525.Az

Ədəbi-elmi fikir tariximizə dair faydalı tədqiqat


 

Ədəbi-elmi fikir tariximizə dair faydalı tədqiqat  <b style="color:red"></b> Əbülfəz QULİYEV
Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor

Filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi Hüseyn Həşimli yeni dövr Azərbaycan ədəbiyyatının unudulmuş şəxsiyyətlərinə, öyrənilməmiş problemlərinə  dair bir sıra mühüm araşdırmaların müəllifidir. Bu baxımdan onun  respublikamızda və xarici ölkələrdə müxtəlif dillərdə nəşr olunmuş “Azərbaycan poeziyasında sonet və terset”, “Azərbaycan mənsur şeirinin təşəkkülü”, “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı”, “Əli Səbri”, “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri”, “Azərbaycan ədəbi mühiti və türk dünyası”, “Azərbaycan mənsur şeirinin inkişaf yolları”, “Türk xalqlarının ədəbiyyat ilişkilərinə dair araşdırmalar”, “Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri” kimi monoqrafik tədqiqatları ayrıca qeyd olunmağa layiqdir. İyirminci əsrin əvvəlləri  Azərbaycan ədəbiyyatının bir sıra unudulmuş nümunələri də ilk dəfə H. Həşimli tərəfindən çapa hazırlanaraq çağdaş ədəbi ictimaiyyətə çatdırılmışdır.

Bunlardan Məhəmməd Hadi, Abdulla Sur və digərlərinin mənsur şeirləri, Əli Məhzun Rəhimovun ədəbi-nəzəri fikir tariximizdə özünəməxsus yer tutan “Ədəbiyyata dair”, Abdulla Divanbəyoğlunun “Məcnunun Leyliyə məhəbbəti” əsərləri, Bağır Cabbarzadənin “Bir yetimin naləsi” romanı, Əli Səbrinin “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti, Əlabbas Müznibin “Ürək yanğısı”, Ələkbər Qərib Naxçıvanlının “Haqq divanı” hekayələri, Əlipaşa Səbur Hüseynzadənin “Zümzümə”, “Düşüncə yarpağı” adlı şeir kitabları xatırladıla bilər. Bakıda 1910-1911-ci illərdə çap olunmuş “Yeni füyuzat” jurnalının bütün saylarının çapa hazırlanaraq kitab halında müasir oxuculara çatdırılması da H. Həşimlinin əməyinin bəhrəsidir. Ümumiyyətlə, ədəbi yaddaşın indiyədək diqqətdən kənarda qalmış müxtəlif səhifələrinə üz tutub onları sistemli şəkildə tədqiq etmək və həmin unudulmuş materialların bir çoxunu həm də nəşr etdirmək alimin ədəbiyyatşünaslıq və mətnşünaslıq fəaliyyətinin ardıcıl vəhdətindən soraq verir.

Bu yaxınlarda  Hüseyn Həşimlinin “Elm və təhsil” nəşriyyatında çap olunmuş  “Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir” adlı yeni monoqrafiyası (rəyçi – akademik, əməkdar elm xadimi İsa Həbibbəyli) da bu qəbildən olan diqqətəlayiq tədqiqatdır. Bəllidir ki, iyirminci əsrin əvvəllərində Azərbaycanda zamanın tələblərinə uyğun olaraq yeni tipli tədris vəsaitlərinin hazırlanması və nəşri işi xüsusi aktuallıq kəsb edirdi. Ana dili və ədəbiyyat üzrə dərsliklərə maraq və diqqət daha böyük idi. Həmin dövrdə bu sahədə ortaya çıxan müvafiq kitablar sırasında tanınmış pedaqoq, filoloq və publisist Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” dərsliyi (Bakı: “Kaspi” mətbəəsi, 1912) həm həcminə, həm də ədəbi-elmi əhatəsinə görə seçilirdi. Lakin deməliyik ki, tək-tək müəlliflərin qısa qeyd və mülahizələri çıxılmaqla indiyədək bu qiymətli məcmuə tədqiqata cəlb olunmamış, diqqətdən kənarda qalmışdır. Ona görə də ədəbiyyatşünas Hüseyn Həşimlinin ədəbi-elmi fikir tariximizdə mühüm yeri olan 370 səhifəlik həmin dərsliyi ilk dəfə olaraq əhatəli, sistemli şəkildə tədqiqata cəlb etməsi, geniş təhlillər və mükəmməl dəyərləndirmələr aparması böyük maraq doğurur. 

Monoqrafiyanın girişində müəllif “Ədəbiyyat məcmuəsi”nin araşdırılmasını aktuallaşdıran məqamlara, onun elmi əhəmiyyətinə, xüsusən Azərbaycanda dünya ədəbiyyatının tədqiqi və tədrisi tarixində məxsusi yerinə diqqət yetirmişdir. “Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”nin ədəbi-elmi əhatəsi” adlanan ilk fəsildə bu dərsliyin strukturuna, hissələrinə nəzər salınmış, hər hissədəki materialların mündəricəsi, səciyyəvi məziyyətləri əhatəli təhlil yolu ilə aşkarlanmışdır. Öyrənirik ki, məcmuənin ilk hissəsində verilmiş oxu materiallarını F. Ağazadə ictimai (məktəb, ailə və cəmiyyət), tarixi və ədəbi xarakterli nümunələr olmaqla üç qrupda birləşdirmişdir. Burada Azərbaycan, eləcə də bəzi dünya xalqlarının folklorundan və yazılı ədəbiyyatından, müxtəlif mənbələrdəki maraqlı materiallar sırasından seçilmiş mütaliə mətnləri didaktik mahiyyəti ilə diqqəti çəkir, həmin əsərlərdə Vətənə məhəbbət, elmin, maarifin təbliği, sadəlik, xeyirxahlıq, valideynə ehtiram kimi nəcib qayənin ifadəsi ön planda dayanır. Tədqiqatdan aydın olur ki, dərsliyin ikinci hissəsi zaman təsvirlərinə, məkan təsvirlərinə və incəsənətə dair materiallardan ibarətdir. Bu mətnlər bədii ədəbiyyatda zaman və məkan təsvirləri, həmçinin poeziya, musiqi, təsviri incəsənət və digər yaradıcılıq sahələri barədə lazımi təsəvvür yarada bilir. Yəni burada müxtəlif bədii mətnlərlə yanaşı, nəzəri-estetik səpkili müvafiq materiallar da verilmişdir.  

Dərsliyin  “Şərq və Qərb dahiləri” adlanan dördüncü hissəsi daha çox əlavə oxu materialları kimi nəzərdə tutulmuşdu. Monoqrafiya müəllifi qeyd edir ki, F. Ağazadə məktəblilərin bilik dairələrini, dünyagörüşlərini genişləndirmək məqsədi ilə bu hissəyə dünyanın (o sırada Azərbaycanın) bir sıra görkəmli şəxsiyyətləri barədə tanıtma yazıları daxil etmişdi: Zərdüşt, Budda, Konfutsi, Nuşirəvan, Harun-ər Rəşid, Fərabi, İstəxri, Sultan Mahmud Qəznəvi, İbn Sina, Nizamül-mülk, Nəsirəddin Tusi, Əmir Teymur, İldırım Bayazid, Nadir şah, Şeyx Şamil, İsgəndər, Arximed, Janna Dark, Quttenberq, Kolumb, Kopernik, Qaliley, Nyuton, 1-ci Pyotr, Vaşinqton, Napoleon, Qaribaldi, Edison kimi məşhur simalar haqqındakı belə materiallar və onların monoqrafiyada təhlil edilib dəyərləndirilməsi bu baxımdan maraq doğurur. Dərsliyin beşinci hissəsində “Atalar sözləri”, “Həkimanə sözlər” və “Qəzəliyyat” başlıqları altında verilmiş materiallar da ədəbi-didaktik qayəsi ilə səciyyələnir. Son hissə isə mətnlərdəki çətin anlaşılan sözlərin lüğətindən ibarətdir. Bütün bunlar da monoqrafiyada lazımi elmi təhlilini tapmışdır. “Ədəbiyyat məcmuəsi”nin həcm və elmi-ədəbi əhatə baxımından ən sanballı bölməsi üçüncü hissədir. Bu hissə əsasən dünya ədəbiyyatı məsələlərinə həsr olunmuşdur və dörd bölmədən ibarətdir: türk ədəbiyyatı, fars ədəbiyyatı, rus ədəbiyyatı və Qərb ədəbiyyatı. Azərbaycanda dünya ədəbiyyatının tədqiq və tədrisi tarixində xüsusi əhəmiyyət daşıyan bu materiallar monoqrafiyanın  sonrakı iki fəslində hərtərəfli şəkildə elmi araşdırma predmetinə çevrilmişdir.

Belə ki, “Ədəbiyyat məcmuəsi”ndə Şərq xalqları ədəbiyyatı məsələləri” adlanan ikinci fəsildə əvvəlcə bu dərslikdə türk xalqlarının söz sənətinə dair materiallar yüksək professionallıqla araşdırılmışdır. Burada Azərbaycan klassiklərindən N. Gəncəvi, Ə. Xaqani, M. Füzuli, S. Ə. Nəbati, özbək ədibi Ə. Nəvai, həmçinin Osmanlı ədəbiyyatı nümayəndələrindən C. Rumi, Ziya Paşa, M. Naci, N. Kamal, Ş. Sami, İ. Səfa, M. Ə. Recaizadə, Ə. Hamid, Ə. H. Sezaizadə, X. Z. Üşşaqizadə, T. Fikrət, A. Cövdət, Ə. Midhət, M. Ə. Yurdaqul, S. Samipaşazadə və H. Cahid haqqındakı elmi-ədəbi xarakterli oçerklər, yaxud onların əsərlərindən verilən nümunələr həmin sənətkarları lazımınca tanıda bilir. Fars ədəbiyyatının Firdovsi, Ənvəri, S. Şirazi, H. Şirazi, Ə. Cami kimi ustadlarının ədəbi irsinin dərslikdə təqdimi məsələləri də yetərincə təhlil olunmuşdur. Dərsliyin “Şərq və Qərb dahiləri” adlı dördüncü hissəsində haqqında bəhs olunan bəzi şəxsiyyətlərin  həm də ədəbiyyat aləmində ciddi xidmətlər göstərdiyni nəzərə alan H. Həşimli həmin hissədən Ö. Xəyyam və ərəb ədibi Ə. Məəri barədəki materialları da bu fəsildə təhlilə cəlb etmişdir. Tədqiqatın üçüncü fəsli isə Avropa xalqlarının ədəbi irsinin “Ədəbiyyat məcmuəsi”ndə təqdimi məsələlərinə həsr olunmuşdur. Rus ədəbiyyatından A. S. Puşkin, M. Y. Lermontov, L. N. Tolstoy, qədim yunan ədibi Homer, ingilis şairi və dramaturqu V. Şekspir, alman klassiklərindən F. Şiller, fransız söz sənətindən Lamartin, V. Hüqo, A. Düma, Beranje və s. barədə məcmuədə yer alan oçerklər, onlardan bəzilərinin əsərlərindən verilən örnəklər o illərdə dünya söz sənətinin Azərbaycanda tanıtdırılması işinə ciddi töhfə idi. “Şərq və Qərb dahiləri” hissəsindən Volter və J. J. Russo barədəki yazıların da təhlilini buraya əlavə etsək, dərslikdə fransız ədəbiyyatına daha geniş yer ayırıldığını söyləyə bilərik. Bütün bu çoxşaxəli materiallar monoqrafiyada özünün obyektiv və hərtərəfli elmi təhlilini tapmış, dəqiq qiymətini almışdır. Monoqrafiya ilə tanışlıq deməyə əsas verir ki, Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” həm ədəbiyyatşünaslıq materiallarının, həm də bədii nümunələrin səviyyəsi və əhatəsinə görə təqdirəlayiq tədris vəsaitidir.
 
Azərbaycanda müxtəlif xalqların söz sənəti barədə məlumatların, elmi biliklərin çox məhdud olduğu bir vaxtda türk, özbək, fars, ərəb, rus, yunan, ingilis, alman, fransız ədəbiyyatlarının ayrı-ayrı görkəmli klassiklərindən dolğun şəkildə bəhs etmək, onların yaradıcılıqlarını ümumən doğru səciyyələndirmək, həmçinin əsərlərindən nümunələr vermək kimi çox çətin bir işin öhdəsindən gələn F. Ağazadə bu kitabı ilə Azərbaycanda dünya ədəbiyyatının tədrisi sahəsində ilk sistemli, əhatəli təşəbbüsü uğurla, layiqincə gerçəkləşdirmişdir. Şərqin və Qərbin bir çox məşhur ədəbi simaları haqqında Azərbaycanda hərtərəfli elmi məlumatlar, tanıtma yazıları ilk dəfə məhz bu dərslikdə öz ifadəsini tapmışdır. Dərslikdəki elmi və bədii materialların məktəblilərin səviyyəsinə uyğunluğu da F. Ağazadənin filoloji-metodiki səriştəsinin təzahürü idi. H. Həşimlinin tədqiqatı göstərir ki, F. Ağazadə “Ədəbiyyat məcmuəsi”ni hazırlayarkən çoxsaylı qaynaqlara üz tutmuş, onlardan müqayisəli şəkildə istifadə etmiş, elmi-ədəbi və bədii materialların kompleks, sistemli təqdiminə nail olmuşdur. Görkəmli maarifçi bu dərsliyi araya-ərsəyə gətirərkən Ə. Hüseynzadə, A. Şaiq, A. Səhhət, A. Sur kimi müasirlərinin məqalə və tərcümələrindən də yeri gəldikcə faydalanmışdır. Həmçinin bir sıra digər ədəbi fikir nümayəndələrinin müvafiq əsərlərinə istinadlar da diqqəti çəkir. Monoqrafiya müəllifi həm tədqiqata cəlb olunan dərslik haqqında əvvəllər söylənilmiş bəzi birtərəfli mülahizələrə aydınlıq gətirmiş, həmçinin məcmuənin özündəki bəzi oçerklərdə F. Ağazadənin arabir yol verdiyi yanlışlıqları da aşkarlayaraq dəqiqləşdirmələr aparmışdır. “Ədəbiyyat məcmuəsi” barədə bu tədqiqat müxtəlif ədiblərlə bağlı bir sıra məsələləri də konkretləşdirir və aydınlaşdırır.
 
Təkcə bir faktı xatırladaq ki, məşhur rus şairi M. Y. Lermontovun “Mtsıri” əsərindən A. Səhhətin tərcüməsinin sovet dövründə çap olunmuş variantı ilə  “Ədəbiyyat məcmuəsi”ndəki müvafiq mətnin müqayisəli təhlilini aparan H. Həşimli ilk mənbə ilə onun arasında çoxlu fərqlərin olduğunu, bir sıra xətalara və ixtisarlara yol verildiyini müəyyənləşdirmiş, lazımi dürüstləşdirməni də həyata keçirmişdir. Monoqrafiyada belə diqqətəlayiq məqamlar və yeniliklər çoxdur. Bütövlükdə filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi Hüseyn Həşimlinin “Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir” adlı yeni monoqrafiyası ədəbi-elmi fikir tariximizin unudulmuş bir səhifəsini hərtərəfli şəkildə araşdıran faydalı tədqiqatdır. 
 





29.12.2012    çap et  çap et