525.Az

Müasir Səudiyyə ədəbiyyatının qadın nümayəndələri nədən və necə yazırlar? - I yazı


 

Müasir Səudiyyə ədəbiyyatının qadın nümayəndələri nədən və necə yazırlar? - <b style="color:red">I yazı</b>

Rusiya Elmlər Akademiyasının Moskvadakı "Şərq ədəbiyyatı" Nəşriyyatında işıq üzü görmüş "Qum təpələrinin arxasında" - "Müasir Səudiyyə ədəbiyyatı antologiyası" kitabı bizə çoxdan tanıdığımız, ancaq bir çox incəliklərinə bələd olmadığımız Səudiyyə ərəbinin həyatı, fəaliyyəti və ədəbi düşüncəsi barədə kifayət qədər yeni məlumatlar verdi. Biz bu ölkəni indiyədək İslam ziyarətgahlarının ünvanı, müsəlman dövlətlərinin himayədarı, ərəb dünyasının ən qüdrətli dövləti, Azərbaycanın tarixi sınaqlardan çıxmış dostu, eləcə də, ölkəmizin beynəlxalq təşkilatlardakı ən yaxın tərəfdaşlarından biri kimi tanıyırdıq. Bu kitabda isə biz artıq Səudiyyə ərəbinin ədəbi-bədii həqiqətləri barədə də çox şey öyrəndik. Ən başlıcası isə biz müasir ərəb qadınının ədəbi düşüncəsinin istiqamətləri barədə məlumat ala bildik. Əlavə edək ki, bu kitab Moskvadan əvvəl Ər - Riyaddakı "Dar əl - Müfradat" nəşriyyatında çapdan çıxıb.

Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya nazirinin müavini, doktor Əbubəkr Bəkaderin rəhbərliyi altında ərsəyə gələn kitabın tərtibçiləri professorlar Mənsur İbrahim əl - Xazimi və İzzət Əbdülməcid Xəttabdır. Kitabda XX əsr Səudiyyə ədəbiyyatının bütün janrlarının rus dilinə tərcümə edilmiş nümunələri toplanıb. Naşirlər qeyd edirlər ki, bu kitab adı çəkilən istiqamətdə atılmış ilk addımdır. Kitabın "Poeziya" bölməsinin materialları "Yolaçanlar" (əsrin əvvəlində ilk ədəbiyyat nümunələrini yaradanlar) və "Novatorlar" sərlövhələri ilə , "Nəsr" bölməsinin materialları isə "Hekayələr", "Romanlardan parçalar", "Pyeslər" və "Avtobioqrafik nəsr" sərlövhələri altında toplanmışdır. Ayrıca qeyd edək ki, bu antologiyada Səudiyyə qadınlarından 8 nəfərin şeirləri, 15 nəfərin isə nəsr əsərləri verilmişdir.

İndi isə kitabdakı bəzi əsərlərə diqqət yetirək. Təbii ki, əvvəlcə poeziya nümunələrinə nəzər salacağıq.
Fövziyyə ƏBU-XALİD. 1956-cı ildə Ər-Riyadda doğulub. Sosiologiya üzrə doktor, Krall Səud Universitetinin professorudur.1974-cü ildə "Onlar səni toy gecəsi uzun müddətə oğurlayacaqlarmı?" adlı kitabı çapdan çıxıb. Sonra daha çox iman və inam mövzulu əsərlər yazıb və 1995-ci ildə "Su ilğımları" kitabı ərsəyə gəlib.
Şairin "Təcrübə" şeirində müasir ərəb qadınının "uçmaq istəyi", yəni, sərbəstliyə qovuşmaq arzusu lakonik şəkildə ifadə edilmişdir:

"Dənizin duzuna qarışdırıb
Boz mürəkkəb turşusunu,
Yuyur ürək yarasını
Bu cəhənnəm qatqısıyla.
Təəssüf, sındırır qanadlarını.
Amansız səhranın yarpaqlarıyla
Yazır hicran adlı iztirabını
Mərhəmətlə dolu kağız vərəqdə.
Uçmağa cəhd edir... qanadsız belə".

Lulu BÜKŞAN. 1965-ci ildə Ciddə şəhərində doğulub. Kral Səud Universitetində ingilis ədəbiyyatı üzrə alimlik dərəcəsi alıb. Tərtibçilər yazırlar ki, Lulu yaradıcılığı oxucular arasında böyük populyarlıq qazanıb. Onun beş hissəli "Qadınlar və əzab karvanı" adlı şeirinin dördüncü hissəsində söhbət dünyaya körpə gətirib onu böyütmək üçün sonu görünməyən uzun bir yola - həyat yoluna çıxmış ananın ömrünün hər anının karvan ömrünə bənzəməsindən gedir. Orada oxuyuruq:

"Qadın karvandadır, yol davam edir,
İtirib özünü əzablarında.
Südəmər körpəsi əmir, uyuyur,
Ana əridikcə damarlarında.
Çünki bu körpəcik onun özüdür,
Baxır, gülüş qonur yüklü gözünə.
Gözündə təbəssüm,
 baxır özünə".

Hüda əd - DƏQFAK. 1967-ci ildə doğulub. Yazıçı-şairədir. Müəllim işləyir. Həm yerli, həm də ümumərəb qəzetlərində ədəbi jurnalistikanın inkişafında fəal rol oynayır. Həm nəsrində, həm də poeziyasında mükəmməl iman nümunələri yaradır. "Kölgə yuxarı can atır" (1993-cü il) və "Yeni tənhalıq" (2002-ci il) kitablarının müəllifidir. Onun "Meşə" silsiləsindən olan şeirlərində oxuyuruq:

"O da ağacdır...
Cəmi bir budaq.
Ağlayır,
ağlayır,
hey hıçqıraraq.
Sonra göz yaşları...
Dönür ağaca".

Yaxud:

" Yaşıl bir yarpaq
Mənə üz tutub
 əlini ərməğan etdi.
Mən ona qayıdıb əl uzadanda...
Qismətim deyilmiş,
saraldı getdi".

Fövziyyə əd - DƏƏBAN. 1961-ci ildə Əl - Katif şəhərində doğulub. Kral Səud Universitetində mülki idarəetmə üzrə magistr dərəcəsinə yiyələnib. Səudiyyə Ərəbistanında və Körfəz ölkələrindəki ədəbi proseslərdə fəal iştirak edir. Şeirləri və ədəbi publisistikası toplanmış "Məhəbbət qapısı" kitabı böyük oxucu auditoriyası tərəfindən möhtəşəm rəğbətlə qarşılanmışdır. Onun "Sükut qəsrindəki sentimental nəğmələr" şeiri də haqqında deyilənləri təsdiq edir:

" O vaxt ki, gecələr yatır qəsrimdə,
Vaqiə süjeti cızılır, xət-xət.
Zülmət gündüzlərin təhdidi ilə
Öyrəndim, nə imiş kədərlə söhbət...

Ağıl başdan gedir qəsrimdə sanki,
Elə, ağlı yoxdur gecələrin də.
Sükut nəğmələri çalıram indi
Bir ağac alətin sərt simlərində".

Aşiyan Əl- HİNDİ: 1968-ci ildə Ciddə şəhərində doğulub. Kral Səud Universitetində ərəb ədəbiyyatı üzrə magistr, London Universitetinin Şərq və Afrika tədqiqatları Mərkəzində isə doktorluq dərəcəsi alıb. 1998-ci ildə "Mənim arzularım yağış ətirlidir" adlı şeirlər, 1996-cı ildə isə "Səydiyyə poesiyasında varisliyin təyinatı" adlı elmi kitabı ərsəyə gəlib. Onun "Ay müharibələri" şeirində oxuyuruq:

" Onun Ayı nazilir,
Mənimki hələ tamdır.
Sonrakı qərar nədir,
Hakim səmalardadır.

Səma bizi buraxsa,
Yerdə itib-batarıq.
Qucaqlayıb kürənin
Günahlı astanasın,
Tövbələrə çatarıq...

Yer də, göy də, hamısı
Bir qurulu hesabdır.
Səmadakı məhəbbət
Daha ulu və safdır..."

Fatimə əl- KARNİ: 1964-cü ildə Asiir rayonunun bir kəndində dünyaya gəlib. Ər-Riyad Pedaqoji Kollecində magistr elmi dərəcəsinə yiyələnib. Şeirlər və hekayələr yazır. "Səudiyyə sədaqəti" adlı hekayələr kitabının müəllifidir. Fatimənin "Şəhər" şeirində oxuyuruq:

"Şəhərin min yolu, min küçəsi var,
Neçə gündüz-gecə avaralanmışam.
Bəs necə olur ki, biz görüşmürük?
Kömək edən də yox. Heyran qalmışam.

Yəqin həyatımız gizli tor qurur,
Keşikçi qoyur ki, alışaq, yanaq.
Bizim yolumuzu belə salır ki,
Bərabər gəzsək də, ayrı dolanaq".


İndi isə səudiyyəli qadın yazıçıların yaradıcılığından bəzi nümunələr haqqında qısa da olsa söz açaq.

Fövziyyə əl-BƏKR. ( 1958-ci ildə Ər -Riyadda doğulmuşdur. Mədəniyyət və maarif üzrə magistr, sonra isə London Universitetində həmin ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür."Səudiyyə qadını və təhsil " elmi kitabının və çoxsaylı esselərin müəllifidir). Onun "Uydurma ömür" hekayəsinin qəhrəmanı üzləşdiyi bütün məqamlarda özü-özüylə danışır və hər söhbətdən sonra özünə sual verir: -Məgər, budurmu həyat? Sonda isə onun öz məhəbbətini verdiyi Ay gecənin qaranlıqlarını işıqlandırır: "Tez-tez gecələr pıçıltı ilə Aya özüm haqqında hər şeyi danışıram və sevgimi izhar edirəm: xurma ağacları barədə danışıram, bap-balaca su mənbələri haqqında söz açıram, üzüm salxımlarının parıltısından bəhs edirəm. Bəli, mən Ayı sevirəm. Onunla təklikdə qalanda sevən qadının bölüşə biləcəyi bütün hisslərimi bölüşürəm. Mən ona öz məhəbbətimi verirəm.

...Səmanın gecə işığı hər yanda, hər bir ağacın, hər bir bitkinin üzərində hökmranlığını bərpa edir. Həyat budurmu?"

Başqa bir yazıçının əsərinə diqqət çəkək. Leyla əl-UXAYDUB. ( 1964-cü ildə Əl-Əxsə şəhərində doğulub.

Ərəb filologiyası üzrə pedaqoji elmi dərəcəsi var. "Yeddinci günün axtarışında" hekayələr kitabının müəllifidir.). Bu müəllifin "Heykəl dirildi" hekayəsində də maraqlı söhbət quruluşu var. Ancaq bu söhbət Ay və ya Günəşlə deyil, eyni taleni yaşamağa məhkum edilmiş insanın insanla söhbətidir. Ümumiyyətlə, hekayə çox düşündürücü bir dialoqla başlanır:

" -Təsəvvür edə bilmirəm ki, ölürəm.

- Heç kəs bunu təsəvvür edə bilmir.

- Sən güman edirsən ki, bu riyakar uşaqlar mənim ölümümdən kədərlənəcəklər?

- Hətta, xidmətçi qadın da qəhərlənəcək, yanacaq.

- Sonra onlar yeni insanlarla tanış olacaqlar?

- İnsanlar insan olmaqdan əl çəkə bilməzlər. Hətta nə baş versə belə.

-Ancaq mən hələ az iş görmüşəm. İndi, bu saat ölmək istəmirəm.

- Bizim hamımız elə deyirik, xüsusən də, sonun yaxınlaşdığını hiss etdikdə. Ancaq insanlar ölümə məhkumdurlar".

Təkcə bu iki hekayədə deyil, həmçinin, Leyla əl-CUHANİnin (1969-cu ildə Tabukda doğulmuşdur. Kral Əbdül Əziz Universitetinin Mədinədəki filialında ingilisdilli filologiya üzrə mütəxəssis diplomu almışdır.

"Məhəbbət həmişə yaşayacaq" novellası ən mötəbər ədəbi müsabiqədə ikinci yeri tutub.1978-ci ildə "İtirilmiş cənnət" kitabı işıq üzü görüb.) "İtirilmiş cənnət" novellasında və Milha Abdullahın ( Ölkənin cənubundakı Əbha şəhərində doğulsa da, indi Qahirədə yaşayır. Misirdə dramaturgiya və tənqid üzrə peşəkar mütəxəssis diplomu alıb. Səudiyyə Ərəbistanının səhnə incəsənətinin inkişafına xüsusi töhfələr verib. 1994-cü ildə "Bədəvilərin həyat tərzinin Səudiyyə teatrına təsiri" adlı elmi kitabı, sonrakı il isə "Pyeslər" kitabı işıq üzü görüb.) " Tilsimin sirri" pyesində də söhbətin bir tərəfi mütləq səmaya bağlanır, insanın ilahi qüvvə qarşısındakı borcu acizlik kimi deyil, qürurla yerinə yetiriləcək vəzifə kimi təqdim olunur. Ümumiyyətlə götürdükdə isə "Qum təpələrinin arxasında" antologiyasında verilmiş əsərlərin hər biri mükəmməl və ciddi ədəbiyyat nümunəsidir. İnanırıq ki, bu kitabın bəzi nümunələrinin azərbaycancaya tərcümə edilməsi Azərbaycan - Səudiyyə Ərəbistanı mədəni əlaqələrinin daha da möhkəmlənməsinə kömək edə bilər.

Sonda qeyd edək ki, tərtibçilər kitabın üz qabığının 4-cü səhifəsində verilən bir neçə cümlədə bugünkü Səudiyyə ədəbiyyatı barədə müfəssəl təsəvvür yaratmağa çalışıblar: "Bu ölkənin son bir neçə ildəki hərtərəfli inkişafı elə səviyyədədir ki, əvvəllər onu təsəvvür etmək mümkün deyildi. Əvvəllər özünü dünyaya təqdim etmək, öz varlığını və yaradıcılığını ifadə etmək imkanlarından məhrum olanlardan, indi isə belə imkanlardan bəhrələnən zümrələrdən biri də Səudiyyə yazıçılarıdır. "Qum təpələrinin arxasında" antologiyası müasir Səudiyyə ədəbiyyatının zəngin xəzinəsini rus oxucusunun üzünə açan ilk kitabdır..."

(şeirləri və ədəbi mətnləri rus dilindən məqalənin müəllifi tərcümə edib)

 





11.09.2015    çap et  çap et