525.Az

Minsk Qrupundan növbəti ermənipərəst mövqe


 

"HƏMSƏDRLƏR İŞĞAL FAKTINI ETİRAF ETMƏLİDİRLƏR"

Minsk Qrupundan növbəti ermənipərəst mövqe<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endriu (Fransa) Azərbaycan və Ermənistan prezidentlərini atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə yeni mexanizm qəbul etməyə çağırıb. Bu bəyanat bir daha təsdiq edir ki, həmsədrlərin bölgədə sülh yaratmaq niyyətləri yoxdur. Onların məqsədi Dağlıq Qarbağ münaiqşəsini dondurulmuş fazada saxlamaq və partlamağa hazır barıt çəlləyi kimi lazım olan anda regionu alovlandırmaq üçün istifadə etməkdir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu bəyanatına cavab olaraq "AZƏRTAC"a bildirib ki, qeyd olunan "insidentlərin" baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur. Nazir vurğulayıb ki, əksinə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir.

Görünən odur ki, Minsk Qrupu status-kovunu qorumaqda israrlı olsa da, Azərbaycan işğalçı qüvvələri Dağlıq Qarabağdan çıxarmaqda qətiyyətlidir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin atəşkəsin pozulması hallarının araşdırılmasına dair  yeni mexanizmin yaradılması haqda münaqişə tərəflərinə etdiyi çağırış həqiqi narahatlığı özündə əks etdirmir: "ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikə yerli şərait bəllidir. O cümlədən, ona müxtəlif mənbələrdən kifayət qədər kəşfiyyat məlumatları daxil olur. Kasprişik sıradan bir insan deyil. O sadəcə diplomat kimi seçilməyib. Əslində onun mandatı diplomatik xarakterdən daha çox hərbi xarakter daşıyır. Kasprişik də öz növbəsində tabe olduğu qurumun rəhbərliyinə mütəmadi məlumatlar ötürür. ATƏT-in Minsk Qrupu da buna adekvat reaksiya göstərir. Hiss olunur ki, ABŞ, Fransa və Rusiya bölgədə hərbi eskalasiyanın yenidən baş qaldırmasına maraqlı deyil. Burada bir neçə məqam var. Hazırda Suriyada savaşın getdiyi dönəmdə əlavə olaraq Qafqazlarda yeni müharibələrin alovlanması Rusiyanın dövlət təhlükəsizliyinə böyük zərbə olardı. Digər tərəfdən Ermənistan öz yükünü çəkməyə qadir deyil. Eyni zamanda, Qərb dairələri bu ölkəni Rusiyanın təsirindən azad etmək üçün müxtəlif hiylələrə əl atır ki, bu da zaman-zaman özünü göstərir". Z.Oruc qeyd edib ki, təmas xəttində gərginliyin hazırkı səviyyəyə çatması Ermənistanda müəyyən qüvvələrin Rusiyanın beş rayonun qaytarılmasına dair Azərbaycanla müxtəlif sövdələşmələrə getməsi haqda yayılan fikirlərlə əlaqədardır: "Sanki bu vəziyyəti pozmaq, razılaşmalara zərbə vurmaqdan ötrü xüsusi əməliyyatlar keçirilir, Azərbaycan isə bunun qarşılığını çox sərt şəkildə verir. Hazırda yayılan məlumatlara görə, erməni tərəfi ağır itkilər verib. Bu onu sübut edir ki, Azərbaycan ikinci Qarabağ savaşına ciddi hazırlaşıb. Lakin bizə də bəllidir ki,  münaqişə ocağı genişlənsə buraya başqa dövlətlər də qoşulacaq ki, bununla da problem daha da dərinləşə bilər. Bu baxımdan bizim üçün ən önəmli məsələ hazırki dövrdə ölkədə sabitliyi, təhlükəsizliyi və əmin-amanlığı qorumaq şərtilə bütün qüvvələrin cəbhəyə diqqətini yönəltməkdir. Eyni zamanda, beynəlxalq birlik məhz Ermənistana təzyiqlərini göstərməlidir. Yəni, verilən bu bəyanatla Ukraynadakı məsələlərə göstərilən reaksiyalar eyni deyil. Orada az qala bütün beynəlxalq dairələr Donbasın qorunması üçün qolunu çırmalayıb döyüşə girməyə hazırdır. Bəs, həmin qüvvələr eyni addımı niyə burada atmırlar?"

Millət vəkili diqqətə çatdırıb ki, həmsərdlərin bu çağırışı ilə bərabər müxtəlif təsir vasitələrindən də istifadə olunacaq: "Nəticə birdir. Bu zaman Azərbaycan bütün cəbhə boyu düşmənə zərbə vurmaqdan geri durmayacaq. Bu dəqiqdir. Hazırda ermənilər bizdən bu siqnalları alırlar".

Politoloq Qabil Hüseynli isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyinin təəccüblü olduğunu deyib. Onun sözlərinə görə, hər il yay aylarında ermənilər təmas xətti boyunca yanğınlar törədir və şiddətlənən alov cəbhənin Azərbaycan istiqamətinə keçərək Ağdam, Füzuli, Tərtər və digər rayonlarda ciddi fəsadlar yaradır: "Azərbaycanın təkidi ilə ATƏT-də faktaraşdırıcı missiya yaradılsa da fəaliyyəti bizi qane etmir. Ötən il missiya üzvləri təmas xəttində monitorinq apararaq hadisəni təbii fəlakət kimi qələmə veriblər. Halbuki, müşahidələr göstərir ki, bölgədə bu cür təbii fəlakətlərin baş verməsi üçün səbəb yoxdur. Hətta adi bir insan həmin ərazilərimizdə bu cür yanğın hadisələrinin təbii fəlakət olmadığını söyləyə bilər".

Politoloqun fikrinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri hansı atəşkəsin pozulması hallarının araşdırılması mexanizmindən danışırlar ki, ortada işğal faktı var: "İlk növbədə həmsədrlərin  dilindən işğal faktı etiraf olunmalıdır. Dövlət başçısı İlham Əliyevin təbirincə desək, erməninin Ağdam, Füzuli və digər Azərbaycan torpaqlarında nə işi var ki, onlar ordumuzun açdığı atəşlərdən gileylənir, narahat olurlar? Ona görə də, hesab etmirəm ki, bu cür araşdırma missiyası yaradılacaq və onlar bütün bu problemlərin öhdəsindən gələ biləcəklər. Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini xaricdən gələn həbçilərə necə təhvil verə, hərbi texnikasını necə etibar edə bilər ki, onların əsl məqsəd və niyyətləri bizə məlum deyil? Hərbi sirri heç kimə etibar etmək olmaz".

Həmsədrlərin münaqişənin həll edilməsindənsə, atəşkəsin bərpa olunması istiqamətində çalışdıqlarını dilə gətirən Q.Hüseynli hesab edir ki, vasitəçi dövlətlər ilk növbədə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı son bəyanatına diqqət yetirməli, öz mövqelərini bildirməlidir. Həmsədrlər qeyri-müəyyən, qeyri-obyektiv mövqelərindən əl çəkib Azərbaycan torpaqlarında yaranmış vəziyyətə münasibət bildirməli, işğalçı ölkə rəhbərliyini siyasi məsuliyyətə cəlb etməlidirlər".

Ceyhun ABASOV

 





29.09.2015    çap et  çap et