525.Az

Ədəbiyyatşünaslığın nailiyyəti: “Milli oyanış və özünəqayıdış lirikası”


 

Ədəbiyyatşünaslığın nailiyyəti: <b style="color:red">“Milli oyanış və özünəqayıdış lirikası”</b>

Ədəbi-elmi fikrin və ədəbi tənqidi düşüncənin inkişafında müxtəlif ədəbiyyatşünas nəsillərinin, o cümlədən, ayrı-ayrı yaradıcı şəxsiyyətlərin rolu böyük və danılmazdır.

Ədəbiyyatı sevən, onu öyrənib təbliğ edən, ədəbi-elmi fikrə xidmət göstərmək istəyən hər bir şəxs ədəbiyyatşünaslıq elminin nailiyyətlərinə sevindiyi kimi,  həmin sahəyə öz töhfələrini vermək üçün də xeyli çalışır və səy göstərir. Bu fikri çox böyük məmnunluqla imzası ədəbi-elmi ictimaiyyətə çoxdan və yaxşı tanış olan Yaşar Qasımbəyli haqqında, onun çap olunmuş “Milli oyanış və özünəqayıdış lirikası” adlı fundamental monoqrafiyası barəsində də söyləmək olar. Yaşar Qasımbəylinin monoqrafiyası öz mövzusunun aktuallığına, əhatə etdiyi faktların genişliyinə, öyrənilmiş materialların zənginliyinə, diqqət yönəltdiyi elmi-nəzəri problemlərin sanbalına, çıxardığı nəticələrin obyektivliyinə və həqiqiliyinə görə ədəbiyyatşünaslıq elmimizin yeni nailiyyətlərindən biridir.

Yaşar Qasımbəyli ötən əsrin 70-ci illərində Bakıda və Daşkənddə ali filoloji təhsil almış, sonralar isə həm Daşkənddə, həm də Bakıda filoloji sahədə tədqiqatlar aparmış və aparmaqdadır. O, Azərbaycan dili kimi özbək dilini də gözəl bilir, bu dildə də danışmağı və yazmağı bacarır. Azərbaycan ədəbiyyatı nümayəndələrinin həyat və yaradıcılığını, onların ayrı-ayrı əsərlərinin ideya-bədii xüsusiyyətlərini təhlil etməklə yanaşı, özbək ədəbiyyatının qabaqcıl nümayəndələrinin bədii irsi barədə də kifayət qədər bilgiyə malikdir. Xüsusilə ötən əsrin 60-80-ci illərində Azərbaycan ədəbiyyatında gedən proseslərə yaxından bələdlik, həmin dövr özbək ədəbiyyatının inkişaf meylləri barədə də inandırıcı fikir və  mülahizə söyləmək səriştəsi onun bu istiqamətdə tədqiqat aparmaq imkanlarını bir az da genişləndirir. Buna görə də Azərbaycan və özbək ədəbiyyatı nümunələrini bir müstəvi üzərinə gətirməklə hər iki ədəbiyyatın həm səciyyəvi, həm də ümumi cəhətlərinin araşdırılmasında Yaşar Qasımbəyli daha çox səlahiyyət sahibidir. Amma məsələyə bir az da aydınlıq gətirmiş olsaq, qeyd etməliyik ki,  Yaşar Qasımbəylinin monoqrafiyasının aparıcı xətti ədəbiyyatların bir-birinə təsiri, bir-birindən faydalanması, yaxud geniş mənada ədəbi əlaqələr məsələsi deyil, daha çox iki müxtəlif ədəbiyyatın eyni bir zaman kəsiyində, eyni bir problem ətrafında inkişafı məsələsidir. Belə bir müqayisəli-tarixi yanaşma ədəbiyyatların və mədəniyyətlərin milli xüsusiyyətlərini aşkarlamaqla bəşəri dəyərlərin müəyyənləşdirilməsi və onların bir yerə toplanması işinə xidmətin bariz nümunəsidir.

Yaşar Qasımbəylinin “Milli oyanış və özünəqayıdış lirikası” adlı monoqrafiyasında elmi tədqiqatın hədəfi də aydındır. Tədqiqat predmeti kimi ədəbi-elmi fikirdə kifayət qədər yer tutmuş altmışıncılar və onların bədii yaradıcılığı seçilmişdir. Bunun da başlıca səbəbi məhz həmin sənətkarların yaradıcılığının milli oyanış və özünəqayıdış ideyalarına tam və hərtərəfli cavab verə bilməsidir.

Bir məsələyə də aydınlıq gətirmək lazımdır ki, indiyə qədər “altmışıncılar” anlayışı daha çox ötən əsrin 60-cı illərində nəsrlə məşğul olan yazıçılara şamil edilmişdir. Əslində bu gün də qəzet və jurnallarda, ədəbi-elmi dövriyyədə bu məfhum, əsasən, o cür başa düşülür və qavranılır. Yaşar Qasımbəyli isə ilk dəfə olaraq bu anlayışı çox böyük uğurla o dövrün poeziyasının tanınmış simalarına aid etmişdir.

Monoqrafiyada Azərbaycan və özbək ədəbiyyatlarının böyük bir nəslinin yaradıcılıq fəaliyyətindən, onların ədəbi mübarizələrindən, dövrə sığmayan estetik ideallarından bəhs olunur. Azərbaycanda Əli Kərim, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Özbəkistanda isə Abdulla Aripov, Rauf Pərfi, Erkin Vahidov, Çolpan Erqaş məhz bu sıradandır. Tədqiqatın tələbinə uyğun olaraq onları yaxınlaşdıran və birləşdirən ümumi cəhətlər daha qabarıq formada təqdim edilmişdir. Amma yeri düşdükcə bədii yaradıcılıq özünəməxsusluqları da diqqətdən kənarda qalmamışdır. Hətta əhəmiyyətlidir ki, Yaşar Qasımbəyli hər fəsildə tədqiq etdiyi sənətkarların dövrün ictimai-siyasi hadisələrinə təsir edə bilən, etiraz və üsyan çalarları ilə oxucu qəlbinə rahatlıq gətirən bir və ya iki səciyyəvi şeirini daha ətraflı şəkildə təhlil etmişdir. Onun bir ədəbiyyatşünas alim kimi ayrıca təhlil üçün seçdiyi şeirlər nümunə olmaq baxımından özünü doğruldur, eyni zamanda dövrün ədəbi gedişatını təsəvvür etməyə tam imkan verir. Hətta tədqiqatçının bədii zövqünü və ədəbiyyatşünas yanaşmasını da uğurla sınaqdan keçirir. Bu şeirlər hansılardır? Əli Kərimin “Qayıt”, “İki sevgi”, Məmməd Arazın “Azərbaycan-dünyam mənim”, “Məndən ötdü, qardaşıma dəydi...”, Xəlil Rzanın “Mən nəyəm ki, ey Vətən?”, “Əyilmə”; Abdulla Aripovun “Mən neçün sevirəm Özbəkistanı”, “Özbəkistan, Vətənim mənim”, Rauf Pərfinin “Anacanım, ah Özbəkistan” və sair. Ötən əsrin 70-80-ci illərində həm Azərbaycan şairlərinin adını çəkdiyimiz poetik nümunələrini, həm də özbək ədəbiyyatından dilimizə çevrilən bir çox şeirləri həmin illərin oxucuları, daha çox isə tələbələri əzbərləyirdilər. Nəzərə alsaq ki, Yaşar da bir tələbə kimi həmin şeirləri əzbər bilir, onlar haqqında düşünərək fikir söyləyirdi, onda tədqiqatçının bu mövzunu hələ 35-40 il bundan əvvəl araşdırmağa başlamasını iddia etmək olar.

Həyatda və ədəbiyyatda başlanğıc nöqtənin tapılması ən çətin və ən önəmlidir. Çünki izlədiyin məqsəd və ideya həmin başlanğıc nöqtədən çox asılıdır. Bu nöqtə sənə dayaq olur, qarşıdakı yola işıq salır, fikir və mülahizələrində aydınlıq yaradır. Əslində gözlədiyin və gözləmədiyin nəticə də ondan asılıdır. Yaşar Qasımbəyli altmışıncıların yaratdığı milli oyanış və özünəqayıdış lirikasının təhlilində başlanğıc nöqtə kimi şairlərin poeziyaya münasibətini əsas götürüb. Həmçinin bu, sadəcə əsas deyil, eyni zamanda ədəbiyyatşünas alimin çıxaracağı nəticələrin elmi-nəzəri gücünün mənbəyidir. Tədqiqatdan aydın olur ki, Məmməd Arazın poeziyanın estetik proqramı ilə bağlı olan poetik nümunələrinin çoxunun adında “şeir” və “şair” sözləri var: “Şeirim”, “Şeirə gətir”, “Deyirlər şeir oxunmur”, “Şair ömrü”, “Şair, gör onları!” Tədqiqatçı haqlıdır ki, M.Arazın estetik proqramının əsas müddəaları sözü duymaq, sözün məsuliyyətini hiss etmək və yazılmayanı şeirə gətirməkdir. Əslində bunlar o dövrün novator çağırışları idi.

Əli Kərim sözün qiymətindən, misranın insan üçün yol olmasından, ümidə çevrilməsindən, X.Rza şeirin məlhəmliyindən, Rauf Pərfi şeiriyyətin ülviyyətindən bəhs edir. Bu mülahizələrdə hər bir şairin yaradıcılığının estetik müddəaları əks olunmuşdur. Amma eyni zamanda, onların hamısı birlikdə altmışıncılar poeziyasının vahid proqramı idi. Tədqiqatçı bu məsələdə həm fərdi bədii düşüncənin, həm də ümumi poetik prinsipləri çox aydın şəkildə görür və göstərir.

Altmışıncılar bir ədəbi hadisə kimi ayrı-ayrı ədəbiyyatların deyil, geniş mənada ümumsovet ədəbiyyatının faktı idi. Sovet rejimində müəyyən qədər yumşalma hiss edilən kimi yeni bir nəslin təsdiqi üçün imkan yarandı və həmin nəsil özünü çox gözlətmədi. Altmışıncılara məxsus bədii yaradıcılığın daxili potensialı sürətlə üzə çıxdı. Amma onlar üçün klassiklər içərisindən özlərinə təkan nöqtəsi  tapmaq ehtiyacı da var idi. Bu zəruri ehtiyacın dərki o dövrün poeziyasını ilk növbədə nihilizmdən qurtarırdı. Monoqrafiyada göstərildiyi kimi belə bir poetik amal Ukraynada T.Şevçonkaya, Rusiyada A.S.Puşkinə, türkmənlərdə Məhdimquluya, özbəklərdə Ə.Nəvaiyə, qazaxlarda A.Kunanbayevə Azərbaycan poeziyasında isə M.Füzuliyə münasibətdə reallaşırdı.

Azərbaycanda ötən əsrin 60-cı illərinin novator poeziyasının nümayəndələrinin, demək olar ki, hamısı Füzuliyə öz məhəbbətlərini ifadə edirdilər. Eyni zamanda onlar yaşlı nəslin nümayəndələrinə də (xüsusilə S.Vurğun və R.Rzaya) ehtiramla yanaşırdılar. Bütün bunları bir araya gətirməklə Yaşar Qasımbəyli həmin dövrün ədəbi həqiqətlərini tapmaq və onu olduğu kimi söyləmək məqsədini həyata keçirir. Keçmişi unutmamaq və müasir dövrə qiymət verməklə gələcəyə baxmaq tezisi Yaşar Qasımbəylinin bədii nümunəni dəyərləndirmək meyarıdır. Bu məqamda tədqiqatçı haqlıdır ki, “altmışıncıların ədəbi mənşəyi ilə estetik idealları arasındakı uçurum çox dərin idi”. Yəni yeni ədəbi nəsil dilemma qarşısında qalmışdı: Sovet ədəbiyyatı nümayəndələrinin varisləri kimi çıxış etmək, yoxsa 30-cu illərdə repressiyaya məruz qalmış klassiklərin ardıcıllarına çevrilmək! Əslində altmışıncıların ədəbi mübarizəsinin mayasında bu dilemma dayanırdı və ən böyük tapıntı elə bu dilemmanın özü idi. Amma altmışıncılar da onun hansını seçəcəklərini yaxşı bilirdilər və seçdilər. Əli Kərim H.Cavidə və M.Müşfiqə həsr olunmuş şeir yazdı, M.Araz “Günəşi ittiham edənlər”, X.Rza “Tamam doğmayan Günəş” şeirləri ilə repressiya qurbanlarını Vətəni sevməyin örnəyi kimi təqdim etdi.

Həmin mərhələdə özbək ədəbiyyatında başqa bir istiqamət öz təsdiqini tapdı. Tədqiqatçı bu istiqaməti  “Anama məktub” ünvanlı və düşüncəli neçə-neçə şeirin yaranmasında görür. Belə şeirlərin ən yaxşı nümunələrini Abdulla Aripov, Rauf Pərfi və Çolpan Erqaş yazmışdı. Əslində “Anama məktub” ünvanı yeni poetik axtarışların ünvanı idi və şübhə yoxdur ki, həmin axtarışlar kökə - ana qucağına bağlılığın rəmzi olmuşdu.

İstər Azərbaycan, istərsə də özbək ədəbiyyatı nümunələrinə söykənən tədqiqatçı haqlıdır ki, bu dövrün şairləri müxtəlif vaxtlardakından tamamilə fərqli olaraq, sadəcə, şeir yazmaq yox, həyatı dərk etmək və anlamaq haqqında düşünürdülər. Bu, şəxsi arzu və istəyin deyil, estetik idealın qələbəsi idi. Belə bir düşüncə hətta təbiətin dərkindən keçirdi: fəsillər də, ağaclar da, yarpaqlar da poeziyanın predmetinə çevrilir, yeni şair nəsli öz novator axtarışlarını hamının gördüyü, şahid olduğu obyektlərdə arayır və gizli formada özündən əvvəlki nəslə bənzəmək istəmirdi. Bu cəhət altmışıncıların otuzunculardan fərqlənməsinin də əsası olmuşdu. Yaşar Qasımbəyli  altmışıncılar və otuzuncular arasında müqayisələr aparmış, altmışıncıların milli ənənəni dirçəltmək baxımından otuzuncuları daha çox üstələməsinin elmi izahını vermişdir. Yaşar Qasımbəylinin   altmışıncılar və otuzuncularla bağlı apardığı paralellər və gəldiyi elmi nəticələr bizim ədəbiyyatşünaslıqda həm yenidir, həm də monoqrafiyanın sanbalını artıran məqamlardır.

Ədəbiyyat tarixində özünə kök salmış keçmiş zaman və uzaq məkanlar ənənəsi altmışıncıların zamanında və şəxsində müasir həyata bağlı tragik lirizm ilə əvəz edilə bildi. Bununla nəfəs genişliyi arzusunda olan ədəbiyyat bir az rahat nəfəs aldı. Eyni zamanda üstüörtülü poetik metaforalar yaşamaq haqqını itirmədi, əksinə yeni poetik vasitələr də kəşf edildi. Tədqiqatçı bunlardan birini - Sabirin anadan olmasının yüz illiyi ilə bağlı şeirləri xüsusilə vurğulayır. Doğru nəticədir ki, yaxın ənənədən fərqli olaraq, dövrün poeziya üslubu iztirab və kədərlə müşaiyət olunurdu. Abdulla Aripovun “Sevgi ölümü” şeiri həmin üslubun parlaq nümunəsi idi. Hətta tədqiqatçı fürsət tapıb 60-cı illərdə baş verən Daşkənd zəlzələsinin özbək yeni poeziyasına cəsarət verməsini də xüsusilə qeyd edir. O, tamamilə haqlıdır ki, “tragik-dramatik üslubun əsas enerji mənbəyi həyat həqiqətlərinə sədaqətdir”.

Yaşar Qasımbəyli lirikanın ədəbi növlər içərisində yerini və mövqeyini, yeni ədəbiyyatın yaranmasında onun öncüllüyünü, lirik qəhrəmanın həyatdan ədəbiyyata gəlişinin mahiyyətini elmi-nəzəri müddəalarla və özünəməxsus ədəbiyyatşünas səriştəsi ilə şərh edir. Ədəbi yüksəlişi ədəbi tənqidin fəaliyyəti ilə paralel öyrənmək, dövrün bədii materialları ilə onu dəyərləndirən ədəbiyyatşünaslıq fikrini tam halda götürmək, tədqiqatın son dərəcə geniş bir mənzərəyə malik obyektinə aid heç nəyin kənarda qalmamasına çalışmaq böyük zəhmət tələb edir. Bu zəhmət monoqrafiyadan açıq-aydın görünür.

Tədqiqatçıda altmışıncılar kimi formalaşan ədəbi nəslin start götürdüyü nöqtəni də müəyyənləşdirmək cəsarəti var. Müəllifə görə bu nöqtə Əli Kərimin 1953-cü ildə yazdığı “İki sevgi” şeiridir. Monoqrafiyada həmin şeirdən nümunə kimi gətirilən misraları biz də təkrar etmək istəyirik:

Mənsə səni sevirəm,
Susuzluğun od vurub
köz kimi yandırdığı
dodaq su sevən kimi.

Yaxud:

Mənsə səni sevirəm,
iynənin ucu boyda
İşığa həsrət qalan
göz işıq sevən kimi.

Misraları təsadüfən xatırlamadım. Artıq burada şair obrazı, lirik qəhrəman və ədəbiyyatşünas mövqeyi tam şəkildə üst-üstə düşür. Yaşar Qasımbəyli tədqiq etdiyi şeirlərin əhval-ruhiyyəsi ilə yaşayır və şeirlərdəki coşqunu öz tədqiqatında da yaşadır. Yaşar Qasımbəyli ədəbiyyatşünaslığa töhfə olan “Milli oyanış və özünəqayıdış lirikası” adlı monoqrafiyası ilə öz adını altmışıncılar ədəbi nəslinin yanında həmişəlik həkk edə bildi.

Kamran ƏLİYEV
Filologiya elmləri doktoru, professor 

 





05.10.2015    çap et  çap et