525.Az

Görkəmli alim, tanınmış arxeoloq


 

Qafar Cəbiyev - 65

Görkəmli alim, tanınmış arxeoloq <b style="color:red"></b>

Arxeologiya elmi İctimai-humanitar elmlər sırasında özünün bir sıra səciyyəvi və spesifik xüsusiyyətləri ilə seçilir.
 
Məşhur Britaniya-Avstraliya arxeoloqu Qordon Çayldın təbirincə desək "tarix elmində çevriliş edən arxeologiya keçmişi öyrənmək perspektivini yüz dəfələrlə artırmışdır". Bu sahəni fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, arxeoloq ən müxtəlif təbii-coğrafi şəraitlərdə yerləşən arxeoloji abidələrdəki qazıntılarda aşkar etdiyi maddi mədəniyyət nümunələrini düzgün təhlil etməli, qədim tarixin öyrənilməsində onların yerini dəqiq müəyyənləşdirməlidir. Bir sözlə, qədim tarixin sirlərini, cansız arxeoloji tapıntıları "dilləndirməklə canlandırmalıdır".  Burada yol verilən cüzi bir səhvi sonralar uzun illər ərzində düzəltmək müşkül bir məsələyə çevrilir. Etiraf etmək lazımdır ki, özlərini arxeoloq adlandıranların heç də hamısı bu məsuliyyətli işin öhdəsindən lazımınca gələ bilmirlər.

Bu günlərdə 65 yaşı tamam olmuş tarixçi-arxeoloq alim, tarix elmləri doktoru, professor Qafar Cəbiyev öz əsərləri ilə qədim tarixi göz önündə canlandırmağı bacaran görkəmli tədqiqatçılardandır. Mübaliğəyə yol vermədən deyə bilərik ki, tariximizin son 2000 illik dövrünün görkəmli tədqiqatçılarından biri məhz Q. Cəbiyevdir. O, uzun illər arxeologiya sahəsində çalışmasına baxmayaraq "mən arxeoloqam" sözlərini təvazökarlıqla dilə gətirən alimlər sırasındadır. Bəri başdan onu da qeyd edək ki, Q.Cəbiyevin zəngin elmi fəaliyyəti və arxeologiya elminin inkişafı sahəsindəki xidmətləri Azərbaycan ictimaiyyətinə kifayət qədər yaxşı məlumdur.

Orta əsrlər dövrü xronoloji-dövrləşmə baxımından tam üç mərhələni özündə birləşdirir: erkən (IV-VII əsrlər), inkişaf etmiş (VIII-XIV əsrlər) və son (XV-XVIII əsrlər) orta əsrlər. Bu mərhələlər biri-birinin məntiqi davamı olsa da, biri digərindən ictimai-siyasi quruluş, mədəni inkişafın səviyyəsi və maddi mədəniyyətin səciyyəvi xüsusiyyətləri baxımından xeyli dərəcədə fərqlənir. Bu səbəbdən də, orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinin tədqiqi zamanı özünəməxsus yanaşma və tədqiqat üsulları tətbiqini zəruri edir. Məhz buna görə də, əksər hallarda arxeoloq kadrlar orta əsrlərin qeyd edilən ayrı-ayrı mərhələləri üzrə ixtisaslaşmışlar. Bu mənada orta əsrlərin bütün mərhələlərini öz tədqiqatlarında birləşdirmək hər bir tədqiqatçıdan həm arxeoloji abidələri, həm yazılı mənbələri, həm mülkü, həm də siyasi tarixi dərindən bilmək qabiliyyəti tələb edir. Q. Cəbiyev bütün bu elmi istiqamətlərə dərindən yiyələnmiş azsaylı tarixçi alimlərdən biridir. Bu səbəbdən də onun orta əsrlərin bütün mərhələlərinə dair aparmış olduğu araşdırmaların Azərbaycan tarixşünaslığında özünəməxsus yeri vardır.

Qafqaz Albaniyası dövrü Azərbaycan tarixində, xüsusilə də qədim dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik mərhələdir. Məlum olduğu kimi,  Albaniyanın erkən orta əsrlər tarixi daha çox mürəkkəb siyasi proseslərin, çoxsaylı müharibə, basqın və qarətlərin baş verməsi ilə xarakterizə olunur. O zaman Azərbaycan ərazisi nəhəng Sasani, Bizans imperiyalarının, şimaldan qarətçi yürüşlər edən qıpçaqların, xəzərlərin, hunların və digər hərbi-siyasi qüvvələrin maraqlarının toqquşduğu bir məkan idi. Bu dövrün tarixi çoxsaylı elmi əsərlərdə öz əksini tapsa da, Albaniyanın ayrı-ayrı vilayətlərinin tarixi hələ də tam və əhatəli şəkildə tədqiq edilməmişdir. Digər tərəfdən, nəzərə alsaq ki, Albaniyanın tarixi təkcə Azərbaycan alimləri tərəfindən deyil, həm də erməni, gürcü və rus tədqiqatçıları tərəfindən öyrənilir, o zaman bu sahədə yeni bir söz demək gərgin əmək, inadlı, məqsədyönlü araşdırmalar və alim cəsarəti tələb edir. Q. Cəbiyev yorulmaz elmi tədqiqatları ilə olduqca mürəkkəb bir dövrün tarixi barədə nəinki yeni bir söz deməyə nail oldu, o həm də onilliklər ərzində elmi təfəkkürdə hakim olmuş konsepsiyanın yanlış olduğunu, əslində bununla Azərbaycanın siyasi tarixinin mühüm bir mərhələsinin təhrif edildiyini tutarlı elmi faktlarla əsaslandıra bilmişdir. Söhbət Qafqaz Albaniyasının inzibati-siyasi vahidlərindən biri kimi Girdiman vilayətinin ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatındakı xüsusi yeri və rolundan gedir. Q. Cəbiyevin 2010-cu ildə nəşr etdirdiyi "Girdiman tarixi" adlı monoqrafiyasında Girdiman vilayətinin əsl tarixi şərh olunmuşdur.
 
Xatırladaq ki, Girdiman vilayətinin coğrafi arealı - lokalizasiyası uzun illər elmdə disskussiya obyekti olaraq qalmışdır.

Bu disskusiyalarda alimlərin bir qismi tam elmi obyektivliklə iştirak etsələr də, digər qismi, xüsusilə də bədnam qonşularımızın nümayəndələri bu məsələyə qərəzliklə, öz siyasi məqsədləri prizmasından yanaşmışlar. Q. Cəbiyev heç bir ciddi arqument olmadan Girdimanı Azərbaycanın qərb bölgəsində yerləşdirən müəlliflərin fikirlərinin düzgün olmadığını, bu vilayətin məhz, Şirvan ərazisində mövcud olduğunu yazılı mənbələr, arxeoloji abidələr, toponomik faktlarla əsaslandırmışdır.
 
Belə bir cəhəti xüsusi vurğu ilə qeyd edək ki, onun irəli sürdüyü yeni fikirlər həm yazılı mənbələrin, həm elmi əsərlərin düzgün təhlilinə, həm də tarixi Girdiman vilayətindəki abidələrdə uzun illər aparılmış olan arxeoloji qazıntıların nəticələrinə əsaslanır. Fikrimizcə, bu yerdə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun Q.Cəbiyevin "Girdiman tarixi" əsərinə yazmış olduğu ön sözdən bir parçanı oxucuların diqqətinə çatdırmaq lap yerinə düşər: "Qafar Cəbiyev tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə tarix elmimizin də böyük uğurudur. Onun Girdimanın IV-IX əsrlər tarixinə həsr olunmuş tədqiqatı elmimizdə yenilikdir, tarixi saxtalaşdıranlara, xüsusilə də, erməni saxtakarlarına tutarlı cavabdır, tarixi həqiqəti müdafiə edən araşdırmadır". Deyilənlərə onu da əlavə edək ki, Qafar müəllim Girdiman tarixinə aid araşdırmalarını bu gün də çox böyük uğurla davam etdirməkdədir.
 
İnanıram ki, onun bu günlərdə tamamlayaraq "Elm" nəşriyyatına təqdim etdiyi iri həcmli "Girdiman: tarixi və tarixi coğrafiyası" adlı yeni monoqrafiyası da Azərbaycan tarix elminə sanballı töhfə kimi dəyərləndiriləcəkdir.

Alimin Albaniya tarixinin öyrənilməsində mühüm uğurlarından biri də, alban tarixçisi M. Kalankatuklunun "Albaniya tarixi" əsərində adı çəkilən, lakin bu günədək yeri bəlli olmayan Mehrəvan şəhərinin ünvanının müəyyən edilməsi olmuşdur. Əslində Q. Cəbiyevin bu kəşfi mahiyyət etibarilə yazılı mənbələrdəki məlumatların arxeoloji qazıntılarla sübuta yetirilməsi, bununla da mühüm bir elmi problemin həll edilməsi deməkdir. Ədalət naminə qeyd etmək lazımdır ki, belə bir uğura imza atmaq heç də hər tədqiqatçının yerinə yetirə biləcəyi iş deyil.

Elm aləminə yaxşı məlum olduğu kimi, son orta əsrlər dövrü əsasən yazılı mənbələr əsasında öyrənilir. Hər halda, elmdə uzun müddət belə bir fikir hakim olmuşdur. Əlbəttə, Azərbaycanın bu dövrə aid tarixinə dair Şərq və Avropa dillərində çoxsaylı mənbələr mövcuddur və onlar tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılmışdır. Bu səbəbdən də uzun illər ərzində son orta əsrlərə aid arxeoloji abidələr məhdud informasiyalı hesab edilib və onlarda demək olar ki, qazıntı işləri aparılmayıb. Lakin Q. Cəbiyevin apardığı tədqiqatlar nəticəsində bu müddəanın da düzgün olmadığı tutarlı elmi dəlillərlə sübuta yetirilmişdir. Bu baxımdan onun, hələ 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyası və Ağsu şəhər yerində apardığı arxeoloji araşdırmalar böyük elmi əhəmiyyət kəsb edir.
 
Məlumat üçün bildirək ki, Q. Cəbiyevin rəhbərliyi ilə Ağsu rayon ərazisində 2010-2013-cü illərdə çox iri miqyaslı arxeoloji qazıntı işləri aparılıb. Ümumiyyətlə, arxeoloji qazıntıların elmi informativliyinin həcmi ən qədim dövrlərdən son orta əsrlərə doğru qazıntı sahələrinin genişliyindən asılıdır. Məsələn, 1 hektar ərazisi olan neolit dövrü yaşayış yerində zəruri elmi informasiya əldə etmək üçün ən azı 100 kvadratmetr sahədə qazıntıya ehtiyac varsa, orta əsr şəhər yerlərində bu rəqəm ən azı on dəfə artıq olmalıdır. Bu baxımdan Q.Cəbiyevin Nadir şah tərəfindən 1735-ci ildə əsası qoyulmuş orta əsr Ağsu şəhər yerində apardığı qazıntılar əsl nümunə ola bilər. Abidədə qazıntı işləri 15000 kvadratmetr sahəni əhatə edir. Aşkara çıxarılmış bütün maddi mədəniyyət qalıqları tədqiqatdan sonra tam şəkildə, özü də müasir beynəlxalq standartlar səviyyəsində konservasiya edilmişdir ki, bu da arxeoloji qazıntıların məntiqi nəticəsidir. Məhz həmin konservasiya işləri nəticəsində abidə bu gün həm də aktiv turizm obyektinə çevrilmişdir. Ağsuda aşkar edilmiş pul dəfinələri, o cümlədən, qızıl Holland dukatlarından ibarət dəfinə isə XVIII əsrdə Azərbaycanın Avropa ölkələri ilə beynəlxalq əlaqələri barədə yazılı mənbə məlumatlarını maddi faktlarla daha da zənginləşdirmişdir. Bir sözlə, bu abidədə  Q.Cəbiyevin rəhbərliyi ilə aparılan kompleks arxeoloji tədqiqatlar Azərbaycanın yazılı qaynaqlarla araşdırılmamış son orta əsrlər dövrü tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmışdır. Ümumiyyətlə, Azərbaycanın bu dövr tarixinin arxeoloji qazıntılarla öyrənilməsi elmi istiqaməti Q. Cəbiyevin adı ilə bağlıdır.

Arxeoloji abidələrin, bu abidələrdə aparılan tədqiqatların geniş ictimaiyyət, xüsusilə də gənclər arasında təbliği müasir dövrdə hər bir mütəxəssisin qarşısında duran mühüm vəzifələrdən biridir. Belə təbliğat işləri ilk növbədə gənclərdə vətənpərvərlik ruhunu yüksəldir, eyni zamanda abidələrin qorunması işinə xidmət edir.

Azərbaycanda minlərlə arxeoloji, tarixi abidələr vardır və onların hər birinin yanında mühafizəçi qoymaq mümkün deyil. Təcrübə göstərir ki, abidələrin qorunmasının ən effektli üsulu məhz təbliğat, maarifləndirmə işləridir. Q.Cəbiyevin bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Respublikamızın müxtəlif bölgələrində, xüsusilə də Şirvan, Şəki-Zaqatala bölgələrində qədim yaşayış məskənlərinin, qəbir abidələrinin, dəfinələrin tam dağılmaqdan xilas olunmasında, o cümlədən, həmin abidələrin tədqiqatlara cəlb olunmasında Q. Cəbiyevin böyük xidmətləri vardır. Q. Cəbiyev Azərbaycan elmini, qədim tariximizi, arxeoloji abidələrimizi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda yüksək səviyyədə təmsil edir. Son illər Çin, Türkiyə, İspaniya və İtaliyanın müxtəlif şəhərlərində keçirilən konfrans və simpoziumlarda Azərbaycan tarixinin aktual problemlərinə dair sanballı məruzələrlə çıxış etmişdir. İçərisində olduğumuz sentyabr ayı ərzində o, Avropa arxeoloqlarının Şotlandiyanın Qlazqo şəhərində keçirilən XXI illik toplantısında və İtaliyanın Verona şəhərində keçirilən "Ümumdünya türk mədəniyyəti, sənəti və mədəni irsin mühafizəsi" simpoziumunda Ağsuda aparılan arxeoloji tədqiqatların nəticələrinə dair məruzələrlə çıxış etmişdir.

Hörmətli həmkarımız, istedadlı alim, bacarıqlı təşkilatçı Qafar Cəbiyevi 65 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Teymur BÜNYADOV
AMEA-nın həqiqi üzvü,tarix elmləri doktoru, professor
Nəcəf MÜSEYİBLİ
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru

 





06.10.2015    çap et  çap et