525.Az

Baş katibi necə “yuduq”...


 

Baş katibi necə “yuduq”...  Dəqiq yadımdadır: səhər təxminən 10-un yarısı olardı. Daxili telefon səsləndi – şübhəsiz ki, bu, redaktor olacaqdı, çünki məni daxili telefonla arayan ikinci bir ünvan yox idi. Dəstəyi qaldırdım, zorla eşidiləcək bir səslə:
– Bir bura gəl, – dedi. Ayrı heç nə.
Otağa göz gəzdirdim: hamı dünyadan xəbərsiz kimi öz işindəydi, yəni heç birinin oturuşu-duruşu, əl-qol hərəkəti, sifətinin mimikası qeyri-adi heç nədən xəbər vermirdi. Əslində nə olmalıydı ki?! Ölkənin, respublikanın adi günlərindən biriydi, bizim də adi iş günümüzdü – yeganə fərqləndirici cəhət günümüzün “qəzet günü” olmasındaydı: sabah “Azərbaycan gəncləri”nin növbəti nömrəsi oxucuların əlində olacaqdı. Redaktorun iş otağına daxil olanda o, astaca əliylə işarə elədi, yəni “lap yaxın otur”... Oturdum, mexaniki olaraq nəzərlərim onun baxdığı səmtə – otağın küncündə ayaqlıqların üstündə qərar tutmuş televizora yönəldi. Heç bir səs-səda gəlməyən ekrandan bu sözlər görünürdü: “Speüialğnıy vıpusk”. Ağlıma gələn ilk fikir bu oldu:
– Yenə uçan var?.. – Təbii ki, mən kosmosa növbəti uçuşu nəzərdə tuturdum.
Redaktor isə bic-bic qımışıb o boyda otaqda yalnız ikimizin eşidə biləcəyi səslə:
– Deyəsən, Brejnev ölüb, – dedi.
Matım-qutum qurudu: o ki cəmi 3-4 gün əvvəl Bakıdaydı, düzdür, ayaq üstə zorla dayanırdı, amma bu tezliklə ölənə də oxşamırdı; ona görə özümü ələ alıb:
– Dəqiqdimi bu? – birtəhər soruşdum.
O, “yuxarı”ya işarə elədi:
– İndicə zəng vurmuşdular, televizoru açmağı və mühüm xəbəri dinləməyi məsləhət gördülər. Məncə, Brejnevin ölümündən vacib xəbər ola bilməz...
...Təxminən bir saatdan sonra bütün ölkə kimi biz “Gənclərçi”lər də dəqiq bilirdik ki, “Lenin yolunun layiqli davamçısı əziz Leonid İliç Brejnev vəfat etmişdir” və biz başsız qalmışıq. Bəs sonrası necə olsun? Necə yaşamalı? Həyat davam etməlidirsə, necə davam etməlidir?

Bunlar, necə deyərlər, uzaqmənzilli suallar idi, cavabı bilavasitə bizim özümüzdən asılı deyildi. Bizdən birbaşa asılı olan isə məhz o idi ki, bu başsız vaxtımızda təmkinimizi saxlamalıydıq, başımızı itirməməliydik, ayıq olmalıydıq, sayıq olmalıydıq və s. Konkret iş isə qəzetin sabahkı nömrəsini buraxmaq idi ki, bu da ümumölkə matəmi günündə xeyli dərəcədə çətin bir işdi: birdən-ikidən belə bir təcrübəmiz yox idi; ən yaxşı halda 1953-cü ilin mart ayının “podşivka”sına göz gəzdirə bilərdik ki, onda da Stalinlə Brejnevin müqayisəsi uyğun gəlməzdi. Redaktor dedi:

– Gedin, şöbə müdirləri nömrə barədə fikirləşsin, bir saatdan sonra hazır ideyalarla yığışırıq...

İş otağıma çatana kimi artıq beynimdə bir-iki standart ideya yaranmışdı. Şübhəsiz ki, redaktor “Şöbə müdirləri nömrə barədə fikirləşsin” deyəndə ilk növbədə bizi nəzərdə tuturdu, yəni təbliğat və təşviqat şöbəsini. Yoxsa bu soxhasoxda, məsələn, ədəbiyyat və incəsənət şöbəsinin nə vecinəydi baş katibin rəhmətə getməyi?! Ona görə də başa düşürdüm ki, nə edilməlidirsə, onu da bizim şöbə eləməlidir.

Makinaçıların otağına keçib “Əziz Leonid İliç, sən ölməmisən, sən bizim qəlbimizdə və əməllərimizdə yaşayırsan, biz hazırıq sənin axıra çatdıra bilmədiyin işləri davam etdirməyə” mövzulu ağlıma və ağzıma gələn A-2 formatlı düz bir səhifəlik yazı diqtə elədim; müxtəlif peşə sahiblərindən rəy almağı da “nağdılaşdırdıq” (o vaxt bu rəyləri redaksiya əməkdaşlarının “quraşdırmağı” dəb idi – eləcə imza sahibinin razılığını almaq kifayət edərdi). Bircə rəy isə bilavasitə müəllifin öz qələminin məhsulu olmalı idi, bu müəllif də o vaxt Azərbaycan mətbuatında o qədər də populyar olmayan Anar idi. Onunla əlaqə yaratmaq, rəyini dinləmək mənim boynumdaydı. O vaxtkı Vaqif (indiki H.Seyidbəyli) küçəsindəki evlərinə zəng vurdum, köhnə tanışlığımızı – kiçik bacısı Təranənin həyat yoldaşı Abbas Zeynalovla Almaniyada birgə hərbi xidmətdə olduğumuzu xatırladandan sonra mətləbə keçdim: “dövlətimizə, sovet xalqına üz vermiş ağır itki ilə bağlı ürək sözlərini dərc eləməyə” əşhədü-billah ehtiyac duyduğumuzu kədərlə bəyan elədim və... gözləmədiyim cavabı aldım. Anar “bu cür vacib tema ilə əlaqədar onu yada saldığımıza görə” təşəkkür edib kəsəsinə dedi: –
 
- Məni bağışlayın, eşitdiyim xəbərdən özümdə deyiləm, ona görə indi bu barədə nəsə deyə bilmərəm. Sağlıq olsun, sonra bu temada geniş məqalə yazıb sizdə çap etdirərəm...

Sağollaşıb dəstəyi qoydum; Anarı da kiminləsə əvəz edib onun da dilindən uzun bir rəy yazıb redaktora təhvil verəndə artıq saat 3-ə qalırdı. Ayrı vaxt bu dəmlər qəzetin növbəti nömrəsi çapa imzalanmaq ərəfəsində olardı, indi isə bayaqdan qan-tər içində hazırladığımız yazılar heç yığılmaq üçün mətbəəyə də göndərilməmişdi. Redaktor bunu “yuxarı”dan göstəriş gözləməsi ilə izah etdi, bizə isə “yaxşı işimizə görə” təşəkkür edib evə gedə biləcəyimizi söylədi.

Redaksiyanın yerləşdiyi “Kommunist” nəşriyyatından birbaşa gəldik Yasamaldakı neçənci Sallaqxana küçəsinə – akademiya aspirantları yataqxanasının it kökündə və it görkəmində olan yeməkxanasına. Dörd-beş nəfərdik. Yeməkpaylayan bizi daimi müştəri kimi tanıyırdı, o cümlədən “susuz” boğazımızdan heç nə ötməyəcəyini də yaxşı bilirdi. “Raykomdan gələn vardı, tapşırdı ki, içki-filan olmasın, ona görə də xəlvət bir yerdə oturmağınız məsləhətdir” deyib bizi ümumi zalın bir küncünə çəkdi... Nə qədər oturduğumuz, göz basa-basa Brejnevin... rəhmətə getməyi münasibətilə neçə şüşə boşaltmağımız yadıma gəlmir. Səhəri şəhərin ayrı-ayrı guşələrində milislərin dünən kimləri “içki stolu başında yaxaladığı və üç sutkalıq “kepeze”yə basdığı barədə” xalq yaradıcılığı nümunələrindən xəbər tutanda (saxlanılanlardan birinin çox hörmətli gənc xalq artisti olması isə bütün xəbərlərin başında gəlirdi) hərəkətimizi yeniyetmə bir uşağın nəticəsini qabaqcadan görə bilmədiyi dəcəllik təki qiymətləndirdik...

...Az sonra Sov.İKP MK-nın plenumu oldu və yeni baş katib Yuri Andropov Brejnevin 18 illik hakimiyyəti dövrünə “durğunluq illəri” deyib “durğunluqdan” tezliklə çıxmaq zərurətindən danışanda Anarın noyabrın 10-da mənə verdiyi diplomatik cavabın həm də uzaqgörənlik ifadəsi olduğunu anladım.

Anar o yazını nə “az sonra” yazdı, nə də “çox sonra”...
 
Noyabr 1982 – sentyabr 2012
 





18.09.2012    çap et  çap et