525.Az

Varlıların uydurması


 

Varlıların uydurması<b style="color:red"></b>

Zənginliyi nümayiş etdirmək asandır: cüt nömrələr, “shopping”, bahalı restoranlarda çəkilən “selfie”lər. Varlılar tez tanınırlar, məsələn, sən “instagram”da neomillətçilik nümunəsi olursan- “filan ölkənin varlı uşaqları”.

Bəs, kasıblıq? Yox,  mən dünyadakı qlobal böhranlardan, inflasiyadan ya da ki kredit intiharlarından danışmıram. Lənətə gəlsin, bunlar varlıların uydurmalarıdır, onlar kasıblığı belə çağırırlar. Yadıma düşdü köhnə bir Misir filmində deyirdi: “Maraqlıdır, hə, sosialist olmaq üçün kapitalist uşağı olmalısan ki, oxuya biləsən, sosializmi öyrənəsən.” Cəhənnəm olsun “izm”lər, mən imkansızlardan danışırdım axı, onlar necə tərif edirlər fəqirliyi?

Məsələn, elə məncə, kasıblıq həyat deməkdir. Görmüşəm, yoxsul bir ailə divardan ölü valideynlərinin şəklini asmışdılar. Həmin fotonun üstündə gəzən tarakanlar isə canlı idi.

Yox, qətiyyən, bu yazının bədbinliklə heç bir əlaqəsi yoxdur. Əksinə, mənə elə gəlir ki, kasıblıq ən böyük ümiddir. Qoy, danışım. Bir Aran şəhərində idik. Rəislərin, sədrlərin, hə bir də ki “ən bahalı maşınları rayona birinci gətirənlər”in yığışdığı restoranın həyətində “qaçqın” bir ailə yaşayırdı. Kişinin gözlər çox zəif görürdü. Deyir, uşaq vaxtı kənddə quyuya yıxılıb. Soruşdum ki, niyə həkimə getməmisən. Baxdı, demək istədi ki, pul olmayıb, amma demədi. Əvəzində gülümsəmək istədi, yoruldu: “Nə bilim, vallah, başına dönüm”. Elə o vaxtı kiminsə də eynəyi bizim maşında qalmışdı. Kişi yoxladı, Allah haqqı, eynəyi yoxladı ki, bəlkə gözünə düşər! Ağladım...

Əslində kasıblıq həm də cəsarət deməkdir. Onlar heç vaxt yoxsulluqdan qorxmurlar. Bizim aşağı məhəllədə bir dayı var, oğlanları onu evdən atdı, o da zirzəmiyə köçdü. Arada söhbətləşirik. Belində zənbil çəliyinə söykənib gülümsəyir: “Adə, mən lütün biriyəm, Allah evini tiksin, hardan baxım iqtisadiyyat xəbərlərinə?! Bax, mən, bu zibil qutularına baxıram, hə də butulkaları deyirəm, rəhmətliyin oğlu”.

İlahi, kasıblıq mehribanlıq demək imiş. Uşaq vaxtı səhər-səhər dərsə gedəndə “Vasmoyun bazarı”na aparan yolun üstündə əlində Quran səssizcə oturan yaşlı qadına atam bəzən pul, bəzən də salam verərdi. İllər sonra eyni yerdə yenidən gördüm o qadını. Cibimdə bir manat yox idi, utandım, başım aşağı salıb keçmək istədim. Məni tanıdı, çağırdı, salam verdi.

Ah, kaş göstərə, tanıda biləydik kasıblığı! Yox, mən demirəm ki, bütün insanlar yoxsulluğu sevsinlər. Əsla! Mən deyirəm ki, adamlar imkansızlığı tanısınlar, amma yoxsulları sevsinlər.

 





15.09.2015    çap et  çap et