilmir, fərqləndirə bilmir:

Nə qədər eynidi addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?

Və bu “ruh ekizliyi”nin, mənəvi doğmalığın, başqa bir ruhda özünü tapmağın ən gözəl ifadəsidir.

Təbii ki, hər şey ilk növbədə məna, məzmun, təsvir və ifadə qatında başlayır. Bu şeirlərin həmin bu üst qatında (və ya alt qat!) sevginin, məhəbbətin, eşqin, münasibətlərin hər halını görmək olur: ilk görüş də var, ilk həyacan da, küsüşmə də, ayrılıq da, yalan da. Bir sözlə, insanın yaranışından bəri var olan duyğularının təsviri… Lakin fərqli, özünəməxsus biçimdə. Məsələn, darıxmağın elə bir gerçək, gözəl və özünəməxsus təsviri verilir ki, “hər kəsmi bu cür darıxır”, - deyə bir suala cavab axtarmaqla bərabər, o obrazı gözlərin önündə görmüş olursan. Çılğın, yırtıcı qədər təhlükəli, hər yana saldıra, hücum edə biləcək qədər “vəhşiləşmiş” İnsan…  Və bu İnsanlıq halıdır əslində. Bəzəksiz, düzəksiz.

Mən sakit darıxmıram,
Adam kimi darıxmıram
Hüceyrələrim
ağzını açıb çığırır.
Damarlarım
Qanımdakı aclığı
Bütün vücuduma yayır
Beynim qollarımda
döyünür –
İlikləriməcən darıxıram.
əllərim, barmaqlarım
uzanır, uzanır
girir torpağın altına
mən sənsiz darıxanda
min ilk əvvəlki
sümüklərim
sızıldayır.

Bu da bir Haldır. Həm də yalnızca poetik qəhrəmanın deyil, qanında Vəhşilik olan İnsan oğlunun, Sevən İnsan oğlunun darıxmasıdır. Teyni çılğınlıq, eyni “vəhşilik” tənhalıq duyğusunun təsvirində də var.. Darıxmaqdan dırnaqları, barmaqları ilə torpaq eşən poetik qəhrəman burada  yalqızlıqdan ulayan “canavar”a dönüşür. Və hər iki halda da bu yalnızlığın, bu təkliyin, bu “darıxmaqlığın” təhlükəsini duyursan. İnsan üşün, insan Ruhu üçün yaratdığı təhlükəni. Eyni zamanda da belə bir darıxmanı yaşayan İnsanın başqaları üçün yaratdığı təhlükəni… O obrazlar bütün ştrixləri, bütün çalarları ilə tamamlanmış olur. Və bunun üçün çox deyil, cəmi iki-üç əsas və aparıcı “cizgi” “atılır”.

Sən məni təklədin, hər kəsdən etdin
Açdın adamlara savaş dünyada.
Axırda özün də qeyb olub getdin.
Yalqız ulayıram bu boş dünyada.

Bdii mətnə psixoanalitik yanaşma, müəllifin dünyasına, şüuruna və altşüuruna aparan bir yol kimi baxma köhnəlmiş (dəbdən düşmüş) bir təhlil metodu ola bilər, amma hər zaman öz aktuallığını qoruyacaqdır. Hər zaman oxucu və araşdırıcı diqqətinu çəkəcəkdir. Çünki əksər hallarda mətnlərin özü belə bir çıxış nöqtəsini, belə bir baxış bucağını oxucunun gözü önünə “itələyir”. Bu yaradıcılıqda da həmçinin. Məsələn, bu şeirlərdə hətta uşaqlıqda alınan zərbələr, dağılan xəyallar belə bu günün sevgisindən danışmaq üçün vasitəyə çevrilir. Çünki həyat budur. Bu günümüz dünənimizlə, dünənimiz sabahımızla bağlıdır. Görünən (görə bildiyimiz) və görünməz (görməyə qadir olmadığımız) bağlarla… Bu üzdən dünəndə, bu gündə və sabahda yaşananlar arasında bir körpünün qurulmasında və ya mövcud körpünün aranmasında təəccüblü bir şey yoxdur. “Unuda bilmirəm: uşaqkən qumdan/Qurduğum qalanı sular apardı” misraları ilə başlayan şeir bir yandan o zaman yaşanan hissləri, sarsıntını ifadə edirsə, digər tərəfdən bu gün yaşanan hisslərə körpü olur. Bu gün yaşananlar öz sızıltısı ilə keçmişi yada salır. Hətta həyatdan alınan hər zərbə, hər ağrı  O Ağrı ilə müqayisə edilir:

Mənim çox qalama o vaxtdan bəri
İldırım şaxıyıb, dolu tökülüb.
Doğma şəhərlərim viranə qalıb,
Uşaqlıq evlərim daş-daş sökülüb. 

İndi nə sarsılıb, nə də yanaram
Taleyin bu yeni, sərt sınağına
Uzağı bircə ay qubarlanaram.
Qurduğun qalanın uçulmağına.

Və belə bir nəticənin meydana çıxması yalnız keçmişlə bu gün arasında qurulan bağla əlaqəli deyil. Həm də uşaqlıqda yaşanan ağrıların daha dərin iz qoyması, daha sarsıntılı və əzablı olması ilə əlaqəli sübut olunmuş həqiqətin təkrarıdır.

Əlbəttə, bu kitabda və bu şeirlərdə bəzən tanış ruhun, tanış havanın axınına da düşürsən. Məsələn, “İlahi” ünvanlı, dualar kimi pıçıldanmış onlarla, yüzlərlə şeir var ədəbiyyatımızda. Oxşar ruhlu, oxşar havalı. Onlardan biri də bu kitabdadır. Son misraları ilə fərqli möhür vursa da, yenə də tanış havadan qurtula bilmir:

Bəndənə rəhm edib bir də düşünsən
Yenidən yaratsan məni, ilahi,
Lütfünü yenə də əsirgəmə, gəl
Çıxar qabağıma onu, ilahi.
…Bircə taleyimi başdan yazanda
Məni onsuzluğa düçar etmə sən
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar etmə sən…

Amma bu uzun sürmür  və tez-tez təkrarıanmır. Əksinə, bu kitabda tanış ruhdan, tanış ovqatlardan fərqli şeylər daha çox görünür. Məsələn, müəllifin maraqlı sual kombinasiyaları ilə yadda qalan şeirləri var. Hecanın dogma və ənənəvi formasında olsa da, o şirinliyi özündə qorusa da, buna yeni rənglər, yeni intonasiya və yeni müraciət “dadı” əlavə edərək axını fərqli məcraya sala bilir:

İçindən keçən sızıltı
Günlərini ay etdimi?
Dəstə-dəstə yağan yağış
Bulağını çay etdimi?
Bu ağrını ki adladıq
Sən bu işə asan demə.
Yaşın neçə olar indi?
Gəl bu dəfə yalan demə
Körpəm, sən heç böyüdünmü?

Yaxud maraqlı fikir kombinasiyaları quraraq stilistik baxımdan, struktur baxımdan fərqli nəticələr əldə edə bilir. Və əsas da odur ki, bu “oyun”u məna qatı, məzmun qatı ilə yetərincə əsaslı və möhkəm şəkildə “bərkitməyi” bacarır.

Nə dəniz görünür,
Nə göydələnlər – Dumandı!
Nə sən yadımdasan,
Nə yaşatdıqların – Cəzandı!
Nə uçmağa Göy var,
Nə atılmağa yer – Qəzamdı!

Kitab başdan-başa eşq şeirləri ilə dolu olsa da, bəzən müəllif öz poetik qəhrəmanı ilə birlikdə romantik aşiqin qərar tutduğu “yüksək pillələrdən” uzaqlaşaraq həyatın ən acı, ən real həqiqətlərinə doğru da enməyi bacarır. Əslində, bu, Həqiqət mərtəbəsi olduğu üçün daha yüksək olmalı idi. Amma müəllifin, poetik qəgrəmanın dünyasında Həqiqətin rəngi fərqli olduğundan biz bunu “enmə” kimi görürük. Halbuki bu şeirdə kitabın az qala YEGANƏ həqiqəti pıçıldanır:

Doydum,
sevgilərdən də doydum –
doğrusundan, saxtasından...
başlamasından, şahə qalxmasından,
bitməsindən, gəlməsindən,
getməsindən
yaşananlardan yaşanmayanları,
deyiləndən deyilməyənləri
gördüm,
duydum, doydum
gerçəklərdən, yalanlardan doydum
indi ən gözəli
bir uca dağ başına çəkilib
kinayəli-kinayəli süzməkdi dünyanı...

Amma butun bu ani dəyişimlərə, bu ani keçidlərə baxmayaraq, Rəşad Məcidin “həyat dastanı” Sözə can verərək, onu İnsan kimi danışdıraraq, jestlərini, mimikalarını anladaraq Eşqi təsvir edir. O, Sözə canlı varlıq kimi yanaşır və bu, başqa bir şey deyil, elə Sevgi qarşısında yaşanan heyrətin, duyğuların ifadəsi üçün gərək olur. O sevgi ki İlahilik müstəvisinə qaldırılır. O sevgi ki, onun varlığı “Beynin dincə qoyulması”, “rahatlıq”, “xoşbəxtlik” ilə bir yuxuya keşik çəkməyə  eyni anlamı qazandıra bilir. Aşiqin xoşbəxtliyini Məşuqənin yuxusuna keşik çəkməsində tapdırır. Bunun ifadəsi üçün seçilən sözlər nə qədər müasir olsa da, məqsəd, məram, mənalandırma eynidir – klassikdir.

Dincəlməyini sevirəm
Nə bbm, nə sms, nə zəng
Nə musiqi, nə kitab, nə düşüncə
Beynimi dincə qoymuşam
Gözlərim yumulu gözündə
Nəfəsim, duam üzündə -
Yuxuna keşik çəkirəm...

Sonda onu da deyim ki, məncə, hər iki kitabın adının bir şeirlə bağlı olnması təsadüf deyil, zərurətdir. Çünki məhz bu şeirdə Rəşad Məcid poetik qəhrəmanının da, özünün də ruhunu, sevgisini yetərincə aydın təsvir edib. Xüsusilə Həyatında Var olan Qadına verdiyi dəyər ilə.

Bilmədim iblissən, ya mələk, qadın
Ətri, gözəlliyi çiyələk qadın
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama, nə bu dünyaya...

“Ədəbiyyat qəzeti”
29 avqust 2015-ci il

 





03.09.2015    çap et  çap et