525.Az

Bakı Dövlət Universitetinin yeni dərslikləri çap edilib


 

Bakı Dövlət Universitetinin yeni dərslikləri çap edilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin bioekologiya kafedrasının alimlərinin yeni dərslikləri çap olunub.

Universitetdən verilən məlumata görə, professor Nərminə Sadıqova, dosent Svetlana Cəfərova və biologiya elmləri namizədi Anar Məmmədovun yazdıqları "Potkiloterm heyvanların ekologiyası" adlı dərsliyin rəyçiləri professorlar Fərzəli Ağamalıyev və Şaiq İbrahimovdur. Dərs vəsaitində balıqların, amfibi və reptililərin ekologiyasından bəhs edilir.

"Biologiya ekologiyanın əsasları ilə" adlı rus dilində nəşr olunan digər dərslik (müəlliflər professor Nərminə Sadıqova və dosent Svetlana Cəfərova) tələbələr, biologiya və ekologiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Kitabın elmi redaktoru professor Nəriman İsmayılov, rəyçiləri professorlar Xəyyam Ələkbərov, Rauf Quliyev və dosent Mirzağa Mirzəyevdir.

Kafedranın dosenti Firuzə Sultanzadənin "Biomüxtəliflik və onun mühafizəsi" adlı dərsliyində isə biomüxtəlifliyin qorunmasının konseptual əsasları əksini tapıb. Dərslikdə yer üzərində həyatın müxtəlifliyi haqqında təsəvvürlər sistemi kimi biosferin dərk edilməsi əsasında ümumi dünyagörüşünün formalaşmasında və planetdə təzahür edən həyatın bütün formalarının qorunmasında məsuliyyətin artırılmasına diqqət verilir. Dərsliyə professorlar Nərminə Sadıqova və İradə Əliyeva tərəfindən rəy verilib.

Dosent Firuzə Sultanzadənin daha bir dərsliyi "Etologiya ekoloji əsaslarla: insan və heyvanların davranışı" adlanır. Rus dilində çap olunmuş dərslikdə insan və heyvanların davranışının müxtəlif aspektləri, onların müqayisəsi və bəzi etoloji-ekoloji xarakteristikaları nəzərdən keçirilib. Dərsliyin rəyçiləri professorlar Nərminə Sadıqova və İradə Əliyevadır. Kitab etoloq, ekoloq, bioloq tələbə, aspirant və müəllimləri üçün nəzərdə tutulub.

Vəfa MƏMMƏDLİ

 





08.10.2015    çap et  çap et