525.Az

"8 ilimi Türk tarixi, 2 ilimi yaltaqlar yazacaq..."


 

Menderesin edamına şahid olan əsgər 51 ildən sonra danışıb

"8 ilimi Türk tarixi, 2 ilimi yaltaqlar yazacaq..."

Keçmiş baş nazir Adnan Menderes və nazirlər Fatin Rüştü Zorlu ilə Həsən Polatkanın edamında iştirak edən Müzəffər Ərkan adlı bir əsgər 51 illik fasilədən sonra səssizliyini pozub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu günə qədər qorxusundan danışmadığını deyən Ərkan edamlara görə üzüldüyünü və asılmaları gördükdən sonra günlərlə yemək yeyə bilmədiyini söyləyib: "O anlar gözlərimin qabağından getmədi, mənim üçün çox çətin oldu. Yuxularıma girdi. Davamlı kabus görürdüm".

Bütün məhkəmə iclaslarında iştirak edən və öldürülmək üçün Yassıadadan İmralıya aparılan Menderes, Zorlu və Polatkanı qoruyan dörd əsgərdən biri olan Ərkan İmralıda məhkəmədən əvvəl 66 qəbir qazıldığını bildirib.

Ərkan Həsən Polatkanın edam üçün İmralıya aparılarkən qayıqda ağladığını və millətdən gileyləndiyini deyib. Onun sözlərinə görə, o əsnada Cəlal Bayar Polatkana nəsihət verərək onun asılmayacağına yüz faiz əmin olduğunu söyləyirmiş. Müzəffər Ərkan Fatin Rüştü Zorlunun dar ağacının yanında iki rükət namaz qıldığını və cəllada ehtiyac duymadan özünü asdığını qeyd edib. Boyu uzun olduğu üçün ölməyən və ayaqları kətildə qalan Zorlunun kətilinə cəlladın təpik vurduğuna dair iddiaları isə təkzib edib.

Müzəffər Ərkanın sözlərinə görə, edam günü ayağa qalxa bilməyəcək dərəcədə xəstə olan Adnan Menderesin burnuna və ağzına məlhəm sürülərək canlandırılıb: "Menderesi İstanbula xəstəxanaya aparmaq adıyla qayığa mindirdilər. "Nə xoşbəxtəm, xilas oldum. Mənə bir siqaret ver" deyərək serjantdan bir "Hanımeli" siqareti alıb çəkdi. Edam olunmamışdan əvvəl qonaq otağında bir dilim şaftalı yedi. Edam edildiyi vaxt şaftalının suyu ağ kəfənin üstünə töküldü".

Müzəffər Ərkan baş prokuror Altay Ömər Egeselin edam fərmanını oxuduqdan sonra "Ya Menderes, gördünmü haralara qədər alçaldın?" deyə istehza etdiyini bildirib. Adnan Menderesin son sözlərinin isə bunlar olduğunu deyib: "Türkiyədə 10 il baş nazir oldum. Səkkiz ilimi Türk tarixi yazacaq, iki ilimi də yaltaqlar. Oğlum Yüksəlin dövlət tərəfindən oxudulmasını istəyirəm. Qələmindən qızıl damsın. Bizim kimi olmasın".

Müzəffər Ərkanın dediyi bu sözlər heç bir yerdə yoxdur. Bir çox kitab, qəzet yazısı və internet saytlarında Menderesin edamdan əvvəl "Həyatla vidalaşmaq üzrə olduğum bu anda dövlətim və millətimə əbədi səadət arzu edirəm. Bu anda həyat yoldaşımı və uşaqlarımı şəfqətlə yad edirəm" dediyi bildirilir. Ancaq bu ifadələr Menderesin son sözləri deyil, Yassıadada yazdığı son məktubunda yer alan cümlələrdir.

Müzəffər Ərkan Menderesin edamıyla bağlı daha bir qan donduran detalı da açıqlayıb. "Aksiyon"un xəbərinə görə, edam edilən Menderesin yanında 45 dəqiqə gözlədiklərini deyən Ərkan cəlladın ipdə sallanan baş nazirə yaxınlaşaraq onun ayaqqabılarına baxdığını və "Bu ayaqqabılar mənim olacaq" dediyini söyləyib...

 





18.09.2012    çap et  çap et