525.Az

"Sahibkarlara əlverişli şərait yaradılıb"


 

"BÜTÜN FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏR KREDİTLƏRİ VAXTINDA QAYTARMAQ VƏ DİGƏR MƏSƏLƏLƏRİ HƏLL ETMƏK ÜÇÜN İŞLƏRİNİ YENİ ŞƏRAİTƏ UYĞUN QURMALIDIRLAR"

"Sahibkarlara əlverişli şərait yaradılıb"<b style="color:red"></b>

Azərbaycanda son illər sahibkarlığın, özəl sektorun inkişafı ilə bağlı xeyli işlər görülüb.

Azərbaycan prezidentinin bilavasitə rəbərliyi və tapşırıqları əsasında həyata keçirilən bu tədbirlər nəticəsində sahibkarlıq, özəl sektor  sahəsi nəzərəçarpacaq dərəcədə inkişaf edib.

Görülən işlər kimi özəlləşdirmə, sahibkarlığın inkişafına dair proqramların qəbul edilməsi, qanunvericilik sahəsində mühüm addımların atılması, ümummilli lider Heydər Əliyev, sonralar isə prezident İlham Əliyev dəfələrlə sahibkarla görüşlər keçirmələrini qeyd etmək olar. Bir sözlə, sahibkarlara ölkə rəhbərliyi tərəfindən həm hüquqi, həm də siyasi-mənəvi dəstək verilib. Sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib, fondun xəttilə sahibkarlara indiyədək 2 milyard manatadək yardım göstərilib, 130 mindən çox yeni iş yerinin yaradılması mümkün olub. Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması  üçün yeni hüquqi sənədlər qəbul edilib, prezident öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, sahibkarların dövlətin  himayəsində olduğunu vurğulayıb.

Onu da xatırlatmaq yerinə düşər ki, qeydiyyat prosesinin asanlaşdırılması, vergi qanunvericiliyinin sadələşdirilməsi, investisiya mühitinin sağlamlaşdırılması nəticəsində Azərbaycan Dünya Bankı Qrupu tərəfindən açıqlanmış "Doing Business 2015" reytinq hesabatında  189 dünya ölkəsi arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb. Lakin verilmiş  güzəştlər özəl sektorun, investorları, xüsusən iri məbləğdə kreditlər götürmüş şəxslərin vergi və bank öhdəliklərindən azad edilməsi demək deyil. Hər hansı bir ölkədə makroiqtisadi sabitlik yalnız əlverişli biznes mühiti, uğurlu  iqtisadi islahatlardan deyil, eyni zamanda sahibkarların, iri vergiödəyicilərinin dövlət, vergi orqanları və kredit götürdükləri qurumlar qarşısında öz qanuni öhdəliklərinə əməl etmələrindən xeyli dərəcədə asılıdır. İri vergiödəyicilərinin məsuliyyətdən qaçma , vergidən yayınma cəhdlərinin bəzən kifayət qədər inkişaf etmiş bu və ya digər ölkədə necə maliyyə gərginliyi yaratdığının şahidi olmuşuq. Belə gərginliyin qarşısını almaq üçün ABŞ-da antiinhisar qanunvericiliyi, vergi cinayətlərinə görə cəzalar sərtləşdirilir, vergidən yayınma halları haqda məlumat verən şəxslər təşviq edilir. Rusiyada 2000-ci illərin əvvəllərində maliyyə oliqarxiyası  əleyhinə sərt ölçü götürüldü. Dünyanın "ofşor cənnəti" hesab olunan İsveçrədə də bank-maliyyə sektorunu kataklizmlərdən qorumaq üçün qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atılır.

Azərbaycan da bu baxımdan istisna deyil. Dövlət, kreditlər təqdim etməklə yanaşı onların təyinatı üzrə xərclənməsinə və vaxtında geri qaytarılmasına nəzarəti gücləndirir. Eyni zamanda bank-maliyyə sektorunda yarana biləcək xoşagəlməz halların ölkənin  makroiqtisadi sabitliyini təhdid etməsinə yol verməmək üçün ciddi  monetar siyasət yürüdür. İri vergiödəyiciləri dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməlidir, əks təqdirdə qanunvericiliyin tələb etdiyi addımların atılması labüddür. Bu, sadəcə hüququn deyil, həm də iqtisadiyyatın tələbidir. Götürülmüş kreditlərin iqtisadi inkişafa deyil, təmtəraqlara xərclənməsinə cəmiyyətin mənfi münasibətini nəzərə alaraq atılan addımların həm də sosial sifariş olduğunu deyə bilərik.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına əl atılması yolverilməzdir.

Millət vəkili, iqtisadçı Əli Məsimli "525"ə bildirib ki, dünya bazarında neftin qiyməti ötən illə müqayisədə 2 dəfədən çox aşağı düşüb. Bunun birbaşa təsiri Neft Fondunun, büdcənin gəlirlərinin azalmasında, dolayı təsiri isə vəsait çox olan zaman geninə-boluna sifariş alıb irimiqyaslı işlər görən şirkətlərin fəaliyyətinin zəifləməsində göstərir: "Ona görə də bu il həm neft, həm qeyri-neft sektorunda fəaliyyət göstərən hüquqi şəxslərin gəlirləri aşağı düşüb.Neft gəlirlərinin aşağı düşməsi məntiqi surətdə büdcədə əsaslı xərclərin bir hissəsini ixtisar etməyi zəruri edib. Sözügedən investisiya layihələrində iştirak edənlərdən kimlər əsaslı vəsait qoyuluşunun azalması nəticəsində yaranmış yaranmış yeni situasiyaya uyğunlaşa biləcəklərsə, fəaliyyətlərini davam etdirə biləcəkər, hansı şirkət və ya digər kateqoriyalı qurumlar yeni situasiyaya uyğunlaşa bilməyəcəklərsə, onları ciddi maliyyə və sair sahələrdə problemlər gözləyir.Ona görə də həmin kateqoriyaya aid şirkətlər vergi borclarını vaxtında ödəmək, aldığı kreditləri vaxtında qaytarmaq, işçilərinə vaxtlı-vaxtında maaş vermək və s. bu kimi sahələrdə problemləri həll etmək üçün işlərini yeni şəraitə uyğun qurmalıdırlar".

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  "525"ə deyib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafına dövlət səviyyəsində kifayət qədər ciddi diqqət yetirilir. Bu sahədə hökumətin atdığı addımlar artıq ciddi nəticələrin əldə olunmasına gətirib çıxarıb: "Son 5 il ərzində Ümumi Daxili Məhsulumuzda qeyri neft sektorunun payının 50%-dən 70%-ə qədər yüksələ bilməsi dediklərimizə əyani sübutdur. Sahibkarlığın inkişafına dövlət səviyyəsində belə qayğıya heç də hər ölkədə rast gəlinmir. Ölkə Prezidentinin bu sahəyə verdiyi önəm hər kəsə bəllidir. Lakin o da məlumdur ki, Prezident dəfələrlə hər kəsi qanun çərçivəsində fəaliyyət göstərməyə səsləyib. Çox təəssüf ki, bir çoxları krediti götürmək uğrunda mübarizə aparıb, istədiklərinə nail olduqdan sonra bu krediti vaxtında qaytarmağı "yaddan çıxarırlar".  Onun sözlərinə görə, elə Beynəlxalq Bankdan kredit götürən özünə iş adamı statusu vermiş bəziləri də bu kreditlərin vaxtında qaytarılmasına biganə yanaşıblar: "Hesab edirəm ki, bu hər bir şəxsin fərdi məsuliyyətidir və ölkə qanunvericiliyinin tələblərinə görə istənilən maliyyə qurumu öz vəsaitlərini geri qaytarmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hazırda Beynəlxalq Bank ətrafında müəyyən şişirtmə və situasiyanın təhrif olunması hallarına da rast gəlinir.Əslində isə baş verənlərdə qeyri-adi heç nə yoxdur. Bir bank öz vəsaitlərinin taleyinə biganə olmadığını göstərir. Bank cəza tətbiq etmə orqanı deyil. Vətəndaşın məsuliyyətə cəlb olunmasını təmin edən müvafiq qurumları var ki, hazırda onlar da Beynəlxalq Bankın işi üzrə fəaliyyət göstərirlər".

Ekspert Qabil Hüseynli xatırladır ki, son illər ərzində sahibkarlığın, özəl sektorun inkişafı üçün həqiqətən iri həcmli işlər görülüb: "Bunlara şahidlik etmək üçün yalnız iqtisadçı olmaq lazım deyil. Görülən işlər, qəbul edilmiş dövlət proqramları barədə hər birimiz məlumatlıyıq. Sahibkarlar, özəl sektor  nümayəndələri yaranmış şəraitdən maksimum istifadə edərək əslində daha çox inkişafa nail ola, gəlir götürə bilərdilər. Çünki Azərbaycan sahibkarlığın inkişafı üçün əlverişli ölkədir. Bu sahəyə diqqət və qayğı müşahidə olunur". Ekspert bununla belə son aylar ərzində  iri vergiödəyiciləri dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməmələrinə dair faktların ortaya çıxdığını deyib: "Mətbuatda bu gün də (dünən) belə bir məlumatla tanış olduq. Krediti götürməzdən əvvəl onu qaytarıb-qaytarmayacağını götür-qoy etməlisən. Əgər böyük məbləği geri ödəmək imkanın yoxdursa götürmə, yaxud da ödəmək istəmirsənsə, öz əməlinin cavabını verməlisən. Hesab edirəm ki, hər kəs qanun qarşısında öz öhdəliklərini, məsuliyyətini dərk etməlidir. Kreditlərin geri qaytarılmaması əlbəttə ki, dövlət, onun maliyyə dayaqları üçün ziyandır. Ölkədə yaradılan azad sahibkarlıq mühitindən, biznes imkanlarından sui-istifadə etmək olmaz. Buna görə də qanunvericilikdən irəli gələn tədbirlərin görülməsi vacibdir və biz belə tədbirlərin görüldüyünü də müşahidə etməkdəyik. Lazımi addımlar atılmalıdır ki, bununla bağlı yeni problemlər ortaya çıxmasın".

PƏRVANƏ

 





24.09.2015    çap et  çap et