525.Az

"Ermənistana münasibətdə bir sıra məcburedici mexanizmlər tətbiq olunmalıdır"


 

"Ermənistana münasibətdə bir sıra məcburedici mexanizmlər tətbiq olunmalıdır"<b style="color:red"></b>

"BMT Baş Assambleyasının 70-ci sessiyası kifayət qədər əlamətdar bir tədbir idi. Çünki bu tədbir BMT-nin 70 illik yubileyinə təsadüf edirdi. Tədbir eyni zamanda BMT-nin 70 il ərzində keçdiyi yola baxmaq, beynəlxalq münasibətlərdəki roluna bir nəzər yetirmək baxımından əhəmiyyətli idi".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin BMT Baş Assambleyasının 70-ci sessiyasının yekunlarını şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, həmçinin qarşıdan gələn dövr ərzində BMT-nin daha yaxından islah edilməsi və onun qarşıdan gələcək illərdə dünyanı bürüyəcək problemlərə daha yaxşı adaptasiya olunması üçün bir fürsət idi: "Azərbaycan da xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu sessiyada təmsil olunurdu. Təbii ki, burada Azərbaycanın prioritet məqsədləri və məramları müəyyən edilmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməsi, silahlı münaqişələr və onların həll yollarının tapılması, beynəlxalq terrorizm, ekstremizm, islamafobiya meyllərinə qarşı mübarizənin aparılması, beynəlxalq sülhməramlı əməliyyatlar, minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi kimi prioritetləri qeyd edə bilərik.

Təbii ki, burada əsas müzakirə olunan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu.

Nazirin çıxışında bu münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti və konkret baxışı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı: "Burada diqqəti çəkən məqamlardan biri ondan ibarət idi ki, XİN rəhbəri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi danışıqlar prosesinin nəticəsi olaraq təmin olunması bildirildi. Bu baş vermədiyi təqdirdə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməyə məcbur olacaq. BMT Nizamnaməsinin 51-ci maddəsində isə dövlətlərin fərdi və kollektiv əsasda özünümüdafiə hüquqları təsbit edilir. Yəni heç kim bu dövlətlərin özünümüdafiə hüququnu əlindən ala bilməz.
 
BMT Təhlükəsizlik Şurası tərəfindən lazımi tədbirlər görülənə qədər dövlət öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün özünümüdafiə istiqamətində addımlar ata bilər. Bu, Azərbaycanın münaqişənin həlli ilə əlaqədar konkret bir mövqeyi idi. Eyni zamanda BMT tribunasından istifadə edilərək Azərbaycan tərəfindən bu münaqişənin həlli istiqamətində Ermənistanın yalanları, böhtanları bir daha diqqətə çatdırıldı. Ümumiyyətlə, bu sessiya bir növ müasir Azərbaycan modelinin təqdim olunması idi.

Burada da Ermənistanla Azərbaycan arasında beynəlxalq ictimaiyyət müqayisə aparmaq iqtidarında oldu.

Çox təqdirəlayiq haldır ki, sessiya çərçivəsində "Cənub-Cənub" mükafatı Azərbaycan prezidenti İlham Əliyevin şəxsində Azərbaycan Respublikasına təqdim olundu. Bu, ölkəmizin çox qısa müddət ərzində minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə əlaqədar idi. Bildiyiniz kimi, qarşıdan gələn dövr ərzində BMT tərəfindən davamlı inkişaf məqsədləri müəyyən edilmişdir ki, bu da dövlətlər qarşısında qoyulan bir öhdəlikdir".

 H.Hacıyev sessiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlara da toxunub: "Təəssüflər olsun ki, bu danışıqlara getməzdən öncə Ermənistan tərəfi də bilərəkdən və məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsi istiqamətində yenə də bir sıra təxribatçı addımlara əl atdı.

Sentyabrın 25-dən başlayaraq qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin kəskin şəkildə ağırlaşmasını gördük. Məqsəd isə danışıqlar prosesinə xələl gətirmək idi. Bu gün Ermənistanın öz daxilində gərgin bir mühit var. Təbii ki, bunlarda ölkədaxili ictimai-siyasi vəziyyətdən diqqəti yayındırmaq idi. Bu görüşlərdə hansısa konkret məcradan danışmaq olduqca çətindir. Çünki biz Ermənistanın destruktiv siyasətini danışıqlardan əvvəl görürük. Yəni burada məqsəd danışıqlar prosesini pozmaq idi. Ona görə də danışıqlardan dərhal sonra Elmar Məmmədyarov tərəfindən mətbuata geniş bir açıqlama verildi. Orada da qeyd olundu ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Ermənistan danışıqlar prosesində mövcud status-kvonu hər vəchlə saxlamağa və onu davam etdirməyə səy göstərir. Ona görə də rəsmi İrəvan danışıqlarda hər hansı irəliləyiş əldə olunmasına imkan vermir.

Təbii ki, danışıqlar prosesində konkretlik var. Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsirli addımlar atılmalıdır ki, Ermənistan Böyük Sülh Sazişi üzərində konkret işə başlasın. Nazir xüsusi olaraq vurğuladı ki, Ermənistan hərbçilərinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün konkret bir mexanizm və plan hazırlanmalıdır".

 Serj Sarkisyan Dağlıq Qarabağın Ermənistanın ərazisi olmasına dair bəyanatına da toxunan H.Hacıyev hesab edir ki, bu,  Ermənistanın növbəti bir siyasi təxribat əməlidir: "Nəzərə alsaq ki, bu bəyanat zaman və məkan baxımından məhz BMT Baş Assambleyasının 70-ci sessiyası ərəfəsində verilmişdi. Bu eyni zamanda Ermənistanın özünün əsl simasını göstərəcək bir bəyanat idi. Azərbaycan dəfələrlə bəyan edib və təkzibolunmaz faktlarla həmişə sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı məhz imitasiya xarakteri daşıyır. Burada əsas məqsəd, məram işğalçılıq və təcavüzdür".

O bildirib ki, dünya birliyinin, konkret olaraq həmsədr dövlətlərin işğalçı ölkənin qeyri-konstruktiv mövqe sərgiləməsinə laqeyd münasibəti ilə bağlı məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də beynəlxalq ictimaiyyət qarşısında da Azərbaycan tərəfindən qəti şəkildə qoyulub: "Təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən geniş bir anlamda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır. Münaqişənin də məhz bu prinsiplər əsasında həll olunmalı olduğu hamı tərəfindən qəbul olunur. Amma biz ATƏT-in Minsk qrupunun fəaliyyətində konkretlik və ünvanlı bəyanatları görmürük. Artıq vaxt yetişib ki, təcavüzkar dövlətlə təcavüzə məruz qalan dövlət arasında fərq qoyulsun. Bu, həmsədrlər tərəfindən verilmiş bəyanatlardır. Hətta Ermənistana münasibətdə bir sıra məcburedici mexanizmlərin tətbiq olunmasını Azərbaycan tərəfi həmsədrlərin diqqətinə çatdırıb. Təəssüf ki, biz yenə də əsas mahiyyətdən qaçan və siptomatik xarakterli bəyanatları görürük".

PƏRVANƏ

 





07.10.2015    çap et  çap et