525.Az

"Maddi problemlər olanda hər çalınan havaya oynamaq lazım gəlir” - Fotoreportaj


 

Etibar Babayev: “Televiziya rəhbərinin qarşısında “hardan pul qazanaq?” problemi dayananda milli-mənəvi dəyərlər, yaradıcılıq arxa plana keçir"

"Maddi problemlər olanda hər çalınan havaya oynamaq lazım gəlir” - <b style="color:red">Fotoreportaj</b>

Feyziyyə ilə Xəzərin sahilində

Yenə Xəzərin sahilindəyəm. Bu dəfə tanınmış telejurnalist Etibar Babayevlə. Onun həyat və yaradıcılıq yolu olduqca maraqlıdır.  İlk dəfə mətbuat səhifələrində imzası görünən gündən  qırx ildən artıq vaxt ötsə də, onun çoxşaxəli və məhsuldar fəaliyyəti bu gün də uğurla davam etməkdədi. Çoxsaylı tele-radio verilişlərinin müəllifi və aparıcısı kimi şöhrət qazanan jurnalistin Azərbaycanda, eləcə də  Türkiyədə on kitabı çapdan çıxıb. Müxtəlif illərdə  yüksək rəhbər vəzifələrdə çalışan, o cümlədən, AzTV-nin sədr müavini, “Space” teleradio şirkətinin prezidenti olan fəlsəfə doktoru, dosent Etibar Babayev həm də Bakı Slavyan Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir.  Bu yaxınlarda isə onu “Azad Azərbaycan” teleradio şirkətinin Bədii Şurasına sədr seçiblər.

Etibar müəllimlə söhbətimiz çox səmimi alındı. Diktafonu salanda dedi ki, ürəyin  istəyən sualı  çəkinmədən  verə bilərsən. Bir çox məsələlərə münasibəti, xüsusən də  televiziyadakı problemlərlə bağlı fikirləri, elə bilirəm, sizi də qane edəcək: 

- Bu yaxınlarda Qulu Məhərrəmli mətbuatda yazmışdı ki, hər telekanalın bir Etibar Babayevə ehtiyacı var. Maraqlıdır ki, sizdən hamı nəsə yenilik gözləyir.

-Yaxşı bəs, siz məndən nə gözləyirsiniz?

- Məni çətinə salmayın.

- Siz də məni çətinə salmayın.

- Mən bilmirəm, Qulu Məhərrəmli belə deyib.

- Elə isə, nəyi nəzərdə tutduğunu Qulu müəllimin özündən soruşun (gülür).  İnsanlar hər zaman televiziyadan yenilik gözləyirlər. Amma nəzərə almaq lazımdır ki, hər televiziyanın öz sahibi, öz rəhbəri, ayrıca proqram siyasəti və təbii ki, kommersiya maraqları var. Verilişlərin mövzu dairəsi, kanalın gizli-aşkar hədəfləri, televiziyanın auditoriyası həmin  amilləri  nəzərə almaqla müəyyənləşir. Bu gün ATV geniş tamaşaçı kütləsinin sevimli  kanalıdır. Kimsəyə sirr deyil ki, ən yüksək reytinqə malikdir. Son illər şirkət texniki bazasını  əsaslı surətdə gücləndirməyə, idarəetmə mexanizmini təkmilləşdirməyə, kollektivdə sağlam, mənəvi, yaradıcı, işgüzar  mühit yaratmağa nail  olub. Bir televiziya, iki radio kanalına malik  ATV öz dəsti-xətti və  dinamik inkişaf sürəti ilə seçilir. Belə bir kollektivdə çalışmağımdan son dərəcə məmnunam. Bu sahədə çoxillik yaradıcılıq, təşkilatçılıq təcrübəmi, biliyimi, bacarığımı səfərbər edib, vəzifə səlahiyyətlərim çərçivəsində böyük həvəslə öz işimi görməyə başlamışam. Son illər bu kanalda baş verən müsbət keyfiyyət dəyişikliklərini kimsə inkar edə bilməz. ATV-də musiqili-əyləncəli verilişlər üstünlük təşkil etməsinə isə təbii yanaşmaq lazımdır. Kanal yarandığı gündən bu təmayüllü olduğunu bəyan edib. Əyləncə televiziyanın 3  əsas vəzifəsindən biridir. O zaman teleməkanda  əyləncə sahəsində  müəyyən boşluq vardı və ATV bu boşluğu doldurmağa çalışdı. Təsadüfi deyil ki, fəaliyyətinin ilk dövründə ictimai-siyasi xarakterli proqamlara, o cümlədən, gündəlik xəbərlərə, ümumiyyətlə, efirdə yer ayırmırdı. Sonralar  proqram siyasətində ciddiləşməyə doğru müəyyən  addımlar atsa da,  bu kanalda ilkin  ana xətt daim qorunub saxlanmaqdadır və bu xüsusiyyət ictimaiyyət tərəfindən təbii qarşılanır. Təəccüb və təəssüf doğuran hal isə  digər kanalların yavaş-yavaş “atv”ləşməsidir. Məqsəd və məramı tamamən fərqli olan kanalların bu gün şoulaşmaya aşırı dərəcədə  meyl göstərməsi  cəmiyyətdə haqlı olaraq birmənalı qarşılanmır. Mənim fikrimcə, hər kanal təyinatına uyğun proqram siyasəti aparsa, bir-birinə qarşılıqlı ittihamlar irəli sürməkdən əl çəkib, efirdə öz yerini tutmağa səy göstərsə, daha çox uğur qazanar.

- Sizcə yeni televiziya mövsümündə hansı mövzular efirə gələ bilərdi?

- Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi yaxınlaşır. Şərqin ilk demokratik respublikası kimi adı tarixə düşən Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin 100 illiyinə az qalır. Bu mövzularda uzunmüddətli telelayihələr hazırlamağa ehtiyac var. Proqram seçimində sponsorların marağı ilə dövlətçilik marağı əksər hallarda üst-üstə düşmədiyindən özəl kanallar ciddi layihələrə ekran həyatı verməkdə çətinlik çəkir. Milli Televiziya Şurası bu məsələlərlə maraqlanmalıdır. Bu haqda müvafiq nazirliklər də düşünməlidir. Hər sahənin inkişafına ayrılan külli miqdarda vəsaitin kiçik bir qismi KİV-də və elektron informasiya vasitələrində təbliğat, maarifləndirmə işinə niyə də xərcləməsin? Bəziləri elə zənn edir ki, bu məsələ yalnız KİV əməkdaşlarının vəzifəsidir. Belə təsəvvürlər kökündən yanlış olduğu qədər də ziyanlıdır.

Ölkədə və dünyada son dərəcə ciddi proseslər gedir. Beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi, iqtisadi mənzərəsinin qeyri-sabitliyi şəraitində  fərqli idarəetməçilik dəsti-xətti ilə seçilən müstəqil yeni Azərbaycan yeni beynəlxalq layihələri uğurla həyata keçirməyə hazırlaşır. Bu gedişat istər məlumat şəklində, istər müzakirə, şərh, analitik söhbət və ya digər formatda ekranda əksini tapmayanda tamaşaçı narazı qalır və cavabsız suallardan qurtulmaq üçün  başqa məlumat mənbələrinin axtarışına çıxır. Öz auditoriyamızı özgələrin at oynatdığı geniş meydana çevirməklə mürəkkəb proseslərin nəbzini tutmağa çətinlik yaratmaq, neqativ halların artmasına, kriminal aləmin güclənməsinə, mənəvi eybəcərliyin kütləvi təbliğinə imkan vermək ağlasığan iş deyil. Sovet ideologiyası dövründə çəkilən onlarla film var ki, bu gün də maraqla baxılır. Gəlin görək, son iyirmi beş ildə yeni mürəkkəb tarixi inkişaf mərhələmizi əks etdirən neçə film yaranıb, onların bədii təsir gücü hansı səviyyədədir?  Televiziya məhsulundan söz düşəndə, bədii, sənədli, cizgi filmləri də nəzərdə tutulur. Telekanalın elə imkanı olmalıdır ki, özünə gərəkli məhsulu istehsal edə bilsin və ya ehtiyac yarananda  başqa qurumlarda sifarişlə iş keyfiyyətli gördürsün. Söhbət yenə gəlib söykənir maliyyə məsələlərinə. Ona görə də dünyanın bir çox ölkələrində telekanallar qüdrətli holdinqlərin tərkibində yaranır.

Etibar müəllim sözünü yarıda kəsir:

- Mən bu mövzuda o qədər danışa bilərəm ki, Günəş də  dözməyib dənizdən qalxaraq  bizə  boylanar. Səni nəsə qane eləmirsə, söhbətin istiqamətini dəyişə bilərik.

- Yox, söhbət elə mən istədiyim istiqamətdə gedir. Ona görə çox da müdaxilə eləmirəm. Bilirsinizmi, əvvəlki qonaqlarıma da televiziya ilə bağlı müxtəlif suallar ünvanlamışam. Amma indiyədək heç kimdən belə geniş və ətraflı cavab almamışam. Ona görə sözünüzü kəsmədən maraqla dinləyirəm.

- Düzünü bilmək istəsən, mən özüm də  hər  kəsin  sualına  belə geniş   cavab vermirəm. Sizin  maraqla dinlədiyinizi görüb  geniş danışıram (gülürük).

- Televiziyadakı problemləri hamımız bilirik...

- Elə isə, gəlin sadalayaq görək nədir o problemlər?

- Aparıcıların səviyyəsindən tutmuş, verilişlərin formatına qədər çox şey. Yəni, hamımız bu problemləri görürük. Sizcə aparıcı necə olmalıdı?

- Televiziya aparıcısı üçün mühüm olan bir neçə şərt var: zahirən telegeniklik, səlis nitq qabiliyyəti, geniş dünyagörüşü, müəyyən həyat təcrübəsi, müsahibi dinləmək, auditoriyanı görmək,  hiss etmək bacarığı. İndi bütün telekanallarda suflyordan istifadə edilir. Xəbər aparıcısı həmin qurğunu canlı efirdə sərbəst iradə etməyi bacarmalıdır ki, çaşmasın. Bununla yanaşı, aparıcı zəngin söz ehtiyatına malik olmalıdır ki, yeri gələndə, mürəkkəb vəziyyətdən üzüağ çıxa bilsin. Müsahibə alarkən, sual verməklə vəzifəsini bitmiş hesab etməməlidir,  müsafirini dinləməyi bacarmalıdır, yarımçıq qalan fikirlərini tamamlamaq üçün ona imkan yaratmalıdır. Bir sualdan digərinə, yaxud bir mövzudan başqasına keçərkən arada körpü qurmağı bacarmalıdır. Bu keyfiyyətləri ilə seçilməyənləri  aparıcı adı ilə efirə çıxarmaq qəbahətdir. Bir məsələni də nəzərə alın ki, aparıcı seçimi həm də proqramın janrından, formasından asılıdır.

- Sizcə, televiziyaya bütün bunları öyrənib gəlmək üçün ixtisaslaşmış məktəb var?

- Mənim arzuladığım səviyyədə yoxdur. Söhbət yalnız aparıcılıqdan, nitq qabiliyyətinin inkişafından, efir davranışından getmir. Bu məsələləri, bəlkə də televiziyaların nəzdində emalatxanalar yaratmaq, müəyyən kurslar açmaqla həll etmək mümkün olardı. Amma məsələyə köklü yanaşmaq lazımdır. Söhbət televiziya səhəsində hər istiqamətdə yüksək ixtisaslı kadrların hazırlığından gedir.

Telejurnalistika, telerejissor, teleoperator sənəti, işıq, montaj, tərtibat, dizayn işləri və ən nəhayət, verilişin efirdə normal yayımının təmin edilməsi zəncirvari şəkildə bir-biri ilə əlaqəlidir. Hərənin bir vəzifəsi olsa da, hamının hazırlıq səviyyəsi eyni dərəcədə yüksək olmalıdır. Televiziyada işıq təkcə aydınlatma vasitəsi deyil, həm də tərtibat və qrim işində köməkçi vasitəsidir. Onun köməyi ilə efirdə istənilən adamın simasını nisbətən yaşlı və ya  cavan göstərmək olar. Bunun üçün işığın təsir gücünü, hansı bucaq altında düşdüyünü, ekranda hansı effekti verəcəyini qabaqcadan bilməsən. Bu işə elektrik montyorunu yox,  işıq  üzrə rəssam cəlb etməlisən. Televiziyalarda bahalı kameralar, səs, işıq qurğuları var. Bu avadanlıqların hər  birinin üzərində müxtəlif təyinatlı xeyli sayda düymələr quraşdırılıb. Nə yazıq ki,  o funksiyaların çoxu əksər hallarda istifadəsiz qalır. Bütün bunlar televiziya sahəsində çalışanların peşəkar təhsilə, ixtisasartırmaya  ehtiyacı olduğunu göstərir. Televiziya kanallarının sayı artır. Peyk və kabel yayımının köməyi ilə dünya televiziyalarını üzləmək asanlaşıb. Yerli televiziyalar  öz səviyyəsini  yeni keyfiyyət mərhələsinə qaldırmasalar auditoriyalarını müəyyən qədər itirmək təhlükəsi ilə üzləşə bilərlər.

- Sizcə tamaşaçıların diqqətini daha çox hansı verilişlər cəlb edir?

- Bu da çox maraqlı araşdırma mövzusudur.

- Həm də bir qədər mübahisəli məsələdir. Mənə maraqlıdır, əvvəllər niyə tamaşaçı şou xəbərlərinə meyl göstərmirdi? Görünür, məhz bu istiqamət təqdir və təbliğ olunur deyə, tamaşaçının başqa yolu qalmır. Olmaz ki, televiziya kütlənin səviyyəsinə enməsin, ona özü istiqamət versin, necə ki bunu əvvəllər edirdi?

- Əvvəllər biz başqa ictimai-siyasi formasiyada yaşayırdıq. Sovet dövründə hər şey dövlətin mülkiyyətində və nəzarətində idi. İdeoloji sahənin maliyyələşməsi,  istiqamətləndirilməsi dövlətə, hakimiyyətə faktiki olaraq rəhbərlik edən  Kommunist Partiyasının inhisarında qalırdı. Kütləvi informasiya vasitələrinin hamısı eyni məqsədə xidmət edirdi. O zamam hansı mətbəə kiminsə sifarişi ilə  “qanunu oğru”ları, dələduzları, işbazları vəsf edən kitablar nəşr edə bilərdi? Yaxud  Rəşid Behbudov, Şövkət Ələkbərova, Leyla Bədirbəyli, Hökumə Qurbanova kimi həqiqi ulduzların yaşadıqları mənzili, istifadə etdikləri buz dolabındakı qida məhsullarını, yataq otağını televiziyada nümayiş etdirmək, qarderobundakı geyimlərin, taxçadakı zinət əşyalarının markasından, qiymətindən danışmaq kimin ağlına gələrdi? O dövrdə də sənət adamları arasında inciklik, qruplaşma, umu-küsü olardı. Amma bunları, eləcə də məişət zəminində baş verən digər xoşagəlməz halları  ictimailəşdirməyə yol verilməzdi. İndi  kim-kimdən küsürsə, ilk fürsətdə onu efirdə, mətbuat səhifələrində, saytlarda topa tutur. Yaxud başqa bir veriliş, əslində  küsülülərin barışıq mərasiminə çevrilir. Bu xırdalıqları şişirdib efirə gətirməklə, elə bil kimlərsə çox  təhlükəli kütləvi kütləşmə prosesinə rəvac verir.

Əvvəllər bir adamın bədənində döymə görəndə, yəni nakolka,  ilk ağla gələn o olurdu ki, bu şəxs həbsxanada yatıb, ya da yeniyetmə yaşlarında pis mühitə düşüb. İndi döyməni dəbə salıb gəlirli biznes sahəsinə çeviriblər. Döyməli gənclər, müğənnilər televiziya ekranlarının qəhrəmanlarına çevrilir. Cinsi azlıqların nümayəndələri bəzi verilişlərin daimi qonaqları arasında yer alır. Düşünmürəm ki, bütün bunlar təsadüfən baş verir.

- Sizcə, bu vəziyyət uzun sürəcək? 

- Yox, belə davam edə bilməz. Televiziya cəmiyyətdə baş verən hadisələri göstərməklə yanaşı, öz mövqeyini nümayiş etdirməli, sözünü deməyi bacarmalıdır. Bunun üçün peşəkar idarəetmə, professional komanda və  yüksək maddi-texniki təminat olmalıdır, televiziya  reklamvericidən asılı qalmamalıdır. Televiziya rəhbərinin qarşısında “hardan pul qazanaq?” problemi dayananda milli-mənəvi dəyərlər, yaradıcılıq arxa plana keçir. Sizə elementar bir sual verim: jurnalist kimi televiziyada müxbir işləsəydiz nə qədər aylıq maaş istərdiniz?

- Daha çox istəyə bilərdim, amma reallıqları nəzərə alıb, səkkiz yüz manat deyə bilərəm.

- Nəzərə alın ki, telekanalda yüzlərlə adam çalışır. Sizin maaşınız ən azı min manat olmalıdır ki, müvafiq vergilər tutulandan sonra təmiz səkkiz yüz manat əlinizə gəlsin. Peyklə yayımlanmaq, veriliş hazırlamaq, ezamiyyə, nəqliyyat xərcləri, yeni avadanlıqların alınması, istismar xərcləri, kommunal xərclər və gedərlər bir yerə toplananda böyük rəqəm alınır.  Bəzən reklamverici aparıcını, verilişin formatını da özü israrla təklif edir. Bəlkə də, başqa halda televiziya rəhbərliyi o verilişin yayımlanmasına razılıq verməzdi. Amma maddi problemlərlə qarşılaşanda, başqa gəlir mənbəyi olmadığından  məcburən kompromisə gedir. Necə deyərlər, hər çalınan havaya oynamaq lazım gəlir. Efirdən hamıya “bəy tərifi” demək olmaz. Reklam olunan bütün məhsullar həqiqətən “bir nömrə”dirmi? Əslində isə reklam olunan mallar əksər halda   təbliğ olunduğu səviyyədə deyil. Və ya bütün klinikalar “bir nömrə” kimi tamaşaçıya tanıdılır. Maraqlansaq görərik ki,  birinin qoyduğu diaqnoz digərində  təsdiqlənmir. Nə qədər ki, televiziyalar sponsordan, reklamçıdan tam asılı vəziyyətdədir, belə hallar qaçılmazdır.

- Bəs sizcə, dil və dublyajla bağlı problemləri necə çözmək olar?

- Dil və dublyajla bağlı problem qeyri-peşəkarlıqdan meydana gəlir. Bunu bisavad və məsuliyyətsiz adamlar yaradır. Dilində qüsur olan adamı efirə çıxarırsansa, problemin olacağı əvvəlcədən bəllidir. Efirdə ləhcə ilə yalnız dəvət olunan qonaq danışa bilər. Bu, qəbahət deyil. Amma televiziyanın siması kimi efirə çıxan aparıcı yalız və yalnız Azərbaycan ədəbi-bədii danışıq dilində danışmalıdır. Əgər bu tələb gözlənilirsə, aparıcının görünüşü qıcıq yaratmırsa, intellektual səviyyəsi ilə seçilirsə, ekrandan tamaşaçıya müsbət emosiya ötürə bilirsə, kifayətdir.

Dublyaja gəlincə, onu deyə bilərəm ki,  məsələ süni surətdə dolaşdırılıb. İndi bütün kanallar dublyajla məşğuldur. Məsələn, telekanal filmi necəsə əldə edir (bu məsələdə qaranlıq məqamlar çoxdur), dublyaj edir və  yazır ki, film filan şirkətdə səsləndirilib. Heç görmüsüz ki, bir kanalda dublyaj olunan filmi başqa kanal göstərsin? Bu vasitə ilə kanallar sanki dünya kinosunun məhsullarını özəlləşdirirlər. Sovet dövründə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlər ümumittifaq əhəmiyyətli olanda rus dilinə tərcümə edilərək, “Qorki” adına kinostudiyada dublyaj olunurdu. Hətta bu filmlərə baxanda elə bilirdin, bizim aktyorlar rusca danışıblar. Səsi obraza uyğun seçirdilər. Yaxud Əli Zeynalov, Şahmar Ələkbərov, Həsən Əbluc, Əminə Yusifqızı kimi dublyaj ustalarımız vardı. Filmlər Azərbaycan dilində elə səsləndirirdi ki, tamaşaçı   böyük zövq alırdı. Bu proses peşəkar səs rejissorlarının, tərcüməçilərin nəzarəti altında həyata keçirililirdi. Məsələn, rus dilində “lyublu” sözünün azərbaycanca qarşılığı “sevirəm”dir. Dublyaj zamanı heca fərqi ortaya çıxır. Aktyor artikulyasiyanı elə seçməlidir ki, dodaqların vəziyyəti səsləndirməyə uyğun gəlsin. Bunlar hamısı nəzərə alınırdı. Amma indi bunlara çox az riayət olunur.

Xoşagəlməz məsələlərdən biri də odur ki, bəzən dublyaj üçün heç əhəmiyyətsiz, hətta  mentalitetimizə, mənəviyyatımıza zidd filmlər seçilir. Bu seçimi kim aparır? Yalnız film efirə çıxandan sonra deyirlər ki, ona arvad-uşağın yanında baxa bilmirik. Yaxşı olardı ki, filmlər əvvəlcədən seçilərək vahid bir studiyada dublyaj olunsun. Sonra həmin filmin yayım hüququ müəyyən müddətə telekanallar arasında bölüşdürülsün. Amma bizdə bir filmi müəyyən  fasilə ilə üç kanal birdən göstərir. Burda məqsəd, əlbəttə ki, bəllidir: rəqibin bazarını öldürmək. Bir məqamı da deyim, bizim telekanallar türk filmlərini çox tez-tez göstərirlər. Buna görə də Azərbaycanda Osmanlı türkcəsi daha çox qavranılır, nəinki Azərbaycan türkcəsi Türkiyədə. Məsələn, Nəsibə Zeynalovanı Türkiyədə tanımırlar. Oğlu Cahangir Novruzov bəlkə orda dərs dediyinə görə daha çox tanıyan var. Heç görmüsünüzmü, Türkiyə kanallarının birində “Qayınana” filmini versinlər? Yaxud, başqa bir problem: Azərbaycanın cizgi filmləri yox səviyyəsindədir. Bizim uşaqlar cizgi filmlərinə türk kanallarından baxırlar. Ona görə də, körpə dil açanda türkcə danışmağa başlayır. Bütün dünyada uşaq telekanalları var. Bizdə niyə olmasın? Amma lap tutaq ki, sabah bizdə də belə televiziya açıldı. Orda hansı məhsulu göstərəcəyik? Televiziyanın öz məhsulu olmalıdır. Təqdirəlayiq haldır ki, son vaxtlar filmlərin çəkilməsinə dövlət pul ayırır. Amma hələ ki, istənilən nəticə yoxdur. Çox təəssüf ki, bizdəki teleseriallarda qərb düşüncə tərzini bir az da eybəcər şəkildə təqdim edirlər: bu onu qaçırdır, o bunu zorlayır. Bu bizə lazım deyil. Amma bunları bizə kütləvi şəkildə təbliğ edirlər. Axı nə qədər olar, qəhrəman qızını xilas etmək üçün hamını öldürür. Başqa bir cəlbedici mövzu yoxdur? Bəzən çoxları fəxrlə deyir ki, mən Azərbaycan televiziyalarına baxmıram. Axı burada fəxr ediləsi bir şey yoxdur. Əksinə, acınacaqlı haldır. Azərbaycanda bu qədər telekanal var. Əgər xalq bunların təqdim etdikləri məhsullara baxmırsa, bu vəziyyətdən çıxış yolu haqqında düşünmək lazımdır. Çünki insanlarda milli şüuru yetişdirən yerli mediadır. Sizcə nə üçün Amerika səfirliyi ABŞ filmlərinin burada qanunsuz yayımlanmasına etiraz etmirdi? Bir vaxtlar bu filmlər videosalonlarda yayımlanırdı. Məqsəd insanların beyinlərini yumaq idi. Tamaşaçı düşünürdü ki, xaricdə hamı yağ-bal içində yaşayır. Hərçənd, reallıqda vəziyyət belə deyil.

- Söhbətimizin sonunda bilmək istərdik, peşənizlə bağlı başınıza gələn maraqlı hadisə olubmu? Özümü sığortalamaq kimi çıxmasın,  müsahibələriniz alınmayanda nə baş verirdi redaksiyada?

- (Gülüşürük). Qırx ildir, bu işlə məşğulam. Müsahibələrə həmişə məsuliyyətlə yanaşmışam. Kimin yanına gedəcəyəm, nə danışacağam, nəyi soruşacağam, filan cavabı versə, ardınca hansı sualı ünvanlayacağam - bunlara olduqca ciddi hazırlaşırdım. İndi yadıma düşən bir hadisədən danışım. Bəstəkar Rauf Hacıyevlə yaxın münasibətim vardı. Bəstəkarlar İttifaqında görüşdük. Müsahibə almazdan öncə otağındakı royalın arxasına keçib, onun bəstələdiyi məşhur “Sevgilim” mahnısını çalmağa başladım. Bu hərəkətimdən heyrətləndi. İfamı bəyəndiyini söyləndə sonra o məni sorğu-suala tutdu ki, royalda çalmağı harda öyrənmisən? Yəni, müsahibəyə sualla başlamadım. Bir qədər fərqli yanaşdım və ilk sualı müsahibimdən eşitdim. Baxmayaraq ki, atamla da Rauf müəllimin yaxın münasibəti vardı, məni də yaxşı tanıyırdı, o sanki məni özü üçün yenidən “kəşf” etdi, daha səmimi, daha mehriban  danışmağa başladı. Nəticədə həqiqətən çox maraqlı müsahibə alındı.

Söhbəti yekunlaşdıranda Etibar Babayev gülümsəyərək dedi:

-Bax,  indi oturmuşuq bulvarda, ətraf  mənzərə  göz oxşayır. Vaxt vardı bulvarda üfunət qoxusundan gəzmək olmurdu, hər yeri zir-zibil bürümüşdü. Milli park statusu alandan sonra vəziyyət kökündən dəyişdi. Əsaslı sahilbərkitmə, təmir-tikinti, yaşıllaşdırma, işıqlandırma işləri aparıldı. Bulvar sağa-sola uzanmağa başladı, şəhərin infrastrukturu dəyişdi. Sahil parkı bir yandan Zığa, digər tərəfdən Şıx çimərliyinə tərəf  baş alıb gedir. Yaxın gələcəkdə  Bakının panoramı daha  cazibədar olacaq. Amma unutmayaq ki, radio dalğalar daha  geniş ərazilərə yayılır. Birdən məsafəcə uzaqda olanlar da arzu etsələr, televiziya vasitəsi ilə yaxından görə bilərlər. Əgər bulvara göstərilən qayğı, diqqət,  münasibət milli televiziyalara da olsa, günün birində mavi ekranlarımız daha cazibədar olar. Bulvar bizim sahildə gəzinti, əsas istirahət yerlərimizdən biridirsə, televiziyalar  milli şüurumuzu, düşüncəmizi, zövqümüzü, ümumi dünyagörüşümüzü formalaşdıran, məlumat bazamızı zənginləşdirən əsas ünvandır. Çox arzu edərdim ki, Xəzərin sahilində yaranan bu gözəllik, bir gün mavi ekranlarımıza da gəlsin.

 





07.09.2015    çap et  çap et