525.Az

Yaşam fəlsəfəsi


 

GÜNÜMÜZÜN FƏLSƏFƏSİ

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

Əgər həyatın əsas mənası dünyanı və böyük Yaradanı dərk etməkdirsə, bütün elmlər bu niyyətlə hərəkət edərək biliklər toplayırsa, bu biliklər birləşərək fəlsəfəni yaradırsa, deməli, fəlsəfə ilahi elmdir. Fəlsəfəyə bağlı olmayan nəsnənin əbədiliyinə heç bir varlıq qarant dura bilməz.      

Məlumdur ki, fəlsəfənin öz predmeti yoxdur, onun obyekti düşüncədir. Düşüncənin obyekti isə hər şey ola bilər. Yəni, körpünün, nərdtaxtanın, lap papağın da fəlsəfəsi olar. Fəlsəfənin cəmiyyətdə yeri və rolu haqda Rene Dekartın fikri çox dəyərlidir: “Hər bir xalq nə qədər təhsilli və vətənpərvərdirsə, onda filosofluq etmək də bir o qədər asandır; buna görə də dövlət üçün həqiqi filosoflara malik olmaqdan böyük səadət yoxdur “. Fəlsəfə - birləşdirici elm olub dövlətin rəsmi ideologiyasının açar komponenti hesab edilir. Fəlsəfəni bilmək fəaliyyətdə əminlik yaradır.

Həyatın fəlsəfəsi        

Həyatın məqsədi və mənası var. Həyatın mənası nəsil artırmaq, məqsəd isə xoşbəxt yaşamaqdır. Bu proseslərin qaranlıq tərəflərinə işığı həyatın fəlsəfəsi salır.

Həyat fəlsəfəsinin əsas məqsədi xoşbəxtliyin açarını tapmaqdır. Bu niyyətlə biz “necə yaşamalı?” və “nə etməli?” - kimi bəzi suallara cavab axtarmalıyıq.

XX əsrin böyük ixtiraçısı, “Aplle” firmasının təsisçisi, dünyanın ən varlı adamlarından biri olmuş Stiv Cobsa görə, “biz bu dünyaya öz töhfəmizi verməyə gəlmişik”. Sevgili peyğəmbərimiz “Yaxşı iş görməkdə bir-birinizi ötün” - tövsiyəsini söyləmişdi. Demək, biz bu dünyaya pozitiv işlər görmək üçün, başqa sözlə, Allahın göstərdiyi yolla getməyə gəlmişik. Mükafatımız isə Cənnət olacaqdır. Həzrət Əliyə görə, insanı xoşbəxt etmək üçün “ona var- dövlət vermək yox, onun arzularını azaltmaq kifayətdir”. Deməli, hətta kasıb olub, xoşbəxt yaşamaq mümkündür. Varlılıq xoşbəxtlik üçün əsas yaradır, amma təminat vermir.

XX əsrin böyük mütəfəkkiri Cubran Xəlilin yuxarıdakı suallara dolayısı ilə belə cavab verilir: “Lənətə gəlsin o milləti ki, əkmədiyini yeyir; lənətə gəlsin o milləti ki, özü hazırlamadığını içir; lənətə gəlsin o milləti ki, tikmədiyini geyir”.

Bu fikri günümüzə tətbiq etsək, bu o deməkdir ki, biz öz tikdiyimizi geyməli, öz əkdiyimizi yeməliyik. Onda bu işlə məşğul olanların əməyini ödəyərik, işsizliyi aradan qaldırarıq və iqtisadiyyatımızı gücləndirərik.

Həyatımızın ən böyük problemi Qarabağdır. Bu dərdlə yatıb, bu dərdlə yuxudan duranlarımız çoxdur. Bu problemin həlli baxımından bir sıra vacib suallara cavab axtarmalıyıq:

“ Gələcəyə hansı düşüncə ilə gedək: Şərq, yoxsa Qərb?

“ Qarabağın standart və ya qeyri standart həllini necə tapaq?”

“ Özümüzü, yoxsa dövləti varlandırsaq, bu problemi tez həll edərik?”

Belə suallara düzgün cavab tapa bilmədiyimizdən 20 ildən çoxdur ki, zamanın uğursuzluq zolağında yaşayırıq. Qarşıda duran fundamental problemi düzgün həll etmək, xoşbəxt gələcəyə gedən yolu tapmaq üçün yüzlərlə mütəxəssisin yox, cəmiyyətin tam potensialından istifadə etmək düzgün olardı. Düşüncəmə görə, vətənə məhəbbət, ailəyə məhəbbət və peşəyə məhəbbət keyfiyyətli həyatın tərkib hissələri olub, həyatın fəlsəfəsinin əsasını təşkil edir.

Tomas Manna görə, həyat və mənəviyyat bölünməzdi. Xoş gələcəyə Allahın ətəyindən tutub getməliyik.

Xoşbəxtliyin açarı 

Pifaqora görə, “xoşbəxtlik tək adam işi deyil”. Demək, xoşbəxt həyatın zəruri şərti ailə qurmaqdır. Ailə cəmiyyətin elementar əsasını (qəfəsini) təşkil edir. Ailəsiz yer kürəsi bərbad halda olardı. Evin başçısı qadındır, ailənin başçısı kişidir. Ailə modeli - bir cut ayaqqabıdır. Düz geymək lazımdır, tərs geyinərsən, incidər. Bu o deyəndir ki, ailədə hər kəsin öz yeri vardır. Qadının işini kişi, kişinin işini qadın görməməlidir.

Xoşbəxt həyatın kafi şərti düzgün seçimdən, düzgün qərar qəbul etməkdən keçir. Başqa sözlə, xeyri şərdən, düzü əyridən, dostu düşməndən, yaxşını pisdən seçməyi, keyfiyyətli həyatı təmin etməyi bacarmaq lazımdır.

Qeyd edildiyi kimi həyatın məqsədi xoşbəxt yaşamaqdır. İnsan sevdiyi, ürək verdiyi işlə məşğul olanda xoşbəxt olur. İnsan oğlu sənətini, gələcək həyat yoldaşını düzgün seçəndə xoşbəxtliyini təmin edir. Bu səbəbdən də deyirlər: səhər işə, axşam evə tələsən adam xoşbəxtdir.

Xoşbəxtliyə gedən yolun təməlini uşaqlıqdan qoymaq lazımdır. Məlumdur ki, normal uşaqlar ümumi qabiliyyətlə bərabər, həm də xüsusi qabiliyyətlə doğulurlar. Valideynin istəyi ilə bu xüsusi qabiliyyət üst- üstə düşərsə uşaq (gənc) parlaq bir vətəndaşa çevrilər. Bir türk misalında deyilir: “Çörəyini əli ilə qazanan fəhlədir. Çörəyini əli və ağlı ilə qazanan ustadır. Çörəyini əli, ağlı və ürəyi ilə qazanan ustaddır”. Çünki ürək işə qoşulanda insan yorulmaz. Yorulmaz insan çox iş görər, sənətinin zirvəsinə qalxar, ustad olar. Ustad namərd olmaz, şəxsiyyət olar. Belə insanlar kamil olurlar və özləri üçüm harmonik mühit yaradırlar. Xoşbəxt olmayan ustad tanımıram. Amma xoşbəxt olmayan milyonerlər, yəqin ki, var.

Xoşbəxtliyin digər açarı zamandadır. Kim zamanını düz xərcləyirsə, o adam xoşbəxtdir. Zaman haqda bir az sonra.

Böyük Şəhriyarın:

Valterin əlindən qələmini al,
Ona kamança ver, de, bir hava çal!
Bəlkəm də alıb, çalardı.
Ançaq bəşəriyyət Valtersiz qalardı. 

Bu şeir parçasından görünür ki, Valter anadan ədib və mütəfəkkir kimi doğulubdur. Əgər valideynləri onu məcburən musiqiyə yönəltsələr, onda bəşəriyyət Valtersiz qalardı. Hesab etmək olar ki, hansı ailə uşağın xüsusi qabiliyyətini erkən müəyyənləşdirə bilirsə və o istiqamətdə övladına təhsil verə bilirsə, həm övladı qarşısında, həm də milləti qarşısında üzü ağdır. Milləti kütlə yox, şəxsiyyətlər ucaldır.

Hər kəs ürəyi istədiyi işin dalınca getsə, uğurlar çox olar. Yeniyetmə ilə valideynin arzusu haçalanmamalıdır. Örnək olaraq bir misal çəkmək istəyirəm:

Bir neçə il öncə ADDU-nin təşkil etdiyi elmi konfransda məşhur amerikalı professor məruzəsində qeyd etdi ki, mənim qızım orta məktəbi qurtaranda dedi, mən aşbaz olmaq istəyirəm. Biz ona mane olmadıq. Dedik, istəyirsən, get aşbaz ol.

İxtisas seçimində gənclərin arzusu hökmən təmin edilməlidir. Belə olanda gənclər sevdiyi ixtisasın zirvəsinə qalxarlar.

Yəhudilər erkən xüsusi qabiliyyəti müəyyənləşdirib, uşağı o istiqamətdə inkişaf etdirirlər. Bu səbəbdən də 15 milyonluq yəhudi xalqının 200-ə yaxın Nobelçisi var. 

Zaman və Məkan 

Cəmiyyətin inkişafı zaman və məkandan kənarda mümkün deyil. Zaman və məkan məsələsi həyat fəlsəfəsində mərkəzi yer tutur. Bu baxımından bu anlayışları aydın dərk etmək lazımdır. Bu kateqoriyalar həyatımız üçün əsasdır.

Məkanımızı itirə-itirə gedirik. Qeyd etmək kifayətdir ki, son 100 ildə torpaqlarımız 116 min kv.km -dən 86,6 min kv.km qədər azalıbdır. Bunun üstə Qarabağı da gəlsək, vəziyyət daha utancvericidir. Son yüz ildə 6 dəfə siyasi sistemimiz, yəni dövlət quruluşumuz dəyişibdir. Bu keçidlərin hər biri bizim üçün əlavə ağır problemlər yaradıbdır. Bu onu göstərir ki, zaman və məkanı düz dərk etməmişik, içərisindən keçdiyin proseslərin subyekti yox, obyekti olmuşuq.

M. Hard və A. Neqrinin “İmperiya” (ABŞ, 2003) kitabında ABŞ-ın sıçrayışla inkişafını məhz onun yerləşdiyi geosiyasi məkanla əlaqələndirilir. Sağ və sol tərəfdən okeanla əhatə olunan ABŞ-ın paxıl qonşuları yoxdur. İngiltərə, Danimarka, Yaponiya, Avstraliya qonşusuz və uğurla inkişaf edən ada ölkələridir. Azərbaycan çox mürəkkəb bir məkanda yerləşir. Qonşuların bəziləri hər zaman inkişafımızı ləngitmək üçün əllərindən gələni əsirgəməyiblər. Ancaq biz qonşuları seçə bilmərik. Bu səbəbdən də həyatımızda zamanın oynaya biləcəyi rola diqqət yetirək.

Türk imperatorları bir neçə min il ərzində məkanın potensialından uğurla istifadə etdilər və min illər boyu Şərq-Qərb məkanının çox hissəsinə sahib çıxdılar. 1452 -ci ildə Fateh Sultan Mehmet, dənizin potensialından uğurla istifadə edərək, üç dənizin ortasında İstanbulu fəth etdi. M.K. Atatürkün: “İstiqbalımız səmadadır” - xəbərdarlığı yeni məkan -səmanın fəthinə ünvanlanmış kəlamdır. Çox təəssüf ki, bu kəlam vaxtında axıracan dərk olunmadı. Kosmosa sahib çıxa və kosmos klubunun üzvü ola bilmədi. Bu kəlamı M. Atatürk söyləyəndə çoxları səmanın gələcək həyatda oynayacağı rolu dərk etmirdi. Kosmosa yol nə at belindən, nə də gəmilərdən keçir. Kosmosa yol təhsildən və elmdən keçir.

Cəmiyyətin inkişafı zamandan düzgün istifadə etməkdən asılıdır. Zamanın fəlsəfi dərki mükəmməldir. Zaman-halətin (vəziyyətin) dəyişmə nizamıdır. Bircinslilik, kəsilməzlik, biristiqamətlilik, dövrsüzlük zamanın xassələrindəndir.

Zamanı izləmək üçün bu gün istifadə etdiyimiz saatlar əsasən Qərbdə icad edilibdir. Zamandan daha effektli istifadə etmək üçün onlar həm də sürət maşınları (avtomobil, təyyarə) icad ediblər. Qərb cəmiyyətlərində zamana hörmət və qənaət hökm sürür. Həyat tərzi sanki zaman üzərində köklənib. Ziyafətlər, qonaqlıqlar elə təşkil olunur ki, zaman hədər getməsin. Mehmanxanalarında səhər yeməkləri elə təşkil edilir ki, zamandan effektiv istifadə edilsin. Qonaqlar ayaqüstü bir-biri ilə söhbətləşə, informasiya mübadiləsi apara bilsinlər.

Müsəlman cəmiyyətlərində vaxtdan-zamandan israfçılıqla istifadə edilir. Məclislərdə-mərasimlərdə zamana hörmət edilmir. Baxmayaraq ki, həmişə mütəfəkkirlərimiz zamana layiqincə qiymət veriblər. Şərqdə zaman atalar sözü səviyyəsində dəyərləndirilib:

Köçəri quşlar qayıdacaq,
Solan otlar göyərəcək,
Ötən günlər dönməz daha...
 

Dövlətimizin müstəqilliyini daimi etmək üçün hər kəs zamanı dərk etməlidir ki, xoş gələcəyə gedən yolumuzu düz seçək. Bizim toy və yas mərasimlərində zaman sözün əsl mənasında zorlanır. Yas mərasimlərində molla məclisin anlamadığı dildə oxuyur, ancaq izahat vermir. Məclisin axırında isə deyir: “Camaat, imkan verin çörəklə duzu yığışdırsınlar, ondan sonra dura bilərsiniz”.

Hörmətli molla! Min il öncə bəlkə də bu qaydaya ehtiyac olubdur. O zamanlar yəqin ki, mərasim iştirakçıları stolda yox, yerdə otururdular, bu səbəbdən də çörəyin üstdən keçmək olmazdı. Çörək indi stolun üzərindədir. Bizim stolun arxasından keçib getməyimiz bir tərəfdən zamana hörmət, digər tərəfdən çörəyin səliqəli yığılması üçün imkandır. Bir mərasimdə iştirak edən təqribən 300 nəfərin hərəsindən 5 dəqiqə vaxt almaq bir nəfərin 30 saatına və ya dörd günlük iş vaxtına bərabərdir. İtirilən bu vaxta heyfiniz gəlmirmi? Biz toy və yas mərasimlərinin təşkilində Sovet düşüncə tərzindən uzaqlaşmalı, qonşu dövlətlərin (İran və Türkiyə) ənənələrindən bəhrələnməliyik. Əgər 100 il öncə bir nəfər həftədə bir vacib iş görərdisə, indi hər adam gündə 5-6 vacib iş görmək məcburiyyətindədir. Bu səbəbdən də vaxta ehtiyac böyükdür. Hər kəs zamana qənaət edən əşya və xidmətə daha çox pul xərcləməyə hazırdır.

Zamana münasibətə görə insanları iki yerə bölmək olar. Zamanı idarə edənlər və zaman tərəfindən idarə olunanlar. Qənaətimə görə, qərblilər zamanı idarə edirlər, şərqlilər isə zaman tərəfindən idarə olunurlar. Bu qüsurumuza qarşı mübarizə aparmalıyıq. Zamana sahib çıxmaq həyat prinsipinə çevrilməli, mənəvi dəyər səviyyəsinə qalxmalıdır. Bu cür düşünərək hesab edirəm ki, XXI əsrdə tərbiyə deyəndə - zamana hörmət və qənaət basa düşülməlidir.   

Zamanı idarə etmək üçün divar və stolüstü təqvimlər, qeyd kitabçıları və cədvəllər düzəldiblər. Hər kəs bu vasitələrlə öz zamanını idarə etməyi bacarmalıdır. Müvəffəqiyyətin, uğurun kökü zamana sahib çıxmaqdadır. Müasir amerikan filosofu Brayan Treysinin fikrincə, vaxt - müasir biznesin valyutasıdır və bilik qədər dəyərli hesab edilir. 

Günümüzdən bir misal çəkmək istəyirəm. Qonşu İranın atom proqramı ətrafında gərgin vəziyyət yaranıb. Bu problemin bütün geosiyasi aspektlərinə toxunmadan zaman baxımından məsələyə yanaşsaq görərik ki, gərginliyin səbəbi zamanın seçilməsindədir. Vaxtında (30-40 il öncə) zamana sahib çıxıb, bu işi görsəydi, heç kəs İrana bir söz deməzdi. Necə ki, Pakistana demədilər.

Çox zaman tələbələrimə deyirəm ki, Allah sizə iki qiymətli potensial verib. Biri sağlam bədən, biri isə zaman-vaxtdır. Sağlamlığınız Allahın və sizin, zamanınız isə ancaq sizin əlinizdədir. Zamanınızdan düzgün və məsuliyyətlə istifadə etsəniz gələcəkdə vətənimiz üçün güclü mütəxəssisə çevrilə bilərsiniz. Tələbə həyatını xurcuna bənzətsək, onun bir torbasına istifadə edilmiş vaxt, digər torbasına qazanılmış bilik və vərdişlərdir toplanır. Vaxt tərəf dolu olarsa, o biri tərəf də dolu olar. Zamanı illərlə, günlərlə, saatlarla yox, dəqiqələrlə nəzarətə götürmək vacibdir və bu XXI əsrin sərt tələblərindəndir. Bakı işıqforları artıq saniyə dəqiqliyi ilə işləyir. Zamana belə hörmət həyatımızın hər sahəsində olmalıdır.

Qədim yunan filosofu Böyük Dionisiydən soruşurlar: Sizin sərbəst vaxtınız varmı? - “Yoxdur və qoy heç zaman da olmasın!” - cavabını verir.

(Ardı var)

 





07.09.2015    çap et  çap et