525.Az

"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır"


 

"Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır"<b style="color:red"></b>

"Ermənistanın açıq-aşkar işğalçılıq siyasətinə baxmayaraq, hələ də bəzi beynəlxalq qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşırlar. Hələ də Ermənistandan beynəlxalq hüquq normalarına riayət edilməsi tələb edilmir, əksinə  rəsmi İrəvanla ikitərəfli əməkdaşlıq edilir". 

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bəzi beynəlxalq qurumların, həmsədr dövlətlərinin Azərbaycana qarşı qeyri-konstruktiv mövqe sərgilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün bunlar hələ də beynəlxalq aləmdə müəyyən dairələrin ikili standartla yaşamasından irəli gəlir. Millət vəkili əlavə edib ki, uzaq 90-cı illərdə Küveyt İraq tərəfindən işğal ediləndə ABŞ rəhbərliyində koalisiya yaradıldı və İraq qoşunları oradan çıxarıldı: "Kosova məsələsində isə dünya birliyi, hətta Kosovanın müstəqilliyinə qədər getdi. Bu gün Krım məsələsində dünya birliyi yekdillik nümayiş etdirir. Amma Dağlıq Qarabağ məsələsinə gəldikdə isə Azərbaycan və Ermənistandan ümumu razılığa gəlmək tələb edilir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir. Azərbaycanın xarici siyasətində bu faktorlar çox böyük rol oynayır. Azərbaycan öz ərazi bütövlüyünü heç nəyə güzəştə getməyəcəyini, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması üçün sona kimi gedəcəyini dəfələlərlə bəyan edib. Məhz bunun nəticəsidir ki, Ermənistan bu gün çıxılmaz vəziyyətə düşüb".

A.Mirzəzadə əlavə edib ki, hazırda Ermənistanda iqtisadi vəziyyət getdikcə  ağırlaşır, insanlar durmadan ölkədən köçüb gedir: "Beləcə işğalçı ölkə çökməkdə davam edir. Son günlər cəbhə xəttində Ermənistanın bir-birinin ardınca məğlubiyyətləri göstərir ki, Azərbaycanın tutduğu yol düzgündür. Ümumilikdə götürdükdə, Azərbaycan beynəlxalq qurumlardan ədalət, beynəlxalq hüquq normalarına riayət edilməsini gözləyir. Hər bir halda ölkəmiz qətiyyətlə özünün ərazi bütövlüyü məsələsini önə çəkəcək və bu yolda mübarizə aparacaq".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bu gün daxili durumu pis vəziyyətdə olan işğalçı dövlətdən Azərbaycanın ünvanına müxtəlif bəyanatların səsləndirilməsinə diqqət çəkib: "Bu günlərdə Şuşanı işğal edən erməni generalı Arkadi Ter-Tedevosyan bəyan etdi ki, Ermənistan Azərbaycanın hərbi əməliyyata başlamasından ehtiyat edir və  müxtəlif yollarla ölkəmizi bu fikrindən daşındırmağa çalışır. Hesab edirəm ki, rəsmi İrəvan Avropanın, Fransanın, ABŞ-ın vasitəsilə Azərbaycana təsir etməyə çalışır. Onlar bunu dəfələrlə bildiriblər. BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edən prezident Serj Sarkisyan özü də bildirdi ki, cəbhə bölgəsində vəziyyət gərgindir və hər an müharibə başlaya bilər. İndi də Sarkisyanın və erməni generalın dilindən fikirlər səsləndirilir ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi başlayarsa, Ermənistan neft boru kəmərlərini, dəmir yolunu vura bilər".

A.Nağı xatırladıb ki, ermənilər tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu xəttində təhlükə var: "Çünki həmin xətt Gürcüstan ərazisindən keçir. Onlar bu cür hədələrlə Azərbaycanı müharibədən çəkindirməyə çalışırlar. Güman edirəm ki, Ermənistan bu cür addım atmağa heç vaxt cəsarət edə bilməz. Bu, yalnız Rusiyanın sifarişi ilə həyata keçə bilər. Başqa halda mümkün deyil. Ermənistan həddindən artıq kiçik və gücsüz bir dövlətdir".

QAT sədri Azərbaycandan gələn bəyanatların Ermənistanda təşviş doğurduğuna da diqqət çəkib: "Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, öz ərazilərini istənilən vasitə ilə azad edəcək. Təbii ki, burada hərbi variant da istisna deyil. Hələ ki, ölkəmiz sülh danışıqlarında iştirakını dayandırmayıb. Amma danışıqlar nəticə verməsə, işğal altındakı torpaqlarımızı azad etmək üçün yetərincə gücümüz var. Təşfiş içində olan Ermənistan isə nəhayət geriyə addım atmalı, işğalçılıq siyasətinə son qoymalıdır".

PƏRVANƏ

 





06.10.2015    çap et  çap et