525.Az

Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası


 

Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası<b style="color:red"></b>

(əvvəli ötən sayımızda)

1950-ci ilin dekabrından E.Bəşirovun həyatında yeni bir mərhələ başlayır. O, Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olur. 1951-ci ildən 1954-cü ilin fevralınadək əlaçı aspirant kimi burada oxuyur.

Sovet dövrünün ən görkəmli alimlərindən biri Viktor Konstantinoviç Milovanovun rəhbərliyi altında "Azərbaycan camışının çoxaldılması biologiyası məsələləri" ("Voprosı bioloqii razmnojeniya buyvolov v Azerbaydjane") mövzusunda namizədlik dissertasiyasını yazır. 1954-cü ilin noyabrında dissertasiyanı uğurla müdafiə edib biologiya elmləri namizədi elmi dərəcəsini alır. Bu uğurdan sonra gənc alimin qarşısında yeni üfüqlər açılır. E.Bəşirov böyük coşqu ilə elmi fəaliyyətə başlayır. O, Respublika Kənd Təsərrüfatı Nazirliyi sistemindəki müxtəlif elmi qurumlarda müxtəlif vəzifələrdə çalışır. 1954-cü ilin fevralından 1955-ci ilin aprelinədək Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işçi, şöbə müdiri, Kür-Araz (Sabirabad) təcrübə stansiyasının direktoru işləyir. 1954-cü ildə Kür-Araz təcrübə stansiyasında, 1956-cı ilin sentyabrında isə institutda kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması laboratoriyasını təşkil edir və ilk müdiri təyin olunur. 1959-cu ildə daha böyük vəzifəyə, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilir. 1961-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru vəzifəsində çalışmağa başlayır. 1963-cü ildən isə elmi fəaliyyəti ilə bağlı öz xahişi ilə yenidən laboratoriya müdiri vəzifəsinə qayıdır. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və süni mayalandırılması laboratoriyasına qayıtmaqda məqsəd daha geniş və əhəmiyyətli elmi işlər aparmaq və yaradıcılıq işlərini davam etdirmək, doktorluq dissertasiyasını yazmaq idi.

Eyyub müəllimin Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda və onun təcrübə stansiyasında müxtəlif vəzifələrdə çalışdığı dövr onun yüksək elmi təşkilatçılıq fəaliyyəti ilə xarakterzə olunur. Belə ki, həmin dövrdə onun tərəfindən işlənib hazırlanmış metod və texnologiyaların, başqa alimlərin əldə etdikləri elmi nəticələri ilə birlikdə təsərrüfatlarda, damazlıq stansiyalarında istehsalata geniş tətbiq edilirdi.

Ötən əsrin 50-60-cı illəri E.Bəşirovun elmi yaradıcılığının ən məhsuldar mərhələlərindəndir. Bu illərdə aparılan araşdırmaların, təcrübələrin istehsalata geniş tətbiqi yüksək nəticələrə gətirib çıxarırdı.

"Muğanda yem bazasının yaxşılaşdırılması yolları", "Camışların qısırlığı ilə mübarizədə mühüm məsələ", "Kəl, buğa və qoç toxumlarının mühafizə olunma müddətinə və mayalandırıcı qabiliyyətinə antibiotiklərin, ağ stereptosidin təsiri", "Heyvan toxumunun saxlanması və daşınması texnologiyası və üsulları (toxumun dondurulması)", "Azərbaycanın aran yerlərində döllük qoçlardan səmərəli istifadə edilməsinə dair", "Camışlarda süni mayalanmanın tətbiqi", "Azərbaycan şəraitində inək və camışların döllənməsi, onlardan alınan balaların yaşama qabiliyyətinin yüksəldilməsi üsulları", "Kənd təsərrüfatı heyvanlarını törədici kimi hazırlamağın yeni üsulu" və s. kimi elmi məqalələr aqrar elmin incilərindən sayılır.

Onu da qeyd edək ki, alimin 800-dən çox elmi məqalələri var ki, bunların da yarıdan çoxu müxtəlif vaxtlarda dərc olunub, bir qismi çapa hazırlanır, bir qismi hələ çap olunmamış qalır, daha doğrusu öz növbələrini gözləyir.

E.Bəşirovun 1959-1962-ci illərdə yazdığı "Qaramal" və "Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması" və "Kənd təsərrüfatı heyvanlarının törəmə qabiliyyətinin yaxşılaşdırılması yolları" adlı kitabları, təlimatları Azərbaycan dilində çap olunmuş, sahəyə aid ilk dərsliklər idi. "Əlcəzairin heyvandarlığı" ("Jivotnovodstva Aljira". Moskva, 1976) monoqrafiyası qiymətli elmi mənbə kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Eyyub müəllimin qələminin məhsulları olan "Azərbaycanda damazlıq heyvanların biologiyası və yetişdirilməsi" 2005-ci ildə, "Azərbaycanda damazlıq heyvandarlığın problemləri və inkişafının elmi əsasları" 2008-ci ildə ("Fiziologiya reproduktivnoy buyvolov Azerbaydjane"), "Azərbaycan camışının törəyib çoxalmasının fiziologiyası" 2009-cu ildə, "Azərbaycanda heyvandarlığın inkişafının elmi əsasları" 2011-ci ildə çap olunmuşdur. Adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz əsərlərdə, xüsusən də süni mayalanma ilə bağlı əsərlərdəki hər fikir, hər bənd elmə gətirilən yenilikdir.

lll

E.Bəşirov elmi yaradıcılığa ötən əsrin ortalarında, 1947-ci ildə başlamışdır. Alimin yaradıcılığı şərti olaraq üç dövrə bölünür.

Birincisi Moskva dövrüdür. 1947-1954-cü illəri əhatə edir. Bu dövrə akademik K. A. Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasında oxuduğu illərdə yazılmış əsərlər, aparılmış elmi tədqiqatlar aiddir.

İkinci dövr Azərbaycan dövrüdür. Bu dövr 1950-ci ildən başlayır və bu günün özündə də davam edir.

Üçüncü dövr isə xarici ölkələrə ezamiyyətlər dövrüdür.

Hindistan - 1961-ci il (altı ay) İtaliya - 1964-cü il, 6-25 sentyabr, Əlcəzair - 1964-1966-cı, 1968-1970-ci illər, Çili - 1971-ci il (noyabr, dekabr), Əfqanıstan - 1981-1983-cü illər.

"Əlcəzairin heyvandarlığı", "Çilinin heyvandarlığı" və "Milli Birlik hökuməti dövründə onun inkişaf perspektivləri", "Əfqanıstanın heyvandarlığı", "Hindistan və Bolqarıstanda camışçılıq" və "Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması" adlı əsərləri bu dövrdə yazılmışdır.

Alimin heyvandarlığın sürətli inkişafına, ekoloji baxımdan təmiz, yüksək keyfiyyətli, bioloji qiymətli məhsul istehsalına, kənd təsərrüfatı heyvanlarının genefondunun sağlamlaşdırılmasına, cinsi, məhsuldarlıq və balavermə keyfiyyətinin yaxşılaşdırılmasına, çoxaldılmasına, qorunub saxlanmasına yönəlmiş elmi araşdırmaları, işləyib hazırladığı metod və texnologiyalar buna geniş imkan verir. Lakin tarixin elə məqamları da olur ki, həmin vaxtlarda bu imkanlar da kifayət etmir, gərək sinəni də qabağa verəsən.

Ötən əsrin yetmişinci illərində, ümumən, respublikamızın heyvandarlığında heç də birmənalı qarşılanmayan tendensiya yaranmışdı.Yerli inək cinsləri bəyənilmirdi, Rusiyadan, Pribaltikadan gətirilən cinslərə üstünlük verilirdi. Bu cinslər də yerli şəraitə çətin uyğunlaşırdılar. Xəstələnmə, xüsusən də qızdırma ilə bağlı ölüm halları çoxalırdı. Məhsuldarlıq və balavermə aşağı düşürdü. Məcburi kəsim çoxalırdı. Qısırlıq həddən artıq yüksək idi.

Camışçılığa münasibət lap pis idi. Sanki yerli inək, camış cinslərinə qarşı səlib yürüşü aparılırdı. Fikir yaradılırdı ki, yerli cinslər, xüsusən də camış rentabelli deyil, məhsul istehsalı aşağıdır. Yeri gəldi-gəlmədi inəklərin yerinə ağır çəkili olduğundan camışlar kəsimə göndərilirdi. Camışa münasibət lap acınacaqlı vəziyyətə gəlib çıxmışdı. Hətta o vaxtlar başda Azərbaycan KP MK-nin ikinci katibi Kozlov olmaqla bir qrup məmur tərəfindən Respublika Kommunist Partiyası MK-nın bürosuna camışçılığın ləğvi barədə qərar layihəsinin çıxarılması da planlaşdırılmışdı. Bu isə təkcə yanlış fikir, düşünülməmiş addım deyildi. Ata-babalarımızın ən qədim dövrdən məşğul olduğu bir sahə, camışçılıq məhv edilmək təhlükəsi qarşısında idi. Bu məqamda mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaşlıq mövqeyi tutdular, iradə və qətiyyət göstərdilər.

Eyyub müəllim və həmfikirləri - mərhum Arif Mustafayev, Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan heyvandarlığında camışın, camışçılığın yerini, çəkisini yaxşı bilən mütəxəssislər bu qərəzli ideyanın gerçəkləşməsinə qarşı çıxdılar. Onlar həmin dövrdə respublikamıza rəhbərlik edən ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevə müraciət etdilər. Camışçılığın üstünlükləri haqda, insana, onun sağlamlığına camış məhsullarının misilsiz faydası barədə hərtərəfli məlumat verdilər. Müraciətdən sonra mərhum liderimiz Heydər Əliyev qərar layihəsinin büroda müzakirəyə çıxarılmasına belə yol vermədi. Ümumiyyətlə, bu məsələ birdəfəlik bağlandı. Haqq-ədalət öz yerini tapdı.

lll

Təcrübə ilə nəzəriyyənin vəhdəti Eyyub müəllimin elmi yaradıcılığından qırmızı xətlə keçir. Alimin elə bir elmi müddəası, elə bir araşdırması yoxdur ki, təcrübədə təsdiqini tapmasın. Heyvandarlığın, xüsusən də camışçılığın, damazlıq heyvandarlığın inkişafında yeni cinslərin yaradılmasında, kənd təsərrüfatı heyvanlarının çoxaldılmasında, sağlamlaşdırılmasında süni mayalanmanın böyük əhəmiyyəti var. Dünyada ilk dəfə camışın süni mayalandırılmasının həyata keçirilməsinin metod və texnologiyalarının hazırlanması, tətbiqi və ən əsası nəzəriyyə ilə təcrübənın vəhdəti Eyyub Bəşirovun yaradıcılığının ən üstün, ən əhəmiyyətli cəhətlərindəndir.

Başqa bir cəhət də bundan ibarətdir ki, rus və Azərbaycan aqrar elmi məktəblərinin ən qədim, ən zəngin, ən qabaqcıl ənənələri alimimizin yaradıcılığında öz dərin əksini tapır. Həm də bu iki böyük məktəbin təsiri, əhatə dairəsi o qədər geniş, o qədər güclüdür ki, həmin irslə tanışlığın ilk anındaca yəqinlik hiss edirsən, inanırsan ki, bu iki məktəb Eyyub Bəşirov yaradıcılığının nəhəng kökləri, qaynaqlarıdır.

Eyyub Bəşirovun elmi yaradıcılığının ilkin, həm də olduqca möhkəm təməli, bünövrəsi qeyd etdiyimiz kimi, Moskvada təhsil aldığı dövrdə, ötən əsrin əllinci illərinin əvvəllərində qoyuldu. 1951-1953-cü illərdə alimin yazmış olduğu referatlar, elmi hesabatlar, məruzələr Moskva elmi mühiti, Moskva elmi ictimaiyyəti tərəfindən təqdir olunur, rəğbətlə qarşılanırdı. Məhz həmin elmi əlyazmalar, referatlar, məruzələr, hesabatlar alimin yaradıcılığının dayaqları, dirəkləri idi. Bu dayaqların daha da möhkəmlənməsi üçün Moskva elmi mühiti münbit şərait, münbit zəmin yaradırdı. O illərdə Moskva dünya aqrar elminin ən nəhəng, ən tanınmış mərkəzlərindən idi. Burada aqrar elmin müxtəlif problemləri ilə məşğul olan, nüfuzlu elmi təşkilatlar, elmi müəssisələr, elmi tədqiqat institutları kimi fəaliyyət göstərən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyası (indi Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyası), akademik K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası, Baytarlıq Akademiyası, Atçılıq İnstitutu, Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu və s. dövrün ən qabaqcıl elm ocaqları, elmi idarələrdən idilər. Təkcə elə Ümumittifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisinin özü böyük bir akademiya idi. Həmin dövrdə Viktor Konstantinoviç Milovanov, Firuz Əli oğlu Məlikov,  İrina İvanovna Sokolovskaya kimi bir çox nəhəng alimlər aqrar elmin problemlərinin həllinin ağırlığını öz çiyinlərinə götürmüşlər. Məhz belə alimlərin adları ilə bağlı elmi məktəblər formalaşmış, yaranmışdı. Bunların da arasında ən qabaqcılları akademiklər V.K.Milovanov və F.Ə.Məlikov elmi məktəbi idi. Bu məktəblər aqrar elmin bir çox aktual problemlərini həll etməklə onun inkişafına böyük təkan vermişdilər. Bu elmi məktəblər keçmiş İttifaqda həll etdikləri problemlərin əhəmiyyətinə, özlərinin nüfuz və əhatə dairələrinə görə fərqlənirdi.

(Ardı var)

Əfqan MƏMMƏDOV

 





03.09.2015    çap et  çap et