525.Az

Azərbaycan Gürcüstanın turizm sahəsindəki təcrübəsindən istifadə edə bilər


 

Azərbaycan Gürcüstanın turizm sahəsindəki təcrübəsindən istifadə edə bilər<b style="color:red"></b>

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Ə.Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif verib. Qeyd olunub ki, hər iki ölkənin bir sıra oxşar xüsusiyyətləri var, bu baxımdan turizm sahəsinə turistlərin diqqətini cəlb etmək mümkün olacaq.

Nazir həmçinin,həyata keçirilmiş iki ölkəni əhatə edən "Şərab Yolu", "Aleksandr Düma Qafqazda" layihələrindən də bəhs edib.

Qeyd olunub ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə hazırda da müxtəlif layihələrin həyata keçirilməsinə imkan verər.

Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadze ölkəsinin iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat verərək, həyata keçirilmiş layihələrdən bəhs edib.

G.Çoqovadze bildirib ki, Administrasiya turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirir, eyni zamanda kino filmlərin çəkilməsi, videoçarxların hazırlanması istiqamətində aparılan işlər bu sahədə turist axınına səbəb olan amillərdəndir.

Nazir Ə.Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edib və qeyd edib ki, Azərbaycanda çəkilişləri aparılan məhşur “Əli və Nino” filminin bəzi hissələrinin Tiflisdə də lentə alınması artıq bu sahədə görülən işlərdən biri sayıla bilər.

Görüşdə həmçinin, hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələri müzakirə olunub.

Bununla yanaşı, Gürcüstanda turizm sahəsindəki müsbət yeniliklərdən və təcrübədən Azərbaycanda da istifadə olunacağı bildirilib.

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

 





09.09.2015    çap et  çap et