525.Az

Rəşad Məcidin şeirləri müasir hekayə, roman, dastan janrını təqdim edir


 

Rəşad Məcidin şeirləri müasir hekayə, roman, dastan janrını təqdim edir<b style="color:red"></b>

Hər kəs bir ömür yaşayır. Çoxlu hadisələrlə zəngin olan bir ömür. Bəzən bir-birinə bənzəyən, bəzən bir-birinə bənzəməyən bir ömür. Bəzən oxşar, bəzən fərqli, bəzən adi, bəzən qeyri-adi bir ömür. Ancaq ömrünün hekayəsini, romanını, dastanını yazanlar az olur. Az olanlar olsa da, onlar da var. Rəşad Məcid kimi.

Rəşad Məcid öz ömrünün hekayəsinin, romanının, dastanının müəllifidir. O özünü yazır. O özündən yazır, yəni özündən bəhs edir. Yazdıqlarını hekayə, roman, dastan janrında təqdim edir.

Onun duyğuları, istəkləri, arzuları, əməlləri hekayənin, romanın, dastanın süjetində özünə yer alır. Onun hekayə, roman və dastan janrının qəhrəmanı özüdür. Ona görə də Rəşad Məcidin hekayə, roman və dastan janrı ilə yazdıqlarında onu daha yaxından tanımaq olur. Onun ömrünün anları barədə məlumat əldə etmək olur. Onun fəaliyyətinin əsas kredosunu anlamaq olur. Ən başlıcası onun öz həyatını poetik şəkildə nəql etdiyini başa düşmək olur. Rəşad Məcidin 2015-ci ildə “Təhsil Nəşriyyat – Poliqrafiya” müəssisəsinin mətbəəsində çap olunmuş “Bir də gəlməyəcək...” adlı kitabı deyilənləri təsdiq edir. Doğrudan da bir daha gəlməyəcək. Yaşanmış günlər, keçirilən hisslər, verilən vədlər, həyata keçən arzular, daha nələr, nələr bir daha gəlməyəcək. Məhz həmin “bir daha gəlməyənlər” Rəşad Məcidin bu kitabında özünə yer alır. Məhz “bir daha gəlməyənlər” Rəşad Məcidin hekayə, roman və dastanında nəql olunur. Poetik şəkildə nəql olunur. Rəşad Məcidin hekayə, roman, dastan həyatına çevrilərək nəql olunur. Deməli, Rəşad Məcid özünü yazır. Gah hekayə, gah roman, gah da dastan janrında özünün obrazını təqdim edir. Oxucu dastan, roman, hekayə janrlarından hansına üstünlük verirsə, həmin janrda Rəşad Məcidi oxuya bilər və bununla da onun kimliyini öyrənə bilər.

Şairin (hərgah o həm də publisist, redaktordur) ardıcıl fəaliyyətinin poetik nəqlinin hekayə, roman, dastan janrında özünə yer alması yenilikdir. Bəlkə də onun tərəfindən poetik nəqlin tapıntısıdır. İndiyə qədər şairlərin öz yazdıqlarını hekayə, roman və dastan janrına salmaları ilə qarşılaşmamışıq. Bu mənada Rəşad Məcidin bu tapıntısını yenilik kimi qəbul etməliyik.

Kitabda “Tanrının bəxşişi” adlanan dastanda Rəşad Məcidin 2011-2014-cü illərdə yazdığı şeirlər dastan janrının tələblərinə uyğun şəkildə verilir. Burada toplanmış şeirlər dastan janrının kompozisiyasının tələblərinə cavab verir. Şeirləri bir-bir oxuduqca görürsən ki, Rəşad Məcid bir dastan qəhrəmanına bənzəyir. O, “Tanrının bəxşişi” adlı dastanını “Xilaskarım” şeiri ilə başlayır. Bunu təsadüfi saymaq olmaz.

Belə ki, bir siqaret dərdin, qəmin qüssənin cəlladı kimi təsvir edilir. Bəd xəbərlərin qovucusu kimi, valerian, korvalol, validol kimi qiymətləndirilir. Beyindəki insultun, ürəkdəki infarktın qarşısını alan xilaskar kimi göstərilir. O, siqaretə xilaskar kimi baxır. Ancaq “çəkmək olmaz” deyənlərə, onun üstünə hücum edərək künclərə, qapı ağzına qovanlara etiraz edir, onlarla barışmır. Ona “Sən - ən kədərli anımın sirdaşı, ən kefli halımın yoldaşı!” deyir. Rəşad Məcid “Xilaskarım” vasitəsilə ömrünü şam edənlərə də xilaskar kimi yanaşır. Yazdıqlarının bir alın yazısı olduğunu söyləyir. Onun qənaətinə görə, Allah birinə Məsnəvi, birinə Xəmsə, birinə isə dastan yazdırır. Məhz həmin dastanı Rəşad Məcidə Allah yazdırır. Onun dastanının qəhrəmanının (məhz özünün) taleyinin, qarşıdakı günlərinin necə olacağını Allahdan başqa heç kəs bilmir. Bunu “Tanrının bəxşişi” adlı dastanda toplanmış “İki il öncə”, “Yaxşı”, “Dondum”, “Gərək”, “Yaddaşımı sil”, “Kimsən?”, “Təkcə sözlərindən...” “Getmək” və s. şeirləri təsdiq edir.

Dastan qəhrəmanlarındakı sadiqlik, sədaqət, səmimilik, mehribanlıq Rəşad Məciddə də var. Axı o, “Tanrının bəxşişi” adlı dastanın qəhrəmanıdır. Axı o, sevdiyinə, qəbul etdiyinə, bəyəndiyinə, belə demək olarsa, məşuquna sadiqdir. Bu, “Tanrının bəxşişi” adlı dastana dastan yaddaşından, dastan ruhundan gələn genetik koddur. Odur ki, o “Tanrının bəxşişi” adlı dastanındakı “Atmaram səni” şeirində yazır:

Qızıl taxt quralar buludlar üstə,
İstə, qışda günəş, yayda qar istə.
Desələr qəlbində hər nə var istə -
Atmaram səni !

Rəşad Məcidin “Tanrının bəxşişi” adlı dastanında hər şey – çarəsini bulduqlarımız, cavabını tapdıqlarımız, cavabını tapmadıqlarımız, bildiklərimiz, bilmədiklərimiz, mələk hesab etdiklərimiz, iblis saydıqlarımız, sıradan birisi kimi tanıdıqlarımız, unutmadıqlarımız, etiraf etdiklərimiz, xatirələrdə yaşatdıqlarımız, udduğumuz, uduzduğumuz, dünənimiz, bugünümüz kəlmələrdə və sözlərdə, hayqıran və inləyən səslərdə yaşayır.

O səsi canımda, beynimdə tutub
Ardınca yeridim mən addım-addım.
O səsin çıxardı məni bu haldan,
Yoxsa yarı yolda azıb qalardım.
Hayqıran, çığıran, “Sən” deyən səsin
Yadımdan çıxmayan –
inləyən səsin!
 
Həm də Rəşad Məcidin dastanında gizli olmayan, sirr olmayan bir həqiqət də var. Bu da onun özü ilə bölüşməsi, özü ilə danışmasıdır. O yazır:

Ən yaxşısı odur ki,
Öz içimdə alışım.
Öz-özümlə bölüşüm,
Öz-özümlə danışım. 
 
Rəşad Məcid öz dastanında hər bir kəsin öz dərdini danışmağa, bölüşməyə adam axtardığını da deyir.

Adam bir adam gəzir,
Dərdini danışmağa.
Kədərini bölüşüb,
Ürəyini açmağa. 
 
Ancaq bununla belə, dastan qəhrəmanları özü ilə baş-başa qaldığı kimi, Rəşad Məcid də özü ilə bölüşməyə, özü ilə danışmağa üstünlük verir. Səbəbini isə “Öz-özümlə...” şeirində belə nəql edir:

Amma mən çəkdiyimi
Kimə desəm, əriyər.
Suallar qoşun çəkib,
Düz üstünə yürüyər.

Çəkdiyim əzabları
Düşünüb havalanar.
Ya sözlərimi yalan,
Ya məni dəli sanar.

Rəşad Məcidin “Tanrının bəxşişi” adlı dastanındakı şeirlərdə lirik qəhrəman (Rəşad Məcidin özü) iki qütbün içindədir. O, hər an, hər dəqiqə dəyişən dünyada nə baş verəcəyini bilmir. Bəzən başına gələnləri yuxu hesab edir. Zümrüd quşunun qanadında xoşbəxtliyə çıxacağına inanır. Yuxudan ayılandan sonra, Zümrüd quşunun qanadından kənarda kim olacağını bilmir. O, yuxudakı xoşbəxtliyini qəbul edir.

Düşündükcə bu dərd səni yeyəsi,
Gözünü yum, gəlsin tütək, ney səsi,
Hər günahın öz sahibi, yiyəsi,
Qəm eləmə Tanrı göydən baxır, yat. 
 
O həm də yuxudan kənarda, real həyatda iki qütbün arasındadır.

Mən beləcə iki qütbün içində,
Odla şaxta, baharla qış kimiyəm.
Gah diriyəm, gah ölüyəm, gah dəli,
Bəyaz alqış, qara qarğış kimiyəm. 
 
Rəşad Məcidin “Tanrının bəxşişi” adlı dastanındakı şeirlərində dastan qəhrəmanları kimi onun da birdən arzuları, xəyalları bitir, heç bir sorğu-suala həvəsi qalmır, sanki yığışıb öz dünyasına üz tutur. Əlac axtarışı, anlamaq istəyi, ona edilən dualar, aldığı məktublar, üstünə əsən qəfil küləklər onun vecinə olmur. Ancaq yenə də dastan qəhrəmanları kimi öz istəyinə nail olmaq üçün hər şeyə təzədən başlayır. Hisslərin, emosiyaların təsirindən yaxasını qurtararaq real həyata, Allahın yazdığı alın yazısına qayıdır. Yaşadığı həyatın, mühitin adamlarından asılı olan real həyata qayıdır. “Adamlar” şeirində olduğu kimi:

Səni göydə yaşamağa kim qoyar?!
Bərk yapışar ayağından adamlar.
Boşa çıxsa əllərini uzadıb
Dartışdırar balağından adamlar. 
 
Rəşad Məcidin “Tanrının bəxşişi” dastanındakı şeirlərin hər biri bir dastanın boyları, qolları kimi diqqəti cəlb edir. Hər qolun, boyun öz süjet xətti olduğu kimi bu şeirlərin də hər birinin öz süjeti var. Bu süjetlərin hər biri Rəşad Məcidin həyatının müxtəlif anlarını, dəqiqələrini, saatlarını, günlərini yaşadır. Ancaq bunların hamısı vəhdət yaradaraq bir ana xəttə, bir ana dastana – “Tanrının bəxşişi” dastanına xidmət edir. Bu yardımçı şeirlər “Tanrının bəxşişi” dastanında dastana məxsus olan əzəməti daha da artırır. Hətta iki misradan ibarət olan “Sonra” şeirindəki “Qovub otağına tərli bədəni, sonra yaş yastığı qucaqlayarsan” misralarından başlamış dörd sətirlik “Xəfif qrip” şeirindəki misralara qədər:

Ən qəliz ağrılardan keçdim –
Dayanmadım,
durmadım
indi bu xəfif qrip neyləyəsidi ki mənə.”
 Dörd misralıq bu şeirdən başlamış yeddi misralıq şeirə qədər:
Əvvəl quzu qabırğası olmaq istərdim,
sonra şişə çəkilmək,
sonra közdə o üz - bu üz çevrilib qızarmaq,
sonra, lap sonra
ağappaq dişlərinin arasında dişlənmək,
dartılmaq,
çeynənmək istədim...
 
Yeddi misralıq şeirdən başlamış “Çaxma beynimdən”, “Uzaqda bir adam var”, “Vaxt”, “Sağ əlim”, “Günah”, “Bircə səbəb”, “Yoxsan”, “Qopardım”, “Dəniz” və s. şeirlərinə qədər. Bunların hamısında Rəşad Məcidi dastan qəhrəmanı edən bir məqam var. O da Rəşad Məcidin həyat dastanındakı sevgisidir. Həmən sevgi məhəbbət dastanlarından üzübəri indiyə qədər öz limanına yan alır, ancaq rahatlaşa bilmir. Axı əbədi olan sevgi dünya durduqca rahatlıq tapmayacaqdır. İstəyinə çatmaq yolunda çoxlu əzablara qatlanacaqdır. Ancaq yenə də bu əzabları sevgiyə sevginin özü unutduracaqdır. Sevgi olmasa, gözəllik də görünməz olacaqdır. Heç uzatmadan Rəşad Məcidin “Tanrının bəxşişi” adlı dastanındakı sevginin ünvanını qeyd etməli oluruq. O yazır:

Sahil ona görə gözəldi ki,
sən varsan...
Sən varsan deyə 
  dəniz belə həzindi...
Bakı ona görə belə doğmadı ki,
sən varsan...
Sən varsan deyə
dünya belə
şipşirindi...
 
Rəşad Məcidin “Tanrının bəxşişi” adlı dastanı “Xilaskarım” şeiri ilə başlayır “Siqareti tərgitmək” şeiri ilə qurtarır. Dastanın başlanmasında və qurtarmasında siqaret simvollaşır. Rəşad Məcid həm dastanın başlanğıcında, həm də sonunda siqaretə olan təşəkkürünü, sədaqətini şeirlə bildirir. Niyə məhz siqaretə sədaqətini, təşəkkürünü bildirmək? Ona görə ki, siqaret yana-yana, çəkilə-çəkilə yaşayır. Yaşaya-yaşaya kimlərinsə dərdini, qüssəsini dağıdır. İnsan ömrü də belədir. O da anbaan, dəqiqəbədəqiqə qısalır. Kimlərəsə gərəkli olur. Hər ikisi – siqaret də, insan da eyni taleni, alın yazısını yaşayır. Ancaq bunlardan biri – siqaret cansız əşyadır. İnsan isə canldır, hər şey onun naminədir. Rəşad Məcid öz dastanının başlanğıcında və sonunda bu cür simvollaşmanı təsadüfi aparmır. Bu, yaşamaq vərdişinin şair qəlbinin incəlikləri ilə açımıdır. Bəli, yaşamaq vərdişini də itirmək olmaz, bütün ziyanını bilə-bilə siqareti tərgitməyi də. Odur ki, Rəşad Məcid “Tanrının bəxşişi” dastanının başlanğıında “Xilaskarım” şeirində yazır:

Sakitliyim,
rahatlığım,
süstlüyüm!
həm də
coşqum,
üsyanımsan!
 
O, öz dastanının sonundakı “Siqareti tərgitmək” şeirində isə deyir:

Yox, deyəsən, boşunadı bu əmək –
Çətin işdi
Səni atmaq,
Müşkül işdi
Səni tərgitmək!
 
Deməli, nə qədər həyat varsa, sakitlik də, rahatlıq da, süstlük də, coşqu da, üsyankarlıq da – hər şey olacaqdır. Nə qədər həyat varsa, siqareti çəkənlər də, çəkməyənlər də, tərgitmək istəyənlər də olacaqdır. Siqaret çəkməyənlərə həsədlə baxanlar da tapılacaqdır. Ancaq kim nə deyir desin, kim nə edir etsin, insan öz işində, siqaret də öz işindədir. Onların hər biri özünəməxsus şəkildə yaşayır. Bu yaşamaq fəlsəfəsinin poetik izahını isə Rəşad Məcid “Tanrının bəxşişi” dastanında öz ömrünün anlarını, günlərini, illərini yazmaqla təsdiq edir. 
 
İnsan ömrü elədir ki, o bəzən dastanı, bəzən romanı, bəzən isə hekayəni xatırladır. Yəni insan dastana, romana, hekayəyə bənzər bir ömür yaşayır. Duyğusal insanlarda, yaradıcı şəxslərdə bu daha qabarıq olur. Belə bir tale şairlərin ömrünə, gününə biçilir. Təbii ki, Rəşad Məcidin ömrü də belədir. Bu mənada onun roman həyatı “Yenə də bahar qayıdır” romanındadır. Onun roman həyatı 1996-cı ildən başlayır. Görünür ki, romanlı həyatın müxtəlif anları birləşərək “Yenə də bahar qayıdır” romanını ərsəyə gətirir. Bu romandakı şeirlərin hər biri Rəşad Məcidin romanlı günlərinin poetik nəqlidir. Burada 54 şeir toplanmışdır ki, onların hər biri roman janrının tələblərini tamamlayan komponentlər kimi çıxış edir. Rəşad Məcidin roman həyatı “Tapdım” şeiri ilə başlayır.

Şırıltı duyular mürgülü qandan,
Ayılır yuxudan, açılır dondan.
Beş ildi xəbərim yoxuydu ondan,
İtmiş ürəyimin yerini tapdım. 
 
Hətta payızda baharı, dayazda dərini tapdığına baxmayaraq onun roman həyatı birdən-birə işığa, günəşə inamını itirir. Odur ki, “Yenə də bahar qayıdır” romanı belə bitir:

İşığa,
günəşə ümid yox.
Yenə oldum daşın, divarın
Stolun, stulun tayı. 
 
Onun romanı yaşamağın mənasını yenidən anlamaq xatirinə, yenidən enerji toplayıb sevmək xatirinə, yenidən yeniliyə yollanmaq xatirinə belə bitir. Onun romanı dünyaya yenidən gəlmək, balaca uşaq olmaq, ən doğma insan olmaq xatirinə belə bitir. Bunu Rəşad Məcidin romanındakı “Gəldim”, “Uşaq, uşaq... Balaca uşaq”, “Ən doğma insan” şeirləri də təsdiq edir. 
 
Rəşad Məcidin romanının iç qatları sevgidən yoğrulubdur. Həmin sevgi bəzən onu çərlədir:

Görünür, taleyim budu
Mən elə belə öləcəm
Sən gülə-gülə baxassan,
Səni görə-görə öləcəm
Çərlədim, Allah, çərlədim. 
 
Bəzən isə bir quyuya dönür:

Özümü keçilməz çaya,
Üzülməz bir suya saldım.
Özüm-özümə tor hördüm,
Özümü quyuya saldım. 
 
Bəzən də sevgi adlı quyudan qurtarmağın yollarını axtarır. Özü özünə çəkinmədən deyir:

Di indi çıx bu quyudan,
Di bu tordan qurtul, görüm.
Özün-özünü saldığın
Bu azardan qurtul, görüm. 
 
Rəşad Məcidin romanında (“Yenə də bahar qayıdır” romanında) sevginin bir görk olmasından qorxmaq məqamları da var. Belə ki, o, düşmənlərin onun sevgisinə dinməmələri, danışmamaları üçün, bir sözlə, kirimələri üçün ağlamağa, məhz sevgilisinin ağlamasına üstünlük verir. Bu ağlamaq zahirən bu sevgini görənləri dinməyə dəvət edir, daxilən isə hər iki tərəfin – özünün və sevgilisinin hər an təmizlənməsidir. 
 
Rəşad Məcidin romanındakı sevginin özəl bir xüsusiyyəti də, özünəməxsusluğu da bütün ümidlər itəndə qisasla üz-üzə qalmasıdır. Bəli qisasla üz-üzə qalması.

Kündə kimi ovxalayıb,
Əzib, büküb, buxovlayıb,
Qışda buz üstə tullayıb,
Yay vaxtı qıra vururlar. 
 
Ancaq qisas alan o deyildir. Qisas alanlar onun romanında başına gələnlərdir. Onun başına gələnlər ondan qisas alır, onu incidir, onu yorur, onu didir. Və ən sonda onun vaxtını onun əlindən alır. Vaxt itgisi isə onu yandırıb yaxır. Axı Rəşad Məcidlə qarşı tərəfin oppozisiyasında qarşı tərəfə bol-bol sevgi paylamaq “Yenə də bahar qayıdır” romanının müəllifi – qəhrəmanı kimi Rəşad Məcidin bir missiyasıdır. 
 
Rəşad Məcidin “Yenə də bahar qayıdır” romanındakı sevgi bir nağıl dünyasını xatırladır. Onun romanındakı nağıl dünyasının nəqli belədir:

Bütün bunlar bir nağıldı,
Açdm mən sizə danışdım.
Hamının xəbəri oldu,
Suya gizlicə danışdım. 
 
Yaxud:

Bu nağıldan havalanıb
Səmada qonaq qaldılar.
Göylərdən qayıdıb gəlib
Yenə də uşaq qaldılar. 
 
Ancaq o, romanındakı nağıl dünyasında bunları söyləsə də:

“Göydən on üç şeir düşdü,
Səhv saldım, dedim, almadı.
Hamısını Sizə verdim –
Mənə biri də qalmadı” yenə də

son kimi qəbul etmədi. Nəyi? Açdığı cığırı, getdiyi yolu, gördüyü işi, ən başlıcası sevgini. Və beləliklə, yenidən həftə, ay, il ərzində sevgi əzablarını bir yerə yığdı, yoranlarına bəsimdir dedi, uzaqda olanlarına qurban olduğunu bildirdi. Təkcə bunlarmı? Yox! Həm də sevgi hisslərini öldürmək istədiklərini də, hələ uşaq saydıqlarını da, ağzından bir söz çıxanacan dəridən və qabıqdan çıxdıqlarını da unutmadı. Deyilənlərin təsdiqini görmək üçün Rəşad Məcidin “Yenə də bahar qayıdır” romanındakı “Yaxşı ki bu son olmadı”, “Bu həftə...”, “Mənim bəsimdir”, “Qurban vermə, gəl”, “Öldürmək istədiyin hissin nəğməsi”, “Əhvalat”, “Qayıdır”, “Hələ də uşaqsan”, “Səndən bir söz çıxanacan” və s. şeirlərini oxumaq kifayətdir. 
 
Rəşad Məcidin “Yenə də bahar qayıdır” romanında qəhrəman – Rəşad Məcidin özü sevgisinə sadiqdir. Sevginin hər anını, hər dəqiqəsini, gülüşünü, həyəcanını başqalarına qısqanır. Sevgisiz anlarını, saatlarını zindan əzabı hesab edir. Bu baxımdan “Yenə də bahar qayıdır” romanındakı “Bölüşmərəm mən”, “Sənsiz”, “Nə yaxşı yan keçmədik”, “Gözlərimə bax!”, “Hər zaman...”, “Sən elə bilmə ki...”, “Səndən uzaqlarda sənlə yaşadım” şeirləri Rəşad Məcidin lirik “mən”inin kimliyini əsdiq edən şeirlərdir. Onun lirik “mən”inin keçirdiyi hisslər, duyğular aşağıdakı şeirdə öz təsdiqini tapır.

Sənsiz dəqiqələr zülmlə keçir,
Daş asılır saat əqrəblərindən
Sənsiz bir saatım bir il əvəzi
Elə bil ayrılıb Yer məhvərindən.

Sənsiz hirs içində, əsəb içində
Adamayovuşmaz, qaradinməzəm
Gəl məni “Adam et”, qoy deyim-gülüm
Bir də inanım ki, varmış möcüzə.

Rəşad Məcidin “Bir də gəlməyəcək...” kitabında “Martın biri...” adlı hekayəsi də özünə yer alır. Bu hekayə bir neçə şeirlə bütöv bir tam halına gəlir: “Həsrət”, “Gedirəm”, “Görünmür daha pəncərən”. “Həsrət” şeirində yalqız gecənin bəxtinə düşən maşın küçələri gəzir. Bu maşın özgə planetdən gəlib. Yalqız gecədə isə bircə oyaq var. Kimdir həmin oyaq? Və kimdir özgə planetdən gələn? Bu sirli və gizli məqam elə sirli və gizli olaraq da qalır. Oxucu üçün gizli qalan bu məqam yalnız Rəşad Məcidin özü üçün aydın və aşkardır. Belə olmasa, Rəşad Məcid bir şair kimi oxucunu düşündürə bilməz. Bu mənada aşağıdakı misralar hələ neçə-neçə oxucunu düşündürəcək, onlar sirli suallara cavab axtaracaqlar.

Bu yalqız gecədə bircə oyaq var,
İblisdi, mələkdi–kim bilir axı?
Bağlı pəncərədə dümağ pərdələr
Kəfəndi, bələkdi, kim bilir axı?

Yaxud:

Səhəri hansısa ütük qəzetçi,
Çatdırar nömrəyə bu məlumatı:
“Bu il martın biri, gecəyarısı
Özgə planetdən gələn bir adam
Şəhərin içində maşın sürürmüş”
... Yatırmış şəhərin qarışqaları. 
 
Rəşad Məcid öz şeirləri ilə kompozisiya yaradır və həmin kompozisiyanı bütöv, tam halına çevirən şeirlər konkret bir tarixi dövrlə – 1979-1987-ci illərlə bağlı olur. Kompozisiyanın birinin adı “Balalarım torpaq olub” adlanır. Buradakı “Vətən”, “At, saz, qılınc”, “Məğrur qaya”, “Yurd yeri”, “Aylı dağlar”, “Cıdır düzü”, “Bulaq, meşə, sünbül ağrısı”, “Göy üzü” və s. şeirlər tərtəmiz, dupduru hisslərin, duyğuların, ürək çırpıntısının yaşantılarıdır. Aşağıdakı misraları Rəşad Məcidin poetik tapıntıları kimi qiymətləndirməliyik.

Səma da dupdurudur,
Buludlar itkin düşüb.
***
Günəş qalxıb nur çiləyər,
Torpaq–günün pərvanəsi
Səhərə sağ çıxa bilməz,
Gecə–danın pərvanəsi.
***
Ürəyimin tənhalığı, təkliyi
Misralarla kirisəydi, nə vardı.
***
Bu otağın havası ağır,
Havası ağır bu otağın!
Gizlənməkdən bağrı çatdadı
qaranlığın...
***
İnadım var – şimşəkləri yarası,
İnamım var – dumanları yarası.
***
Gözümdən boylanan fikri –
Təbəssümüm pərdələməz. və s. 
 
Rəşad Məcidin şeirlərdən yaratdığı kompozisiyalardan biri də “Mən əlini buraxmazdım” adlanır. Burada onun 1981-1987-ci illərdəki şeirləri, məhz bütöv bir kompozisiya yaradan şeirləri verilir. “Mən əlini buraxmazdım” kompozisiyasında Rəşad Məcidin lirik “mən”inin tezisləri belədir:

Bu dərdə dözməyə çatarmı gücün –
Bu dərdi unuda bilməyəcəksən.
***
Duasan, cadusan başdan ayağa,
Ağlasan, tilsimlər söküləcəkdir.
   Ağla, qaqaşım, ağla.
***
Boylanıb bir ömrün gündoğanından,
Bir sevgi qoruyur nə vaxtdı məni.
***
Bir kəlmə yalanım – bir sısqa işıq,
Sızar ümidinin qaranlığına.
***
Səsləndilər irəlidən qəfil:
- Bənövşə.
- Bəndə düşə.
- Bizdən sizə, deyin kim düşə?
***
Ən uzun səadət – bir udum hava,
Ən uzun səadət – bir göz qırpımı.
***
Deyən, ürəyimdə atəş çınqısı,
Deyən, gözlərimin nuru qalmayıb və s.
 
Rəşad Məcidin “Mən əlini buraxmazdım” kompozisiyasındakı şeirlərdə sevgi yolunda onun bildikləri, bilmədikləri, unutduqları, unutmadıqları, sınaqdan çıxanlar və çıxmayanlar, qəfildən həyatda və yuxuda gördükləri bir şeydən xəbər verir. Bu da Rəşad Məcidin sevgidən, ömrünün hər anından, günündən, ilindən çələng toxuyaraq öz yolunu əlinə alıb getməsidir. Bu yolda onun dastan, roman, hekayə janrını modern bir formada və üslubda yaradan şeirləri hələ illər boyu bəzəyəcəkdir. 
 
Rəşad Məcidin “Bir də gəlməyəcək...” kitabındakı şeirləri onun şair kimi hesbatıdır. Ancaq burada çağlayan bir ömrün ürək çırpıntılarını, bir insan həyatının mənalı anlarını da mütləq nəzərə almaq lazımdır. Həm də ruhunda diriliyi, canlılığı, həyatiliyi, saflığı və təbiiliyi yaşadan şairin özünəməxsusluğunu etiraf etmək lazımdır.

"Şərq" qəzeti, 8-9 sentyabr, 2015

 





09.09.2015    çap et  çap et