525.Az

Ahıl və qocalara minnətdarlıq duyğusu ilə...


 

Ahıl və qocalara minnətdarlıq duyğusu ilə...<b style="color:red"></b>

Dünyanın hər yerində 1 oktyabrı Ahıl və Qocalar Günü kimi qeyd edirlər.

Əslində bu gün ahıl və qocalar günü kimi yox, ahıl və qocaların bayramı günü kimi keçirilməlidir. Hər bir yaşlı insan evin yaraşığı və bərəkətidir. Evdə yaşlı adamın olması bir yaraşıqdır, gözəllikdir. Dünyanı dərk edən insan belə insanları ovcunun içində saxlamalıdır, qürur hissi keçirməlidir.

Bu gün Azərbaycanda 100 yaşdan yuxarı 1307 nəfər yaşayır ki, bunun 370 nəfəri kişidir. Ümumdünya Səhiyyə Təşkilatının Kiyevdə keçirilmiş Avropa simpoziumunun qərarına görə, 75-89 yaş qocalıq dövrü, 90 yaşından yuxarı uzunömürlülük adlanır.

Bu yaşda olan insanların həmişə böyük qayğıya ehtiyacı olur. Mən 25 ildən çoxdur ki, ahıl və qocalarla bağlı tibbi araşdırmalar, onların üzərində çoxlu sayda cərrahiyyə əməliyyatlar aparmış, nəticələrini diqqətlə yoxlamış, beynəlxalq simpoziumlarda məruzələrlə çıxış etmişəm, elmi jurnallarda məqalələrim çap olunub. 90, 100, 110 yaşlılar üzərində apardığım cərrahiyyə əməliyyatları müsbət nəticə verib və bu gün onların çoxu yaşayır. Həmin insanların evində olmuş, onların ailə şəraitini yaxından öyrənib, qayğı ilə əhatə olunduqlarını görmüşəm. Apardığım müşahidələr nə göstərib?

Birincisi genetik amildir - həmişə belə ailələrdə uzunömürlü insanlar çox olub. İkinci amil - ailədə olan mühit. Əgər ailədə sağlam mühit varsa, orada çox yaşamaq olur.

Üçüncü amil - zərərli adətlərdən uzaq olmaq. Papiros, spirtli içkilər ömrü qısaldır. Bunlardan başqa da çoxlu amillər də var.

Bir dəfə 93 yaşlı bir kişinin üzərində ağır cərrahiyyə əməliyyatı aparmışdım. Sağalanda 93 yaşlı kişini mən özüm evinə apardım. O, evə daxil olanda onun 86 yaşlı həyat yoldaşının dediyi bu sözlər məni kövrəltdi:

Hardasan, ay ömrümün urvatı?
Hardasan, ay evimin bərəkəti? 

Doğrusu, bu müraciətə ağlayan da oldu, güləndə. Mənim özümü də qəhər boğdu və böyük bir qürur hissi keçirdim. 86 yaşlı bu qadın oğlundan soruşdu: “O qapıda duran kimdir? Ana bu sənin dediyin "ömrünün urvatını", "evinin bərəkətini" müalicə edən, sağaldan, sənin hüzuruna gətirən həkimdir. Ağır xəstə olmasına baxmayaraq, zorla yataqdan qalxıb, mənə tərəf gəldi, əlimdən, üzümdən öpdü, istədi əyilib ayaqlarımdan öpsün, imkan vermədim. Düzü, o mənzərəni yadıma salanda, indi də özümü ələ ala bilmirəm. Və mən belə qənaətə gəldim ki, 86 və 93 yaş insan həyatı üçün son yaş deyil. Bu yaşda sevgi də var, məhəbbət də, yaşamaq eşqi də var, hörmət etmək qabiliyyəti də. 86 yaşlı qadın sandığını açıb 50 il bundan əvvəl toxuduğu corabı mənə bağışladı. Mən də o hədiyyəni bu günə kimi saxlayıram.

Burada yadıma vaxtilə oxuduğum bir hadisə düşdü. Bir ingilis ailəsində bir nəfər ailə həyatı qurmasının 50 illik yubileyini - qızıl toyunu qeyd edirmiş. Şadlıq qurtardıqdan sonra kişi arvadını yanına çağırıb deyir: 50 il bir yerdə ömür sürmüşük. Səndən çox razıyam, heç bir narazılığım yoxdur. Ancaq mən bugün səndən ayrılmalıyam. Bu evdə ən qiymətli nə varsa götürüb gedə bilərsən. Hamı yatır. Kişi də çox içki qəbul etdiyindən sərxoş olub bərk yatıbmış. Arvad kişini yorğana büküb karetaya (faytona) qoyub, özü də karetanı sürüb gedir. Səhərin mehi kişini ayıldır və görür ki, karetada (faytonda) gedir və karetanı sürən arvadıdır. Çaşbaş qalır və arvadından sorşur ki, bu nə işdir. Arvad cavab verir ki, sən mənə dedin, bu evdə ən qiymətli şeyi götür get. Mən də sən deyən kimi etdim. Mənim üçün bu evdə ən qiymətli şey sən idin, ona görə səni götürdüm. Bu söhbətdən sonra onlar hələ uzun müddət bir yerdə xoşbəxt yaşayırlar. Böyük alim Pifaqora görə, "Xoşbəxtlik tək adam işi deyil". Deməli, xoşbəxt həyatın zəruri şərti ailə qurmaqdır.Xoşbəxt ailələrdə insan uzunömürlü olur.

Azərbaycanda həmişə yaşlı insanlara böyük hörmət olub, bu gün də var. Həmişə ağsaqqal, ağbirçək olan yerdə din-bərəkət, qayda-qanun olub.

Bu gün yaşayan qocalarımızın əllərinin içinə baxın, orada qabarlar - zəhmətin izlərini görəcəksiniz. Çünki onlar halallığı hər şeydən üstün tutublar. Qabarlı əllər, mərdlik, qəhrəmanlıq, kişilik möhürüdür. Əl qabarı baş ucaldır, üzağlığı gətirir.

Qızılgül timsallı ağbirçək analar, qeyrətli, vicdanlı atalar! Ahıl və Qocalar Gününüz mübarək olsun. Siz yaşamalısınız, yaşamağa layiqsiniz. Övladlarınızla, nəvələrinizlə, nəticələrinizlə birlikdə həmişə xalqa, Vətənə, insanlara gərək olasınız, həmişə xoşbəxt ömür sürəsiniz. Evinizin işığından neçə-neçə evlərə, ürəklərə işıq düşsün. Qəhrəmanlıq işığı, hünər işığı, qeyrət işığı.

Əyyub MƏMMƏDOV
Əməkdar həkim, Tibb elmi üzrə fəlsəfə doktoru

 





01.10.2015    çap et  çap et