525.Az

Şərqdə münaqişə ocaqları kimə və nəyə lazımdır?


 

Şərqdə münaqişə ocaqları kimə və nəyə lazımdır?<b style="color:red"></b>

Şərq ölkələrində bu gün genişlənən bu münaqişə ocaqları çox böyük layihələrin nəticəsidir.
 
Dünyada bəzi qüvvələrin çox düşünülmüş layihəsi olan bu münaqişə ocaqlarının yaranması nəinki təsadüfi deyil, bu, çox strateji planların bir hissəsidir. Həmin hərbi qarşıdurmalar yalnız enerji resurslarının, zəngin neft-qaz yataqlarının yenidən bölüşdürülməsi uğrunda gedən mübarizənin nəticəsi deyil.

Burada daha ciddi məqsədlər, strateji planlar var. Həmin məqsədlərdən biri islam sivilizasiyasından qorxu hissi keçirən qüvvələrin planlarıdır. Əsas hədəflərdən biri də bu sivilizasiyanı məhv etmək, ümumilikdə, dünyada anti-islam meyllərini gücləndirməkdir. İslam ölkələrində baş verənlərin, xüsusilə, terror qruplarının islam dini ilə heç bir bağlılığı yoxdur. Bunu təsdiq edən faktlar kifayət qədərdir.

Bu gün din adı altında azərbaycanlı gənclərin gedib Suriyada, İraqda  və başqa yerlərdə döyüşməsinin islam dininə heç bir aidiyyəti yoxdur. Bu, islam dininə düşmən kəsilən bəzi dairələrin layihəsidir. İkincisi, belə qorxulu tendensiyaları müxtəlif cəmiyyətlərdə dərinləşən total savadsızlıqla bağlamaq daha realdır.

Dünyanın çox mötəbər strukturları islam dininə elm və hüquq konteksindən yanaşaraq istinad edirlər. Müqəddəs kitabımız olan Qurani-Kərimin 49-cu surəsinin 13-cü ayəsində yazılır: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız". Quranın bu ayəsinin təsirindən BMT-nin İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsi yaranıb.

Həmin sənəddə göstərilir: "Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar qardaşlıq münasibətində olmalıdırlar". Bu da islam dininə istinad olunmaqla insana verilən dəyərdir, ilahi eşqin təzahürüdür. İslami dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Bütün bu məqamlar belə bir dinin terrorla hər hansı əlaqəsinin olması fikrini birmənalı şəkildə sıfıra endirir.

Ancaq digər bir vacib məqamı unutmaq olmaz. Təhsilsiz, maarifçilik ənənələrinin zəif inkişaf etdiyi cəmiyyətlərdə islami dəyərlərə qarşı məkrli planları həyata keçirmək üçün münbit şərait yaranır. Bir sözlə hər hansı millətin gələcəyinə zərbə vurmaq üçün onun təhsilini məhv etmək ən təsirli vasitələrdən biridir. Heç şübhəsiz təhsilsiz cəmiyyətlərdə istənilən qara niyyətləri həyata keçirmək rahat olur. İndi münaqişə ocaqlarındakı təhsillə bağlı vəziyyətə diqqət yetirək.

BMT-nin Uşaq Fondu (UNİCEF) "Atəş altında təhsil" başlıqlı hesabat yayıb. Həmin hesabat Suriya, İraq, Fələstin, Liviya, Sudan, Yəmən kimi müharibə bölgələrindəki uşaqların təhsil vəziyyətini əhatə edir. Hesabata görə, dünyada 13,4 milyon uşaq müharibələr səbəbindən təhsil ala bilmir. Hesabatda adıçəkilən ölkələrdə silahlı hücumlar nəticəsində 9 min məktəb yararsız hala düşüb və istifadəsi mümkünsüzdür.

İstənilən cəmiyyətdə təhsil sahəsində dərinləşən problemlər və onun həlli istiqamətində heç bir addımın atılmaması millətin gələcəyini təhlükədə qoyur. Bu amili nəzərə alan həmin ABŞ-dan və Avropadan olan layihə müəllifləri Şərq ölkələrini öz poliqonlarına çevirdilər. Şübhəsiz ki, münaqişənin dərinləşməsində, islam dininin gözdən salınmasında təhsilsizlik bir çox səbəblərdən biridir.

Digər təhlükəli tendensiya ondan ibarət idi ki, həmin münaqişə baş verən ölkələrdə insanlarda olan sıxılmış enerji idi. Demokratik təsisatların yaranmaması, idarəetmə sistemində çox mühüm dəyərlərin təşəkkül tapmaması sonda prosesləri daha mənfi istiqamətə yönəltdi. Xarici müdaxilələrin, çox çirkin planların təsiri nəticəsində insanlar uzun illərdən qalan həmin sıxılmış enerjini dövlətin, cəmiyyətin inkişafına deyil, onun dağıdılmasına sərf etdilər.

Bu gün həmin əhali sağ qalmaq üçün, səfalətdən, aclıqdan qurtulmaq üçün Avropaya üz tutub. ABŞ-ın və bəzi Qərb dairələrinin layihəsinin ağır nəticələri göz qabağındadır. Avropa bu nəticənin dadını zaman keçdikcə hiss edəcək. Miqrant axınını ABŞ-ın Avropanı iqtisadi cəhətdən cəzalandırmaq planı kimi təqdim edənlər var. Ancaq bir vacib məqamı unutmaq olmaz. Fizikanın belə bir qanunu var. "Enerji itmir, o nəyə isə sərf olunmalıdır". Ya zəlzələdən, ya vəlvələdən indi Avropanın bəzi dairələrinin islam dini, ümumilikdə, müsəlman ölkələri ilə bağlı planları artıq özlərinin əleyhinə çevrilib. Deyəsən, bu xəmir hələ çox su aparacaq.

 





29.09.2015    çap et  çap et