525.Az

Sergey Yeseninin "İran nəğmələri"nin yeni təqdimatı


 

Sergey Yeseninin "İran nəğmələri"nin yeni təqdimatı<b style="color:red"></b>

XX əsr rus poeziyasının nəhəng simalarından biri Sergey Yeseninin bu ilin oktyabr ayının 3-də anadan olmasının 120 illiyi tamam olur.

Bu poeziya nəhənginin doğum tarixi  Rusiyada mütəmadi olaraq qeyd olunsa da, Azərbaycanda da böyük şairin yubileyinə daim münasibət yetərincə ardıcıldır. Bu baxımdan Yeseninşünas İsaxan İsaxanlının geniş oxucu auditoriyasına təqdim etdiyi "Sergey Yesenin. İran nəğmələri" Bakı, "Xəzər Universitəsi nəşriyyatı", 2015" - kitabı forma, struktur, sistem, poliqrafiya, dizayn, məzmun baxımdan diqqəti cəlb etməkdədir.

İ.İsaxanlı kitabda Yesenin poeziyasının episentrində dayanan "İran nəğmələri" silsiləsinə daxil olan günümüzə qədər mövcud olan Azərbaycan dilinə edilmiş bütün tərcümə variantlarını (9 tərcüməçi və 61 tərcüməni) oxucuların ixtiyarına  verib.

Bilindiyi kimi, Sergey Yesenin Azərbaycanda qeyri-milli ədiblər sırasında ən populyar və çox müraciət olunan  poetik fikir sahiblərindəndir. Yəqin elə buna görə də onun adı, həyatı, həyatının müxtəlif fraqmentləri, əsərləri, o cümlədən, onun Azərbaycanda, Bakıda olduğu dövr ziyalılar, tədqiqatçılar, tənqidçilər, ədəbiyyatşünaslar, ədəbi əlaqələri təhlil obyektinə çevirənlər tərəfindən dəfələrlə müxtəlif yönlərdən öyrənilib. S.Yeseninin əsərlərini müxtəlif prizmalardan öyrənən və Azərbaycanda yazıb-yaradan müəlliflər sırasında (Yeseninin yaşadığı və ondan sonrakı 4-5 onillik istisna olunmaqla) A.Şərif, S.Turabov, N.Xəzri, C.Novruz, H.Nəcəfov, L.Polonski, S.Koşeçkin, M.Topçubaşov, B.Nəbiyev, Ə.Ağayev, M.Araz, N.Həsənzadə, N.Xatuntsev, Ə.Kürçaylı, S.Məmmədzadə, Ə.Xəlilov, N.Tağısoy,  C.Mustafayev, F.Şuşinski, Ş.Qurbanov, T.Şərifli, Q.Şipulina, A.Əbilov, V.Abdullayev, M.Vəkilov, O.Vəlixanlı, J.Kasumova, K.Aslan, G.Qurbanova, Y.Quluzadə,  P.Məmmədova, K.Mahmudova, N.Süleyman-zadə, F.Xancanbəyova, V.Firsov, H.İsaxanlı, Kəbutər, M.Qarayev və b. bu kimi ziyalılar, jurnalistlər, tənqidçi, ədəbiyyatşünas və alimlərin əməyi xüsusilə böyükdür.

Adlarını çəkdiyimiz müəlliflərin hamısından daha çox bu sahədə 90-cı illərin əvvəllərindən ardıcıl olaraq Qalina Şipulina fəaliyyət göstərib. Belə ki, Qalina Şipulina Sergey Yeseninin həm nəzm, həm də nəsr nümunələrinin  leksikoqrafik təsvirini verməklə "Sergey Yesenin dilinin lüğəti" adlı çoxcildli möhtəşəm bir əsər ortaya qoyub. Bununla belə son dövrlərdə bu istiqamətdə aparılan təhlil və tədqiqatlarda İsaxan İsaxanlının ön plana çıxdığını və böyük zəhmət sərf etdiyini görməkdəyik. Ayrı-ayrı məcmuə, jurnal, dövrü mətbuatda (həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda) çıxış və məqalələrini  nəzərə almadan, İ.İsaxanlı Yeseninşünaslığa bir sıra sanballı kitablar bəxş etmişdir ki, onların sırasında "Şeir gülüstanının təkrarolunmaz çiçəyi - Sergey Yesenin" (Bakı, Xəzər Univeritəsi Nəşriyyatı, 2010, 372 s.), "Nezadarom emu miqnuli oçi. Esenin v Baku" (Baku, İzd-vo "Xazar Universiteti", 2012, 373 s.) əsərlərini göstərmək olar. Bu nümunələrdə S.Yeseninin Azərbaycanla əlaqələri, yaradıcılığının Bakı dövrü, əsərlərinin dilimizə tərcümələri və s. bağlı maraqlı mülahizə və fikirlər yer almışdır.

Yorulmaz tədqiqatçının S.A.Yeseninin 120 illik yubileyinə həsr olunmuş növbəti kitabı da olduqca maraqlı kompozisiya və məzmunla yüklənib. Kitabda "İran nəğmələri" silsiləsinə daxil olan bütün şeirlərin mövcud tərcümələri orijinalla birgə oxuculara təqdim olunub. Burada oxucu hər bir tərcüməni orijinalla və bir-biri arasında müqayisə etməklə S.Rüstəm, Ə.Kürçaylı, S.Məmmədzadə, E.Borçalı kimi tanınmış şair-mütərcimlərlə bərabər, F.Mustafa, Q.Xalid, İ.İsaxanlı, G.Mövlud və R.İsayev kimi çağdaş dövrdə bu sənətlə məşğul olanların tərcümələri ilə qarşılaşdırma imkanı əldə edir, kimin orijinala daha yaxın, kimin iş prosesində ondan uzaqlaşdığının şahidi olur. İ.İsaxanlının təqdim etdiyi kitabın başlıca  mahiyyəti, bir tərəfdən, əgər S.Yesenini yenidən Azərbaycan oxucusuna doğmalaşdırmaq və yaxınlaşdırmaqdırsa, digər tərəfdən, tərcümə sənətinin özünəməxsus və təkrarolunmaz yaradıcılıq olduğunu göz önünə gətirmək, ona bir daha həm tərcümə nəzəriyyəçilərinin, həm də praktik poetik tərcümə işi ilə məşğul olanların diqqətini yönəltməkdən ibarətdir.

Kitab redaktorun (İ.İsaxanlı) yazdığı "Əziz oxucu"suna  müraciəti ilə başlayır. Burada o, XX əsrin Puşkini kimi qəbul edilən S.Yeseninin "İran nəğmələri"nin nə üçün orijinal və tərcümələrlə yanaşı təqdim etdiyinin zəruriliyini, S.Yeseninin "İran nəğmələri" ilə Bakıya və İrana qoyduğu ədəbi sevgi heykəlinin mahiyyətini açıqlayır. Nə üçün S.Yeseninin "Persidskie motivı" ifadəsinin müxtəlif müəlliflər tərəfindən "İran nəğmələri", "Fars motivləri", "Şərq motivləri", "Fars təranələri", "İran xəyalları", "Fars havaları" kimi tərcümə edildiyini, "motiv", "nəğmə", "xəyal" kimi  sözlərin leksik və semantik tutumunu aydınlaşdırır, təqdim edilmiş şəkildə "motiv" sözünün Azərbaycan dilinə tərcüməsi kontekstində məhz "nəğmə" sözü ilə əvəzləndirilməsinə və səsləndirilməsinə üstünlük verildiyini və bu şəkildə tərcümə olunmasını izah edir.

S.Yesenin vaxtı ilə "İran nəğmələri"nə 20 şeir daxil etməyi nəzərdə tutsa da, silsilədə şairin cəmi 15 şeiri yer almış və onlar rus müəllifinin özünün sıraladığı qaydada verilmişdir. Şeirlərin sıralanmasında ardıcıllığı S.Yesenin Q.Benislavskayaya yazdığı 11 may 1925-ci il tarixli  məktubunda özü müəyyənləşdirmişdir. Şeirlərin yazılma tarixinə görə sıralanması elə S.Yeseninin şairlik təbiəti ilə həmahəng səsləşməkdədir. Qeyd edək ki, S.Yeseninin özünün sağlığında onun birinci kitabı  "Raduniya" 1916-cı ildə işıq üzü görmüşdürsə (yada salaq ki, "Raduniya" ya daxil edilmiş şeirləri müəllif əvvəl Peterburq jurnallarına göndərib dərc olunmasına nail ola bilməsə də, özü buraya yollanıb Qorodetski ilə görüşdükdə, o, ona naşir kimi M.Averyanovu məsləhət bilmiş və kitab 1915-ci ilin noyabr ayında "1916-cı  il" göstərilməklə nəşr olunmuşdur. Elə buradaca onu da qeyd etmək lazımdır ki, "Raduniya"ya qədər "Russkaə mıslğ", "Jiznğ dlə vsex", "Ejemesəçnıy jurnal", "Severnıe zapiski" kimi jurnallar onun şeirlərini öz səhifələrində dərc etmişdi), axırıncı kitab məhz 1925-ci ildə nəşr olunmuş "Persidskie motivı" silsiləsi olmuşdur. "İran nəğmələri" silsiləsi bir neçə baxımdan şairin daxili hiss və duyğularının, dünyaya, Şərqə, İrana, Bakıya, həyata baxışlarının yeni forması və mahiyyəti idi. Özü sağlığında S.Yeseninin "İran nəğmələrinə" əlavə daxil etdiyi bir poema və dörd şeir  isə şairin həm də doğma vətənə, Ryazana bağlılığını əks etdirən  nümunələr kimi maraqlıdır. Bir tərəfdən, ekzotik diyar kimi təqdim edilən İran, digər tərəfdən, doğma Ryazan çöllərinin füsunkarlığı şairin könül dünyasını ovsunlamaya bilməzdi. S.Yesenin bütün fəaliyyətində, yaradıcılığında, həyatı dərkində, ona münasibətdə daim orijinal, təkrarolunmaz idi. Bunu biz onun əsərlərini oxuduqda, tərcümeyi-halı ilə tanış olduqda daha yaxşı görürük. Hələ gənclik dövründə, 1921-ci ildə Aysedora Dunkanla evlənib İspaniyada, bütün  Avropada, Amerikada olanda da, o, "mən öz boz səmamızı və öz peyzajımızı hər yerdən üstün tutmağa hazıram" deyirdi. Çünki Rusiya onunçün "Tolstoyu,  Dostoyevskini, Puşkini, Lermontovu və başqalarını yetişdirmiş torpaq" kimi onu daim özünə cəlb etmişdi.

S.Yesenində nikbinliklə bədbinlik, nostalji hisslərin qucağı iki qoşa qanad idi. Bunların hər ikisi onun həyatının mahiyyəti idi. Onun fikri-zikri olumla ölüm arasında vurnuxurdu. Onların hər ikisi onun yaradıcılığı üçün qida mənbəyi, yaşam tərzi idi. Şairin köhnə yarası da bəlkə elə  buna görə qövr etmirdi, gözəl  laləyə "sevirəm"deyib ona "mənimsən" sözünü necə anlatması da, Ryazan çölünü Şirazdan üstün tutması da, ay işığındakı dalğalı çovdarın onun saçlarına bənzəməsi də, onun şair olaraq doğulduğuna görə şair kimi öpməsi də, keçmiş həyatın onu qəlbini oxşamaması da, al yanaqların gizlində saxlanması da, Xəyyamın demədiyi nəğmələri eşitməsi də, havanın təmizliyində, şəffaflığında, sərinliyində bağla gedib bir pəri səsini asta eşitməsi də, hər yerə nəzər salıb gözəllikdən zövq alması da, Xorasandakı qapıları şair əlləri açmayanda da, İranı tərk edib Rusiyaya dönəndə  də, Firdovsinin gənclik vətəni mehriban "urus"un qəmli gözlərini görəndə də, şairin taleyi dərbədər olanda da, İranda bir nəğmə yadigar qoyanda da, qəlbinə çöllər həmdəm olanda da, öz yarıyla görüşməyə gedəndə də, qısqanclıq oduyla alışıb-yananda da, səfil kimi ölməyə hazır olanda da, məhəbbət mahnısı oxuyanda da, köksünü ötürüb nəğmə qoşanda da, ürəyindən qopan nəğmələri Tehran ayını isitməyəndə də, Xorasan  bağları, evləri üstə ayın solğun ziyası görünməyəndə də, qızılgül ləçəklərini titrədəndə də,  dönüklüyün, göz yaşının dünyada əzab olduğunu görəndə də, çıraqban gecələrin müqəddəsliyini dərk edəndə də, səadətin onun dəli könlünü aldatdığını hiss edəndə də, bülbüllərin dediyi nəğmələrə qulaq asıb ondan həzz alanda da, nəğmələr ürəyə yol tapanda da, bülbül gülü çağıranda da, ömrü nəğməyə büsbütün axanda da, bülbül güllə öpüşəndə də, könlünün səsi nəğməyə satılanda da, çiçəklər onun üzünə güləndə də  və s. məqamlarda S.Yesenin yalnız özü kimi görünürdü. Öz xəyal dünyası ilə yaşayırdı. Nədən bəhs edir, nə barədə yazır-yazsın, onun əsərləri səmimiliyi, aydınlığı, obrazların sadəliyi ilə diqqəti ilə cəlb edir. Elə "İran nəğmələri"nə daxil edilmiş "Uleqlasğ moə bılaə rana…", "Şaqang, tı moə, Şaqang…", "Nikoqda  ə ne bıl na Bosfore….", "Svet veçerniy şafrannoqo kraə…", "V Xorossane estğ takie dveri…", "Bıtğ pogtom - gto znaçit to je…", "Qlupoe serdüe, ne beysə…" (şeirlərin adını                          ona görə rus dilində, tərcüməsiz veririk ki, hər mütərcim onları özü bildiyi kimi adlandırmışdır) və s. kimi nümunələr böyük sənətkarın zəngin və əhatəli poetik  potensialının  aynası kimi qarşımızda dayanır.

İ.İsaxanlı haqlı olaraq qeyd edir ki, S.Yesenin "İran nəğmələri"ndəki istifadə etdiyi adların və obrazların (Firdovsi, Xəyyam, Hafiz, Sədi və b.) köməyi ilə həm özünə, həm Bakıya, həm də İrana əbədi sevgi heykəli qoymağı bacarmışdır.

"İran nəğmələri"nə daxil olan bəzi şeirləri (məsələn, "Uleqlasğ moə bılaə rana…" (Ə.Kürçaylı, S.Məmmədzadə, Q.Xalid, F.Mustafa, E.Borçalı, İ.İsaxanlı); "Tı skazala, çto Saadi…" (Ə.Kürçaylı, S.Məmmədzadə, F.Mustafa, E. Borçalı, İ.İsaxanlı, R.İsayev), "V Xorossane estğ takie dveri…" (S.Rüstəm, Ə.Kürçaylı, S.Məmmədzadə, Q.Xalid, E.Borçalı, İ.İsaxanlı) altı; "Ə sprosil seqodnə u menəlı…" beş; "Şaqang, tı moə, Şaqang", "Nikoqda ə ne bıl na  Bosfore…", "Svet veçerniy şafrannoqo kraə…", "Ruki miloy - para lebedey…", "Otçeqo luna tak svetit tusklo…" dörd; qalanları isə ən azı üç mütərcim tərəfindən dilimizdə səsləndirilmişdir. Bu tərcümələrdən hər birində orijinal ayrı-ayrı mütərcimlərin təfəkküründə özünəməxsus struktur, düzüm və intonasiya əldə etmişdir.

Buna görə də "İran nəğmələri"nin dilimizə tərcümələrinin keyfiyyəti ilə bağlı təhlillər aparıb fikir söyləmək, heç şübhəsiz ki, zəruridir və bu ayrıca bir söhbətin mövzusudur. Və yəqin ki, vaxt tapıb  bu barədə də danışmalı olacağıq.

Biz yuxarıda kitabın dizaynı, poliqrafiyası və s. haqqında ötəri qeydlər etmişdik. Burada bir daha söyləyək ki, "İran nəğmələri" kitabının həm üz qabığı, həm də buraya daxil edilmiş, hər şeir üçün xüsusi olaraq hazırlanmış illüstrasiyalardan hər biri həm kitabın  ümumilikdə, həm də ayrı-ayrı şeirlərin məzmun və ruhuna uyğunluğu oxucunu S.Yeseninin özünəməxsus "poetik İran" dünyasına salır, onu bu nəğmələrə kökləyir, hisslərini kövrəldir, onu şeirlərin yazıldığı məkana və dövrə qaytarır. Bir sözlə, S.Yeseninin "İran xronotopları"nı gözümüz qarşısında canlandırır. Bu illüstrasiyalardan biz Bakının qala divarlarını, Azərbaycan, İran, ümumiyyətlə, Şərq koloritini, qızılgüllərlə əhatələnmiş  gözəli, Bosfor boğazını, İstanbul şəhərindəki məscidi, onun minarələrini, səhrada aramla addımlayan dəvələri, rus ağcaqayınını, şərqli qızların çadrada yerişlərini və çadra altından baxışlarını, Həsənin neyinin həzin səsini, göldə gecə qaranlığında ay işığının bərq vurduğu anda sevən gənclərin güllər içində sahildə bir-birinə sarışmasını, ağ göyərçinlərin sevən qızın niskilinə, həsrətinə son qoyub, onun sevgilisinə qovuşacağı inamını, qızılgüllər səpilmiş Xorasan qapılarının kandarını, ondan bir az kənarda qarla örtülmüş rus çöllərini və ağcaqayın meşələrini, S.Yeseninin yazı masasını, onun arxasında xəyallara dalıb düşündüyünü, şairin zaman, vaxt haqqında fikir və hisslərini, iki qu quşunun onun sevgilisinin əllərinə bənzədiyini, ayın solğun çöhrəsinə baxa-baxa iki sevgilinin  bir-birinə yaxınlaşıb pıçıldamasını, köhnə Bakının uzaqda görünən panoramını, ondan bir az yaxında sahilə sinə gərən şahə qalxan təlatümlü ləpələri  və s. görmək mümkündür.

İ.İsaxanlı S.Yeseninin "İran nəğmələri"ni yenidən oxuculara təqdim edərkən heç də yalnız şairin  yaradıcılığının pərəstişkarı  kimi çıxış etmir. O, əsil Yeseninşünas kimi ortada dayanır. İ.İsaxanlı, bir tərəfdən, rus şairinin pərəstişkarıdırsa, digər tərəfdən, onun əsərlərinin ən diqqətli tədqiqatçılarından, üçüncü bir tərəfdən, Yesenin əsərlərini ardıcıl olaraq Azərbaycan dilində səriştəli səsləndirən mütərcimlərdəndir. Pərəstişkar, tədqiqatçı və mütərcim kimi İ.İsaxanlınıın araya-ərsəyə gətirdiyi bu kitab müxtəlif yönlərdən təhlil edilməyə layiqdir.

İ.İsaxanlının oxuculara təqdim etdiyi "İran nəğmələri" formatına, mündəricəsinə, məzmununa, təqdim etmə yönümünə və s. görə tamamilə yeni görüşə və S.Yeseninə sevgini daha da gücləndirməyə tuşlanmış bir kitabdır. Belə nəfis kitabı Azərbaycan oxucu ictimaiyyətinə bəxş etdiyinə görə İ.İsaxanlını  yeseninsevərlər, tədqiqatçılar, tənqidçilər adından təbrik edir, ona bu yolda uğurlar arzulayırıq.

 





01.10.2015    çap et  çap et