525.Az

Azərbaycan X Böyük Türk Dili Qurultayında uğurla təmsil olunub


 

Azərbaycan X Böyük Türk Dili Qurultayında uğurla təmsil olunub<b style="color:red"></b>

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və dünyanın nüfuzlu ali məktəbləri sırasında yer alan İhsan Doğramacı Bilkənd Universitetinin təşkilatçılığı ilə hər il sentyabr ayında dünyanın ayrı-ayrı ölkələrində Uluslararası Böyük Türk dili Qurultayı keçirilir. 1996-cı ildən Türk Dil Bayramı kimi qeyd olunan bu tədbir 2006-cı ildən başlayaraq Uluslararası Böyük Türk Dili Qurultayı adı ilə fəaliyyətini davam etdirməkdədir. 

Bilkənd Universitetinin təşkilatçılığı ilə builki X Uluslararası Böyük Türk Dili Qurultayı 28 sentyabr - 01 oktyabr tarixlərində Bosniya-Hersoqovinanın paytaxtı Sarayevo şəhərində (Sarayevo Universitetində) keçirilmişdir. Qurultaya dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Azərbaycan, Bosniya-Hersoqovina, İran, İraq, Tatarıstan, Qazaxıstan, Makedoniya, Rusiya, Polşa, Kosova və Estoniyadan 150-yə yaxın elm adamı qatılmışdır. Onu da qeyd edək ki, qurultayın təşkilat komitəsinin akademik tərkibi müxtəlif ölkələrin elm adamlarından ibarətdir və bu akademik tərkibdə hər il ölkəmizi görkəmli alim, akademik Tofiq Hacıyev təmsil edir.  

X Uluslararası Böyük Türk Dili Qurultayında Bakı Dövlət Universitetini Filologiya fakültəsinin müəllimləri - professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, "Türkoloji araşdırmalar" ETL-in kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov təmsil ediblər.

Qurultayın açılış mərasimi Sarayevo Universitetinin Fəlsəfə fakültəsinin binasındakı böyük zalda baş tutub. Qonaqları Bilkənd Universiteti adından salamlayan qurultayın təşkilat komitəsinin sədri professor Rasim Özyürək 20 ildir keçirilən bu möhtəşəm tədbirin mahiyyətindən və gələcək perspektivlərindən danışıb. Daha sonra çıxış edənlər - Sarayevo Universitetinin rektoru professor Muharem Avdisapiç, Türkiyənin Bosniya-Hersoqovinadakı səfiri Cihad Erginay, Türkiyə-Azərbaycan Dostluq və İşbirliyi Vəqfinin rəhbəri Ənvər Həsənoğlu, Yunus Əmrə İnstitutunun rəhbəri Həyati Dəvəli, Sarayevodakı Yunus Əmrə İnstitutunun müdiri Mehmet Akif Yaman qurultayın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzu ediblər. Qeyd edək ki, açılış mərasimini Bakı Dövlət Universitetinin doktorantı Pərvin Eyvazovla Sarayevo Universitetinin Türk dili bölümünün rəhbəri professor Kərimə Filan birlikdə aparıblar.   

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. BDU-nu təmsil edən müəllimlər - prof. Z.Şahbazova "Türk Dillerinde Kullanılan Ortak İşaret Zamirleri ve Onların Yapımı", dosent Q.Abdullayeva "Türkçede Kemiyyetin Eski Variant Paralelliği (Eski Türk dili - 17. y.y.)", doktorant P.Eyvazov isə "Bekir Çobanzade'nin Dilcilik Araştırmalarında Edebi Dil Meseleleri" adlı məruzələrlə çıxış ediblər. Həmçinin BDU-nun dosenti Q.Abdullayeva məruzəçisi olduğu bölməyə təşkilat komitəsi tərəfindən rəhbər təyin olunub.

Bölmə iclasları başa çatdıqdan sonra qurultayın bağlanış mərasimi keçirilmişdir. Prof. R.Özyürək, eləcə də bir neçə bölmə rəhbərinin hesabat xarakterli çıxışı dinlənildikdən sonra iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Tədbirin sonunda qurultayın təşkilat komitəsi hər il olduğu kimi ənənəyə sadiq qalaraq bu möhtəşəm tədbirin növbəti dəfə harada keçirilməsi ilə əlaqədar təklif irəli sürmüşdür. Zalda əyləşən bütün iştirakçıların yerlərindən uca səslə  "Azərbaycan! Bakı!" demələri isə böyük qürur hissi ilə qarşılanmışdır. Təkliflə əlaqədar çıxış edən təşkilat komitəsinin üzvləri, eləcə də digər ölkələrin nümayəndələri Azərbaycan kimi dünyada tanınan bir dövlətdə bu tədbirin keçirilməsinin böyük maraq doğuracağını bildiriblər. 2012-ci ildə “Avroviziya”, 2015-ci ildə Birinci Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edən və Türk dünyasının mərkəzinə çevrilməkdə olan Azərbaycanda növbəti qurultayın təşkil olunmasını arzu edən elm adamları ölkəmizdəki inkişafın canlı şahidi olmaq istəyiblər. Eyni zamanda qeyd olunub ki, gələn il I Türkoloji Qurultayın 90 ili tamam olur və vaxtilə 1-ci Türkoloji Qurultay Bakıda baş tutduğu kimi, 11-ci Uluslararası Böyük Türk Dili Qurultayının da Bakıda keçirilməsi maraqlı olardı. Müzakirələrin yekunu olaraq çıxış edən təşkilat komitəsinin sədri professor Rasim Özyürək bildirib ki, bu təklif aidiyyəti üzrə yüksək qurumlara çatdırılacaq və ətraflı müzakirə olunduqdan sonra növbəti qurultayın keçiriləcəyi ölkə məlum olacaq.

Daha sonra qurultay iştirakçılarının şərəfinə Türkiyənin Bosniya-Hersoqovinadakı səfirliyində ziyafət təşkil olunub. Qonaqları səmimiyyətlə qarşılayan səfir Cihad Erginay və onun xanımı iştirakçıları salamladıqdan sonra müxtəlif ölkələrin tanınmış alimləri ilə söhbətlər aparıb. Cihad Erginay Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə də ayrıca görüşmüş və onların fəaliyyət istiqamətləri ilə maraqlanmışdır. 

Qurultayın növbəti günü isə iştirakçıların Bosniya-Hersoqovinanın bir neçə şəhəri ilə tanışlığı baş tutub. Həmçinin qurultay müddəti çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin Bosniya-Hersoqovinadakı konsulluğunu ziyarət edib. Qonaqları qəbul edən konsulluğun müşaviri İsmayıl Cəfərov öncə onların fəaliyyəti ilə maraqlanıb və qurultayın proqramı ilə tanış olub. Sonra konsulluğun burada gördüyü işlər və Azərbaycan - Bosniya-Hersoqovina münasibətləri haqqında məlumat verib. Elm müstəvisində də əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayan müşavir bu cür tədbirlərin təşkil edilməsini müsbət hal kimi qiymətləndirib. Sonda konsulluğa universitet əməkdaşları adından xatirə hədiyyələri təqdim olunub.

Ümumiyyətlə, Bakı Dövlət Universitetini təmsil edən elm adamlarının Bosniya-Hersoqovinaya səfəri uğurlu və yadda qalan maraqlı görüşlərlə başa çatıb.   

Qeyd edək ki, Bosniya-Hersoqovinada keçirilmiş X Uluslararası Böyük Türk Dili Qurultayında Bakı Dövlət Universitetinin əməkdaşları ilə yanaşı, AMEA-dan prof. Möhsün Nağısoylu, prof. Adil Bağırov, prof. Roza Eyvazova, Bakı Slavyan Universitetindən dos. Xatirə Abdullayeva, dos. Ziyafət Qasımova, Azərbaycan Tibb Universitetindən dos. Dürdanə Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Aynur Qafarlı iştirak ediblər.     

Vəfa MƏMMƏDLİ

 





06.10.2015    çap et  çap et