525.Az

Dost sözü


 

Dost sözü<b style="color:red"></b>

Bugünlərdə dostum - tanınmış alim, filologiya  elmləri doktoru, professor, şair Əsgər Rəsulovla görüşdüm. Əsgər müəllimlə uzun illərdir dostluq edirik. O, dost və tanışlarının, yaxınlarının, iş yoldaşlarının uğuruna sevinən, onların sevincinə ürəkdən şərik olan tək-tək insanlardandır. Və hər dəfə də görüşəndə özünün yox, tanıdığı dostların uğurlarından söz açar və ürəkdən sevinər.
Budəfəki görüşümüzdə isə Əsgər müəllim mənə br kitab verdi və dedi ki, bu  hekayələri oxusan yaxşı olar. Kitabın üz qabığında Ataxan Paşayevin adını görəndə, düzü, təəccüblənmədim. Çünki əvvəllər Ataxan müəllimin bir neçə hekayəsini mətbuatda oxumuşdum. Və kitabın ilk səhifələrindən birində də uzun illərdən bəri yadımda qalan "Azar dağarcığı" hekayəsi gözümə dəydi. Doğrusu, bu hekayənin o vaxtlar hansı mətbuat orqanında çap olunması yadımda deyil, ancaq o hekayə duzlu-məzəli obrazları ilə yadımda qalıb.

Evə dönüb Ataxan Paşayevin 101 səhifədən ibarət olan  "Ötən günlərdən" adlı bu hekayələr kitabını sona qədər oxudum. Əslində hörmətli alimimiz Əsgər Rəsulovun təbirincə desək, uzun illərdən bəri müxtəlif mətbuat orqanlarının səhifələrində səpələnib qalmış bu yazıların  kəpənək ömürlərini uzatmaq baxımından bu kitab uğurlu addımdır:

"Cəhənnəmə ki", "Bəli mən stolam", "Vaqon qonşusu" və başqa hekayələrində yüksək bədii ovqat hiss olunur. Təbii ki, bu yazıların  bir kitab şəklində çap olunmasını müəllifin  bir daha ədəbiyyata qayıdışı kimi təsdiqləmək olar.

Mənə ən xoş gələn digər cəhətlər Ataxan müəllimin hekayələrindəki yumor hissi, qəhrəmanlarının iç dünyasındakı sadəlik,  yaratdığı obrazların daxili dünyasına yazıçı təxəyyülünün uğurlu müdaxiləsidir və bütün bunların cəminə ədəbi ustalıq deyilir. Təbii ki, Əsgər Rəsilov öz yazısında   Ataxan Paşayevin yaradıcılığına daha dərindən, daha peşəkar mövqedən yanaşıb. Hesab edirəm ki, A.Paşayevin "Azar dağarcığı" hekayəsi və onun kitabı haqqında Ə.Rəsulovun yazısı oxucular üçün çox maraqlı olacaq.

Nazim Əhmədli, şair-publisist

Əsgər RƏSULOV 

Ciddi tarixçi-alimin "qeyri-ciddi" obrazları

Əlinizdəki kitabın müəllifi Ataxan Paşayevi geniş ictimaiyyət daha çox tarixi fakt və sənədlərə, mötəbər arxiv materiallarına söykənərək sanballı elmi-tədqiqat əsərləri qələmə alan ciddi tarixçi-alim və sayseçmə arxivşünas kimi tanıyır. Bu kitabda isə oxucu onu tamamən yeni bir ampluada - incə yumordan yoğrulmuş bədii-satirik əsərlər ustası, minor ovqatlı xatirələr müəllifi kimi görəcək. Əminəm ki, hətta onunla yaxın təmas və ünsiyyətdə olanlar, elmdəki ağırtaxta oluşu qədər xasiyyətcə də tündməcazlığını bilənlər belə, kitabda toplanan incə gülüşlü, dərin mətləbli əsərləri mütaliədən sonra öz fikirlərində nə qədər yanıldıqlarının şahidi olacaqlar...

Əslində, yuxarıda qeyd etdiyimiz "yeni bir ampluada" (yəni təzə qiyafədə, yeni keyfiyyətdə) ifadəsi bir az qeyri-dəqiqdir, çünki kitabda toplanan hekayələrin ən azı 30-40 illik yaşı var. Demək, Ataxan müəllim elə bir o qədər zamandır ki, vaxtaşırı bu qiyafədə görünüb. Lakin məsələ burasındadır ki, həmin əsərlər uzun illərdir müxtəlif mətbuat orqanlarında səpələnib qalmışdı. Bu kitab məhz o pərakəndəliyi ortadan qaldırmaq, qəzet-jurnal səhifələrindəki ömürlərini uzatmaq məqsədilə tərtib edilib. Mənim kimi, sizlər də oxuyub şahid olacaqsınız ki, bu əsərlər işıq üzü gördükləri zaman və məkan, siyasi-mənəvi ab-hava və ictimai-iqtisadi formasiya dövründən bunca vaxt keçdiyi halda, onlarda işlənən mövzular, toxunulan mətləblər, oxucuya ünvanlanan mesajlar öz aktuallıqlarından, bədii-estetik dəyərlərindən və maarifçi-publisistik ideya-məzmun keyfiyyətlərindən zərrə qədər itirməyiblər.

Kitabdakı əsərlərin qəhrəmanları fövqəlinsanlar, kiberqəhrəmanlar, supermənlər, yadplanetlilər deyillər. Evdə, küçədə, iş yerində, müxtəlif məclislərdə hər gün gördüyümüz, rastlaşdığımız, söhbət etdiyimiz insanlardır... Bir neçə hekayədə və miniatür pyesdə isə alleqorik obrazlar və onların  ezop dilidir...

Tutalım, bir az xəstələnmisən, istəyirsən dərdini birinə deyib yüngülləşəsən. O dəqiqə həmin adam öz tanıdığı həkimin, klinikanın adını deyəcək. Özünün içdiyi dərmanların adlarını sayıb tökəcək. Eyni xəstəliyin onda da olduğunu, hansı fəsadların ola biləcəyi xüsusunda sənə moizə oxuyacaq. Bir sözlə, səni xəstələndiyinə, yaxud xəstələndiyinə dair ondan nəsə soruşduğuna min peşman edəcək ("Azar dağarcığı").

zifə həvəsi bütün insanlara xas keyfiyyətdir. Lakin bu arzu ifrata varanda, başqasının vəzifəsinə göz dikmək, onu yeri gəldi-gəlmədi pisləmək xislətinə bürünəndə, müdir kreslosuna oturan kimi təkəbbür və lovğalıq xəstəliyinə tutulanda insan komikləşir, eybəcərləşir, insanlıqdan çıxır ("Bağışla, əziyyət verdik").

İlahi, insan bədəninin əzaları necə də dil açıb danışa bilərmiş... Hər bir bədən üzvünün öz əsas funksiyası bir neçə kiçik bədii ştrixlə usta şəkildə oxucuya çatdırılır. Bununla yanaşı, bu üzvlərin daha hansı "məziyyətlərə" malik olduğu tamah anında ortaya çıxır. Son dərəcə uğurlu tapıntıdır ("Tamah").

İş yerlərimizdə haqq-ədalət prinsipinin pozulması halları ilə kim qarşılaşmayıb ki! Ancaq mizan-tərəzi əyriliyi ən çox vəzifə maaşı və ona əlavələr, əmək haqqı dərəcələri və mükafatlandırma sistemi məsələsində ortaya çıxır. Hekayələrdən birində bu məsələ qrotesk üslubu ilə təsvir edilir ("Təvazökar" müdir").

Təmtəraqlı yubiley gecələri, onun rəsmi, yəni nitqlərin irad edildiyi bölüm və qeyri-rəsmi hissəsi, yəni sağlıqların ard-arda düzüldüyü bölüm hamıya məlum və tanış səhnələrdir. Ataxan müəllimin bu məsələyə münasibəti, əslində hər kəsin bildiyi, lakin dilə gətirməyə utandığı xəstəliyin sərrast təşhisindən başqa bir şey deyildir: "Yubiley gecəsi səni o qədər tərifləyəcəklər ki, heç özün də hiss etmədən bir gecənin içində dönüb olacaqsan dahi... Sənin bir neçə səhifəlik yazını dartıb edəcəklər cildlərə bərabər kapital, bəzən də monumental bir əsər... Sən də axırda durub utanmadan təriflər üçün təşəkkür edəcəksən. Xəlvər-xəlvər vədlər verəcəksən. Ancaq fikirləşməyəcəksən ki, adamların çoxu sənin verdiyin vədlərə görə deyil, tez qurtarmağın üçün əl çalır ki, tez özlərini versinlər ziyafət stolunun başına başlasınlar çəngəl, bıçaq söhbətinə". ("Yubiley məsələsi").

Kitabda bədii-publisistik üslubda qələmə alınmış üç sənədli xatirə də var: öz şəxsi arxivini təmənnasız olaraq  Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə bağışlayan Moskva Dövlət Universitetinin professoru, dəyərli alim Əziz Şərif, müəllifin yaxından ünsiyyətdə olduğu görkəmli vətənpərvər ziyalı, ədəbiyyatşünas Abbas Zamanov və dahi Cavidin yadigarı və Cavid irsinin qoruyucu mələyi Turan xanım haqqında... Oxumağa, hər üç şəxsiyyətin dostluğa sədaqətinin, doğma torpağa və mədəniyyətə, öz köklərinə bağlılığının, milli təəssübkeşlik və vətəndaş qeyrətinin miqyasını, böyük kədərlərinin gizlinlərini öyrənməyə dəyər!

Şərq ədəbiyyatında metafora olaraq istifadə edilən quş kultları vardır: ağ quş, qara quş, qızıl quş, göyərçin, simurğ, zümrüd (zümrüdü-ənqa), qaranquş və s. Ataxan müəllimin "Quş oldu, uçdu" memuarının bəmbəyaz quşu ənlik-kirşansız Turan xanımdır - özünü və bütün nakam ömrünü baba dediyi dahi Cavidə, dünyasını çox erkən yaşda dəyişmiş isedadlı bəstəkar qardaşı Ərtoğrula və nəhayət, başı müsibətlər çəkmiş anası Müşkünaz xanıma həsr etmiş Turan xanım! "Uçmaq" əbədi ayrılığın simvoludur. Mifologiyada ölənə "uçmağa vardı", "uçub getdi" deyirlər. Cismən ölən Turan xanım ruhən quşa çevrilir. Uçub qonduğu yer də müqəddəs məkandır: doğma Naxçıvan torpağındakı Cavidlər məqbərəsində doğmalarının isti qoynu!

Yazının əvvəlində Ataxan müəllimi öz elmi-tədqiqat əsərlərində faktlara, sənədlərə, arxiv materiallarına istinad edən alim kimi təqdim etmişdik. Əslində, bu məziyyət onun kitabdakı əsərlərinə də xasdır. Fərq yalnız burasındadır ki, istər miniatür yumoristik hekayələrdə, istərsə də alleqorik səhnəcikdə Ataxan müəllimin elmi-tədqiqat əsərlərindən fərqli olaraq adlar şərtidir, hadisə, əhvalat və obrazlar ümumiləşdirilmiş, dil-üslub canlı, bədii və komikdir. Lakin bütün ümumiləşdirmə və tipikləşdirmələrə baxmayaraq, əminik ki, bu əsərlərdə hər kəs özünü tanıyır, bədii şərtilik arxasında yatan mətləbi, tipik obrazlarda gizlənən prototipləri (bəzən də özünü!) görür, özgələrə gülməklə yanaşı, nə qədər təəccüblü olsa da, özünə də gülür... Bu gülüş sağlam gülüşdür, sağaltmalı gülüşdür, daha doğrusu, acı dərman kimi insanı bir çox mərəzdən xilas edən "ağlamalı" gülüşdür... Oxuyun, siz də gülün!

Ataxan PAŞAYEV

Azar dağarcığı

Hekayə

Əhmədəli orta yaşlı, arıq bədənli, qarayanız, gözləri batıq bir kişidir. Əslində, özü pis adam deyil. Necə deyərlər, bir adama nə xeyri dəyər, nə zərəri. Ancaq hərə bir şeyə adət etdiyi kimi, Əhmədəli də xəstəlikdən danışmağa adətkərdədir. Hansı məclisə düşürsə, fikri-zikri ancaq xəstəlikdən söz salmaqdır. Yanında oturduğu adam istər tanış olsun, istər yad, Əhmədəlinin ona ilk sualı bu olur:

- Səhhətiniz necədir?

- Çox sağ olun, pis deyil.

- Bir yeriniz ağrımır ki?

Əgər həmsöhbəti desə ki, bir yerim ağrıyır, daha qurtardı.

- Ondan məndə də var, - deyə dərhal Əhmədəli həmin xəstəlikdən danışacaq. Bu xəstəliyin dərmanı nələrdir, ondan daha hansı xəstəliklər əmələ gəlir, ondan kimlər ölüb, bizdə həmin xəstəliyi müalicə edən ən yaxşı həkimlər kimlərdir və sair və ilaxır.

Yas məclisində bir qayda olaraq ilk dəfə mərhumun ailəsinə başsağlığı verərlər. Əhmədəli isə məclisə daxil olduqda ilk sualı bu olur:

- Yazıq hansı xəstəlikdən rəhmətə gedib?

Ətrafdakılardan xəstəliyin adını eşidən kimi tez:

- Məndə də var, - deyərək yenə həmin xəstəlik haqqında uzun-uzadı mühazirə oxuyur.

Xülasə, getdiyi elə bir yer olmur ki, Əhmədəli xəstəlikdən söz salıb, bütün adı çəkilən azarları özünə çıxmasın.

Bir dəfə yoldaşlarından birisi özünü saxlaya bilməyib ona dedi:

- Pah atonnan, ay Əhmədəli! Əşi, sən lap ağ etdin ki! Rəhmətliyin oğlu, bu qədər də acgözlük olar? Dünyada azar qoymadın, hamısını yığıb dürtdün balaca bədəninə.

O yandan birisi dilləndi:

- Daha demə, kişi lap azar dağarcığıdır!

Başqa birisi əlavə etdi:

- Yox əşi, azar dağarcığı nədir, azar dükanı deyin!

Üçüncüsü dedi:

- Eh... Sən də tapdın, ha. Dükan nədir ki, Əhmədəlinin o qədər azarı ora sığışsın? Onun bədəni əsl azar univermağıdır. Bəli, bəli, azar univermağı, özü də lap zırpısından! Əhmədəlinin dediyinə görə, dünyada can dərmanı nə xəstəlik istəsən, orada tapılar. Bəh, bəh, əhsən belə bədənə ki, o qədər xəstəliklərə yer tapıb özündə yerləşdirib, vallah, zor bədəndir!

Hamı gülüşdü. Əhmədəli isə təmkinini qətiyyən pozmadı:

- Nəyə gülürsünüz? - dedi. - Kişi düz deyir də. Mən zor adamam ki, bu qədər xəstəliklərə tab gətirirəm. Mənim yerimə hansınız olsaydı, çoxdan o dünyaya getmişdi.

Bir gün yoldaşlar məsləhətləşib qərara gəldilər ki, bir hiylə quraraq Əhmədəliyə bu azarı tərgitsinlər.

Bir məclisdə aramızda baməzəliyi ilə fərqlənən Məmmədəli ağız-burnunu yaylıqla bərk-bərk bağlayaraq, başını əlləri arasına alıb küncə qısıldı. Əhmədəli məclisə daxil olan kimi, hətta salam vermədən, tez soruşdu:

- Əyə, Məmmədəli, sənə nə olub? Olmasın azar?

Məmmədəli zarıdı:

- Demə, demə, qardaş. Vallah, lap ölürəm.

- Bir yerinmi ağrıyır?

- Əşi, ağrıyır da sözdür! Lap atamı yandırır! Əhmədəli, başın üçün, deyəsən, ölürəm! Oy, oy...

Xəstəlikdən danışmaq üçün əlinə elə gözəl fürsət düşmüş Əhmədəlinin dodaqları qımışdı. Lakin özünü elə göstərdi ki, guya Məmmədəlinin xəstəliyi onu çox məyus etdi. Xüsusi bir qayğıkeşliklə:

- Başa düşürəm, başa düşürəm, qardaş, ağrı pis şeydir, - dedi. - Bir de görüm necə ağrıyır?

- Sən öləsən, Əhmədəli ölürəm... Bu zəhrimar ağrılar məni hardan tapdı?.. Oy, oy...

- Əşi bir de görüm axı haran ağrıyır?

- Daha haram ağrıyacaq? Dilim-dişim hamısı qarışıb bir-birinə. Ağrıdan elə bil dilim sümüyə, dişim ətə dönüb. Ölürəm, oy, oy...

Hamımız gülməkdən güclə özümüzü saxlayaraq bir-birinin üzünə baxdıq. Sonra da bütün nəzərlər Əhmədəlinin üzünə dikildi. Hamı nəfəsini dərmədən onun nə cavab verəcəyini gözləyirdi. Əhmədəli adəti üzrə təmkinini pozmadan, başını ahəstə yırğalayaraq sözə başladı:

- Hə... Mən deyəndə ki, diş ağrısından, dil ağrısından ölürəm, deyirdin dil də ağrıyar? İndi gördün ki, ağrıyar! Ağrı adamın dişini ətə, dilini sümüyə döndərib atasını dalına şələləyir. Hə, indi mənim dərdimi başa düşərsən. Hələ çəkdirdiyim dişlərin ağrısını demirəm ki, tüstümü təpəmdən çıxarıb, sağkən gedib o dünyanı görüb gəlmişəm.

Əhmədəli sözünü qurtarmamış, məclisdən bir şaqqanaq çıxdı ki, elə bil göy qopdu.

Özünü itirmiş Əhmədəli gah bu, gah başqa adamdan yapışdı:

- Əşi, nə oldu? Nəyə gülürsünüz? Bir deyin, mən də gülüm də!

Heç kimdən cavab ala bilməyən Əhmədəli lap özündən çıxdı:

Deyəsən, bunların hamısı birdən dəli olub. Başa düşmürəm ki, öz dostlarının xəstəliyinə niyə gülürlər?!

Handan-hana yoldaşlarımızdan biri gülə-gülə dedi:

- Ay yurdu gorun oğlu, görmürsən hamı sənə gülür? Bəs sən kimə gülmək istəyirsən? Əşi, dil sümükdən, diş ətdən olarmı? Əvvəl fikirləş, sonra cavab ver... Görmürsən səni ələ salırlar?

- Necə? Mənə gülürsünüz? Məni qanmaz sayırsınız? Eybi yoxdur, Məmmədəli, mənə də azar Əhmədəli deyərlər. Bu hayıfı sizdə qoymaram!

Əhmədəli küsərək məclisdən getdi. Biz də sevindik ki, kələyimiz baş tutdu. Amma... Elə bilirsiniz ki, o, öz azarını tərgitdi? Əsla yox! Atalar yaxşı deyib ki, qozbeli qəbir düzəldər!

 





07.10.2015    çap et  çap et