525.Az

Vergidən yayınanlara qarşı tədbirlər daha da sərtləşdirilir


 

Vergidən yayınanlara qarşı tədbirlər daha da sərtləşdirilir<b style="color:red"></b>

Vergilər nazirinin 15 sentyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər departamentlərinin, Vergilər Nazirliyinin ərazi vergilər departamentləri və idarələrinin, rayon vergilər şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadə "Vergilər" qəzetinə müsahibəsi nazirlikdə həyata keçirilən islahatlar, vergi borclarının alınması sahəsində son dövrlərdə görülən işlər barədə danışıb.

Müsahibəni ixtisarla təqdim edirik.

- Zeynalabdin müəllim, vergi borclarının alınması sahəsində aparılan dəyişikliklər hansı zərurətdən irəli gəlib?

- Nazirlər Kabinetinin 2015-ci il iyul ayının 13-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqlar vergi orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Həmin tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyində geniş tərkibdə Kollegiya iclası keçirilərək bir sıra mühüm qərarlar qəbul edilib, ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqların planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə vergilər naziri tərəfindən Tədbirlər Planı təsdiq olunub.

Vergilər Nazirliyinin strukturunda aparılmış son dəyişikliklər, ilk növbədə, bu tapşırıqların və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığı sahəsində, xüsusilə vergi borclarının idarə olunması sahəsində yeni yanaşmaların müəyyən edilməsi ilə bağlıdır.

Bu dəyişikliklər vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətində operativliyin artırılması, istintaq prosesinə nəzarətin gücləndirilməsi, nəticə etibarilə dövlət büdcəsinə vergi daxilolmalarının artırılması məqsədi daşıyır.

- Vergi borclarının alınması prosesində hansı yeniliklər gözlənilir?

- Struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi yaradılıb. Baş İdarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib.

Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq.

Hamını maraqlandıran əsas sual budur ki, bundan sonra hansı addımlar atılacaq? Ümumiyyətlə, vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması, bizim fikrimizcə, ilk növbədə borclu vergi ödəyiciləri ilə işə çox ciddi yanaşılması ilə bağlıdır. Vergi ödəyicisində borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır. Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergi ödəyicilərini ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür.

Bu baxımdan, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən məşğul olmağa başlayacaq. Bu, qabaqlayıcı addımdır. Yəni biz vergi ödəyicisi ilə onun bu və ya digər səbəbdən yaranmış faktiki borcla üz-üzə qaldıqdan sonra deyil, daha əvvəl işləməyə başlayacağıq ki, əsas vergi borclarının artmasının, faiz və cərimələrin hesablanmasının qarşısı mümkün qədər alınsın. Məqsəd cinayət tərkibi yaradan vergi borcları ilə bağlı materialların sayının əsaslı şəkildə azaldılmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artırılmasına nail olmaqdır.

- Borcların yaranma səbəbləri əsasən, nə ilə bağlıdır?

- Təcrübə göstərir ki, vergi ödəyicilərinin büdcə qarşısındakı öhdəliklərini tam və vaxtında icra etməmələrinin səbəbləri müxtəlifdir. Bunların sırasında dövlət büdcəsinə yaranmış öhdəliyin vergi ödəyicisi tərəfindən vaxtında icra edilməyərək vəsaitlərin başqa istiqamətlərə yönəldilməsi və vergi ödəyicisinin maliyyə çətinliyinin olması əsas səbəblər kimi özünü daha çox göstərir. Bu baxımdan, vergi borclarının alınması prosesi hər bir borclu vergi ödəyicisinə ayrıca yanaşma tələb edir.

Borcların və onların alınmasına cəlb olunan resursların daha səmərəli idarə edilməsi baxımından, borclu ödəyicilərlə iş onların risk kateqoriyaları üzrə qruplaşdırılması yolu ilə aparılır. Vergilər Nazirliyi bu sahədə Avropanın mütərəqqi təcrübəsindən yararlanır və informasiya texnologiyalarının geniş tətbiqi ilə yanaşı, bir sıra inkişaf etmiş ölkələrin vergi administrasiyaları və borcların yığılması ilə məşğul olan kollektor şirkətlərinin borclu ödəyicilərlə iş prosesində istifadə etdiyi səmərəli mexanizmləri də tətbiq edir. Dövlət büdcəsinə borcu olan ödəyicilərin öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin təmin edilməsi vasitəsi kimi borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması, bank hesablarına sərəncam göndərilməsi kimi ənənəvi üsullarla yanaşı, onların nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, ölkədən getmələrinin məhdudlaşdırılması, xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və belə vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması kimi vasitələrdən son vaxtlar daha geniş istifadə olunmağa başlanılıb.

2015-ci ilin 8 ayı ərzində vergi orqanlarının təşəbbüsü ilə borclarını ödəməkdən imtina edən 148 vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 114 vergi ödəyicisinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi hesabına tutulması məhkəmələr tərəfindən təmin edilib. Yeri gəlmişkən, bu üsullar dünya ölkələrində vergi borcunun ödənilməsi istiqamətində məcburiyyət vasitəsi kimi geniş istifadə olunur və borc öhdəliklərinə etinasız yanaşan ödəyicilərə səmərəli təsir mexanizmlərindən biri hesab edilir.

Töhfə ƏZİMOVA

 





08.10.2015    çap et  çap et