525.Az

Vyanada Azərbaycan Milli Musiqi Günü ilə bağlı konsert olub


 

Vyanada Azərbaycan Milli Musiqi Günü ilə bağlı konsert olub<b style="color:red"></b>

Sentyabrın 30-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə klassik musiqi axşamı keçirilib.

Tədbirdə Avstriyanın dövlət və hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova tədbiri açaraq musiqili axşamın bu il 130 illik yubileyi qeyd olunan dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. O bildirib ki, dahi bəstəkarın doğum günü ilə əlaqədar Azərbaycan və Avstriya musiqiçilərinin birgə konsertləri ənənə halını alıb və Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hər il ölkəmizin istedadlı musiqiçiləri Vyanaya dəvət olunurlar.

Qeyd edilib ki, Avropanın musiqi paytaxtı Vyanada Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən Mədəniyyət Mərkəzi payız mövsümündə müxtəlif musiqi janrlarını əks etdirən konsertlərlə yanaşı, müxtəlif səpkili mədəni tədbirlər də keçirəcək.

Konsertdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Kamera Orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış edib. Üzeyir Hacıbəyli, Aqşin Əlizadə, Arif Məlikov, Edvar Qriq, Fikrət Əmirov, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Kamil Sen-Sans, Leroy Anderson və digər bəstəkarların əsərləri böyük maraqla dinlənilib və solistlər Anar İbrahimov (skripka) və Abbas Abdullazadənin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 





02.10.2015    çap et  çap et