525.Az

Azərbaycan post-neft dövrünə "ASAN Azərbaycan" modeli ilə daxil olur


 

ƏLİ MƏSİMLİ: "PREZİDENT İLHAM ƏLİYEV DÜNYADA GEDƏN ÜMUMİ PROSESLƏRİN GEOPOLİTİK VƏ GEOİQTİSADİ KONTEKSTDƏ OBYEKTİV QİYMƏTLƏNDİRMƏSİNİ APARIB"

Azərbaycan post-neft dövrünə "ASAN Azərbaycan" modeli ilə daxil olur<b style="color:red"></b>

Məlum olduğu kimi sentyabrın 8-i Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlər və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə dair müşavirə keçirib. Ölkə rəhbəri dünyada baş verən sosial, iqtisadi və siyasi problemlərə baxmayaraq Azərbaycanın böhranla mübarizədə müsbət nəticələr əldə etdiyini, bütün bu mənfi proseslərdən uğurla yan keçdiyini, sabitliyin qorunması üçün xüsusi mübarizə üsullarının tətbiq edildiyini diqqətə çatdırıb.

Əlbəttə ki, geosiyasi proseslər müstəvisində dövlətimizin özünü bütün mənfi təsirlərdən kənarda saxlaması aparılan ardıcıl balanslı siyasət kursunun nəticəsində mümkün olub. Bu baxımdan, dünyada dərin iqtisadi və maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar alsa da Azərbaycanın bu coğrafiyanın "sabitlik adası" imicini qorumağa müvəffəq olduğunu deyən ölkə başçısı bildirib ki, dünyada cərəyan edən son hadisələr Azərbaycanda uğurlu və həyati qabiliyyətli siyasi və iqtisadi modelin olduğunu göstərib: "Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişməyib. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib".

Prezident qeyd edib ki, Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, investisiya layihələri uğurla həyata keçirilir: "Azərbaycan xarici sərmayələrə yüksək səviyyədə təminat verən ölkə kimi dünyada olduqca müsbət imicə malikdir. Azərbaycan xarici investisiyalar üçün cəlbediciliyini qoruyub saxlayır".

İqtisadiyyatın qeyri-neft sektoruna da toxunan dövlət başçısı vurğulayıb ki, xüsusən, inşaat, turizm, yüngül sənaye, rabitə və informasiya texnologiyaları və aqrar sahələrin inkişafı Azərbaycanın idxaldan asılılığını azaldır, ölkənin ixrac potensialını gücləndirir: "Makroiqtisadi sabitliyin qorunması, düzgün monetar siyasətin yürüdülməsi nəticəsində kəskin kataklizmlər Azərbaycan bank-maliyyə sektoruna ciddi təsir göstərməyib, milli valyutanın məzənnəsinin düzgün tənzimlənməsi onu neqativ təsirlərdən qoruyub, makroiqtisadi sabitlik təmin olunub. Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən layiqincə gəlib ki, bu da qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə ediləcəyinə zəmanət verir".

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli qeyd edib ki, müşavirə zamanı Prezident İlham Əliyev dünyada gedən ümumi prosesləri həm geopolitik, həm də geoiqtisadi kontekstdə, eyni zamanda regionda, MDB məkanında gedən proseslər barədə kifayət qədər obyektiv qiymətləndirmə aparıb: "Bununla bərabər dövlət başçısı bildirib ki, biz dünyada gedən proseslərin mənfi meyillərinin ölkəyə az təsir göstərməsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Ölkə rəhbəri həmin proseslərin az təsirinə nail olmaq üçün zəruri olan islahat tədbirlərini də diqqətə çatdırıb. Bunlar bilavasitə həm institusional xarakterli islahatlar, həm də idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi istiqamətində zəruri olan islahatların həyata keçirilməsidir. Eyni zamanda, dövlətin inkişafına mane olan korrupsiya,özbaşınalıq və biganəlik kimi problemlərin aradan qaldırılması yönündə də dövlət başçısı tapşırıqlarını verib, bu zərərli ünsürlərə qarşı mübarizənin gücləndirilməsini vacib hesab edib".

Ə.Məsimlinin sözlərinə görə, müşavirədə müzakirə olunan ən ciddi məsələlərdən biri də 2016-cı ilin büdcəsinin müəyyənləşdirilməsi ilə bağlıdır: "Biz yaranmış situasiyanı obyektiv şəkildə qiymətləndirərək, vəziyyətin tələblərinə uyğun şəkildə uzlaşdırılmış, reallığı özündə əks etdirən və lüzumsuz xərclərə yer olmayan büdcə ilə çıxış etməliyik. Artıq Azərbaycan vacib hesab olunan infrostruktur layihələrini həyata keçirək təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda biznesin inkişafı üçün zəruri olan tədbirləri həyata keçirir. Bu baxımdan, qarşıda duran vəzifə birinci dərəcəli layihələrin həyata keçirilməsini davam etdirmək, təxirə salına biləcək ikinci, üçüncü dərəcəli layihələri ertələmək və aparılan obyektiv təhlillər nəticəsində dövrün tələblərinə cavab verməyin layihələri dayandırmaqdır".

Millət vəkili deyib ki, növbəti blok ölkə ictimaiyyətini narahat edən sosial məsələlərlə bağlıdır: "Neftin qiymətinin ötən illə müqayisədə iki dəfədən çox aşağı düşməsi neft amilinin çəkisi böyük olan Azərbaycanın büdcəsinə, Dövlət Neft Fondunun gəlirlərinə mənfi təsir edir və eyni zamanda neft şirkətlərinin mənfəətlərinin azalmasına səbəb olur ki, bu da bilavasitə büdcəyə daxilolmalara da təsirini göstərir. Mətbuatda da bu məsələlərə tez-tez yer verilir. Bu cür vəziyyətin sosial proseslərin tənzimlənməsinə problemlər yarada bilmə ehtimalı cəmiyyətdə narahatlıq doğurur. Bu baxımdan, Prezident çıxışında məsələyə tam aydınlıq gətirərək qeyd edib ki, 2016-cı ilin büdcəsində nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək və sosial proseslərin tənzimlənməsi üçün zəruri olan xərclər ixtisar olunmayacaq, yalnız investisiya xərclərində müəyyən ixtisarlar ola bilər".

Ə.Məsimli dilə gətirib ki, Prezident yaranmış situasiyaya uyğun siyasətin yeridilməsi üçün zəruri olan addımların atılması məsələsi barədə də fikirlərini bildirərək qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və bir sıra təşkilatlarda olan özbaşınalıqların aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi olduqca zəruridir.

Millət vəkili hesab edir ki, əsas məsələ real vəziyyətdən çıxış edərək Azərbaycanın iqtisadi modelində dəyişikliklərin edilməsidir: "Qənaət rejiminə keçərək israfçılığın qarşısını almaq, az vəsaitlə çox iş görmək üçün innovasiyalı inkişaf modelinə keçmək lazımdır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçi ekspert Vüqar Bayramov isə xatırladıb ki, 2014-cü ilin sonlarında Nazilər Kabinetinin fəaliyyətinə həsr olunan müşavirədə ölkə rəhbəri İlham Əliyev 2015-ci il dünya üçün iqtisadi baxımdan heç də asan olmayacağı barədə proqnoz verib, həm regional, həm də qlobal çətinliklərin bu il müşahidə olunacağı barədə xəbərdarlıq edib: "Dövlət başçısının proqnozlaşdırdığı kimi 2015-ci il doğrudan da nəinki region, hətta dünya iqtisadiyyatı üçün kifayət qədər çətin il olub. Bu özünü neftin qiymətinin aşağı düşməsində də biruzə verib. Prezidentin qeyd etdiyi kimi, neftin qiymətinin kəskin aşağı düşməsi daha çox iqtisadi deyil, siyasi faktorlarla bağlı olan prosesdir. Faktiki olaraq Qərb ölkələri strateji məhsullardan siyasi alət kimi istifadə edərək neft istehsal edən dövlətlərin, xüsusilə də Rusiyanın gəlirlərinin azalmasında maraqlı olublar ki, bu da neftin qiymətində iki dəfə azalmaya gətirib çıxarıb".

V.Bayramov hesab edir ki, sonuncu müşavirədə ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını ümumiləşdirib xarakterizə etdikdə bu qənaətə gəlmək olar ki, Azərbaycan dünyadakı qlobal və regional çətinliklərə baxmayaraq neftin kəskin qiymətinin aşağı düşməsinə hazır idi: "Bu özünü həm dövlət rezervlərinin həcmində, həm də ölkədə həyata keçirilən mövcud iqtisadi siyasətin strukturunda göstərib. Neftin qiymətinin aşağı düşməsi sahə üzrə gəlirlərin iki dəfə azalmasına gətririb çıxarmasına baxmayaraq 2015-ci ildə faktiki olaraq nə əməkhaqqı, nə də pensiyaların verilməsində hər hansı bir çətinlik və yubanmalar yaranıb. Eyni zamanda, bu il də büdcədən vəsait ayrılaraq sosial layihələri həyata keçirmək mümkün olub. Bu onu göstərir ki, ölkə post-neft dövrünə hazır idi. Yəni, neftin qiymətinin kəskin aşağı düşdüyü dövrdə büdcə öhdəliklərini yerinə yetirmək imkanına nail olunub. Bu baxımdan birinci uğurlu nəticə ondan ibarətdir ki, ölkə post-neft dövrünə hazır olduğu üçün qlobal çətinliklərlə üzləşməyib. Ortaya çıxan ən vacib nəticələrdən biri odur ki, artıq post-neft dövründə Azərbaycan yeni iqtisadiyyatın diversifikasiyasına daha çox ünvanlanan iqtisadi strategiya həyata keçirəcək. Bu özünü həm xidmətlərin elektronlaşmasında, həm də hökumətin daha çevik fəaliyyətində və büdcə-maliyyə siyasətinin həyata keçirilməsində göstərəcək".

İqtisadçı ekspert əlavə edib ki, bır sıra xidmətlərin "ASAN Xidmət"ə verilməsilə bağlı ölkə başçısının fərman imzaladığını nəzərə alsaq, sonuncu müşavirədə də İlham Əliyev bəyan edib ki, yeni xidmətlərin "ASAN"laşdırılması siyasəti davam etdiriləcək: "Bu o deməkdir ki, Azərbaycan post-neft dövrünə "ASAN Azərbaycan" modeli ilə daxil olur. Xidmətlərin asanlaşdırılması praktiki olaraq "ASAN Xitmət" vasitəsilə iş adamları və sıravi vətəndaşların əldə etdiyi xidmətlərin sadələşdirilməsidir. Bu faktiki olaraq ölkədə iqtisadi strategiyanın elektron və "ASAN"laşmış xidmətlər üzərindən həyata keçirilməsi deməkdir.

Növbəti mərhələdə Azərbaycan dövlət rezervlərinin həcminin qorunub saxlanılması, büdcə vəsaitlərinə qənaət edilməsi prinsipini davam etdirəcək. Bunun müsbət nəticələrindən biri ondan ibarətdir ki, 2016-cı ilin dövlət büdcəsində sosial ayırmalarla bağlı hər hansı bir ixtisarlar olmayacaq. 2015-ci ildə olduğu kimi, növbəti ildə də dövlət büdcəsindən ayrılan vəsaitlərlə sosial layihələri həyata keçirmək mümkün olacaq. Bu istiqamətdə hər hansı bir qənaətin tətbiq olunması nəzərdə tutulmayıb. 2016-cı ildə büdcə və infrostruktur xərclərinə müəyyən qənaət edilsə də, sosial ayırmalara hər hansı bir ixtisarın tətbiq edilməsi gündəmdə deyil. Bu, vətəndaşlar üçün kifayət qədər müsbət mesajdır ki, 2016-cı ildə onlar əməkhaqqı və pensiyalarını vaxtında və müəyyənləşdirilmiş məbləğdə əldə edəcəklər. Bütövlükdə isə Prezidentin iqtisadiyyatın mövcud vəziyyəti ilə bağlı qiymətləndirməsini və qarşıda duran hədəflərə dair tapşırıqlarını nəzərə alsaq, bu bir daha təsdiq edir ki, ölkədə aparılan iqtisadi siyasət daha dayanıqlı və strateji baxımdan qeyri-neft sektorunun çəkisinin artırılması və ümumi iqtisadiyyatın inkişafına xidmət edən bir siyasətdir".

Ceyhun ABASOV

 





10.09.2015    çap et  çap et