525.Az

Azərbaycan Dövlət Neft Fondu Moskvanın mərkəzində daşınmaz əmlak alıb


 

Azərbaycan Dövlət Neft Fondu Moskvanın mərkəzində daşınmaz əmlak alıb<b style="color:red"></b> Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin biznes mərkəzi Tverskaya, 16 ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən "Qalereya Aktyor" ofis-ticarət mərkəzini satın alıb.

Fonddan Trend-ə verilən məlumata görə, binanın alqı-satqı prosesində satıcı qismində VTB Qrupa daxil olan "Metropoliten İnşurəns Qrup" (Metropolitan Insurance Group), Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi ALRUD şirkəti, broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış edib.

"Qalereya Aktyor" Moskva şəhərinin tarixi mərkəzində yerləşir. Tverskaya küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina Tverskaya küçəsi və "Strastnoy" bulvarın kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kvadratmetr təşkil edir.

Əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilib. Binanın yerləşdiyi ərazinin müstəsnalığı, eləcə də Moskva ofis daşınmaz əmlak bazarının güclü fundamental əsasları bu investisiyadan daimi gəlirliliyin əldə edilməsinə şərait yaradan amillərdəndir ki, binanın ticarət obyektlərinə icarəyə verilən hissəsi üçün nəzərdə tutulan yeniliklər nəticəsində də gələcəkdə bu gəlirliliyin daha da artırılması planlaşdırılır. Binanın alınması eyni zamanda Fondun 2012-ci ildə Avropanın bir sıra böyük paytaxt şəhərlərinin əsas mərkəz-biznes ərazilərində həyata keçirməyə başladığı daşınmaz əmlak investisiya strategiyasına uyğun olaraq baş tutub.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov binanın alınmasını şərh edərkən bildirib: "Bu binanın alınması ilə Fond daşınmaz əmlak investisiya strategiyası çərçivəsində daha bir uğurlu addıma imza atmışdır. Bu hadisəni eyni zamanda uzun müddətdən bəri mövcud olan və ikitərəfli strateji tərəfdaşlığa söykənən, dərin tarixi-mədəni köklərə sahib Azərbaycan-Rusiya əlaqələrinin investisiya sahəsində yeni mərhələnin başlanğıcı kimi səciyyələndirmək olar. Belə ki, Fondun ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz Moskva şəhərində həyata keçirilməsi ARDNF-nin Rusiya Federasiyası üçün nəzərdə tutduğu investisiya strategiyasının daha uzunmüddətli dövrü əhatə edəcəyini nümayiş etdirir".
 





26.12.2012    çap et  çap et