525.Az

Millət vəkili “Müsavat”ın qərarını İctimai Palatanın iflası kimi dəyərləndirdi


 

Millət vəkili “Müsavat”ın qərarını İctimai Palatanın iflası kimi dəyərləndirdi<b style="color:red"></b>

"Müsavat Partiyası Divanı tərəfindən İsa Qəmbərin qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı namizədliyinin irəli sürülməsi bir daha onu göstərdi ki, radikal müxalifətin vahid namizəd axtarışı, birlik çağırışları nağıldan, gerçəkləşməsi mümkün olmayan  xəyallardan başqa bir şey deyilmiş.Bu, həm də onun sübutu və təsdiqi ki, radikal cinahı təmsil edənlər hər zaman öz fəaliyyətlərində və addımlarında qeyri-səmimi olublar, öz şəxsi maraqlarını, iddialarını və ambisiyalarını hər şeydən üstün tutublar, onlar üçün heç bir yüksək dəyərlər yoxdur”.

Bunu 525.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, “Müsavat”ın İ.Qəmbərin namizədliyi ilə bağlı tələm-tələsik qərarı həmin partiyanın özünün təmsil olunduğu və cəmiyyətdə daha çox ictimaiyyətsiz İctimai Palata olaraq qəbul edilən bir qurumun da digər əvvəlki birliklər kimi iflasla nəticələnməsinin göstəricisidir.

K.Əliyeva xatırladıb ki, vaxtilə də ciddi dayaqlara və geniş sosial bazaya malik olmayan müxalifətin birləşdiyi bir sıra qurumlar-SİDSUH, Demkonqres, Birləşmiş Müxalifət Hərəkatı, “Azadlıq” bloku və sair təşkilatlar  məhz burada cəmləşən və iddiaları yerə-göyə sığmayan ambisiyalı siyasi liderlərin, partiya sədrlərinin hikkəsi ucbatından uğursuzluqla, nəticəsizliklə sonuclanmışdı:

“Biz əvvəldən də belə bir qurumun perspektivsiz olduğunu, onun da tezliklə tarixin arxivinə yuvarlanacağını bildirmişdik. İndi “Müsavat”ın öz “müttəfiq”lərinin mövqeyini nəzərə almadan belə bir qəbul etməsi də bizim dediklərimizin təsdiqidir, bu qurumun da artıq iflasa uğradığı göz qabağındadır. Eyni zamanda, biz deyəndə ki, müxalifətin vahid namizəd axtarışları qeyri-ciddi məsələdir, bu məsələ alınmayacaq, əks-cinahdan buna arqumentli cavablar vermək əvəzinə,  bizə qarşı aşağılayıcı tərzdə ittihamlar yağdırılırdı. Sanki bu məsələnin alınmamasında iqtidar günahlandırılmağa çalışılrdı. Ancaq həyat bizim nə qədər düzgün və əsaslı olduğumuzu təsdiqlədi, müxalifətin növbəti dəfə ambisiyaları onun vahid namizədlə çıxış etməsini mümkünsüz etdi”. Bununla yanaşı, millət vəkilinin bildirdiyinə görə, müxalifətin hətta, vahid namizəd müəyyənləşdirməsi belə, siyasi həyatda və siyasi proseslərdə heç nəyi dəyişə bilməz, dəyişməyəcək:

“Onlar istəyirlər yenidən birləşsinlər, istəyirlər birləşməsinlər  və ya istəyirlər kimisə öz aralarından vahid namizəd seçsinlər, yaxud, seçməsinlər, bunun bizim üçün önəmi və əhəmiyyəti yoxdur. Müxalifət onsuz da həddindən artıq zəifdir və onun proseslərə təsir imkanları sıfır dərəcəsindədir.

Azərbaycan xalqı  dəfələrlə yağlı vədlər verib sonda onu aldadan, yarı yoldan qoyan müxalifətdən birdəfəlik əlini üzüb. Azərbaycan xalqı müxalifəti dəstəkləmir və müdafiə etmir. Azərbaycan xalqının, seçicilərin mütləq əksəriyyətinin dəstəklədiyi yeganə siyasi lider və prezidentliyə namizəd var ki, o da ölkə Prezidenti cənab İlham Əliyevdir...”

Kamil Həmzəoğlu

 





27.12.2012    çap et  çap et