525.Az

Fikrət Sadıqın şeirləri


 

Fikrət Sadıqın <b style="color:red">şeirləri</b>

ŞEİRİN TOZU

Hardandı bu qədər - toz?!
Tutub düzü-dünyanı.
Bu hər gün gördüyümüz,
Dost-doğma tozdur, yəni?

lll

Döşəmə də, tavan da,
Yaxşı baxsan hər yan - toz!
O ağır, uca dağın,
O məğrur, sərt qayan - toz!

lll

O çökmüş imarətlər,
O batmış şəhərlər - toz!
Ölüb dirilmiş günlər,
Axşamlar, səhərlər - toz!

lll

Zəlzələlər, yanğınlar,
Cəm döyüşlərin - izi.
Qalanıb tarix olmuş,
Bütün işlərin - izi.

lll

Bağların tül örtüsü,
Dağların çəni, sisi,
Ulduzların həsrəti,
Günün, ayın haləsi.

lll

Torpağa səpələnib,
Yay tozu, qış tozu da.
Daşda naxış-naxışdı,
Külək, yağış tozu da.

lll

Evin künc-bucaqları,
Şəkillər, kitablar - toz!
Xatirələr, sevgilər,
Çəkilən əzablar - toz!

lll

Nə qədər bükük, qırış,
Ümman qapı-pəncərə.
Çox gizli arakəsmə,
Xeyli palaz-xəlçələr.

lll

Zərrə, buta, yarpaqlar,
Güllər, çiçəklər tozdur.
Qumlu, daşlı torpaqlar,
Əsən küləklər tozdur.

lll

Fikrimiz, sözümüz də,
Lap səsimiz də - tozdur!
Sərasər özümüz də,
Nəfəsimiz də tozdur!

lll

Bu toz - mürur-zamanla
Ələnmiş kainatdır,
Yer kürəsi, təbiət,
Bir kəlmə söz - həyatdır!

lll

Tozdan bezib yorulmaq,
Bəlkə də hələ tezdir.
Belə yaşayırıq - biz!
Yaşamaq özü tozdur.

Bakı, sentyabr, 2015

DÜNYANIN SONU

I

Dərd tənimdə od püskürür,
Qövr eləyir yaram bir-bir.
Zülmət içrə közərirəm,
Nə yaxşı, insan daş deyil.

lll

Dağ-dağ qəlbim - əyməz qəddim!
Yanmaqdı mənim son həddim.
Zülmə əyilən çoxalıb,
Şaxdır qüruri-fikrətim.

lll

Haqdır yalnız işim, qəsdim.
Nahaqda da mən haqq gəzdim.
Haqq məni səbrə öyrətdi,
Səbrə tapındım ki, dözdüm.

lll

Boş quyuya daş atdım - mən,
Quyuda səs yaşatdım - mən.
Tamarzı qaldım doğruya,
Hər gün yalan eşitdim - mən.

lll

Dünyanı bilə bilməzdim,
Dünyanı belə bilməzdim.
Bu hərc-mərcliyi görüb,
Dünyaya gələ bilməzdim.

lll

Dünya qəvi - insan aciz,
Dünya səhra - zərrə-qum biz!
Hər zərrənin öz küləyi,
Əsir-yesir hər birimiz.

lll

Bir daşı - ağ, biri - qara,
Kiçiyi - ağ,  iri qara.
Daş-daş oynamağa gəldik,
Ümidləri qıra-qıra.

lll

Zaman da sürünüb keçir,
Taleyə bürünüb keçir.
İki daşın arasından,
Ömür də görünüb keçir.

II

Görən deyir, ciddiləşib bət-bənizim,
Çox çoxüzlü üzlər görüb mənim üzüm.
Çox yerlərə getmirəm ki, görünməyim!
Qarış-qarış güdülür hər yerdə izim.

lll

Başqa aləm varmı görən, kainatda?!
Görən onlar nə görüblər bu həyatda.
Orda da var zülm, yəqin, amma başqa!
Başqa əda, başqa qayda, başqa adda.

lll

Yerdə insan sayı qədər, qəza-qədər!
Amma yenə insan, yenə gələr-gedər.
Bu dəfəki dünya, demə, çıxdaş oldu,
Çıxdaş olan səltənətdə həyat - hədər!

lll

Gəl, al sındır, gör nədir bir bu kor-çıxdaş?
Daşlaşaraq bu, daşa da daş atır daş!
Göydən yerə göndərilən bəla imiş,
Yaşamalı yer deyilmiş bu Yer qardaş!
         
Bakı, avqust, 2015

 





08.10.2015    çap et  çap et