525.Az

Maliyyə pozuntularına qarşı tədbirlər gücləndirilir


 

"APARILAN İSLAHATLAR BANK SEKTORUNUN YENİDƏN SAĞLAMLAŞDIRILMASI VƏ ŞƏFFAFLAŞMASINA İMKAN VERƏCƏK"

Maliyyə pozuntularına qarşı tədbirlər gücləndirilir<b style="color:red"></b>

Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə özəlləşdirmə, sahibkarlığın inkişafına dair proqramlar qəbul edilir və qanunvericilik sahəsində mühüm addımlar atılır.

Bunun nəticəsidir ki, sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib, fondun xəttilə sahibkarlara indiyədək 2 milyard manatadək yardım göstərilib və nəticədə bütün bunlar 130 mindən çox yeni iş yerinin yaranmasına şərait yaradıb. Bütün bunlarla yanaşı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Qeydiyyat prosesinin asanlaşdırılması, vergi qanunvericiliyinin sadələşdirilməsi, investisiya mühitinin sağlamlaşıdırılması nəticəsində Azərbaycan Dünya Bankı Qrupu tərəfindən açıqlanmış "Doing Business 2015" reytinq hesabatında 189 dünya ölkəsi arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb. Lakin verilmiş güzəştlər özəl sektorun, investorların, xüsusən iri məbləğdə kreditlər götürmüş şəxslərin vergi və bank öhdəliklərindən azad edilməsi demək deyil. Hər hansı bir ölkədə makroiqtisadi sabitlik yalnız əlverişli biznes mühiti, uğurlu iqtisadi islahatlardan deyil, eyni zamanda sahibkarların, iri vergiödəyicilərinin dövlət, vergi orqanları və kredit götürdükləri qurumlar qarşısında öz qanuni öhdəliklərinə əməl etmələrindən xeyli dərəcədə asılıdır. İri vergiödəyicilərinin məsuliyyətdən qaçma, vergidən yayınma cəhdlərinin bəzən kifayət qədər inkişaf etmiş bu və ya digər ölkədə necə maliyyə gərginliyi yaratdığının şahidi olmuşuq. Belə gərginliyin qarşısını almaq üçün ABŞ-da antiinhisar qanunvericiliyi, vergi cinayətlərinə görə cəzalar sərtləşdirilir, vergidən yayınma halları haqda məlumat verən şəxslər təşviq edilir.

Rusiyada 2000-ci illərin əvvəllərində maliyyə oliqarxiyası əleyhinə sərt ölçü götürülüb. Dünyanın "ofşor cənnəti" hesab olunan İsveçrədə də bank-maliyyə sektorunu kataklizmlərdən qorumaq üçün qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atılır. Azərbaycan da bu baxımdan istisna deyil. Dövlət kreditlər təqdim etməklə yanaşı onların təyinatı üzrə xərclənməsinə və vaxtında geri qaytarılmasına nəzarəti gücləndirir. Eyni zamanda bank-maliyyə sektorunda yarana biləcək xoşagəlməz halların ölkənin makroiqtisadi sabitliyini təhdid etməsinə yol verməmək üçün ciddi monetar siyasət yürüdülür. Bu mənada, iri vergiödəyiciləri dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməlidir, əks təqdirdə qanunvericiliyin tələb etdiyi addımların atılması labüddür. Bu, sadəcə hüququn deyil, həm də iqtisadiyyatın tələbidir. Götürülmüş kreditlərin iqtisadi inkişafa deyil, təmtəraqlara xərclənməsinə cəmiyyətin mənfi münasibətini nəzərə alaraq atılan addımların həm də sosial sifariş olduğunu deyə bilərik. Bu baxımdan qeyd etmək lazımdır ki, artıq Azərbaycan Beynəlxalq Bankdan yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən  şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli qeyd edib ki, hər kim Azərbaycan qanunvericiliyinin tələblərini pozursa, ona qarşı konkret maddəyə uyğun olaraq tədbirlər görülür: "Bu maliyyə-bank sektoru, inşaat və digər sahələrdə baş verə bilər. Bütün bunlar qanunvericiliyin pozulmasına qarşı aparılan mübarizənin tərkib hissəsidir".

Millət vəkili hesab edir ki, Beynəlxalq Bank ətrafında baş verən maliyyə pozuntularını əlahiddə hal kimi qiymətləndirmək düzgün deyil: "Qanun pozuntuları hər bir sahədə baş verə bilər. Bunu sırf  Beynəlxalq Bankla əlaqələndirmək yanlış olar. Çünki bu bank Azərbaycana lazımdır. Biz Beynəlxalq Bankın ətrafında ajiotajlar yaratsaq və nəticədə bu bankın fəaliyyəti dayansa Azərbaycanın bank sektorunu yaxşı vəziyyət gözləməyəcək".

Ə.Məsimli bildirib ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasına dair işlərə daha çox diqqət ayırmaq lazımdır: "Əgər biz əksinə olaraq sözügedən bankın sağlamlaşdırılması məsələsini yaddan çıxarsaq, Azərbaycanın bank sisteminə böyük zərbə vurulmasında iştirak etmiş olarıq. Əsas diqqəti və təklifləri bilavasitə Beynəlxalq Bankın sağlamlaşdırılması və əvvəlki imicinin qaytarılmasına yönəltməli, regionda ən güclü banka çevrilməsi istiqamətində işləri davam etdirməliyik. Qalan məsələlər isə epizodik xarakter daşımalıdır".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev qeyd edib ki, Azərbaycanda təxminən 20 milyard ABŞ dolları dəyərində iqtisadi kredit qoyuluşu var: "Bu kreditlərdən 1 milyard 200 milyon dollara yaxını vaxtı keçmiş kreditlərdir. Buraya həm borcunu gec ödəyənlər, həm də ödəmə qabiliyyəti olmayanlar daxildir. Bu rəqəmlər təhlükəli sayılan 10 faizi keçməsə də bugünki gündə böyük bir məbləği əhatə edir. Eyni zamanda, biz keçən illərə nisbətən rəqəmlərin artdığının da şahidi oluruq. Bu cür hallar bank sektorunda risklərin artmasına gətirib çıxarır".

İqtisadçı ekspert əlavə edib ki, əsas problem alınan kreditlərin geri qaytarılması məsələsidir: "Bu istiqamətdə banklar tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu riskləri azaltmaq üçün daxildə fondlar yaradılır, gecikmə ilə bağlı məhkəmə işləri həyata keçirilir. Bununla yanaşı bank sektorunda yaranan bu kimi problemlərin ümumilikdə dövlətin maliyyə bazarına mənfi təsirlərinin qarşısını almaq üçün hökumət tərəfindən də zəruri tədbirlər həyata keçirilir. Əsas diqqət isə bu gün iri borcu olan kredit ödəyicilərinin yayınma hallarının qarşısının alınmasına yönəlib".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə bildirib ki, hazırda Azərbaycanda bank sektorunun sağlamlaşdırılması və şəffaflaşdırılması istiqamətində tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir: "Ümumiyyətlə bankların inkişafına maliyyə intizami və nəzarəti olduqca vacibdir. Nəzarət olmadan bank sektorunu inkişaf etdirmək mümkün deyil. Bu həm dövlət, həm də özəl banklara aiddir. Təbii ki, dövlətin payı olan banklarda maliyyə intizamının yaradılması, kreditlərin ayrılmasına nəzarətin formalaşdırılması korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi baxımından olduqca zəruridir". V.Bayramov qeyd edib ki, xüsusilə bu ildən etibarən Azərbaycanda bank sektorunun sağlamlaşdırılması və şəffaflığın artırılmasıyla bağlı ciddi addımlar atılmağa başlanılıb: "Bu addımlar birmənalı şəkildə imkan verir ki, bank sektorunda maliyyə intizamına formalaşdırmaq mümkün olsun. Çünki maliyyə intizamının zəif olması problemlərin artmasına gətirib çıxarır. Bu mənada bank sektorunda intizamın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması problemli kreditlərə nəzarət etməyə imkan verəcək. Ona görə də, bu istiqamətdə tədbirlərin davam etdirilməsi, yoxlamaların aparılmasına ehtiyac var. Bank sektorunun sağlamlaşdırılması real sektorda sağlam vəsaitlərin daxil olması, real sektora çalışan sahibkarların bankların maliyyə resurslarından daha çox istifadə etməsinə imkan verəcək".

İqtisadçı alim xatırladıb ki, dövlət başçısı İlham Əliyev keçirdiyi son müşavirədə bankların real sektoru maliyyələşdirməsinin vacibliyi ilə bağlı göstərişlərini verib: "Bu tədbirlərin həyata keçirilməsi həm də ona görə vacibdir ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda real sektorun maliyyə mənbələri yalnız dövlət büdcəsindən ayrılmalar deyil, eyni zamanda bankların vəsaitləri  olmalıdır. Bu baxımdan son dövrlər bank sektorunda həyata keçirilən tədbirlər və həbslərin qeydə alınmasına sadə bir tədbir kimi deyil, ciddi islahatların bir elementi kimi baxmaq lazımdır. Çünki aparılan islahatlar bank sektorunun yenidən sağlamlaşdırılması və şəffaflaşmasına imkan verəcək".

Ceyhun ABASOV

 





22.09.2015    çap et  çap et