525.Az

Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq təşkilatların diqqətində


 

"DÖVLƏT DƏSTƏYİ VƏ İNNOVATİV YANAŞMA AZƏRBAYCANIN YOXSULLUQ SƏVİYYƏSİNƏ GÖRƏ DÜNYADA NÜMUNƏVİ ÖLKƏLƏR SIRASINA DAXİL OLMASINA İMKAN VERİB"

Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq təşkilatların diqqətində<b style="color:red"></b>

Dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı yüksələn templə inkişaf edir.

Böhranla mübarizədə görülən uzunmüddətli və önləyici tədbirlər, xüsusilə neft sektorundan asılılığın azaldılması sahəsində atılan addımlar uğurlu nəticələr verir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi nəticəsində dünya bazarında neftin qiymətinin kəskin azalmasına baxmayaraq ölkədə heç bir sosial layihə təxirə salınmayıb, əksinə aparılan dövlət siyasətinə uyğun olaraq bu sahədə mühüm nəticələrin əldə olunması üçün ardıcıl və uğurlu islahatlar aparılır, yeni dövlət proqramları qəbul olunur və dərhal icrasına başlanılır.

Dövlətimizin bu sahədə əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi mərkəzlərin də diqqətindən kənarda qalmır, hazırlanan reytinq cədvəllərində iqtisadi inkişaf tempinə, rəqabət qabiliyyətinə görə, Azərbaycan ön pillələrə doğru inamla addımlayır. Sonuncu dəfə Dünya Bankı tərəfindən Azərbaycanla bağlı yeni hesabat hazırlanıb. Hesabata əsasən,  son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb və bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4 faizindən 29 faizinə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq demək olar ki, aradan qaldırılıb. Bu nailiyyətlər, ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub. Qeyd edilir ki, cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.

Azərbaycanın əldə etdiyi  iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərəfindən də təsdiqlənib. Dünya İqtisadi Forumunun ("World Economic Forum") qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da,  Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb. Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb. Beləliklə, Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır. Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır. Onu da nəzərə almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranın davam etdiyi, xüsusən Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığı bir dövrdə əldə edilib.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev hesab edir ki, Azərbaycanda yoxsulluğun azaldılması dövlətin prioritet istiqamətlərindən biridir: "2000-ci ildən bəri ölkədə bu istiqamətdə ardıcıl fəaliyyət aparılmağa başlanılıb. 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı qəbul olunub. 2008-2015-ci illərdə isə dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair davamlı inkişaf proqramı qəbul olunub. Sonuncu proqramda əsasən regionlarda işsizliyin aradan qaldırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətlərində fəaliyyət öz əksini tapıb. Görülən işlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə enib. Hazırda 2008-ci ildə qəbul olunan proqramın sonuna doğru yaxınlaşırıq. Bu dövlət proqramında öz əksini tapan əsas məsələlərdən biri işsizliyin səviyyəsinin minimüm 3-4 faizə gətirilməsi idi. Bu istiqamətdə aparılan dövlət siyasəti nəticəsində keçən ilə görə ümumi daxili məhsulun həcmi 59 milyard manat müəyyənləşib".

İqtisadçı ekspert qeyd edib ki, ölkədə yoxsulluğun azaldılması sahəsində görülən işlərdən biri də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının təsdiq olunmasıdır: "Bu proqram üzrə həyata keçirilən işlər də məhz yoxsulluğun azaldılmasına hesablanan tədbirlərdəndir".

R.Atakişiyev əlavə edib ki, dünya bazarında neftin qiymətinin iki dəfə aşağı düşdüyünü nəzərə alsaq, ölkədə orta təbəqənin formalaşdırılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, məşğulluğun artırılması sahəsində işlərin uğurla davam etdirilməsi üçün qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi mühüm rol oynayıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə bildirib ki, Azərbaycanda yoxsulluğun aradan qaldırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ümumi rifah halının yüksəldilməsi üçün regionların iqtisadi inkişafına xüsusi diqqət yetirilir: "Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı daimi dövlət proqramları icra olunur. MDB məkanında az sayda ölkə var ki, yoxsulluğun aradan qaldırılması ilə bağlı mütəmadi dövlət proqramları həyata keçirsin. Son on il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 10 dəfə aşağı düşüb. Bu sahədə görülən işlərin uğurlu nəticələr verməsinin əsas səbəbi həm dövlətin siyasi iradə nümayiş etdirməsi, həm də birbaşa dövlət siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına yanaşma qonşu ölkələrə baxdıqda daha innovativdir. Çünki yoxsulluğun aradan qaldırılması sahəsində konkret nəticələr əldə olunması üçün dövlət tərəfindən ünvanlı sosial yardım proqramı icra olunur. Azərbaycan yoxsul ailələrin maliyyələşdirilməsi proqramına başlayıb ki, bu da problemin aradan qaldırılmasında mühüm nəticələrin əldə olunmasına imkan verir. Yoxsul ailələr dövlətdən birbaşa maddi yardım alaraq maddi təminatlarını yaxşılaşdırırlar".

V.Bayramov qeyd edib ki, dövlət yoxsul ailələrin maliyyələşdirilməsi mexanizmi ilə yanaşı onların işlə təmin olunması, öz biznesini qurmasına şərait yaratması irəli sürülən innovativ yanaşma idi: "Bunun üstünlüyü ondan ibarətdir ki, artıq yoxsul ailələr yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına öz maliyyə imkanlarını yaxşılaşdırmır, eyni zamanda, yeni iş yerləri ilə təmin olunurlar. Bu da faktiki olaraq ölkədə yoxsulluğun aradan qaldırılması, məşğulluğun artırılmasına mühüm təsir edən amillərdəndir. Nəticədə, həm dövlət dəstəyi, həm də innovativ yanaşma Azərbaycanın yoxsulluq səviyyəsinə görə dünyada nümunəvi ölkələr sırasına daxil olmasına imkan verib. Dövlətimizin bu uğuru beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Bu da birmənalı şəkildə onu deməyə əsas verir ki, Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verir".

Ceyhun ABASOV

 





02.10.2015    çap et  çap et