525.Az

Şaxta Babaya məktub


 

Şaxta Babaya məktub<b style="color:red"></b>

Onk Ahumüjgan

Əziz Şaxta Baba!

Bu məktubu yazmaqla səndən çox böyük bir xahiş etmək istəyirəm. Bilirəm ki, istəyəcəyim hədiyyə həddindən artıq dəyərlidir, bilirəm ki, ona həyatda heç də hər kəs sahib ola bilmir.
Əvvəlcə sənə çox da böyük olmayan bir hekayət nəql etmək istəyirəm. 21 il bundan əvvəl,anam məni dünyaya gətirərkən öz həyatını itirib, onu heç vaxt görməmişəm, ona heç vaxt toxunmamışam.

...İllər keçirdi, mən böyüyürdüm. Hiss edirdim ki, ətrafdakı uşaqlar məni lağa qoyurlar, cünki mən onlar kimi səliqəli və gözəl geyinmirdim. Hə, mənim atam və nənəm var idi. Ancaq atam günlərlə işdə olur, evə isə çox gec gəlir, sadəcə gündəliyimdəki qiymətlərə baxır və mənə şirin yuxular arzulaya bilirdi. 10 yaşım olanda nənəm vəfat etdi. Uzun müddət onun üçün göz yaşı tökdüm. Yaşıdlarımın bütün ailə üzvləri olsa da, hərdən mənə elə gəlirdi ki, onlar bunun qədrini bilmirlər. Məktəbdə əla qiymətlərlə oxuyurdum, amma uşaqların çoxusu mənimlə dostluq etmək istəmirdi. Məktəbdə  atam barəsində belə bir söz-söhbət yaymışdılar ki, guya o, əyyaşdır. Amma bütün bunlara baxmayaraq, həvəslə oxuyurdum, zəhmət çəkirdim. Atama görə yaxşı oxumağa çalışırdım. O evimizin yaxınlığında gecə-gündüz maşınları təmir etməklə məşğul olurdu. Mən universitetə daxil olanda atam qəfildən mədəaltı vəzinin xərçəngindən vəfat etdi.
...İllər məni yaşıdlarımdan daha güclü və təmkinli etmişdi.

Onu da qeyd edim ki, Tibb Universitetinə daxil olmuşdum, arzum ginekoloq olmaq idi. Dərsdən sonra gecə saatlarına qədər aptekdə işləyib çörək pulu qazanırdım, həm də əla qiymətlərlə oxumağa davam edirdim. Tələbə təqaüdüm və maaşım mənə artıqlaması ilə bəs edirdi. Universitetdə isə mənə münasibət heç də məktəb vaxtlarındakı kimi deyildi. Amma hər gecə evə gələndə nənəmin mənim üçün yaratdığı rahatlıq, atamın göstərdiyi qayğıya görə burnumun ucu göynəyirdi. Kədərli olduğum anlarda məhz onlar mənə dayaq olurdular, onlar olmasaydı, mən indi olduğum kimi ola bilməzdim.

Hal-hazırda ən nüfuzlu xəstəxanalardan birində ginekoloq işləyirəm, doğuş zamanı bir çox insanın həyatını xilas edirəm, hərdən elə olur ki, dünyaya uşaq gətirən qadınlardan bəzilərini itiririk, həmin günlər evə qayıdanda xiffətdən ürəyim parçalanır, anamın portretinə baxıb deyirəm: “Bağışla! Əgər mən dünyaya gəlməsəydim, sən indi sağ olardın, indi mənim kimi nə qədər insanın həyatını xilas edərdin”. 

Anam çox tanınmış ürək cərrahı idi. O, bütün həyatını, ömrünü-gününü tibbə və pasientlərinə həsr etmişdi, hətta onları tamamilə pulsuz müalicə edirdi. Ona görə də, hamı onu çox sevir və hörmətini saxlayırdı. O, Allahın Yer üzünə göndərdiyi bir mələk idi. Təəssüf ki, mənim bu mələyə heç toxunmaq imkanım belə olmadı.

Əziz Şaxta Baba! Yəqin ki, bu məktubu oxuyursan və səndən nə istəyəcəyimi ağlına belə gətirmirsən. Məktubumun da əvvəlində dediyim ki, səndən çox dəyərli bir hədiyyə istəyəcəyəm, elə bir hədiyyə ki, onu bağışlamaq sənin əlində olmasa da, inanıram ki, sən arzumu tam olmasa da, qismən yerinə yetirə bilərsən. 

Səndən bizə həyat verən, qayğımıza qalan, bizi himayə edən, bizi böyüdüb boya-başa çatdıran valideynlərimizə cansağlığı istəyirəm. Hər gecə bunun üçün Allahıma dualar edirəm. Amma deyilənə görə, Yeni il gecəsi bütün arzular çin olur, ona görə də, səndən bütün doğmalarımıza sağlamlıq hədiyyə etməni xahiş edirəm!

Minnətdaram!

 

 





29.12.2012    çap et  çap et