525.Az

Göygöldə yerli sahibkarlara kreditlər verildi


 

Göygöldə yerli sahibkarlara kreditlər verildi<b style="color:red"></b>

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Göygöl rayonunun Qızılca kəndində təşkil edib.

Forumun iştirakçılarından biri, Göygöl rayonunun 65 yaşlı sakini, məktəb müəllimi Kərim Kərimov  deyir ki, o, 40 ilə yaxındır  arıçılıqla ciddi məşğul olur və hazırda şəxsi təsərrüfatında saxladığı 120 arı ailəsindən ildə yarım tonadək  bal istehsal edə bilir. Kərim müəllim bir neçə gün əvvəl paytaxtda arıçılıqla bağlı konfransda iştirak edib və oradakı söhbətlər zamanı  bu sahədə çalışan həmkarlarının dövlətin güzəştli kreditlərindən necə faydalandıqlarını eşidib. Odur ki, o da bu cür addım atmaq qərarına gəlib.

“Düzü,Bakıdakı arıçılıq müşavirəsinədək bu fikrə düşməmişdim. Hər il tanış-biliş mənim balıma müştəri olsa da, məhsulun hamısını satmaq bir az çətindir. Odur ki, müşavirədəki söhbətlərdən bu qərara gəldim ki, mən də öz işimi necə deyərlər, rəsmiləşdirməli və genişləndirməliyəm, balın istehsalını və qablaşdırılmasını ən yüksək tələblər səviyyəsinə qaldırmalıyam. Sahibkarlarla Qızılcadakı bu görüş də lap yerinə düşdü. Elə buradaca 15 min manat güzəştli kredit almaq üçün ərizə vermişəm,” -deyə, Kərim müəllim yerli sahibkarlara yaradılan bu cür asan şəraitdən razılığını bildirir.

Elə Sahibkarlığa Kömək Milli Fondunun Göygölün Qızılca kəndində sahibkarlarla keçirdiyi işgüzar görüşün bir istiqaməti də son vaxtlar yerlərdə arı məhsulları istehsalı ilə məşğul olmaq istəyənlərin sayının artmasını nəzərə alaraq, onların güzəştli  kreditləşməsi məsələlərinə həsr olunub. Forumda Göygöl və ətraf bir neçə rayondan gələn 130-dan çox sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələrə diqqət yetirilib. Bu baxımdan,Göygöl rayonunun iqtisadi şəraitini nəzərə alan  cins heyvandarlıq, üzümçülük, arıçılıq təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, süd məhsullarının   istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara bu yöndə metodiki materiallar təqdim edilib.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövrü ərzində 4000-dən çox sahibkara 141 milyon manatdan çox güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini xatırladıb. O, qeyd edib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5540-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 199,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, çörək, tikinti materialları, süfrə suları istehsalı, meyvə-tərəvəz, süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, bunların nəticəsində 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində yuxarıda göstərilən sahələrdə çalışan, Göygöl və ətraf rayonlardan olan 61 sahibkara  805 min manat güzəştli kredit verilib. Xatırladaq ki, SKMF-nun xətti ilə verilən güzəştli kreditlərin ödənilməsində maksimum hədd ildə məbləğin 6 faizini təşkil edir.

Zakir MURADOV
Göygöl

 





19.09.2015    çap et  çap et