525.Az

"Normand dördlüyü" danışıqları: Ukraynanı nə gözləyir?


 

"Normand dördlüyü" danışıqları: <b style="color:red">Ukraynanı nə gözləyir?</b>

Ukraynadakı münaqişənin həllində ortaq razılığa gəlmək məqsədilə oktyabrın 2-də Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri "normand dördlüyü" formatı çərçivəsində Parisdə yenidən bir araya gəliblər.

Görüşün əsas nəticələrindən biri Minsk-2 razılaşmasının icra müddətinin uzadılaraq 2016-cı ildə də davam etdirilməsi olub. Qeyd edək ki, Minsk-2 razılaşması 2014-cü ilin sentyabrında imzalanan Minsk sazişinin yerinə yetirilməsini və tərəflər arasında atəşkəs rejiminin tətbiqini nəzərdə tutan və 2015-ci ilin fevralında əldə olunan razılaşmadır. 8 mindən çox insanın həlak olduğu münaqişədə atəşkəs rejiminə sentyabr ayından başlayaraq ardıcıl əməl olunmaqdadır.

Kiyev güzəştlərə gedir

"Normand dördlüyü" liderlərinin Paris görüşündən sonra Fransa prezidenti Fransua Olland bildirib ki, üsyançıların nəzarətində olan ərazilərdə oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan yerli seçkilər güman ki, təxirə salınacaq və ümid edir ki, Ukrayna hökuməti bölgədə seçkilərə icazə verən və bütün iştirakçılara amnistiya elan edən qanunu qəbul edəcək (bax: Moscow and Kiev in 'positive mood' over talks to end east Ukraine conflict / "The Guardian", 2 oktyabr 2015).

Ekspertlərin fikrincə, danışıqların gedişatına əsasən, Ukrayna Ali Radası Donetsk və Luqansk bölgələrinin rəhbərləri ilə razılaşdırıldığı kimi, seçkilər haqqında qanunu qəbul etməli olacaq. Bunun da nəticəsində 2016-cı ilin fevral-mart aylarında separatçı bölgələrdə seçkilər keçirilə bilər. Həmçinin hesab olunur ki, Ukraynada Qərbin dəstəklədiyi hökumət qüvvələri ilə Rusiyanın yardım etdiyi üsyançılar arasında silahlı toqquşmaların dayandırılması və aparılan danışıqlar bölgədə ortaq razılığa əsaslanan sülhün təməlinin qoyulmasından xəbər verir (bax: "Очевидная победа Путина" / "Взгляд", 3 oktyabr 2015).

Ukrayna ilə bağlı proseslərin istənilən məcraya yönəlməsi gözlənilməz deyil. Ziddiyyətli mövqeyi ilə tanınan üsyançı rəhbərlərdən Aleksandr Xodakovskinin sözlərinə görə, Donetsk de-yure Ukraynanın tərkibində olacaq, lakin öz qaydaları və liderləri ilə yaşayacaq. Ukraynadakı və Rusiyadakı siyasi vəziyyətin inkişafından asılı olaraq, növbəti mərhələdə ya davamlı sülhə gətirən sabitlik bərqərar olacaq, ya da münaqişə yenidən alovlanacaq.

Qeyd edək ki, aparılan danışıqların məqsədlərindən biri adıçəkilən bölgələrə Ukraynanın tərkibində xüsusi zona kimi özünüidarə səlahiyyətlərinin verilməsinin hüquqi və praktik şərtlərini müəyyənləşdirməkdir. Ukrayna konstitusiyasında da əksini tapacaq xüsusi statusla bağlı müddəalar bölgədəki seçkilərdən sonra tətbiq olunacaq. Bəzi rusiyalı ekspertlər bu amili rəsmi Kiyevin planlarının iflası kimi qiymətləndirirlər. Bu yanaşmaya əsasən, Ukrayna hökuməti Luqansk və Donetskdə seçkilərin qanunauyğunluğunu qəbul edərək konstitusiya islahatlarını seçkidən sonraya saxlamaq və ümumiyyətlə, icra etməmək niyyətində idi. İndiki halda isə seçkilərdən öncə rəsmi Kiyev konstitusiya dəyişikliklərini həyata keçirmək məcburiyyətindədir (bax: Политолог: "нормандская четверка" сорвала игру Киева / "РИА Новости", 2 oktyabr 2015).

"Normand formatı" çərçivəsində görüşün yekunları barədə Almaniya kansleri Angela Merkel bildirib ki, Donetsk və Luqanskda seçkilərin Minsk sazişinə uyğun keçirilməsinə nəzarəti Rusiya tərəfi üzərinə götürüb. Üsyançı bölgələri əhatə edən Donbas əyalətində fəaliyyət göstərən ictimai-siyasi xadimlərin Ukrayna hökuməti tərəfindən amnistiyası ilə bağlı danışıqlar davam edir. Bu məsələdə prinsipiallıq göstərən Rusiya bölgədə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi xadimlərin legitimliyinin rəsmi Kiyev tərəfindən tanınması və təhlükəsizliyinin təmin olunmasına çalışır.

Parisdə keçirilən danışıqların əsas mövzularından biri də cəbhə bölgələrində silahların azaldılması, 100 mm kalibrədək olan silahların qoşunların təmas xəttindən uzaqlaşdırılmasıdır. Oktyabrın əvvəlindən başlanan bu prosesin noyabrın ortalarınadək davam edəcəyi gözlənilir.

Məlumdur ki, ABŞ başda olmaqla Qərb dövlətləri Krımı işğalına görə Rusiyaya siyasi və iqtisadi sanksiyalar tətbiq ediblər. Lakin Qərb liderlərinin Krım məsələsinə getdikcə azalan marağı diqqəti cəlb edir. "Normand formatı"nda danışıqlardan sonra A.Merkel jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynanı ərazi böhranının həlli gözləyir, lakin "bu Krımı yox, indiki halda ölkənin digər bölgələrini əhatə edir". Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov bu bəyanatın "Krımın Ukrayna tərkibinə qayıtmayacağı" anlamını verdiyini bildirib (bax: Пушков: Меркель впервые допустила, что Крым не вернется на Украину / "РИА Новости", 3 oktyabr 2015). Bütün bunlar isə Rusiya ictimaiyyətində Qərbin Krımın ilhaqı ilə barışması təəssüratını yaradır.

Paris danışıqlarının nisbətən barışcıl atmosferdə gerçəkləşməsində həmin müzakirələr ərəfəsində Rusiya, Ukrayna və Avropa İttifaqı arasında qış dövründə Rusiyadan qazın idxalı üzrə razılığın əldə olunması mühüm rol oynayıb. Rusiya Ukraynaya satdığı qazın qiymətində 20 dollar güzəştə gedərək min kubmetrə görə 230 dollar müəyyənləşdirib. Yaxın aylarda Ukraynanın "Qazprom"dan 500 milyon dollar dəyərində 2 milyard kubmetr həcmində qaz alacağı gözlənilir. Bu vəsaitin ödənməsi məqsədilə Aİ maliyyə qurumları "Naftoqaz"a həmin məbləğdə kredit ayıracaq. "Qazprom" isə qışda qazın Ukraynadan tranzitində problemlərin yaranma ehtimalını istisna etməyib. Qazın tranziti üzrə "qış paketi" 2015-ci il oktyabrın 1-dən 2016-cı il martın sonunadək olan dövrü əhatə edir. Qiymətlərdəki güzəşt də yalnız bu dövr üçün keçərlidir (bax: "Два миллиарда кубов проблему не решают" / "Взгляд", 26 sentyabr 2015).

Rusiyanın Suriyaya müdaxiləsi danışıqlara necə təsir göstərir?

Ukrayna ilə bağlı danışıqlarda beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərdən biri də Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsinin müzakirələrə göstərəcəyi təsirlə bağlıdır. Bəziləri Suriyadakı vəziyyətin danışıqları gərginləşdirəcəyini, bəziləri isə Suriyada İŞİD-ə qarşı mübarizə apardığı üçün Rusiyaya müəyyən güzəştlərin edilməsini, sanksiyaların bir qədər yüngülləşdirilməsinin mümkünlüyünü düşünür. İstisna edilmir ki, Suriyadakı hərbi əməliyyatları ilə rəsmi Moskva özünün beynəlxalq münasibətlərdəki önəmli rolunu nümayiş etdirməklə Qərb üzərində təzyiqi artıraraq Krımın ilhaqı ilə birdəfəlik barışmağa vadar etmək istəyir. Bu yanaşmanın tərəfdarlarına görə, Ukrayna və Suriya Rusiyanın dünyada nüfuzunu təsdiqləmək uğrunda apardığı vahid savaşın iki ayrı cəbhəsidir (bax: Сирия и Украина: два фронта российской войны за влияние / "Reuters", 2 oktyabr 2015).

Bir sıra ekspertlər isə Suriya məsələsində rəsmi Moskva ilə Vaşinqtonun əməkdaşlığının mümkünlüyünü, bu ehtimalın isə Kiyevi narahat etdiyini söyləyirlər. Bu səbəbdən də diqqəti yenidən Ukraynaya cəlb etmək və ABŞ-Rusiya yaxınlaşmasına mane olmaq üçün Ukraynanın şərqində konfliktin yenidən alovlandırılması mümkündür (bax: Коэн: Киев боится, что США забудут об Украине, и готов к провокациям / "РИА Новости", 3 oktyabr 2015).

Lakin Parisdəki müzakirələrin yekunu ilə bağlı şərh verərkən Merkel Suriya və Ukrayna böhranlarının bir-birilə bağlılığının olmadığını, Suriya məsələsində Rusiyadan dəstək almaq üçün Ukrayna məsələsində Qərb tərəfindən hansısa güzəştlərin edilməyəcəyini bildirib (bax: ФРГ и Франция не будут делать уступок РФ по Украине из-за ее участия в урегулировании в Сирии / "Reuters", 2 oktyabr 2015).

Bununla belə, məsələyə geniş aspektdən yanaşdıqda, Ukrayna və Suriya böhranlarının yaranmasında aparıcı güclər, xüsusən də ABŞ və Rusiya arasında gedən qlobal geosiyasi rəqabətin mühüm rol oynadığı özünü göstərməkdədir. Bu münaqişələrin həlli forması isə siyasi, iqtisadi, hərbi, hətta idman və digər humanitar sahələri əhatə edən bu mübarizədə hansı tərəfin qalib gələcəyindən asılı olacaq.

Newtimes.az

 





06.10.2015    çap et  çap et