525.Az

Güclü yağış Tərtərdə çətinliklər yaradıb


 

Güclü yağış Tərtərdə çətinliklər yaradıb<b style="color:red"></b> Ötən gün axşam saatlarından başlayaraq fasiləsiz yağan yağışlar Tərtər rayonunun bəzi yaşayış məntəqələrində çətinliklər yaradıb.
 
Tərtər rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fazil Əliyev APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib ki, yağmurlu hava şəraitindən sonra, mənbəyini işğal altında olan dağlardan götürən İncə çayda suyun səviyyəsi artıb. 

Nəticədə əvvəlcə rayonun Borsunlu kəndində yaşayış evlərinin bəzisinin həyəti və zirzəmisinə su dolub. Sel sularının gətirdiyi ağac qırıntıları körpülərin altına toplanaraq axarın qarşısını kəsib. Bu səbəbdən də suyun borularla yox, körpülərin üzərindən keçməsi, gediş-gəlişin dayanmasına səbəb olub.
 
Tərtər-Goranboy yolunun, Sarov kəndi ərazisindən keçən hissəsində körpünün sel sularının altında qalması maşınların hərəkətinin bir müddət dayanmasına səbəb olub.

F.Əliyev bildirib ki, əraziyə cəlb olunan texnika və işçi qüvvəsi suyun qarşısını açıb. Selin, çayın məcrasını dəyişməsinə imkan verilməyib. Hazırda çətinliklər aradan qaldırılsa da, ərazi nəzarətdə saxlanılır.
 





06.10.2015    çap et  çap et