525.Az

Sarkisyanın etirafı


 

ERMƏNİSTAN PREZİDENTİ DAĞLIQ QARABAĞIN İŞĞALI FAKTINI TƏSDİQLƏDİ

Sarkisyanın etirafı<b style="color:red"></b>

"Ermənistan prezidenti Serj Sarkisyan artıq nə etdiyini bilmir. O diqqəti daxili proseslərdən yayındırmaq üçün Ermənistan-Azərbaycan sərhəddi və qoşunların təmas xəttində iriçaplı silahlardan istifadə edərək atəşkəsi pozur".

Bu sözləri Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Sarkisyanın guya Dağlıq Qarabağın Ermənistan ərazisi olması haqda verdiyi bəyanata münasibət bildirərkən deyib. O qeyd edib ki, işğalçı ölkə çox ağır vəziyyətdədir: "Ermənistan sosial, iqtisadi, siyasi və hərbi böhran keçirir. Vəziyyət o qədər müşküldür ki, əhali elektrik enerjisinin artırılmasından belə kütləvi etiraz dalğasına başlayır. Digərləri isə çıxış yolunu ölkəni tərk etməkdə görür. Bu bir daha təsdiq edir ki, Ermənistanda həddindən artıq dözülməz şərait hökm sürür. İşğalçı rejim dərk edir ki, Azərbaycan ordusu iyirmi il ərzində böyük inkişaf yolu keçib. Ona görə də buradan belə bir qənaətə gəlmək olar ki, Ermənistan müharibə etmək istəmir. Sadəcə Sarkisyan daxili auditoriyanı ələ almağa çalışır. Lakin informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə təmas xəttində baş verən hadisələr - düşmən tərəfinin təxribat cəhdlərinin qarşısının alınması, canlı itki vermələri, hərbi texnikalarının məhv edilməsi bütün reallığı erməni ictimaiyyətinə də təqdim etməyə kifayət edir. Ermənistan vətəndaşları görür ki, Azərbaycan Silahlı Qüvvələri qat-qat inkişaf edib və Sarkisyan rejiminin diqtə etdiyi fikirlər isə nağıldır".

Hərbi ekspert bildirib ki, Ermənistan Dağlıq Qarabağı nə "müstəqil" qurum kimi tanıya, nə də özünə birləşdirə bilir: "Dünənə qədər onlar deyirdilər ki, guya separatçılar öz "müstəqil"liklərini elan ediblər və Ermənistanın onlara heç bir aidiyyatı yoxdur. Bu da heç bir reallığa uyğun deyil, əslində Ermənistan keçmiş SSRİ və Qərbin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib. Çünki Ermənistanın Dağlıq Qarabağın işğal etməyə hərbi imkanları yox idi".

E.Həsənlinin sözlərinə görə, Sarkisyan başa düşür ki, o beynəlxalq münasibətlər sistemində də məğlub durumdadır: "Ermənistan status-kvonu dondurulmuş vəziyyətdə saxlaya bilməyəcək. Azərbaycan Dağlıq Qarabağ torpaqlarını işğaldan azad edəcək".

Ermənistan prezidentinin verdiyi bəyanata toxunan hərbi ekspert xatırladıb ki, bundan əvvəl də Sarkisyan guya Dağlıq Qarabağı azad etdiklərini, gələcək nəsillərin isə Ağrı dağı azad edəcəyini deyib: "Ermənistanın konstitusiyasında hələ də bu iddia var. Onlar xəstə xülyalarını qapılaraq zənn edirlər ki, səksən milyonluq qardaş Türkiyəyə qarşı ərazi iddialarını reallaşdıra bilərlər. Lakin dünya erməniləri artıq anlayıb ki, bu cür sərsəm iddiaları həyata keçirmək qeyri-mümkündür. Hərçənd Sarkisyan hakimiyyətə gələndə xeyli vədlər verib. Zaman isə göstərib ki, o bunların heç birini reallaşdırmaq imkanına malik deyil. Çünki hazırkı Ermənistanın heç bir potensialı yoxdur. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistan bütün iqtisadi layihələrdən kənarda qalıb. Eyni zamanda, Türkiyə sərhəddində bağlı qapılar arxasında qalan işğalçı ölkə heç cür vəziyyətdən - iqtisadi blokadadan çıxa bilmir. Ermənistanın nicatı işğal etdiyi torpaqları geri qaytarmaq və qardaş ölkəyə qarşı irəli sürdüyü uydurma ərazi və soyqırım iddialarından imtina etməkdir. Əks halda işğalçı ölkənin vəziyyəti daha da ağırlaşacaq".

Ermənistanın bütün beynəlxalq hüquq və konvensiyaları pozaraq mülki əhaliyə qarşı atəş açdığını, əsir və girovlara işgəncə verdiyini, cəbhə boyu müxtəlif təxribatlara əl atdığını deyən E.Həsənli vurğulayıb ki, Azərbaycan əsgərinin sivil şəxsə qarşı atəş açmasına dair bir fakt belə yoxdur.

Hərbi ekspert əlavə edib ki, Ermənistanın təcavüzkarlıq niyyətlərinin güclənməsinin digər günahkarı münaqişəyə obyektiv qiymət verməyən beynəlxalq aləmdir: "BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü ATƏT-in Minsk Qrupunda təmsil olunur. Bu dövlətlər 20 ildən artıqdır ki, Ermənistanla Azərbaycan arasında danışıq aparsa da ortada heç bir nəticə yoxdur. Beynəlxalq dairələr Ermənistanın işğalçı siyasətini dayandırmaq, ədaləti bərpa etmək üçün konkret tələb ortaya qoymur, işğalçıya qarşı sanksiya qəbul etmək istəmirlər. Halbuki, xarici qüvvələr bir saat ərzində BMT Təhlükəsizlik Şurasının Liviya, Misir, Suriya, İraq və digər dövlətlərə qarşı qəbul etdiyi qətnamələrin icrasını həyata keçirirlər. Dünyada ədalət olsaydı Ermənistanın rəhbərliyində təmsil olunan şəxslər törətdikləri cinayət əməllərinə görə ömürlük həbsə məhkum edilərdilər. Lakin təəssüflər olsun ki, biz bunun şahidi ola bilməmişik. Onların qarşısını yalnız Azərbaycan əsgəri kəsə bilər".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan qondarma erməni soyqırımının 100 illiyinə həsr edilən tədbirin koordinasiyası üzrə dövlət komissiyasının iclasında guya Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edib.

Bu bəyanatı növbəti erməni riyakarlığı kimi qiymətləndirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, bununla işğalçı rejimin guya Dağlıq Qarabağın orada yaşayan ermənilərin iradəsi ilə Azərbaycandan ayrıldığına dair səsləndirdikləri sərsəm fikirlər alt-üst olub: "Ermənistan parlamentində Dağlıq Qarabağın "müstəqil" qurum kimi tanınmasına dair edilən təkliflərin heç biri qəbul olunmayıb. Yəni, Rusiya və Ermənistanın qondarma qurumu tanımaması bu qüvələrin riyakarlığını göstərir. Onlar dünyaya çatdırmaq istəyirdilər ki, guya onlarlıq heç nə yoxdur, bütün bunları Qarabağ erməniləri ediblər. Lakin bütün dünyaya məlumdur ki, işğal faktının arxasında Ermənistan və Rusiya dayanır. Sadəcə olaraq rəsmi etiraf yox idi".

Ukraynada baş verən proseslərdə Rusiyanın əsl iç üzünü ortaya qoyduğunu deyən politoloq qeyd edib ki, dəfələrlə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti məsələ qaldırıb ki, necə olur, oxşar münaqişəyə görə Ukraynaya dəstək olursuz, Azərbaycana isə yox: "Halbuki, keçən il baş verən Ukrayna böhranından fərqli olaraq Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır hökm sürür".

M.Zülfüqarlı bildirib ki, Sarkisyanın bəyanatından xeyli öncə Ağdam yaxınlığında Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulması faktı da bir daha təsdiq edib ki, işğal olunan torpaqlarda hər hansı bir separatçı qurumun deyil, Ermənistanın ordusu xidmət çəkir".

Politoloqun sözlərinə görə, Sarkisyanın bu bəyanatı daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır: "Lakin Dağlıq Qarabağı sözdə Ermənistanın ayrılmaz tərkib hissəsi adlandırmaqla Sarkisyan siyasi səhv buraxıb. Bugünə qədər Dağlıq Qarabağla bağlı Ermənistan rəhbərliyi riyakar mövqe nümayiş etdirir, məsələdən yayınmağa cəhd göstərirdi. Amma hisslərinə hakim ola bilməyən Sarkisyan belə bir bəyanat verməklə bunaqədərki siyasi görüşlərinin üstündən xətt çəkib. Bu da Azərbaycana üstünlük verir ki, BMT, ATƏT-in Minsk qrupu ilə danışıqlarda günahkarın Ermənistan və onun arxasında dayanan dünya güclərinin olduğunu bildirsin. Əgər Dağlıq Qarabağ həqiqətən də ermənilərin əlində olsaydı biz bu problemi çoxdan həll edərdik".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan ordusunun itkilərindən çıxış yolunu "mən Ermənistan deyəndə Dağlıq Qarabağı da nəzərdə tuturam" fikrini səsləndirməkdə görüb: "Bu ifadə faktiki müharibəyə dəvətdir. Bununla Sərkisyan bir tərəfdən işğal altındakı ərazilərin Ermənistana "məxsusluğunu" iddia edib, digər tərəfdən "Dağlıq Qarabağ Respublikasının" mif olduğunu etiraf edib".

Politoloqun sözlərinə görə, bir dəfə Ermənistanın müdafiə naziri deyib ki, Mingəçevir elektrik stansiyasını dağıda bilərlər: "Ermənistan rəhbərliyi guya bununla bizi qorxutmaq istəyirdi. Buna cavab olaraq Azərbaycanın müdafiə naziri bildirib ki, biz də müasir raketlərlə Metsamor atom elektrik stansiyasının altını üstünə çevirə bilərik. Bununla İrəvan susdu. İndi də Sərkisyana elə cavab verilməlidir ki, yerini bilsin. Bundan başqa münaqişənin həlli ilə məşğul olan ATƏT-ə təcili müraciət edilməlidir ki, onlar Sarkisyanın nə demək istədiyini aydınlaşdırsınlar".

Ceyhun ABASOV

 





29.09.2015    çap et  çap et