525.Az

"BMT fövqəldövlətlərin əlində alətə çevrilib"


 

ELMAN NƏSİROV: "İŞĞALÇINI ŞİRNİKLƏNDİRMƏ CƏHDLƏRİ GÖZ QABAĞINDADIR"

"BMT fövqəldövlətlərin əlində alətə çevrilib" <b style="color:red"></b>

"Beynəlxalq ictimaiyyətin BMT-dən böyük gözləntiləri var. Lakin təəssüf ki, bir çox hallarda BMT kimi nəhəng beynəlxalq təşkilat ayrı-ayrı fövqəldövlətlərin əlində alətə çevrilir". Bu sözləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov sözügedən qurumun Nyu-Yorkda baş tutan 70-ci sessiyasında Dağlıq Qarabağla bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, BMT-nin 70-ci sessiyası əlamətdar hadisə ilə yadda qalsa da, hazırda beynəlxalq hüquqda böhran yaşanır: "BMT-nin yaşı tamam olub. Bu qurum dünyanın ən universal təşkilatıdır. BMT Təhlükəsizlik Şurası lazım gəldikdə bir beynəlxalq münaqişə ilə bağlı dərhal reaksiya verərək müvafiq qətnamələr qəbul edir. Biz bunu Liviya böhranı ilə məsələlərdə müşahidə etdik. Başqa bir halda isə BMT susur, mövqesizlik nümayiş etdirir. Bu cür hallarla kifayət qədər rastlaşmışıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə də BMT-nin dörd qətnaməsi adi kağız parçası səviyyəsinə enib və onun işlək mexanizmi yoxdur. Eyni zamanda, BMT-nin bugünki reallıqda başqa bir özəlliyi ondan ibarətdir ki, böyük dövlətlər bir çox hallarda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olmadan müxtəlif ölkələri hədəf seçir, hərbi gücdən istifadə edir və mövcud siyasi rejimi devirir. Bu onu göstərir ki, hazırda beynəlxalq hüquqda böhran yaşanır. Beynəlxalq hüququn ən mühüm subyektlərindən biri olan BMT sistemində də çox ciddi böhran yaşanmaqdadır. Ümumiyyətlə, müasir dünyamızda etimadsızlıq problemi var. Bu da təbii ki, dünyanı olduqca təhlükəli edir. Məhz, bu, reallıqlar fonunda BMT-nin yubiley sessiyası baş tutub".

Politoloq qeyd edib ki, sonuncu sessiyada Ermənistan prezidenti Serj Sarkisyan yenə də yalan, iftirayla dolu çıxış edib, Azərbaycanı sürətlə silahlanmada günahlandırıb, müsəlman dünyası ilə bağlı qərəzli mövqedən çıxış edib: "Heç bir şəxs, o cümlədən, BMT rəhbərliyi Sarkisyan qarşısında məsələ qoymur ki, niyə Ermənistan 1993-cü ildən bəri Dağlıq Qarabağın işğalına dair qəbul edilən qətnamələri icra etmir. Halbuki, qətnamələr yerinə yetirilməyəndə BMT-nin təsir mexanizmləri var. Qurum problemli ölkəyə qarşı embarqo tətbiq edir, iqtisadi-maliyyə sanksiyalarını və lazım gələndə güc tətbiqini işə salır. Lakin biz bunun Ermənistana qarşı münasibətdə şahidi olmadıq. Belə olan vəziyyətdə Ermənistan tərəfinin davranışı da adekvatdır. Yəni, tarix onu göstərir ki, əgər işğalçı dövlətin qarşısında geri çəkilir, işğalçı şirnikləndirilirsə, bu çox böyük faciələrə gətirib çıxarır. Hesab edirəm ki, əgər sivil dünyanın güc mərkəzləri 1939-cu ildə alman faşizmini şirnikləndirməsəydi, onu Sovet İttifaqına qarşı yönəltməklə bağlı separat danışıqlar aparmasaydı, o zaman heç İkinci Dünya Müharibəsi baş verməzdi. İndi də faşizm meylləri dünyada güclənməkdə və işğalçını şirnikləndirmə cəhdləri göz qabağındadır. Bütün bunlar çox qorxulu tendensiyalardır. Burada əsas söz sahibi Amerika Birləşmiş Ştatları ola bilər. Amma Birləşmiş Ştatlar selektiv yanaşma tərzi nümayiş etdirir: ayrı-ayrı dövlətlər arasında baş verən oxşar münaqişələrlə bağlı fərqli mövqe ortaya qoyur, bir terror təşkilatı "yaxşı", digəri "pis" yanaşması özünü göstərir. Necə ola bilər ki, Əl-Qaidə, Taliban, İŞİD pis, ASALA və Ermənistan parlamentində təmsil olunan "Daşnaksütyun" terror təşkilatı yaxşı olsun? Bu ikili standartların bariz nümunəsidir. Hazırda dünya məhz bundan əziyyət çəkir".

E.Nəsirov hesab edir ki, dünya, beynəlxalq münasibətlər sistemi heç zaman bu qədər kövrək və gücsüz vəziyyətdə olmayıb: "Bu günləri elə bir vəziyyət yaranıb ki, nüvə müharibəsinin qarşısını almaq üçün heç bir mexanizm yoxdur. Hazırda Rusiya ilə ABŞ arasında qlobal müharibənin qarşısını ala biləcək heç bir mexanizm işləmir. Bu, bizim dünyamızı çox qorxulu edir. Belə bir vəziyyətdə "güclü haqlıdır" yanaşmasından çıxış etsək, güclü dövlətlər müxtəlif dövlətləri asanlıqla hədəf seçə, onunla diktə dili ilə danışa bilir. Bu o deməkdir ki, böyük dövlətlər tərəfindən hazırda beynəlxalq siyasətdə amiranə yanaşma tərzi nümayiş olunur. Bütün bu reallıqlar fonunda bir müddət əvvəl BMT-nin 70-ci sessiyası keçirilib".

Politoloq vurğulayıb ki, bu sessiyada Rusiya prezidenti Vladimir Putin də çox ciddi ittihamlarla çıxış edib: "Əsas ittihamlardan biri o olub ki, bu və ya digər dövlətə qarşı güc tətbiq edərkən ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da qarşı tərəfin xahişi olmalıdır. Daha sonra Putin qeyd edib ki, Suriyanın İŞİD problemi ilə bağlı Bəşər Əsədin xahişi var. Lakin bir çox böyük dövlətlər nə BMT Təhlükəsizlik şurasının qətnaməsinə fikir verir, nə də qarşı tərəfin müraciətini gözləyir. Böyük dövlətlər özbaşına güc tətbiqini həyata keçirir ki, bu da beynəlxalq hüququn işləməməsinin bariz sübutudur. Bu mənada, Albert Eynşteynin məntiqi 21-ci əsrdə də özünü göstərir. O, keçən əsrin 40-ci illərində deyib ki, beynəlxalq qanunlar sanki yalnız beynəlxalq qanunlar külliyyatında mövcuddur. Yəni, bundan kənarda qanunlar mövcud deyil. Hazırda biz bunun şahidiyik və bu çox qorxulu tendensiyadır".

Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin son sessiyasında səsləndirdiyi sərt mövqeyin anlaşılan olduğunu deyən E.Nəsirovun sözlərinə görə, nazir çıxışında qeyd edib ki, Azərbaycan dövləti münaqişəni dinc yolla həll etmək istəyir, danışıqlara sadiqdir: "Lakin Ermənistan danışıqları uzatmağa çalışdıqca Azərbaycan beynəlxalq hüquq prinsiplərinə, ilk növbədə BMT-nin qəbul etdiyi dörd qətnaməyə, eləcə də BMT nizamnaməsinin 51-ci maddəsinə söykənərək Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edəcək. Həmin maddədə qeyd olunub ki, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Yəni, Azərbaycan fərdi və kollektiv şəkildə bu hüququndan istifadə edib qeyri-dinc yolla münaqişəni həll edə bilər. Bu hüququ biz özümüzdə saxlayırıq. Bu baxımdan hesab edirəm ki, Elmar Məmmədyarov çox ciddi siqnal verib. Bundan sonra baş verəcək hadisələrə, regionda yaranacaq situasiyaların dinc deyil, qeyri-dinc istiqamətdə inkişafına görə məsuliyyət Ermənistan və onun havadarları, xüsusilə də beynəlxalq birliyin institutlarının və təbii ki, tərəflər arasında vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk Qrupunun üzərinə düşəcək".

Ermənistan prezidentinin son vaxtlar Azərbaycana qarşı ünvanladığı sərt bəyanatlara və Dağlıq Qarabağın sözdə Ermənistanın tərkib hissəsi adlandırmasına münasibət bildirən politoloq qeyd edib ki, Sarkisyanın verdiyi cəfəng bəyanatlarla  beynəlxalq hüququ onun keşikçilərinin gözü qarşısında tapdalayır: "Beynəlxalq birlik Azərbaycan ərazilərinin 86.6 min kvadrat kilometr sahəsini tanıyıb. Bu o deməkdir ki, 4.4 min kvadrat kilometr sahəni əhatə edən Dağlıq Qarabağı da Azərbaycan ərazisi olduğunu təsdiq edib. Belə olan vəziyyətdə Sarkisyan beynəlxalq birliyin gözü qarşısında Dağlıq Qarabağı sözdə Ermənistan ərazisi hesab edirsə, deməli, bu, işğalçı rejimin Azərbaycan ərazi bütövlüyünü tanımaqla bağlı mövqeyi ilə daban-dabana ziddir. Bu, BMT, eləcə də beynəlxalq hüququn keşiyində dayanan dövlətlərin imicinə və nüfuzuna böyük bir zərbədir. Hesab edirəm ki, beynəlxalq birlik bundan nəticə çıxarmalıdır. Əks halda, Sarkisyanın bundan sonra daha azğın hərəkətlər edəcəyi anlaşılandır. Çünki Sarkisyan özü bilir ki, onun hakimiyyəti laxlayıb, xalqın ona etimadı tam tükənib, nüfuzunu itirib. O xalqın diqqətini gündəlik problemlərdən yayındırmaq üçün xarici düşmən ovqatını bir qədər də gücləndirə, Azərbaycan-Ermənistan sərhəddi və qoşunların təmas xəttində gərginliyi artırmaq üçün növbəti təxribatlara əl ata bilər. Bu ona hakimiyyəti qoruyub saxlamaq üçün lazımdır. Beynəlxalq birlik, o cümlədən, ATƏT-in Minsk Qrupu isə atəşkəsin qorunub saxlanılması, müharibənin başlamamasında maraqlı olduğunu göstərir. Belə olan vəziyyətdə niyə Ermənistana qarşı konkret mexanizmlər işə salmırlar? Bu məsələ hazırda çox aktuallaşıb. Əslində bugünləri beynəlxalq birliyin ilk növbədə öz nüfuzunu qoruması üçün haqq-ədalətin keşiyində dayanması daha vacibdir. Əks halda, BMT və onun institutları demokratiya və insan hüquqları ilə bağlı məsələləri səsləndirərək insanlarda neqativ ovqat formalaşdıracaq və belə bir əminlik olacaq ki, bütün bunların hamısı yalnız quru sözdən ibarətdir. Beynəlxalq hüququn keşiyində dayananlar anti-demokratik mövqedən çıxış edirlər. Onlar yalnız öz maraqlarını həyata keçirmək üçün dünyada sülh və təhlükəsizliyi qorumaqdan danışırlar".

Ceyhun ABASOV

 





06.10.2015    çap et  çap et