525.Az

Dollarla götürülən kreditləri manata çevirəndə diqqətli olmaq lazımdır


 

VÜQAR BAYRAMOV: "BANKLARIN ƏKSƏRİYYƏTİ MÜDDƏTİ UZATMAQLA KREDİT SAHİBİNDƏN ƏLAVƏ ÖDƏNİŞ TƏMİN EDİRLƏR"

Dollarla götürülən kreditləri manata çevirəndə diqqətli olmaq lazımdır<b style="color:red"></b>

"Xarici valyuta, xüsusən də ABŞ dolları ilə olan kreditlərin milli valyutaya çevrilməsi ilə bağlı müraciətlərin sayı artıb. Bir sıra riteyl bankların dollarla götürülən kreditləri manata çevirməklə bağlı müraciətlərindən sonra potensial develvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Nəticədə, kommersiya bankları nəinki məzənnə, hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar". Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ABŞ dollarıyla götürülən kreditləri manata çevirən zaman bir sıra şərtlərə diqqət yetirilməlidir: "Bankların əksəriyyəti belə əməliyyatlarda dollar ilə olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edirlər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti 12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da, kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır. Bu da ümumi kredit məbləğində yeni faizlər hesabına artımlarla nəticələnir. Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. Bu baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənədək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir".

Ekspert əlavə edib ki, konvertasiya məzənnəsinə diqqət yetirmək lazımdır: "Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyuta dəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidir. Buna görə də, sərfəli olmayan məzənnə ilə konvertasiya krediti götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir.Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək, həm də kredit götürənlərin özündən asılıdır".

Ceyhun ABASOV

 





06.10.2015    çap et  çap et