525.Az

Zülmətdən keçən yol


 

SADIQ ELCANLININ "ZÜLMƏT" ROMANI HAQQINDA QEYDLƏR

Zülmətdən keçən yol<b style="color:red"></b>

Sadıq Elcanlı - çağdaş nəsrimizin özünəməxsus yaradıcılıq dəsti-xətti olan tanınmış bir nümayəndəsi!
 
Onu hələ Sadıq İbrahimov imzası ilə ötən əsrin 70-ci illərində bizim Şabranda yerli qəzetdə irili-xırdalı publisistik yazıları, ilk bədii yaradıcılıq nümunələri çıxan vaxtlardan tanıyıram.

Yazıçı bu yaxınlarda çapdan çıxan, nəsr, ədəbi tənqid, publisistika yazılarının toplandığı “Gülmənbə” adlı kitabını xoş sözlər, arzu və istəklərlə dolu avtoqrafla mənə bağışladı.

Müəllif kitabdakı “İşıq və zülmət” adlı ön sözündə belə deyir: “Zülmət” romanı da işıq haqqındadır, daha doğrusu, işığın ölməsi haqqında, insanlıq adlı uzun yolun əvvəlində başlayan sonuna güzgü tutmuş şam...”

Romantik şair Novalis isə deyirdi:

“Gerçəkliyi qaranlıqlaşdırın, onda o daha aydın görünəcək!”

Bunlar isə kimin sözləridir, bilmirəm: “Hər halda qaranlıq haqqında aydın danışmaq olmaz. Qaranlığa işıq salmaq olmaz. Çünki onda qaranlıq yox olar.”

Sadıq Elcanlı bu romanını da əvvəlki əsərlərində olduğu kimi öz ideyalarına cavab verən mifoloji-fantastik formada yazıb. Bəri başdan burasını deyim ki, geniş epik nəfəslə qələmə alınan, həcmcə heç də kiçik olmayan romanı az qala birnəfəsə oxudum. Yadıma düşmüşkən, hüzr məclisində dünyadan bixəbər nadanın biri özlüyündə axundu, guya ki, yerində oturtmaq istəyir:

- Molla əmi, savablara görə müjdələdiyiniz cənnəti, günahlar üçün qorxutduğunuz cəhənnəmi bəyəm heç görüb gələn var?...

Müqəddəs Quranın ilahi məntiqi ilə bu nadana dərs verməyi qərara alan axund:

- Elədir, övladım – deyir,- Bəyəm sən özün ananın bətnində, qaranlıq dünyada, zülmətdə bilmirdinmi ki, belə işıqlı bir dünya da var?!

Hə, deyəsən hər şey qaranlıqdan, zülmətdən işığa doğru bir yol gedir.

Və vay o kəslərin halına ki, bilə-bilə işıqdan zülmətə gedir...

“Zülmət”in qəhrəmanı Xasay Xaspoladov kimi!

Fikrimcə, Sadıq Elcanlının bu romanı müəllifin ön sözündə özünün dediyi kimi heç də təkcə işığın ölməsi haqqında yox, həm də zülmətin özünün də işıqda doğulması haqqındadır.

Romanın adı onun əsas mövzusunu, janr və bədii üslubunu, necə deyərlər, elə əvvəlcədən xəbər verir desək, yanılmarıq.

Əsərin fabulası, süjetin mifik-fantastik fonu zülmətlə işığın ziddiyyətləri üzərində qurulub.

Romana zəruri müasirlik, çağdaşlıq səciyyəsi verən yazıçı oxucuda dövrün ictimai, sosial həqiqətləri ilə bağlı yarıreal, yarımifik təəssürat yaratmağa müvəffəq olub. Xasay Xaspoladovun hakimiyyətə aludəliyi, mənsəbpəsərtliyi, daxili dünyasının mürəkkəbliyi və ziddiyyətləri, bir vaxt törətdiyi cinayət – qətl hadisəsi romanın fabulasında sənətkarlıqla qoyulub.

Yazıçı əsər boyu təsvir olunan hər bir epizod və hadisənin, əhvalatın sarsıdıcı bədii təsir vasitəsinə çevrilməsinə çalışıb.

Tənhalıqdan, yalqızlığından qəddarlaşan Butay Eləhmədov beləcə Xasay Xaspoladova çevrilir. Ehtiyac, kimsəsizlik və bir də şöhrətpərəstlik, nəyin və kimin hesabına olursa olsun, məqsədinə çatmaq ehtirası romanın qəhrəmanının vəziyyətini daha da ağırlaşdırır.

“Qadın azadlığa çıxmışdı. Qoca əri demişdi ki, çıx şəhərə, ürəyin nə istəyirsə al, qadının ürəyi çox şey istəyirdi və ürəyində ürəyini söyə-söyə gedirdi”.

Bir də “Qışın gizlətdiklərini bahar aşkara çıxarmışdı...”

Qadın “ürəyində ürəyini” niyə “söyə-söyə” gedirdi və baharın aşkara çıxardığı nələr idi?..

Oxucu bu sualların cavabını zamanında tapır. Demə, bahar, aradan illər ötsə də, ilk sevgini ürəklərdə aşkara çıxarırmış. Və qadın o ilk sevginin naminə bir gün qoca ərinə xəyanət edəcəyini ürəyinin dərinliklərində gizli saxlasa da, əvvəl-axır bir gün keçmiş sevgisinin onu ram edəcəyini sövqi-təbii hiss etdiyindən “ürəyində ürəyini söyə-söyə” gedirdi.

Qadın - Qəribə xanım duyğularının ikiləşməsindən əzab çəkir və bunu məntiqi nəticəsi olaraq cəzasını da alır.

Yazıçı öz romanında obrazların həyatiliyi ilə kolliziyalarının mifik-fantastik tərzdə, həm də reallığa uyğun olmasına çalışır.

Gərgin daxili mübarizə obrazların dramatizmini daha da artırır.

İrəlicədən duyma, gələcəkdən xəbərvermə, bəd, günah əməllər üzərində qurulan “Zülmət”də fantastikanın, mifin mənbəyi real həyat faktlarıdır. Romanda yazıçının mürəkkəb fəlsəfi mühakimələri “Zülmət-işıq” müstəvisində ayrı-ayrı obrazlar vasitəsi ilə öz əksini tapır. Obrazların roman boyu hərəkətlərinin, davranışlarının, qəbul etdikləri həqiqətlərin öz ictimai səbəbləri var. Və Sadıq Elcanlı da öz əsərində kamil bir yazıçı kimi bütün bunları öz oxucusuna təqdim edir.

Burasını da deyim ki, romanda təsvir edilən obrazların bəzilərinin prototiplərinin çoxu mənə tanış adamlardır. Həqiqətən bəziləri ilə bir vaxt ünsiyyətdə də olmuşam.

Bunu niyə xatırladıram: Tanıdığım adamları yazıçının belə dəqiqliklə təsvir etməsi məni bir oxucu kimi heyran etdi.

Ancaq burası da var ki, həmin obrazlar təkcə bir coğrafi məkana, yəni bizim Şabran bölgəsinə məxsus deyil. Ümumiləşdirilmiş obrazlardır.

Qaranlıqdan işığa yol gələn insanın ömür yolu elə zülmətə doğru da gedir. Başlancığ olan zülmət həm də axırdır, sondur.

 





06.10.2015    çap et  çap et