525.Az

Yaşam fəlsəfəsi


 

GÜNÜMÜZÜN FƏLSƏFƏSİ

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Qadınların cəmiyyətdə yeri 

Son  zamanlar bu problemlər cəmiyyətdə geniş müzakirə olunur. Bu problemin müzakirəsi cəmiyyətdən böyük enerji udur. Bu problemi xarici dostlarımız da tez-tez yada salırlar. Amma bizim Qarabağ problemimiz onların yadına gec-gec düşür. Yuxarıdakı düsturun işığında bu problemə də işıq salmaq olar. Vacib nəticə bundan ibarətdir ki, kişi və qadın olmasından asılı olmayaraq vətəndaş o işdən yapışmalıdır ki, onun içərisindən idarəedən kimi keçsin, həmin işin passiv yox, aktiv tərəfi olsun ki, qəbul etdiyi qərarda minimum səhvə yol versin. Cəmiyyətdə çoxlu sayda işlər var ki, həmin işləri qadınlar kişilərdən yaxşı görürlər. Təhsil, tərbiyə, səhiyyə, məhkəmə, mədəniyyətin bir çox sahələrində qadınlar daha böyük uğurlar qazanırlar.

Siyasətçi dördölçülü fəzada fəaliyyət göstərir 

Ulu öndər Heydər Əliyevin Lissabon zirvə görüşü ilə bağlı (1996) apardığı bir respublika toplantısında etdiyim çıxışda belə bir fikir söylədim: “Şeir sözlərin bir ölçülü fəzada, rəsm rənglərin ikiölçülü fəzada, musiqi səslərin üçölçülü fəzada naxışlı düzülüşüdür. Siyasət - hadisələrin, proseslərin dördölçülü fəzada naxışlı düzülüşüdür. Üçü məkan, biri zamandır.  Fəzanın dərəcəsi artdıqca fəaliyyət çətinləşir. Bu səbəbdən də ölkədə şairlər minlərlə, rəssamlar yüzlərlə, bəstəkarlar onlarla olurlar. Siyasətçilər isə tək-tək. Siyasətçi hadisələri, olayları, tarixi faktları xalqının xeyrinə naxışla düzə biləndə o özü tarixi şəxsiyyətə çevrilir”. Bu fikir ulu öndərin xoşuna gəlmişdi və demişdi ki, Şahlar filosofdur. Ulu öndərə Allah rəhmət eləsin. Bir cümlədən hər kəsin layiq olduğu qiyməti verə bilirdi.

Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətində 5-6 dəfə hakimiyyətə gəldi və getdi. Çünki millət siyasətçiləri çox sayda yetişdirə bilmir. Bəzən lider millətə təzədən gərək olur: S. Dəmirəl kimi, H. Əliyev kimi. Çünki dördölçülü fəzada fəaliyyət göstərmək çox çətindir. Tarixə ekskursiya etməyə ehtiyac yoxdur. Elə 1992 -1993 - cü illərdə bizə rəhbərlik etmiş insanların acı taleyinə diqqət yetirmək kifayətdir. Onlar dördölçülü fəzada fəaliyyət göstərə bilmədilər.

Ölməzlik  meyarı 

Bir dəyərli aforizmdə deyilir: “Özünü sevən insanlar Allahın verdiyi ömrü, millətini sevən insanlar millətin ömrü qədər ömür yaşayar”. Hesab etmək olar ki, hər kəsin iki ömrü var: bu dünyadakı müvəqqəti həyatı, bir də ölümündən sonrakı. Adi insanların ölümündən sonrakı həyatı qısa olur və bir neçə nəsildən sonra unudulur.

Dahi insanların ölümündən sonrakı həyatı yüz illərlə, min illərlə ölçülür. Belə insanları əbədiyyətə qovuşdurmaq, cəmiyyətin  borcudur. Bu insanları nəsildən -nəsilə cəmiyyət ötürür. Əgər mən Yəhya Sührəvərdini yaxşı tanımıramsa, Karl Marksı yaxşı tanıyıramsa, bu bizim cəmiyyətin qeyri-kamilliyinə işarədir. Xəyali olaraq Şərq və Qərb üzərindəki göy qübbəsini təsəvvür edək. Qərbin üzərindəki göy qübbəsi dahi və fövqəl insanlarlın ulduzları ilə bəzədilmişdir. Şərq üzərindəki göy qübbəsində neçə-neçə dahilərin yerindən işartı gəlmir. Bu insanları o qübbələrə kimlər yerləşdirməlidir? Əlbəttə ki, ziyalılar, milli qurumlar, universitetlər, akademiyalar. Çox təəssüf ki, Şərqdə universitetlər çox gec açılıb. İndi biz həm bu günün, həm də keçmişin dahilərini üzə çıxardıb millətə tanıtmalıyıq.

Üç böyük azərbaycanlı Sovetlər zamanı dövləti komissiyalarına sədrlik ediblər. Bunlardan biri - ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu olduğundan  göy qübbəsinin bizə aid olan hissəsində ən parlaq ulduzdur. İkinci böyük azərbaycanlı Kərim Kərimovdur. Kosmosun fəthində müstəsna xidməti olub. Üçüncü böyük azərbaycanlı Abbas Çayxorskidir. Nüvə reaktorunun qəbulu üzrə dövlət komissiyasının sədri olub, atom enerjisinin dinc məqsədlər üçün tətbiqinə rəhbərlik edib. Göy qübbəsində Abbas Çayxorskini axtarsanız, tapmayacaqsınız. Onun şərəfli adı qarşısında biz günahkarıq.

Lao Dzinin bir dəyərli fikrində deyilir: kim ki, öləndən sonra unudulmur, o əbədi yaşayır. Bu fikirdən istifadə edərək “ölməzlik” əmsalı yaratmaq mümkündür.

Misal üçün: məlumdur ki, Nizami Gəncəvi cəmi 68 il (1141-1209) ömür sürüb. Bu rəqəmi meyar götürək. Onun ölümündən 804 il keçir.  Böyük Nizaminin ölməzlik əmsalı olaraq 806 : 68 nisbətini götürsək, onda bu əmsal 11,85-ə  bərabər olar. Demək, Nizami babamız öz ömründən təqribən 12 dəfə çox ömür yaşayır, yəni ölməzdir. Hər kəs öz ölməzlik əmsalının böyük olmasına qayğı göstərməlidir.

Yuxarıdakı fikri inkişaf etdirək. Nizami babamızı Google-da axtaraq. Google   83 700 (0,36 sek.) səhifə göstərir. Bu rəqəmi 11,85-yə vuraq = 1 004 400 alacağıq. Buna Nizaminin reytinqi hesab edək. Bu metodologiya ilə N.Tusinin, S.Vurğunun, M.F. Axundovun, M.Füzulinin reytinqini hesablayaq. Nəticələr cədvəldə göstərilib.

Əgər bu “ölməzlik meyarı” yaşamaq hüququ qazanarsa, onda ölkəmizin həm tarixi, həm də müasir dəyərli şəxsiyyətlərinin obyektiv reytinq cədvəlini yaratmaq mümkün olar. Bu isə çox vacibdir. Kimin kim olduğunu göstərər. Belə olan halda Abbas Çayxorski, Kərim Kərimov, Əli Əmraslanov, Şərqin Eynşteyni sayılan Cavan kimi dəyərli alimlər yaddan çıxmaz. Bu isə böyüməkdə olan gənclik üçün qürur mənbəyi olar.

Politexnik muzeyi 

Qərb ölkələrinin, demək olar ki, hamısında yaradıcı tarixi keçmişə baxmaq üçün politexnik muzeylər var. Şərq ölkələrində belə muzeylərə rast gəlməmişəm. İranda, Türkiyədə belə muzeylərin olduğundan bixəbərəm.Varsa, çox gözəl.

Avtomobillərin içində geriyə baxmaq üçün güzgü var. Biz ondan çox az istifadə edirik. Əsasən qabağa baxırıq. Ona görə də qabağa gedə bilirik. İrəli getmək üçün, bəzən geriyə də baxmaq lazımdır.

Muzeylər texniki tərəqqinin inkişaf tarixini göstərir. Belə muzeylərə məktəblilərin, gənclərin baxmasının əhəmiyyəti çox əhəmiyyətli və vacibdir. Fərz edin ki, Bakıda belə bir muzey var və biz onun “Rabitə” bölməsində telefon guşəsinin nümunələri ilə tanış oluruq. Cürbəcür telefonlar sərgilənib: V.Leninin Kronştadta istifadə etdiyi telefondan tutmuş bugünkü mobil telefonlara kimi. Guşədə telefonun modernləşməsinin təkamül və inqilabi addımları diqqəti cəlb edər.Tələbə və məktəbli belə bir sərgiyə baxanda onda da ilk telefonu ixtira edən Aleksandr Qraham Bell kimi yaratmaq, ixtira etmək eşqi yaranar, telefonun necə işləməsi ilə maraqlanar və gələcəyə baxar, düşünər ki, 10 ildən sonra telefon necə olacaq?

Telofonun (və ya avtomobillərin) inkişaf dinamikasını yeniyetmələrə politexnik muzeylərdə mərhələ-mərhələ göstərib, onları texniki yaradıcılığa (kreativliyə) həvəsləndirmək olar və lazımdır.

Aydındır ki, telefondan əlavə “saat”, “radio”, “TV” və s. kimi gərəkli texniki vasitələr çoxdur.  Hərəsinə bir şöbə və ya guşə açmaqla böyük bir muzey yaratmaq olar. Gənclərimizin dünyagörüşünün kamilləşməsində belə muzeyin qiyməti ölçüyəgəlməzdir. Belə muzeylər böyük stadionlar qədər əhəmiyyətlidir.

Nə gözəl olardı ki, müsəlman ölkələri arasında ilk politexnik muzeyi Bakıda açılaydı.

Yaxşı adam olmağın fəlsəfəsi  

Cəmiyyət üzvlərinin fəaliyyətində iki qütb diqqəti cəlb edir: kimdəsə özünə məhəbbət,  kimdəsə millətə məhəbbət üstünlük təşkil edir. Bu nisbət ziyalılar arasında da 50-nin 50-yə deyildir. Hesab edirəm ki, millətə məftun ziyalıların sayı əvvəla çox deyil, ikincisi də müxtəlif millətlər üçün müxtəlifdir və düşüncə tərzindən asılıdır. Bu say kritik bir qiymətdən az olanda (tək-tək) millətə məhəbbəti böyük olan ziyalının həyatı çox zaman faciə ilə qurtarır. Əhməd Cavadın, Hüseyn Cavidin taleyi kimi. Millətini sevən Xəlil Rza Ulutürkə Allah rəhmət eləsin. “Gözün aydın Firəngiz, oğlun vətən yolunda şəhid oldu” -sözlərini hər vətəndaş, hər ziyalı söyləyə bilməz. Özü xəstə yatmasına baxmayaraq, o, Heydər Əliyevin Azərbaycana tez qayıtmasını istəyən 91-lərin ən parlaq nümayəndəsi idi. 

İbtidai icma quruluşunda özünə məhəbbət ictimai məhəbbətdən qat -qat üstün olub.

İnsan toplumu inkişaf etdikcə, təhsilləndikcə, dünyagörüşü artdıqca ictimai məhəbbətin zəruriliyi dərk edilir və güclənməyə başlayır. İnsan cəmiyyətinin inkişafı özünə məhəbbətdən ictimai məhəbbətə tərəf yerdəyişmə ilə müşahidə olunur. İnkişaf etmiş ölkələrdə cəmiyyət üzvlərinin millətə məhəbbəti özünə məhəbbətdən yüksəkdədir, həm də vəhdətdədir.

On il öncə (2 aprel 2005) R. Behbudov adına Mahnı Teatrında 190 saylı məktəbin fəxri direktoru Sona xanım Tağıyevanın xatirəsinə həsr olunmuş “ Sona xanım “ adlı kitabın təqdimat mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin rəhbərliyi, deputatlar, akademiklər, tanınmış ziyalılar iştirak edirdilər.

Çıxış edənlər Sona xanımın hörmətindən, ucalığından, müəllim və şagirdlərə qayğısından da danışdılar. Mənə də söz verildi. Çıxışımda dedim: “Maraqlıdır, Sona xanım, nazir olmayıb, rektor olmayıb, deputat olmayıb, akademik olmayıb. Sona xanım ölkəmizin 3900 orta məktəbindən birinin direktoru olubdur. Bəs onda bu böyük məhəbbətin, bu hörmətin, bu ucalığın səbəbi nədir?  

Səbəb asanlıqla görünən deyildir. Sona xanım özünü yox, millətini sevən direktor   olubdur. Ona görə onun hörməti belə yüksəkdir. Özünə vurğun ziyalılar dünyasını dəyişəndən sonra zaman keçdikcə kiçilir, kiçildikcə nöqtələşir və nəhayət unudulur. Çünki onun yaxşılıq etdiyi qohumları, əzizləri, dostları da zaman keçdikcə dünyalarını dəyişirlər. Millətini sevən ziyalılar, dünyasını dəyişəndən sonra zaman keçdikcə millət tərəfindən böyüyür, kitablaşır, mahnılaşır, heykəlləşır və yaddaşlara hakim kəsilir. Çünki  qohumlardan fərqli olaraq, millət ölmür”.

Məncə, yaxşı adam olmağın fəlsəfəsi budur.

(Ardı var)

 





21.09.2015    çap et  çap et