525.Az

Akademik Bəhram Əsgərovun barelyefi açıldı


 

Akademik Bəhram Əsgərovun barelyefi açıldı<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar Elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Bəhram Əsgərovun 1971-ci ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi "Bərk cisimlər fizikası" kafedrasının önündə anadan olmasının 82-ci ildönümü münasibətilə barelyefinin açılışı olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən  verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb.

Bildirib ki, 1933-cü ildə anadan olan Bəhram müəllim 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü olub. Aspirantura təhsilini SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda alıb. Bu İnstitutda o, professor A.İ.Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi ilə məşğul olub.  1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Molekulyar fizika" kafedrasında işə başlayıb. 1971-ci ildə "Bərk cisimlər fizikası" kafedrasını yaradıb, 1972-ci ildə kafedranın professoru olub və rəhmətə gedənə qədər kafedranın əvəzsiz rəhbəri olub.

Bəhram Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən rektor bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub.

Rektor deyib ki, Bəhram müəllim adını elm və təhsil tarixinə qızıl hərflərlə yazıb və həyatını elmə həsr edib.

Tədbirdə akademik Bəhram Əsgərovun ailə üzvləri, universitet rəhbərliyi,  Fizika fakültəsinin professor-müəllim heyəti və "Tovuz" xeyriyyə cəmiyyətinin  nümayəndələri iştirak ediblər. Ailə adından çıxış edən akademikin oğlu Firuz Əsgərov universitet rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Vəfa MƏMMƏDLİ

 





06.10.2015    çap et  çap et