525.Az

Dünya Bankı ilə əməkdaşlığın yeni perspektivləri müzakirə olunub


 

Dünya Bankı ilə əməkdaşlığın yeni perspektivləri müzakirə olunub<b style="color:red"></b>

Dünən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Dünya Bankının sosial inkişaf üzrə sektor müdiri Nina Bhattın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirildiyini diqqətə çatdıran Ə.Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir.

O qeyd edib ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin günü-gündən artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaratmışdır. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir. Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilən “Məcburi köçkünlərin həyat şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Bütün bunları müsbət hal kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov deyib ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır və bu gün qaçqın və məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan edib. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Ə.Həsənov həyata keçiriləcək layihələrin icrasını surətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini vurğulayıb.

Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə görə minnətdarlığını ifadə edən xanım Nina Bhatt deyib ki, təmsil etdiyi qurum Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirən qonaq məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 





04.10.2015    çap et  çap et