525.Az

Robert Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlayacaq


 

Robert Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlayacaq<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclası çərçivəsində qurumun Demokratiya və siyasi məsələlər üzrə komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa müxbirinin məlumatına görə, toplantıda ingiltərəli deputat Robert Valterin Dağlıq Qarabağla bağlı şifahi hesabatı dinlənilib.
 
Qərara alınıb ki, məruzəçi R. Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlasın.
 
Qeyd edək ki, R. Valter AŞPA-nın Demokratiya və siyasi məsələlər üzrə komitəsi adından Dağlıq Qarabağa dair məruzə hazırlamaq üçün Azərbaycana səfər etsə də, Ermənistan hökuməti ona icazə vermədiyi üçün Ermənistan və Dağlıq Qarabağa səfərlər edə bilməmişdi. Erməni tərəfi məruzəçinin Dağlıq Qarabağla bağlı hesabat hazırlamasını istəmir.   
 
Komitənin iclasında iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağla bağlı hesabatın yazılacağını bildirib.
 
“Robert Valter Dağlıq Qarabağla bağlı məruzəsi ilə çıxış etdi və komitə Assambleyanın məruzəçisini ölkəyə buraxmamağı biabırçı bir addım kimi qiymətləndirdi. Erməni tərəfi müxtəlif bəhanələr gətirərək öz yalanlarını gizlətmək istəyirdi. Hansısa formada çalışırdılar ki, bu məsələni ört-basdır etsinlər, amma alınmadı. Nəinki alınmadı, erməni nümayəndə heyətinin üzvü Naqdalyanı ikinci dəfə komitədən qovdular.

Mən də öz növbəmdə çıxış edərək bildirdim ki, burada söhbət Robert Valterdən getmir. Dağlıq Qarabağ üzrə alt komitə var idi, siz onu niyə ləğv etdiniz? AŞPA-nın sabiq sədri Jan-Klod Minyon mənimlə və Ermənistan nümayəndə heyətinin rəhbəri ilə azı 10 dəfə görüşmüşdü, niyə bunu rədd etdiniz?

Deməli, məsələ Robert Valterdə deyil, Ermənistan sadəcə nələrisə gizlədir. Dedim ki, siz onu buraxmalıydınız, şərait yaratmalıydınız ki, o gizlədilən məsələlər üzə çıxsın. Yəni Dağlıq Qarabağla bağlı hesabat mütləq yazılacaq, Ermənistan məruzəçini ölkəyə buraxmasa belə. Robert Valterin mandatı bitənə qədər hesabat yazılacaq”.

 





29.09.2015    çap et  çap et