525.Az

Ürəyinin istəyi ilə...


 

Ürəyinin istəyi ilə...  <b style="color:red"></b>

Ölkəmizdə müstəqillik mənəviyyatda, şüurda, davranış və münasibətlərdə də ciddi dəyişikliklərlə müşahidə olunub. İnsanlarda müstəqillik əzmi, prinsipiallıq, cəsarət, mübarizlik, sabaha inam hissi xeyli yüksəlib.

Azadlıq və demokratiyanın doğurduğu belə bir sağlam mühüt, ab-hava, münbit şərait,şübhəsiz, gənclərin də tərbiyəsində, vətəndaş kimi yetişməsində, cəmiyyətin fəal  mövqeli yeni  qüvvəsinə çevrilməsində  mühüm  rol oynayıb,onların hərtərəfli fəaliyyətləri üçün geniş imkanlar yaradıb.

Etiraf edək ki, indiki Azərbaycan gəncliyi 20 il əvvəlki gəncliyə bənzəmir. Müdriklərin dedikləri kimi, gənclər mənsub olduqları dövrün, zəmanənin övladlarıdır. Məhz bu səbəbdən  həyatımızda baş verən bütün dəyişikliklərə, yeniliklərə də dərhal gənclik cavab verir.

Təsadüfi deyildir ki,  dövlət diqqət və qayğısı ilə əhatə olunan  gənclərimiz bu gün ən ucqar kəndlərdə belə, dünya ölkələri ilə inteqrasiyaya can atır,   informasiya texnologiyalarına, müasir təhsilə, biliklərə  yiyələnir, qurub-yaradır,yüksək məqsədlərə nail olmağa çalışır, uğurlar qazanır, fədakar əməlləri, istedadları ilə nəyə qadir olduqlarını nümayiş etdirirlər.

Haqqında söhbət açdığımız Gülşən Bağırova da belə gənclərdəndir. O, 1994-cü ildə Ağcabədi rayonunun Köyük kəndində dünyaya göz açıb. Burada böyüyüb, boya-başa çatıb, məktəbə gedib.

Sonralar ailəsi ilə birlikdə rayon mərkəzinə köçüb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər 7 saylı orta məktəbini müvəffəqiyyətlə bitirib. Valideynlərinin dediklərinə görə, Gülşən uşaqlıqdan qeyri-adi xüsusiyyətləri, inadkarlığı, prinsipiallığı ilə yaşıdlarından fərqlənib. Bədii əsərlər mütaliə etməyi sevib, musiqiyə, idmana maraq göstərib. Həmişə də deyib ki, həkim olacağam. Odur ki, dərslərini yaxşı oxuyub. Yuxarı siniflərdə ali məktəbə qəbul imtahanlarına ciddi hazırlaşıb. İstedadlı gənc orta məktəbi bitirdiyi il IV ixtisas qrupu üzrə qəbul imtahanlarında uğurla iştirak edib. Lakin istəyinə nail olmayıb. Onun topladığı bal Bakı Dövlət Universitetinin Kimya fakultəsində təhsil almağa kifayət edib. Həkim olmaq istəyindən əl çəkməyən inadkar qız növbəti il də bəxtini sınamalı olub. Ailədə heç kim onun istəyinə qarşı çıxmayıb.

Gülşən bu dəfə imtahanlarda 521 bal toplayaraq BDU-nun Biologiya Fakultəsində oxumaq şansı qazanıb. O, valideynlərinin və qohumlarının məsləhəti ilə sözügedən ali   məktəbdə təhsil almağa razılıq verib.

Maraqlıdır ki, bir vaxtlar onun atası Məhəmməd Bağırov Bakı Dövlət Universitetinin hüquq, anası Təranə Quliyeva isə Fizika fakultəsində təhsil alıblar.

Universitetdə yüksək biliklərə yiyələnən Gülşən Bağırova bu il ali təhsilini uğurla başa vurub. Ancaq həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq arzusu yenə də onu rahat buraxmayıb. Ürəyi bu arzu ilə alışıb-yanan fədakar gənc bu il ali məktəbə qəbul imtahanlarında 598 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olub, nəhayət ki,öz çoxdankı arzusuna qovuşub. Bu uğurdan sevincinin həddi-hüdudu olmayan Gülşən bu gün özünü çox xoşbəxt hesab edir.

Onun qazandığı  nailiyyət bütün Bağırovlar ailəsinə əsl bayram ovqatı yaşadıb. Ailənin digər övladı Sona Bağırovanın Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakultəsini bitirərək, magistraturaya daxil olması isə bu sevinci ikiqat artırıb.

 





15.09.2015    çap et  çap et