525.Az

Yaşam fəlsəfəsi


 

GÜNÜMÜZÜN FƏLSƏFƏSİ

Yaşam fəlsəfəsi<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Proseslər fərd - kütlə müstəvisində  

Fərd və kütlə problemi ilə bağlı həm Şərq, həm də Qərb filosoflarının dəyərli fikirləri çoxdur. Şeyx Sədi Şirazi fərd- kütlə probleminə öz münasibətini belə bildirmişdi:

Əgər oyaq qalsa şah otağında,
Yoxsul rahat yatar öz yatağında. 

Kütlənin kamilliyinin əhəmiyyəti haqqında ulu öndər Heydər Əliyev belə demişdi: “Əgər hər hansı bir ölkənin xalqı öz hüquqlarını anlayar və onları qoruya bilərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.

Çin filosofu Konfutsinin şəxsiyyətlə kütlənin birliyi barəsində söylədiyi bir hikmətdə deyilir ki, “əgər padşahla xalq bir olarsa, ölkə basılmaz”.

Fərd-kütlə kontekstində bəzi taleyüklü hadisələrə nəzər salaq. Əsrlər boyu Şərq ədəbiyyatında şəxsi faciə, milli faciədən, taledən qəlbi tutulubdur.

Şərq ədəbiyyatı hədəfə kütlənin (millətin, xalqın) yox, daha çox fərdin taleyini götürür. Məcnunun faciəsini min ildir ki, (dahi Nizamidən böyük Üzeyirə qədər) müxtəlif janrlarda yaşadılır. Dərbəndin, Şuşanın, Göyçənin, Zəngəzurun, Borçalının, Qarabağın və digər itirilmiş torpaqların dərdi, bu ərazilərin milyonlarla sakinlərinin taleyi ziyalılarımızın qəlbinə yol tapa bilmir.

Şarl de Qolla görə, dövlətin, xalqın mənafeyi bütün digər mənafelərdən qəlbi tutulmalıdır: “Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyini bütün qanunlardan üstün tuturam”. Bu böyük siyasətçi başqa bir fikrində deyir:   “Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım gəlir. Mən üstünlüyü ikinciyə verirəm”. Çox düşündürücüdür. Böyük siyasət adamı xalqın mənafeyini qanunlardan qəlbi, vətənin mənafeyini isə seçicinin mənafeyindən üstün tutur. Çünki ölkə ölməzdir, seçici müvəqqətidir. Müvəqqətini daimiyə qurban verir. Hər kəs razılaşar ki, düşüncə mükəmməldir. 

Yuxarıda deyilənlərdən aydındır ki, Qərbdə millətin, Şərqdə şəxsiyyətin böyüklüyünü sübut etmək cəhdi var.

Çağdaş Azərbaycanda çoxlu sayda xırda partiyaların olmasından da bu görünür. Çünki partiya başqanlarının çoxu Azərbaycanın dərdini yox, öz şəxsi mənafeyini üstün tutur. Milli mənafe naminə vahid lider axtarılmır və bu xislət dindən və tarixdən gəlir. Təkallahlılıq ideyası fərdi diqqət mərkəzinə çəkir. Xristian fəlsəfəsində “Allah üçlüyü sevir” ideyası kütləni diqqət mərkəzinə çəkir.

Millətin azad olması üçün fərdlərin azadlığı dərk etməsi zəruridir, amma kifayət deyil. Kafi şərt kütlənin azadlığı dərk etməsidir. Belə olanda millət azad olur. 

İqtisadiyyatın fəlsəfəsi

İnkişaf zəncirinə diqqət yetirsək görərik ki, təhsil elmi, elm texnologiyanı, texnologiya texnikanı, texnika sənayeni, sənaye isə iqtisadi inkişaf etdirir. Yüksək iqtisadiyyat isə firavan həyat deməkdir. Bu həyat zəncirinin hər halqası önəmlidir.

Təhsil və iqtisadiyyat da bu zəncirin birinci və sonuncu halqasıdır.

İqtisadiyyatın özü də mürəkkəb canlı orqanizmdir və çoxsaylı elementlərdən təşkil olunub. Hər bir elementin isə öz təyinatı var. Bu orqanizm yaxşı işləməsi üçün onun hər bir elementinin incəliklərini bilmək və nəzərə almaq lazımdır. Daha dəqiq desək, iqtisadiyyat mürəkkəb sistemdir və onu mürəkkəb sistemlər nəzəriyyəsi əsasında araşdırmaq lazımdır. Bu nəzəriyyəyə əsaslanaraq göstərmək olar ki, hər elementin iqtisadi göstəricisi zamana görə xətti dəyişən iqtisadi sistemin inteqral xassəsi qeyri xətti ola bilər. 

Bir əşyanın istehlakı (alınması) üçün qəbul edilən qərar ardıcıl bir neçə hadisənin (tanışlıq, maraq, ehtiyac, qərar vermək) cəmindən ibarətdir. Bu hadisələrin hər birinin əhəmiyyəti böyükdür. Əgər mala ehtiyac yoxdursa o alınmayacaq. Deməli, istehlak üçün ya təbii, ya da süni yolla ehtiyac yaratmaq lazımdır.

Rus akademiki O.Boqomolova görə, fizikanın öz qanunları var, ona  riayət etməyəndə Çernobıl hadisəsi törəyir. İqtisadiyyatın da öz qanunları var, ona riayət etməyəndə cəmiyyət daha böyük kataklizmlərlə qarşılaşır.

Qərb həm İrana, həm də Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdi. İran bu sanksiyalara dözdü, Rusiya isə tab gətirə bilmədi. Rusiyanın milli valyutası olan “rubl”  hər gün günəş altındakı buz kimi əriyir. Səbəb nədir? Səbəb çox mürəkkəb deyil.

Məlumdur ki, bazardan alınan əşyanın (şeyin) pulunun bir hissəsi onu istehsal edənə qaytarılır. İran daxili bazarı ciddi şəkildə qoruyur, bununla yerli istehsalı stimullaşdırır və əhalinin işlə təmin edilməsinə yardımçı olur. Bu işdə o qədim tarixindən, milli-dini adət -ənənəsindən dövrün tələbinə uyğun istifadə edir. İran məmuru “varatnik”li köynək geymir və qalstuk taxmır. Belə yabançı məhsulların istehsalçılarına bir qəpik də pul ödəmir. İran bazarında satılan çox şeylərin pulu onu istehsal edən iranlıya qayıdır. İnanmıram ki, rus məmurunu “Mersedes”dən  düşürüb  “Jiquli”yə oturtmaq mümkün olsun. Bu səbəblərdən də İran iqtisadiyyatı Rusiya iqtisadiyyatından fərqli olaraq xaricdən çox asılı vəziyyətdə deyil. 

Bizim məmurları göz önünə gətirəndə pərişan olursan, çünki ayaqdan başa qədər, xarici firmaların məhsullarını geyinirlər. Bu addım isə daxildə işsizliyə səbəb olur.

Bir neçə taksi sürücüsü tanıyıram ki, keçmişdə zərgər işləyiblər. Birindən soruşdum: niyə taksi işlədirsən? Dedi: İrandan, Türkiyədən o qədər çox və çeşidli zinət əşyaları gətirirlər ki, bizim sexlərimiz bağlandı. Zərgər sexlərinin bağlanması səbəbindən onlar bu işlə məşğul olurlar. Minlərlə sənətkar həm işini itirib, həm də nəsilbənəsil ötürülən zərgərlik sənətinin incəliklərini. Demək, iş yerlərini qorumaq, yeni iş yerləri açmaq qədər əhəmiyyətlidir.

Başqa bir misal. Əgər xeyir işlərdə, bayramlarda, ad günlərində ana və bacılarımızı holland qızılgülləri ilə təbrik ediriksə, onda yerli qızılgül bazarı, sənayesi,  biologiyası (elmi) inkişaf edərmi? Tələbəlik illərimdə dəniz kənarı bulvarda qızılgül sərgisinə baxmışdım. Bir mərdəkanlı gülçü 350 növ qızılgül nümayiş etdirirdi. Bizim torpaqda da qızılgül əmələ gəlir. Bu yaxınlarda bir nardaranlı ağsaqqalın fikrini mətbuatdan oxudum: “Gül bayramı üçün xaricdən gətirilən güllərin hamısını biz Nardaranda yetişdirə bilərik. Nardaranın Sovet hakimiyyəti vaxtı mövcud olan gül təsərrüfatları indi dağılıb. Bizə hökumətin dəstəyi lazımdır”. Həm iqtisadi, həm işsizlik, həm də maarifçilik baxımından hökumət bu dəstəyi verməlidir. Çünki “Gülçülük” sənətdir. Həm də sənət əldən getməsin. Elmlər Akademiyası bu işə dəstək versə, biologiya elminin bir qanadı iqtisadi dəstək tapardı.

“Papaqatmanın” fəlsəfəsi 

Papaq bizim həyatımızda əhəmiyyətli yer tutur. Papaq çox vaxt insanın milli kimliyini, dini mənsubiyyətini, cəmiyyətin hansı təbəqəsinə mənsub olduğunu  müəyyən etməyə imkan verir. Əsrlər boyu papaq forma və məzmunca böyük inkişaf yolu keçmişdir. Müxtəlif millətlərdə papağın təyinatı müxtəlifdir. Bəziləri ona geyim əşyası kimi baxır, bəziləri ona dərin məna verir, bəziləri də ona nüfuz atributu kimi baxır.

Hər il Novruz bayramında, daha doğrusu ilaxır çərşənbədə papağı qapılara tullamaq təklif olunur. Bu haqda “Yeni Musavat”da geniş reportajlara rast gəlmək olar. Zabil Müqabiloğlunun ideya müəllifi olduğu belə reportajların biri (“YM” 18.03.09 və 19.03.09) tanınmışların evinə papaq atmağa həsr edilmişdi. Rəyi soruşulan bütün partiya sədrləri “papaqatmanı” təqdir edirlər. Partiya sədri də,   professor da, akademik də “papaqatma”dan qürurla, ağız dolusu danışırlar. Hətta milli ruhun daşıyıcıları olan meyxana ustaları da TV-də papaqdan “qafiyə” çıxardırdılar. Sumqayıtın “Okean” şadlıq sarayında bir tanışın oğlunun toyunda xahişimlə meyxana ustası Namiq Mənanı bizim stola dəvət etdim. Mən Namiqə “papaqatmanın” zərərli və qüsurlu adət olduğunu dedim və üstəlik Şeyx Şamillə bağlı bir rəvayət də danışdım. Rəvayətə görə, Şeyx Şamili Rus Çarının qəbuluna aparanda ona deyirlər ki, Çarın hüzuruna papaqla girmək olmaz. O deyir: onda mənə başımdan qiymətli bir yer göstərin ki, papağı ora qoyum. Yəni papaq insanın ən qiymətli üzvü olan başa qoyular. Namiq Məna sağ olsun, bu iradlarla razılaşdı.

Bu il cənublu qardaşımız İsa Günəşli jurnalistin (YM, 23.03.15) papaqatma ilə bağlı sualına belə cavab verir: “Papaqatma adəti bizdə yoxdur. Adətən qapılara şal atırıq. Ev sahibi şala bayram süfrəsindən olan şirniyyatlardan bağlayır”.  Böyük Şəhriyarın “Heydərbaba”sında da bu haqda misralar var. Şübhə etmirəm ki, qədimdə çərşənbə axşamı papaq atmaq olmayıb, “torba atmaq”, “şal atmaq” olub. Bəs bu “papaq atmaq” adətinin yaranmasına səbəb nədir?  Bu adəti bizə kimlər sırayıb və məqsəd nə olub?

Güman etmək olar ki, məqsəd - namus, qeyrət simvolu sayılan və başa qoyulan papağı, ayaq alta atmaq, milləti sındırmaq olub.

1945-ci ildə keçmiş SSRİ-yə qarşı yönəlmiş bir doktrinada deyilir: “Biz ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək şüurlarına seks kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək”.

Bu doktrina “papaq atma” timsalında bizdə tam təsdiqini tapmaqdadır. Başa qoyulan papaq Novruz bayramında ayaq altına atılır. Yəni tarixi milli dəyər dəyərsizləşdirilir.

Bu zərərli adətin əleyhinə çox az sayda ziyalılarımız çıxırlar. Millət vəkili Aqil Abbas və Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli  Novruz bayramında qapıya papaq atmağa kəskin etiraz ediblər.

Papağın digər geyim əşyalarından fərqi, özəlliyi nədir?

XVII əsrdə Rene Dekart təbiət haqqında öz baxışını əsaslandırmaq üçün  “düşünən materiya” adlandırdığı ağlı, ölçülü-çəkili materiyadan fərqləndirir. Gözlə görülməyən, əllə toxuna bilmədiyimiz bu düşünən materiya beyində yerləşir. Beyin isə başdadır. Bu səbəbdən də baş digər üzvlərdən çox qiymətlidir. Baş canlılıq, dirilik deməkdir. İnsanın başı salamat olanda, özü də salamat olur.

Məlumdur ki, krallar, şahlar tac qoymuşlar, adi insanlar isə papaq. Tacın arxasında dövlətin qüdrəti, papağın arxasında “kişi sözü” durardı. Qiymətli daşlarla bəzədilmiş tac qüdrət simvolu kimi çıxış edir. Taca sahibliyi itirmək, təslim olmaq əlamətidir. Qüdrət, namus simvolu olan tac bədənin ən qiymətli üzvü olan başa qoyulur.

Yuxarıda deyilənlərdən bu qənaətə gəlmək olar ki, papağa münasibətdə biz hələ kamil deyilik.                                                

(Ardı var)

 





05.10.2015    çap et  çap et