525.Az

Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirildi


 

Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu keçirildi<b style="color:red"></b>

Oktyabrın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu” öz işinə başlayıb.

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən Forumun əsas məqsədi  region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin  təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə  yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq idi.

Forum Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxışında Forumun əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün yaranması zərurəti barədə fikirlərini bölüşüb. O, narkomaniyaya qarşı mübarizə sahəsində QHT-dövlət əməkdaşlığının çox uğurlu təşkili barədə Forum iştirakçılarını məlumatlandırıb.

Salyan rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, eləcə də ətraf rayonların gənclər və idman idarələrinin məsul əməkdaşları çıxış edərək, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər, həyata keçirilən proqram və layihələr barədə məlumat verib. Qeyd olunub ki, narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə etməkdədir və bunun çox təhlükəli fəsadları ola bilər. Bu bəlaya qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri kimi hesab olunmaqdadır.

Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən iştirakçı gənclərə narkomaniyaya qarşı mübarizə sahəsində məruzələr edilib, birgə əməkdaşlıq formaları müzakirə edilib və gəncləri maraqlandıran suallar cavablandırılıb.

 





04.10.2015    çap et  çap et