525.Az

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”


 

BİLİK GÜNÜNDƏ MÜHAZİRƏLƏR BU MÖVZUYA HƏSR EDİLİB

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”<b style="color:red"></b>

Multikulturalizm həyat tərzimizdir

“Multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi artıq danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb.

Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı ibadət edir, birgə yasamın ən gözəl nümunəsini sərgiləyirlər. Azərbaycan multikulturalizminin siyasi banisi olan Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Məhz buna görə inamla deyirik ki, Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Bu siyasəti uğurla davam və inkişaf etdirən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid sadəcə məhvə məhkumdur”.

Bu il Bilik Günündə respublikanın onlarla orta və ali təhsil ocaqlarında yeni dərs ilinə bu fikirlərlə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçiləri Bilik Günündə ölkəmizin bütün bölgələrində- 150-dən çox təhsil ocağında Azərbaycan multikulturalizminin özəlliyindən, mahiyyətindən bəhs edib. Fondun “İlboyu Bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın bütün rayonlarında ali və orta məktəblərdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda dərslər keçirilib və mühazirələr oxunub. Ümumilikdə 158 təhsil ocağında - 142 orta, 16 ali məktəbdə tanınmış ziyalılar, elm xadimləri, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycanda multikultural ənənələr, tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

Millət vəkili Aydın Mirzəzadə Mingəçevir şəhərində, əməkdar müəllim Əjdər Ağayev Neftçala rayonunda, Alban-udi xristian icmasının sədri Robert Mobili Qəbələ rayonunda, ATV şirkətinin Bədii Şurasının sədri Etibar Babayev Siyəzən rayonunda, professor Rüstəm Kamal Qazax rayonunda, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Bərdə rayonunda, folklorşünas Ağaverdi Xəlilov İsmayıllı rayonunda, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlı rayonlarının qaçqın məktəblərində, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru, professor Azad Məmmədov Ağdam rayonunun qaçqın məktəbində şagirdlərlə görüşüblər. Bundan başqa, akademik Vaqif Abbasov, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Aleksandr Şeynin, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz İsmayılov və Səyyad Aran Bakı məktəblərində, həmçinin İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillo Mədəniyyət və İncəsənət Universitetində, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Abdulla Alşamsi tolerantlıq ənənəsinin təbliğinə həsr edilmiş mühazirələr deyiblər.

lll

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev özü isə Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə oxuyub. Mühazirədə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxı rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnisə Ələkbərova, Mədəniyyət və turizm şöbəsinin müdiri Məleykə Kamilova, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova, rayon məktəbliləri və müəllimlər, yerli ziyalıların nümayəndələri iştirak ediblər.

Məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edən akademik K.Abdullayev bildirib ki, çoxmədəniyyətlilik Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir: “Multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusudur. Bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.

“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu.

“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında da əks olunub. Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.

Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır.

İnkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisinin arzularından biri də elə bu idi. Ulu öndər deyirdi: “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni, Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!”

Dövlət müşaviri Kamal Abdullayev mühazirəsini diqqətlə dinləyən məktəbliləri maraqlandıran sualları da ətraflı cavablandırıb, şagirdlərə kitablar hədiyyə edib.

lll

Deyilənlərə, görünənlərə və yazılanlara sözardı:  Gen, qan yaddaşımıza hopub əsrlərdir bizimlə yol yoldaşı olan elə ali dəyərlərimiz var ki, məhz doğuluşdan, fitrən bizimlə olduğuna görə fərqinə varmırıq. Fitrən qanında, ruhunda olanın fərqinə varmaq kənardan gələni hiss etməkdən çətin olur. Kənardan gələni həmişə görürsən, amma özündəkini həmişə yox... Azərbaycan multikulturalizmi bizim fitri dəyərimiz olduğundan xalqımız bunu özünün zəruri həqiqəti, adi həyat tərzi kimi qəbul edir. Amma ən vacibi kənardan sahib olduqlarınla yanaşı, özündəki dəyəri də yaxından tanımaq, mahiyyətinə varmaq, ona sevgiylə sarılmaq və həmişəlik sahib çıxmaqdır. Azərbaycan multikulturalizmi məhz belə bir dəyərdir. Bu dəyər əsrlərdir bizimlə yol yoldaşıdır, ömür-gün dostudur. Ancaq  Ulu Öndər Heydər Əliyev bu çoxəsrlik dəyəri mənəvi qatdan siyasi müstəviyə qaldırmaqla Azərbaycan xalqının özündə hansı ali  meyarları yaşatdığını bütün dünyaya nümayiş etdirmiş oldu. Məhz buna görə akademik Kamal Abdullayev daim çıxışlarında Heydər Əliyevin Azərbaycan multikulturalizminin siyasi banisi olduğunu vurğulayır. Müstəqilliyimizin yenidən  bərpasından sonra respublikamız siyasi və mənəvi böhran yaşadığı zamanı Ümummilli Lider məhz Azərbaycan multikulturalizminə, tolerantlığına  tutunmaqla, bu ali, təkrarsız milli dəyərimizə sahib çıxmaqla millət və dövlət olaraq güclənə biləcəyimizi, “imzalar içinə imza atacağımızı” bilirdi. Zaman dahi siyasətçinin haqlı olduğunu sübut etdi...

Sevinc MÜRVƏTQIZI

 





19.09.2015    çap et  çap et